"Kitabi-Dədə Qorqud":
yazılı epos və ya epopeya
Ümumiyyətlə, dünya ədəbiyyatında, xüsusən türk dünyası ədəbi fikrində və Azərbaycan ədəbiyyatı tarixində "Kitabi-Dədə Qorqud" abidəsi azərbaycanlıların ulu babaları olmuş oğuz tayfalarının keşməkeşli həyatı, şərəfli mübarizəsi, dövlətçilik qabiliyyəti, qəhrəmanlıq ruhu və şücaəti haqqında yaradılmış möhtəşəm bir dastan-epopeyadır.
"Kitabi-Dədə
Qorqud" - bu oğuznamənin əsas qəhrəmanları
olan Bayandır xanın və Qazan xanın dastanı, geniş
mənada Dədə Qorqudun və Qalın Oğuz Elinin
epopeyasıdır. İdeya baxımından
yüksək qəhrəmanlıq və vətənpərvərlik
dərsliyi olan "Kitabi-Dədə Qorqud" sənətkarlıq
cəhətdən də mükəmməl surətdə
işlən-miş möhtəşəm bir Azərbaycan
oğuznaməsidir. "Kitabi-Dədə
Qorqud" dünya epos sənətinin də əfsanəsidir.
Dünya epos sənəti nümunələrini tərəzinin
bir gözünə və "Dədə Qorqud
kitabı"nı o biri gözünə qoysaq, "Dədə
Qorqud" ağır-lıq təşkil edər. Əgər dastan kimi qəbul etsək, "Kitabi-Dədə
Qorqud" dünya epos sənətinin baş tacı, Azərbaycan
epos mədəniyyətinin şah əsəridir.
Bütün bunlarla bərabər, fikrimizcə,
"Kitabi-Dədə Qorqud" Azərbaycan yazılı ədəbiyyatının
xalqımızın ana dilində yazılmış ilk
kitabıdır. Uzun illər ərzində şifahi xalq ədəbiyyatı
abidəsi olaraq qəbul edilmiş bu dastanlar akademik Həmid
Araslının fikrincə, "Azərbaycan yazılı ədəbiyyatının
da qədim nümunəsi kimi böyük əhəmiyyətə
malikdir". Xalq yazıçısı Anar "Kitabi-Dədə
Qorqud"un "yazılı ədəbiyyat
abidəsi olan kitab" olduğunu bildirmişdir. Akademik Tofiq
Hacıyev, akademik Kamal Abdulla, professor Məmmədhüseyn Təhmasib,
professor Əli Sultanlı da "Dədə Qorqud
kitabı"nın ilk yazılı abidəmizdir"
olmasından söz açmışlar. Akademik
Kamal Abdulla da Dədə Qorqudu müəllif və prinsip
qismində görmüşdür. Bütün bunlara
baxmayaraq, ayrı-ayrı tədqiqatlarda "Kitabi-Dədə
Qorqud"un yazılı ədəbiyyata
aid olması haqqındakı fikirlər epizodik xarakter
daşımış, xüsusi bir araşdırmaya
çevrilməmişdir. Lakin diqqətlə nəzər
yetirdikdə "Kitabi-Dədə Qorqud"da şifahi
başlanğıcla yanaşı, yazılı ədəbiyyata
aid xüsusiyyətlərin daha çox olduğu aşkar
görünür.
1.
"Kitabi-Dədə Qorqud"un
adındakı "kitab" sözü şifahi xalq ədəbiyyatına
deyil, yazılı ədəbiyyata aid əlamətdir. Azərbaycan şifahi xalq ədəbiyyatında tərkibində
"kitab" sözü olan heç bir folklor nümunəsi
yoxdur. Ədəbi-elmi mühitdə əlyazmaların
"kitab" adlandırılması ənənəsinin az
olduğu və ya heç olmadığı bir dövrdə
Dədə Qorqud boyları toplusunun "Kitab"
adlandırılması təqdim olunan əlyazmanın sadəcə
üzü köçürülmüş bir mətn, yaxud
toplanaraq yazıya alınmış əlyazma deyil, məhz
"Kitab" olduğunu, kitab şəklində
düşünülərək müstəqil bədii əsər
şəklində yaradıldığını təsəvvür
etməyə əsas verən mühüm arqumentlərdən
biridir. Ustad ozan Dədə Qorqud zəngin xalq rəvayətləri
əsasında və onlardan yaradıcı surətdə
istifadə etməklə Qalın Oğuz Eli haqqında
"Oğuznamə" adlandırdığı
"Kitab"ı bağlamışdır.
2. Məlum
olduğu kimi, yazılı ədəbi əsərlərin
adlarının sonunda "namə" sö-zünün
işlədilməsi həmin epistolyar ədəbiyyatın
janrı olan əsərlərin məktub kimi yazılı
şəkildə hazırlandığını bildirir.
"Kitabi-Dədə Qorqud"un "Oğuznamə"
adlandırılması onun oğuz tayfaları haqqında
yazılmış "namə"lərdən, yəni
boylamalardan (hekayətlərdən - İ.H.) və soylamalardan
(şeirlərdən - İ.H.) ibarət olan müstəqil
yazılı bədii əsər olması deməkdir.
4.
"Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat
nümunəsi olmasını onun folklorun təməl prinsiplərindən
olan kollektiv yaradıcılıq məhsulu, yaxud
çox-variantlı olmaması ilə də əlaqədardır.
"Kitabi-Dədə Qorqud"un
variantı yox, əlyazma nüsxələri: Drezden, Vatikan və
Türkmən Səhra kimi nüsxələri mövcuddur. Məlum
olduğu kimi, "Kitabi-Dədə Qorqud"un
Drezden və Vatikan nüsxələri bir-birlərindən
boyların sayına görə fərqlənən, ideya və
məzmunca demək olar ki, eyni olan əlyazmalarıdır. Bu məqamda "nüsxə" sözü
heç cür Azərbaycan oğuznaməsinin variantları mənasında
işlədilməyib, həmin mətnlərin fərqli katiblər
tərəfindən, fərqli hüsn-xətlə
köçürülmüş nüsxələr
olmasını bildirən anlayışdır. "Kitabi-Dədə
Qorqud" - çoxnüsxəli, lakin təkvariantlı
orijinal bədii əsərdir.
