"Lolita"
romanı - Uzun sözün
qısası
Vladimir Nabokovun müəllifi
olduğu "Lolita" romanı
ilk dəfə 1955-ci ildə
Parisdə "Olimpiya
Press" nəşriyyatında dərc olunub. XX əsrin
ən görkəmli kitablardan biri sayılır: "The Modern Library" bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü
yerdədir. Həmçinin,
"Le Monde" qəzetinin XX əsrin 100 kitabı siyahısına və
"Time" jurnalının əsrin ən yaxşı yüz romanı siyahısında
yer alır.
Roman özünü Humbert
adlandırılan qəhrəmanın
dilindən nəql olunur. Humbert orta yaşlı
fransız əsilli professordur. O, hadisələrin
nəqlinə hələ
uşaq olarkən itirdiyi sevgilisi ilə olan münasibətin
təsviri ilə başlayır. Özünün də qeyd etdiyi kimi, bu
məhəbbət zaman
və məkan anlamında sonrakı hadisələrdən xeyli
uzaqdır. Ancaq hadisələrin
gedişatı zamanı
bu detalın onun sonrakı həyatına təsiri görünür. Humbertdə gənc,
yeniyetmə qızlara
qarşı maraq yaranır. Bu maraq onu bütün
həyatı boyu izləyir. Yeniyetmə