5. Dil və
bədii təsvir vasitələrinə görə də
"Kitabi-Dədə Qorqud" şifahi xalq ədəbiyyatının
deyil, yazılı ədəbiyyatın xüsusiyyətlərinə
daha çox uyğun gəlir. "Kitabi-Dədə
Qorqud" əvvəldən axıra, başdan-başa konkret
bir yaradıcı dühanın sabit təhkiyəsi və
obrazlı bədii düşüncəsi ilə eyni
üslubda yaradılmış orijinal sənət abidəsidir.
Buradakı məcazlar ümumxalq bədii təfəkküründən
çox, konkret bir yaradıcı şəxsiyyət tərəfindən
düşünülüb kəşf edilmiş, Azərbaycan
şifahi və yazılı ədəbiyyatında rast gəlinməyən
nadir və bənzərsiz sənətkarlıq nümunələridir.
7.
"Kitabi-Dədə Qorqud"un "Müqəddimə"sini
Dədə Qorqudun kimlik pasportu, tərcümeyi-halı və
xasiyyətnaməsi kimi qəbul etmək olar: "Rəsul əleyhissə-lam
zamanına yaxın Bayat boyundan Qorqud Ata diyərlər, bir ər
qopdu. O ki-şi Oğuzun tamam bilicisi idi: nə deyirdisə,
olurdu. Gələcəkdən dürlü xəbər
söylərdi. Qorqud Ata Oğuz
qövmünün müşkülünü həll edərdi.
Hər nə iş olsa Qorqud Ataya danışmayınca iş
görməzdilər. O, nə buyursa, qəbul edərdilər,
sözün tutub gedərdilər".
Mənbələrdə verilmiş məlumatlara görə,
əsl adı Dədə Gərəncik olan Dədə Qorqud
VI-VII əsrlərdə yaşayıb-yaratmışdır. Rəşidəddin F.
Qorqudun anasının div, pəri, qu quşu, məzarlıqdan
çıxmış cin və s. də olduğu ehtimal edilir.
Atası, Bayat boyundan olan Qara Xoca Qalın
Oğuzda mövqe sahibi olmuşdur. Gənc
yaşlarından qopuz çalmış, şeirlər
qoşub-düzmüş, şənlikləri idarə
etmişdir. Dədə Qorqud Qalın
Oğuz Elinin başçılarına ağıllı məsləhətlər
vermiş, yeni nəsillərə ad qoymuşdur. Qorqud Ata
295 il yaşamış və üç
padşahın yanında vəzir olmuşdur. Bahadır
xan Qorqud Atanın oğlu Örgənc Dədə də
atası kimi ağıllı və tədbirli olması ilə
seçilmiş, cə-miyyətdə yüksək mövqe
tutmuşdur. Örgənc Dədə Kəbəyə
getmiş, "həzrəti Əli-dən sülh məktubu
alıb gəlmişdi" (H.Bayatı).
Əksər
mənbələrdə də Dədə Qorqudun Həzrəti
Məhəmməd peyğəmbərin zamanında, yəni
VII əsrdə yaşamasından və Mədinədə islam dininin
yaradıcısı ilə görüşməsindən bəhs
edilir: "Atası Qara xan… müsəlmanlığa çox
inanmış olduğundan Qorqud Dədəni Mədineyi-Münəvvərəyə
göndərmişdi. O da gedib həzrəti peyğəmbərin
üzünün nurunu görüb şərəfləndikdən
sonra Səlmani Farsinin Oğuz qövmünə islam şərtlərini
öyrətmək üçün onunla birlikdə gəlmişdir"
(H.Bayatı). Dədə Qorqudun Türkiyənin Bayburt şəhərində,
Dağıstanda - Dərbənddə və Qazaxıstanda -
Qızıl Ordadakı qəbirləri, Beyrəyin Bayburtda və
Burla Xatunun Urmiyadakı məzarları Qalın Oğuz Elinin və
"Kitabi-Dədə Qorqud"un yaşayan əbədi-tarixi
yadigarlarıdır.
8. Dədə Qorqud ustad ozan olaraq el arasında universal
qabiliyyətlərə malik olan sənətkar kimi şöhrət
qazanmışdır. Folklorşünaslar Dədə Qorqudun
"adi ozan deyil, həm şair, həm dastançı, həm
bəstəkar, həm də öz yaratdıqlarını ifadə
etməyi bacaran məharətli xalq sənətkarı
olduğunu" (M.Təhmasib) xüsusi olaraq qeyd etmiş,
"şair-bəstəkar" (E.Əlibəyzadə) kimi fəaliyyət
göstərdiyini bildirmişlər.
9.
"Kitabi-Dədə Qorqud" boyları kağız-qələm
əməliyyatları ilə, yazılma üsulu ilə yox,
ustad Dədə Ozanın xalq rəvayətləri və həyati
müşahidələri əsasında özünün
düşündüyü, quraşdırdığı
süjetləri el məclislərində əzbərdən
söyləməsi, nağıl etməsi, qiraəti və qopuzun
müşayiəti ilə ifadə etməsi əsasında
formalaşdırılmışdır. Dədə
Qorqudun qoşub düzdüyü,
formalaşdırdığı "Kitabi-Dədə
Qorqud" Oğuznaməsi hələ ustad Ozanın
sağlığında onun şagirdləri vasitəsilə də
məclislərdə ifa edilərək xalq yaddaşında
daha da möhkəmləndirilmişdir. Boylardakı
canlı bədii dil, "xanım, sultanım, hey" kimi təbii
müraciətlər, əhvalatların həyati proseslərin
axarında təsviri "Kitabi-Dədə Qorqud" ilk
növbədə ustad Ozanın özünün dilindən,
yaxud Dədə Ozanın davamçıları olan alp
ozanların ifası zamanı mirzələr tərəfindən
yazıya alınması təəssüratı yaradır.
"Kitabi-Dədə Qorqud" boyları Dədə
Qorqud Atanın qoşub-düzüb el-oba məc-lislərində,
xan-sultan yığıncaqlarında əzbərdən
söylədiyi, qopuzla çalıb-oxuduğu, sonralar alp
ozanlar tərəfindən nəsillərdən-nəsillərə
çatdırılmış bədii əsərdir. Dünya ədəbiyyatında
yazı üsulu ilə yox, şifahi şəkildə əzbərdən
söyləmək əsasında bədii əsərlər
yaratmaq işini Dədə Qorqud daha əvvəl qədim yunan
şairi Homer həyata keçirmişdir. Homerin
şifahi yolla yazılı ədəbiyyatın mükəmməl
nümunələrini yaratmaq baxımından Yunanıstanda
gördüyü işi Qalın Oğuz Elində - Azərbaycanda
Dədə Qorqud yerinə yetirmişdir. Dədə
Qorqud Azərbaycan ədəbiyyatının Homeridir.
10. Homerin
"İliada" və "Odisseya"sı olmadan antik yunan
ədəbiyyatını və cəmiyyətini təsəvvür
etmək mümkün olmadığı kimi, "Kitabi-Dədə
Qorqud"suz da Azərbaycan ədəbiyyatı və ictimai
fikrinin mənzərəsində yeri heç nə ilə
doldurulmayan böyük boşluq yaranar. "İliada"
və "Odisseya" kimi, "Kitabi-Dədə Qorqud"da
yarandığı dövrün sadəcə ədəbiyyatı
deyil, həm də dili, tarixi və fəlsəfəsidir.
"Kitabi-Dədə Qorqud" həm də
ümumtürk ədəbi abidəsi olduğu kimi,
"İliada" və "Odisseya" da ümumavropa əhəmiyyətinə
və miqyasına malik olan möhtəşəm bədii əsərlərdir.
"Odisseya" poemasındakı Polifem Azərbaycanın
Təpəgözü, "Kitabi-Dədə Qorqud"dakı
Təpəgöz isə Avropanın və Yunanıstanın
Polifemidir.
"İliada" və "Odisseya"
poemalarını şifahi şəkildə yaratmış,
xalq arasında əzbər şəkildə özü ifa
etmiş Homer kimi Dədə Qorqud da şifahi yolla
formalaşdırdığı Azərbaycan oğuznaməsini,
boyları el-oba məclislərində qopuzun müşayiəti
ilə əzbər söyləyərək xalqa
çatdırmışdır. Bütün bunlara
görə, Dədə Qorqud Azərbaycan ədəbiyyatının
Homeri olduğu kimi, Homer də yunan ədəbiyyatının
Dədə Qorqududur.
11. Azərbaycan
və türk dünyası folklorunda, habelə müxtəlif
oğuznamələrdə "Kitabi-Dədə Qorqud"
boylarının əsas iştirakçıları olan
Bayandır xan, Qazan xan, Dədə Qorqud, Bükdüz Əmən,
Alp Aruz, Beyrək, Basat və Təpəgöz haq-qında
çoxlu sayda süjetlər, motivlər vardır. Heç şübhəsiz, Oğuz Elinin
böyük bilicisi Dədə Qorqud öz "Oğuznamə"sini
yaradarkən şifahi xalq ədəbiyyatındakı motivlərdən,
obrazlardan yaradıcı şəkildə
faydalanmışdır. Bununla belə,
"Kitabi-Dədə Qorqud" boylarında şifahi xalq ədəbiyyatında,
oğuznamələrdə adları belə çəkilməyən
və ya çox ötəri sadalanan onlarla surətlərə
rast gəlirik. Fikrimizcə, həmin
obrazlar ustad ozan Dədə Qorqudun özünün
yaratdığı və boylara daxil etdiyi yaddaqalan, cəlbedici
və əhəmiyyətli personajlardır.
Ayrı-ayrı boylarda iştirak edən Qaraca Çoban, Qaragünə, Dəli
Dondaz, Qarabudaq, Yegnək, Əgrək, Səgrək,
Yalançı oğlu Yalıncıq, Qara Tükən,
Qazılıq Qoca, Qanlı Qoca, Bunlu Qoca, Yapaqlı Qoca,
Uşun Qoca, Bəkil oğlu İmran, Alp Rüstəm, Dönəbilməz,
Tüləkvuran, Tərsuza-mış, Arşın oğlu Dilək,
Boğazca Fatma, Dabangücü, Dəmirgücü və sair
kimi obrazlar ilk dəfə Qorqud Ata tərəfindən
yaradılaraq bədii ədəbiyyata gəti-rilmişdir.
Folklorla əlaqəsi olmayıb və ya ötəri
bağlılığı olub, ilk dəfə Dədə
Qorqud tərəfindən yaradılaraq əlavə edilmiş
obrazlar və onlarla bağlı süjetlər "Kitabi-Dədə
Qorqud"un yazılı ədəbiyyat
abidəsi olduğunu müəyyən edən mühüm dəlillərdəndir.
12.
"Kitabi-Dədə Qorqud"dakı soylamalar (şeirlər)
quruluşuna görə xalq şeiri şəkillərindən
tamamilə fərqlidir. Azərbaycan xalq şeiri nümunələri:
ovçu sözləri, sanamalar, sayaçı sözləri,
holavarlar, sağınçı öyməsi, hanaçı
mahnısı, oxşamalar, ağılar, bayatılar, mərasim
şeirləri və s. əsasən azhecalı:
üç-dörd və beş-yeddi hecalı şeirlərdir.
Dədə Qorqud şeirləri isə vəznli
sərbəst şeirdə yazılmış çoxhecalı
şeirlərdən ibarətdir. Misraların
və bəndlərin sayı baxımından mütləq hədd
olmayan "Dədə Qorqud" şeirlərində dörd
misradan tutmuş qırx misrayadək olan soylamalar vardır.
Bu cəhətdən Dədə Qorqud şeirləri
Azərbaycan klassik lirikasında qəsidə janrında
yazılmış şeirlərə daha yaxındır.
Bundan başqa, Dədə Qorqud şeirləri
Azərbaycan süjetli lirikasının mükəmməl
örnəkləridir.
Dədə Qorqud şeirləri qətiyyən toplama
folklor materialı olmayıb, orijinal yazılı ədəbiyyat
nümunələridir. Dil, üslub və təsvir vasitələri
baxımından Dədə Qorqud soylamaları eyni bir müəllifin
bədii düşüncəsinin məhsulu olan dərinmənalı
şeirlərdir. Dədə Qorqud
soylamalarının əksəriyyətini dahi ozan-şairin
şeirlər kitabı kimi ayrıca nəşr etmək olar və
lazımdır. Dədə Qorqud soylamaları "Kitabi-Dədə
Qorqud"un yazılı ədəbiyyat
hadisəsi olmasının danılmaz sübutudur.
13.
"Kitabi-Dədə Qorqud" hansı janrda
yaradılmışdır? Əvvəla,
şifahi xalq ədəbiyyatı abidəsi kimi yanaşsaq,
"Kitabi-Dədə Qorqud" əhatə etdiyi boylarla bir
yerdə əsl qəhrəmanlıq dastanıdır. Şifahi şəkildə yaradılmasına
baxmayaraq, "Kitabi-Dədə Qorqud"u şərti olaraq
"yazılı" epos adlandırmaq olar. Müəllifinin
olması və canlı ifadan yazıya alınmış təkvariantlı
bədii əsər kimi meydana çıxması "Kitabi-Dədə
Qorqud"un yazılı epos adlandırılmasına
əsas verir.
Yazılı ədəbiyyat gözü ilə baxsaq, Dədə
Qorqud mətnlərini roman-epopeya janrının yüksək tələblərinə
tam cavab verən möhtəşəm bədii əsər
kimi dəyərləndirmək olar. Bu ədəbi abidədəki "Basatın Təpəgözü
öldürdüyü boy" fantastik roman, "İç
Oğuza Dış Oğuzun asi olub, Beyrək
öldüyü boy"un dramatik-faciəvi romanı
üç boydan ibarət olan "Qazan xan və Uruz silsiləsi"
və yeni üzə çıxarılmış Türkmən
Səhra nüsxəsindəki "Salur Qazanın yeddi
başlı əjdahanı öldürdüyü boy" ilə
birlikdə ideya-bədii xüsusiyyətlərinə görə
roman poetikasına uyğun gəlir. Bunlar isə "Kitabi-Dədə
Qorqud"un janr baxımından roman
janrının hüdudlarını aşaraq, romanlardan ibarət
geniş həcmli möhtəşəm bir epopeya olduğunu
göstərir. Əsərdə əsas obrazlardan olan Dədə
Qorqudun, Qazan xanın, Aruz Qocanın, Beyrəyin, Basatın,
Uruzun həyatı və mübarizəsi demək olar ki, bir
neçə boyda əvvəldən sona qədər təsvir
edildiyi üçün onlarla əlaqədar boylar epopeya
içində roman tə-əssüratı yaradır.
"Kitabi-Dədə Qorqud"dakı oğuz
tayfalarının mövcud reallıqlarını əks etdirən,
əsas vəzifələrini çiyinlərində
daşıyan Bayandır xan, Qazan xan, Dədə Qorqud,
Qaragünə, Burla xatın, Dəli Domrul, Alp Aruz epopeya qəhrəmanlarıdırlar.
Buna görə də "Kitabi-Dədə
Qorqud"u janr etibarilə müasir elmi-nəzəri qiymətləndirmələr
əsasında Azərbaycan ədəbiyyatının ilk
roman-epopeyası adlandırmaq doğru olar.
Bizə
görə "Kitabi-Dədə Qorqud"un
aşağıdakı əlyazma nüsxələri
olmuşdur: 1. Dədə Qorqud - alp ozan qiraəti, yaxud
Xan-sultan əlyazması; 2. XI əsr əlyazma nüsxəsi
(Həmid Araslı versiyası); 3. Naməlum XV əsr
əlyazması; 4. Drezden nüsxəsi; 5.
Vatikan nüsxəsi; 6. Berlin
nüsxəsi; 7. Türkmən Səhra əlyazması;
8. Sankt-Peterburq əlyazması (Bəkir
Çobanzadə versiyası).
"Dədə Qorqud - alp ozan qiraəti, yaxud Xan-sultan əlyazma
nüsxəsi" təxminən VII əsrdə - Dədə
Qorqudun, yaxud onun davamçıları olmuş alp ozanların
dilindən el-oba şənliklərində və ya
dövrün rəsmi şəxslərinin iştirak etdiyi məclislərdə
mirzələr tərəfindən canlı ifadan yazıya
alınmışdır.
Akademik Həmid Araslının fikrincə, "Oğuz qəbilələrinin
Azərbaycana gəldiyi əsrlərin tarixi hadisələri ilə
səsləşən müxtəlif dastanlar XI əsrdə
bizə məlum olmayan bir şəxs tərəfindən
yazıya köçürülmüşdür ki, indi Də-də
Qorqud adı ilə məşhurdur". Bu o deməkdir ki, çox
ehtimal ki, ərəb əlifbasının yeni
formalaşdığı VII əsrdə orta savad malik mirzələrin
yazıya aldıqları "Xan-sultan əlyazması"nın XI əsrdə artıq mədrəsə
təhsili görmüş katiblər tərəfindən daha
təkmilləşdirilmiş şəkildə üzü
köçürülmüş və ya həmin
"nüsxə" yaşamaqda davam edən alp ozanların
dilindən bir daha canlı ifa vasitəsilə dəqiqləşdirilərək
yazıya alınmışdır.
Qorqudşünaslıqda
adı çəkilən, Drezden və Vatikan nüsxələrinin
ondan köçü-rüldüyü ehtimal olunan naməlum XV əsr
əlyazması ən məqbul halda XI əsr nüsxəsindən
köçürülmüş əlyazma variantıdır.
"Kitabi-Dədə
Qorqud"un ən mükəmməl əlyazması olan
Almaniyanın Drezden Kral Kitabxanasında saxlanan və
"Drezden nüsxəsini" ilk dəfə XVIII əsrdə
alman şərqşünası Yakob Reyske (1716-1774) Şərq
əlyazmaları içərisində görüb rəsmiləşdirmişdir.
Sonra isə XIX əsrin əvvəllərində
H.O.Fleyşer həmin əlyazmanı kataloqa daxil etməklə
ondan istifadə üçün imkan yaratmışdır.
Üzərindəki "Sahib əs-səlam Abdullah bin Fərəc
kəndxuda" və "tarixi-vəfati-Osman, sənə
993" kimi qeydlərə əsasən "Kitabi-Dədə
Qorqud" əlyazmasının Drezden nüsxəsinin miladi
tarixlə 1584-cü ildə Abdullah Fərəc oğlu
adlı Azərbaycan mənşəli bir kəndxuda tərəfindən
köçürüldüyü müəyyən
edilmişdir.
Drezden
nüsxəsi "Kitabi-Dədə Qorqud"un
bir müqəddimə və on iki boydan ibarət olan tam mətnini
əhatə edən ən genişhəcmli və sistemli
nüsxəsidir.
Almaniyanın
Drezden Kral Kitabxanasında saxlanan "Kitabi-Dədə
Qorqud" əlyazması ilk dəfə 1815-ci ildə alman
şərqşünası Henrix Fridrix fon
Dits tərəfindən aşkar edilmişdir. Fridrix fon Dits "Basatın Təpəgözü
öldürdüyü boy" alman dilinə tərcümə
edərək, yazdığı müqəddimə ilə
birlikdə çap etdirmişdir. Fridrix fon
Ditsin "Basatın Təpəgözü
öldürdüyü boy"a yazdığı "Homerinki
ilə müqayisədə yeni aşkar edilmiş Oğuz
siklopu" adlı məqalə ilə "Kitabi-Dədə
Qorqud"a həsr edilmiş tədqiqatların əsası
qoyulmuşdur.
Azərbaycan dünya qorqudşünaslıq elminin əsas
mərkəzidir. "Kitabi-Dədə Qorqud"un tədqiqi
və nəşrinə Azərbaycan alimləri böyük
töhfələr vermiş-lər. Xalq
yazıçısı Anar və Azərbaycan alimlərindən
Əmin Abid, Bəkir Ço-banzadə, Həmid Araslı, Məhəmməd
Hüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə,
Əli Sultanlı, Tofiq Hacıyev, Xaliq Koroğlu, Fərhad
Zeynalov, Kamal Abdulla, Muxtar İmanov, Nizami Cəfərov, Samət
Əlizadə, Mirəli Seyidov, Cavad Heyət, Səfərəli
Babayev, Şamil Cəmşidov, Kamran Əliyev, Nüşabə
Araslı, Məhərrəm Qasımlı, Bəhlul Abdulla,
Kamil Vəli Nərimanoğlu, Ra-mazan Qafarlı, Cəlal Bəydili,
Əzizxan Tanrıverdi, Əfzələddin Əsgər,
Əli Allahverdiyev və başqalarının tədqiqatları
qorqudşünaslığın mühüm elmi əsaslarını
təşkil edir. "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsini ilk dəfə Azərbaycanda
1939-cu ildə Həmid Araslı müqəddimə ilə
birlikdə çap etdirmişdir. Bundan sonra,
"Kitabi-Dədə Qorqud" həm orijinal, həm
müasir oxucular üçün işlənmiş mətni
ilə birlikdə dəfələrlə kitab halında nəşr
olunmuşdur.
Türkiyədə
görkəmli qorqudşünaslar: kilisli müəllim Rüfət,
Orxan Şaiq Gökyay, Fuad
Köprülü, Faruq Sümər, Məhərrəm Ergin, Fəxrəddin
Kırzıoğlu, Nihat Sami Banarlı, Əhməd
Kabaklı, Əhməd Bican Ercilasun, Sadətdin
Özçelik, Osman Fikri Sərtqaya, Fikrət Türkmən,
Mətin Əkiçi, Yusif Azmun və başqaları
"Kitabi-Dədə Qorqud"u nəşr etdirmək, bu möhtəşəm ədəbi
abidəyə həsr olunmuş mükəmməl tədqiqat əsərləri
yaratmaq sahəsində mühüm xidmətlər göstərmişlər.
Avropada Fridrix fon Dits, Etore Rossi, Vilhelm Qrim, Teodor Nyoladze, Valter
Ruben, Lui Bazen, Rusiyada Vasili Bartold, Viktor Jirmunski, V.Minorski,
Aleksandr Yakubovski və başqaları "Kitabi-Dədə
Qorqud"a qiymətli tədqiqatlar həsr etmişlər. Vasili Bartoldun rus dilinə tərcümə etdiyi
"Kitabi-Dədə Qorqud" eposu 1950 və 1999-cu illərdə
Bakıda kitab halında nəşr olunmuşdur. Alla
Axundovanın tərcüməsində "Kitabi-Dədə
Qorqud" Bakıda
rus dilində çap edilmişdir. "Kitabi-Dədə
Qorqud" rus, ingilis, Çin, fransız, alman, italyan,
gürcü, Litva, latış, eston, ərəb, fars, özbək,
qazax, qırğız və başqa dillərə tərcümə
olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü
ilə 1998-ci ildə "Kitabi-Dədə Qorqud"un Almaniyanın Drezden Kral Kitabxana-sında
saxlanan Drezden nüsxəsinin orijinal mətninin faksimilesi
ölkəmizə gətirilərək, Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutuna
bağışlanmışdır. Xalq
yazıçısı Anarın senarisi əsasında çəkilmiş
"Dədə Qorqud" filmi mükəmməl sənət
əsəri olub, bu möhtəşəm ədəbi abidənin
daha geniş şəkildə xalqa
çatdırılmasında mühüm rol
oynamışdır.
"Kitabi-Dədə
Qorqud"un elm aləminə bəlli olan
ikinci əlyazması olan "Vatikan nüsxəsi" 1950-ci
ildə italyan şərqşünası Ettore Rossi tərəfindən
Vatikan Kitabxanasından tapılmışdır. "Hekayəti-Oğuznameyi-Qazan
bəg və qey-ri" adlanan həmin əlyazma "Müqəddimə" və
altı boydan ibarətdir. Vatikan nüsxəsindəki
mətnlərdə bəzi fərqli cümlələrin
olmasına baxmayaraq, buradakı boylar ideya-məzmun etibarilə
Drezden nüsxəsindəki boylarla demək olar ki, eyniyyət
təşkil edir. İtalyan alimi Ettore Rossi "Kitabi-Dədə
Qorqud"un Vatikan nüsxəsi haqqında
yazdığı genişhəcmli tədqiqatını 1952-ci
ildə bu əlyazmanın faksimilesinin surəti ilə birlikdə
çap etdirmişdir. Bundan sonra Türkiyədə
1958-ci ildə Məhərrəm Ergin Drezden və Vatikan
nüsxələrini birlikdə nəşr etdirərək
oxuculara çatdırmışdır. Azərbaycanda isə
Vatikan nüsxəsini ilk dəfə 2018-ci ildə əlyazmanın
faksimilesi, müqəddimə, qeydlər və izahlarla birlikdə
professor Tərlan Quliyev latın əlifbası
ilə elmi-tənqidi mətn şəklində kitab halında
çap etdirmişdir. Vatikan nüsxəsi Seyid Əhməd
bin Həsən Balı adlı azərbaycanlı katib tərəfindən
üzü köçürülmüş əlyazmasıdır.
"Kitabi-Dədə
Qorqud"un Berlin nüsxəsi haqqında
müxtəlif versiyalar mövcud olmasına baxmayaraq, bu,
"Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsini ilk dəfə
aşkara çıxarıb elm aləminə bəyan
etmiş alman şərqşünası Fridrix fon Ditsin istifadə
etmək üçün Drezden Kral Kitabxanasında saxlanan əlyazmasının
üzünü köçürərək tədqiqat
üçün istifadə edildikdən sonra Berlin
kitabxanasına təhvil verdiyi nüsxədir. Bundan başqa,
"Bakisnkiy raboçiy" qəzetinin
4 avqust
1936-cı il tarixli sayında çap olunmuş "Qiymətli
tapıntı" adlı məqalədən məlum olur ki,
professor Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq
İnstitutunun Əlyazmaları Fondundan "Kitabi-Dədə
Qorqud"un daha bir əlyazmasını tapıb üzə
çıxarmış, bu barədə SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat
İnstitutunda məruzə ilə çıxış
etmişdir. Lakin professor Bəkir Çobanzadə
12 oktyabr 1937-ci ildə həbs edildiyindən həmin qiymətli
əlyazmasının çap edilməsi mümkün
olmamışdır.
İran
İslam Respublikasının Gülüstan ostanının
Gülbənd şəhərində yaşayan Vəli Məhəmməd
Xocanın 2018-ci ildə Tehrandakı bukinist dükanından
satın alıb yaydığı əlyazma ilə "Dədə
Qorqud"un yeni bir boyu üzə
çıxarılmışdır. "Kitabi-Dədə
Qorqud"un Türkmən Səhra -
Günbəd nüsxəsinin mətni 2019-cu ildə professor Mətin
Əkiçi və Yusif Azmun tərəfindən Türkiyədə,
Əlirza Sərraf vasitəsilə İranda - Tehranda kitab
şəklində çap edilmişdir. Türkmən
Səhra nüsxəsi Azərbaycanda ilk dəfə filologiya
elmləri doktoru, professor Ramiz Əskər və tədqiqatçı
Bayram H.Quliyev tərəfindən hazırlanıb faksimilellərin
fotosurətləri ilə birlikdə ayrı-ayrı kitablar
halında oxuculara təqdim olunmuşdur.
Türkmən Səhra-Günbəd nüsxəsi
"Salur Qazanın yeddi başlı əjdahanı
öl-dürməsi" adlanan cəmi bir boydan ibarətdir. Bu boy "Soylamalar",
"Salur Qazanın Araz çayı ilə Qars Qalasını
alması" və "Salur Qazanın yeddi başlı əjdahanı
öldürməsi" kimi üç hissədən ibarətdir.
Türkmən Səhra nüsxəsində Drezden və Vatikan
nüsxələrindən fərqli olaraq geniş yer tutan,
müstəqil bir mənsur poema təsiri bağışlayan
"Soylamalar" sanki geniş mənada "Kitabi-Dədə
Qorqud"un ümumiləşdirilmiş bədii-fəlsəfi
yekunudur. "Salur Qazanın yeddi başlı əjdahanı
öldürməsi" boyunun təkib hissəsi olan "Qazan
xanın Araz çayı ilə Qars qalasını
alması" hekayətində təsvir edilən hadisələr
Drezden nüsxələrindəki "Salur Qazanın dustaq
olduğu və oğlu Uruzun onu xilas etdiyi boy"dakı Qazan
xanın əsir düşdüyü zaman kafirlər
qarşısında özünün qorxmaz və dönməz
əqidəyə malik olduğunu bəyan etməsi epizodunun əlavə
süjetlərlə zənginləşdirilən, nəsrlə
təsvir edilmiş davamıdır. "Qazan xanın yeddi
başlı əjdahanı öldürdüyü boy"da isə
Drezden nüsxəsindəki "Salur Qazanın dustaq olduğu
boy"da sadəcə adı çəkilib, vahiməsi barədə
cəmi üç misrada məlumat verilən yeddi
başlı əjdahanın nəhəng və qorxulu
obrazı canlandırılmış və bu "təpə
boyda" bədəni, "yeddi yerdə məşəl kimi
yanar gözləri", "meşə kimi yalı" olan
vahiməli heyvanı öldürmək üçün Qazan
xanın göstərdiyi qeyri-adi şücaətdən bəhs
edilir. Boydakı "Yeddi başı bir boynundan
qılıncladı, yerə saldı, əjdahanın ağusu
yer üzünə töküləndə ağusundan yer
üzünə yanar-yanar odlar düşdü. Qazan xəncərini sancdı,
qılıncını sancdı" sözlərində nəinki
Qalın Oğuz Elinin, bütövlükdə yer
üzünün şərdən, "ağu"dan xilas
edilməsinin təntənəsi ifadə olunmuşdur.
"Salur Qazanın Araz çayı ilə Qars Qalasını
alması" boyundakı "dayısı Qonur Alpın (Alp
Aruzun - İ.H.) boynun vuran qoçubaşı Xan
Əfşar" ifadəsi ilə burada hadisələrin
artıq Qazan xanın İç Oğuza xəyanət
etmiş dayısı Alp Aruzu öldürməsindən
sonrakı dövrdə cərəyan etdiyi nəzərə
çarpdırılır. Deməli, "Salur Qazanın yeddi
başlı əjdahanı öldürməsi" boyu Drezden
nüsxəsindəki "İç Oğuza Dış
Oğuzun dönük çıxması və Beyrəyin
öldüyü boy" adlanan sonuncu, on ikinci boyundan sonra gələn
on üçüncü boydur. "Salur Qazanın yeddi
başlı əjdahanı öldürməsi boyu"ndakı
"Araz suyu (çayı) ilə Qars Qalasının
alınması" motivi "Kitabi-Dədə Qorqud"un
bütün boylarında ifadə edilən "ala qarlı,
göy sünbüllü" doğma torpaq və Vətən
idealı uğrunda mübarizənin simvolik yekunudur. Qazan xanın yeddi başlı əjdahanın
qılıncla başını kəsib ağusunu yerə
tökməsi Dədə Qorqud qəhrəmanlarının
doğma Oğuz Elini və bütövlükdə
insanlığı xilas etmək missiyasını uğurla
başa çatdırdıqlarının ibrətamiz təqdimatıdır.
Nəhayət, Salur Qazanın yeddi başlı əjdahanın
boynunu vurub öldürdükdən sonra dərisini soyub əyninə
geyməsi və Qalın Oğuz Elinə əjdaha görkəmində
dönməsi İnsanın təbiətin və cəmiyyətin
bütün enerjisini "iki əjdaha" gücü vasitəsilə
özündə birləşdirməklə ölkəni və
dünyanı şərdən xilas etməyə qadir ola bilməsinin
nəticəsi kimi təqdim olunur. Məhz belə yüksək
dəyərə malik milli və bəşəri vəzifənin
həyata keçirilməsi "Kitabi-Dədə Qorqud"un möhtəşəm finalı ola bilər.
Buradan belə
nəticə çıxarmaq olar: "Salur Qazanın yeddi
başlı əjdahanı öldürməsi" boyu
"Kitabi-Dədə Qorqud" boylarını tamamlayıb
başa çatdıran on üçüncü boydur.
"Salur Qazanın yeddi başlı əjdahanı
öldürməsi" boyunun mətni ilə bir yerdə verilən
"Soylamalar" isə "Kitabi-Dədə Qorqud"u,
ümumiyyətlə Dədə Qorqud dünyasını
tamamlayan ayrıca müdrik və ibrətamiz nəticədir. Deyilənlər belə bir elmi müddəanı irəli
sürməyə imkan verir ki, "Kitabi-Dədə Qorqud"
bir "Müqəddimə", on üç boy və nəticədən
ibarət olan möhtəşəm bir roman-epopeyadır.
"Dədə Qoqrud kitabı"ndakı hadisələr,
VII əsrdə əsasən Azərbaycanda və qismən də
Anadolu ərazilərində cərəyan edir. Sovet hakimiyyəti
illərində əlaqələr məhdud olduğu
üçün Türkiyə tədqiqatçıları Azərbaycan
coğrafiyası haqqında kifayət qədər məlumata
malik olmadıqlarından "Kitabi-Dədə
Qorqud"dakı yer adlarının daha çox Anadolu əraziləri
ilə bağlı olması fikrini kütləviləşdirmişlər.
Lakin görkəmli rus şərqşünası Vasili
Bartoldun (1869-1930) "Kitabi-Dədə Qorqud"un əhatə etdiyi coğrafi ərazilər
haqqında irəli sürdüyü aşağıdakı
mülahizələr bu oğuznamədə hadisələrin cərəyan
etdiyi coğrafiyanı müəyyən etmək baxımından
mühüm dönüş yaratmışdır: "Nə
Kiçik Asiyada, nə də Balkan yarımadasında epik hekayətlərin
qorunub saxlanılması üçün münasib şərait
yox idi. Qopuz çalan, nəğməkar
şaman Qorqudun haqqındakı əfsanənin mənşəyi,
necə olur-olsun, Qorqudun adı ilə bağlı bu epik silsilə
çətin ki, Qafqaz mühitindən kənarda yaradıla
bilərdi". Azərbaycan
qorqudşünaslığı "Kitabi-Dədə
Qorqud" boylarının əhatə etdiyi
coğrafiyadakı yer adlarının çoxusunun ölkəmizə
aid olmasını isbat etmişdir. Müxtəlif tədqiqat
əsərlərində "Kitabi-Dədə Qorqud"da
tarixi Azərbaycan coğrafiyasının uca dağları və
zəngin təbiətinin, Dəmir Qapı Dərbənd, Bərdə,
Gəncə, Qarabağ, Qaradağ, Əlincə, Dərəşam,
Altuntaxt, Göyçə gölü, Qazan göl,
Qaraçuq, Şərur, Salaxan, Qaraçuq və sair kimi
yaşayış yeri adlarının təsvir edildiyi təsdiq
olunmuşdur. AMEA-nın müxbir üzvü Səfərəli
Babayev Naxçıvan ərazisində "Kitabi-Dədə
Qorqud"da adıçəkilən əllidən çox
toponimin olduğunu qeyd etmişlər.
Eyni
zamanda, "Kitabi-Dədə Qorqud"da Türkiyənin əsasən
Azərbaycan sərhədlərinə yaxın olan Şərqi
Anadolu ərazisindəki Bayburt hasarı, Trabzon, Aladağ silsiləsi
Amit (Diyarbəkir) qalası, Mardin qalası, Avni qalası,
Ağrı dağı, Qars Qalası, Sürməli obası,
və sair kimi toponimlər yer almış, bir sıra hadisələrin
dalğası bu coğrafi hüdudlaradək gəlib
çatmışdır. "Bamsı Beyrək
boyu"nda cərəyan edən əhvalatların bir hissəsi
Bayburtda baş vermişdir. Dədə
Qorqud üçün Şərqi Anadolu torpaqları ilə,
məsələn Bayburt hasarı ilə Əlincə
qalası arasındakı fərq coğrafi ərazi ilə
bağlı olmayıb, oğuz igidlərinin taleyi, mübarizəsi,
hədəfləri ilə əlaqədardır. "Kitabi-Dədə Qorqud"da Türkiyə ərazisindəki
Alagöz dağları Qalın Oğuz Elinin sərhədləri
kimi deyil, əksinə, doğma torpaqlar kimi vəsf
olunmuş-dur. Burada tarixi qonşumuz olan
Gürcüstanın Toqquz tümən Gürcüstan,
Ab-xaziya, Tumanın qalası, Aqsəqa qalası və sair kimi
yaşayış yerləri və qalalarının da
adları vardır. Qonşu xalqlara, sərhəd
bölgələrinə aid olan yer adları o zamankı
Qalın Oğuz Elinin Azərbaycanın sərhədlərini
təsəvvür etməyə imkan yaradır.
"Kitabi-Dədə Qorqud" epopeyasında təsvir
edilən Qalın Oğuz Eli qədim dövrdə oğuz
tayfa birlikləri əsasında yaranmış Azərbaycan
Oğuz dövlətidir. "Qalın Oğuz Eli" söz birləşməsindəki
"El" sözü "tayfa-xalq" və "dövlət"
an-layışlarını ifadə edir. Yəni
Qalın Oğuz Eli - Qalın Oğuz dövləti və ya
Qalın Oğuz tayfa birliyi mənalarını bildirir. Müasir terminologiya ilə desək, Qalın Oğuz
Eli parlament tipli idarəetmə prinsipinə əsaslanan bir cəmiyyət
olmuşdur. "Dədə Qorqud
kitabı"nda xanlar-xanı "Bayandır xanın
Divanı" kimi ifadə olunan bu idarəetmə strukturu
İç Oğuzla, Dış Oğuz tayfalarının
özündə birləşdirən Oğuz cəmiyyətindən
ibarətdir. Elmi ədəbiyyatlarda bu, bəzən
"Xalq Şurası" (A.Yakubovski) və ya "Məsləhət
Şurası" da (X.Xəlilli)
adlandırılmışdır. Bayandır
xan Qalın Oğuz Elinin başçısı, Qazan xan
Baş Qərargah rəisi, sərkərdəsi Dədə
Qorqud isə baş ideoloqu və ya ideoloji məsələlər
üzrə baş vəziri vəzifəsini həyata
keçirmişdir.
Deməli, "Kitabi-Dədə Qorqud" oğuznaməsi
Qalın Oğuz Eli - Böyük Oğuz dövləti
haqqında epopeyadır. "Kitabi-Dədə Qorqud" - Oğuz Elinin Ata
kitabı, Qalın Oğuz Eli - Azərbaycan dövlətçiliyinin
bünövrəsidir. "Dədə Qorqud
kitabı" - Qalın Oğuz Elinin miladdan əvvəlki
birinci minilliyin ortalarından başlayıb, bizim eranın VII əsrinə
qədər davam etməkdə olan keşməkeşli hekayətinin
möhtəşəm oğuznaməsidir. Qalın
Oğuz Eli - müstəqil Azərbaycan Respublikasının ədəbi-tarixi
sələfidir.
Bütün
bunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin "Ki-tabi-Dədə Qorqud"un
Vətəni haqqında aşağıdakı ümumiləşdirilmiş
nəticəni bəyan etməsinə əsas
yaratmışdır: "Kitabi-Dədə Qorqud"
bütün türk dünya-sına məxsusdur, onun Vətəni
Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil
Azərbaycan dövlətidir. "Kitabi-Dədə
Qorqud" Azərbaycan xalqının zəngin mənəviyyata,
yüksək milli və bəşəri dəyərlərə
malik bir xalq, Azər-baycan Respublikasının isə
davamlı və dayanıqlı tarixi ənənələri,
möhkəm təməlləri, böyük gələcəyi
olan müstəqil bir dövlət olduğunu nümayiş
etdirir.
"Kitabi-Dədə Qorqud" epopeyası bədii-sənətkarlıq xüsusiyyətlərinə görə də möhtəşəm sənət abidəsi, təkrarsız böyük ədəbiyyat nümunəsidir. "Dədə Qorqud kitabı"ndakı çoxsaylı bədii obrazların hər birinin özünəməxsus bədii siması və fərdi xarakter xüsusiyyətləri vardır. Obrazların böyük məharətlə fərdiləşdirilməsi baxımından Dədə Qorqud fitri istedada malik şair-yazıçı olmaqla bərabər, həm də qeyri-adi dərəcədə yaradıcılıq fantaziyası olan yazıçı-rəssamdır. Həyati müşahidələrinin incəliklərinə və obrazlı vasitələrlə təqdim olunmasına görə Dədə Qorqudun yaratdığı Qaraca Çoban obrazı dünya ədəbiyyatı və təsviri sənətinin bənzərsiz bir tablosu hesab oluna bilər.
Dədə Qorqud şeirləri Azərbaycan şeir mədəniyyətinin klassik örnəkləri-dir. Bu poetik örnəklər xalq şeirindən yazılı ədəbiyyatdakı şeirə keçid dövrünün misilsiz nümunələridir. Bütün boyların finalında təkrar olunan "Gəlimli-gedimli dünya" motivli şeir o qədər geniş və mənalı bədii ümumiləşdirmə imkanlarına malikdir ki, hər boyda fərqli hadisələrdən bəhs edilməsinə baxmayaraq, sanki bu boyların hər biri üçün ayrı-ayrılıqda deyilmiş (və ya yazılmış - İ.H.) şeir kimi onu tamamlayır. Dədə Qorqudun "Gəlimli-gedimli dünya" şeiri bütövlükdə "Dədə Qorqud kitabı"na yekun vurub, onu ümumiləşdirə bilən mükəmməl şeir nümunəsidir.
Beləliklə, "Dədə Qorqud kitabı" - şifahi xalq ədəbiyyatı zəminində meydana çıxmış Azərbaycan yazılı ədəbiyyatının böyük başlanğıcı və mühüm ədəbi hadisəsidir.
"Kitabi-Dədə Qorqud" Beyrəyin, Basatın və Uruzun və Təpəgözün romanı Dədə Qorqud və Qazan xanın epopeyasıdır. Janr baxımından "Kitabi-Dədə Qorqud" roman-epopeyadır. "Dədə Qorqud kitabı" - özündən sonrakı Azərbaycan ədəbiyyatı və incəsənətin bütün sahələrinin inkişafına gur işıq salan, təkan verən ölməz sənət abidəsidir.
"Kitabi-Dədə Qorqud" - Azərbaycan xalqının Ata kitabıdır. "Dədə Qorqud kitabı"nın Müqəddiməsində də bu möhtəşəm əbədi abidənin yaradıcısı Qorqud Ata kimi təqdim olunur: "Rəsul əleyhissəlamın zamanına yaxın Bayat boyundan, Qorqud Ata diyərlər, bir ər qopdu".
Dədə Qorqud - Qalın Oğuz Elinin başbiləni, müşküllərini həll edəni, yol göstərəni, yəni Atasıdır. Dədə Qorqud Ata sözlərindəki Dədə və Ata sözləri sinonim sözlərdir. Dədə Qorqud - Qorqud Ata deməkdir.
Dədə Qorqud - Azərbaycan xalqının və Azərbaycan ədəbiyyatının Atasıdı.
"Kitabi-Dədə Qorqud" - Ata kitabımız, birlik və müdriklik abidəmizdir.
"Kitabi-Dədə Qorqud" - Böyük Oğuznamə Kitabıdır.
"Dədə Qorqud kitabı" - azərbaycançılıq ideyasının beşiyi və alınmaz qala-sıdır, möhtəşəm milli-mənəvi özünüdərk və vətənpərvərlik dərsliyidir.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2020.- 9 dekabr.- S.16;20;21.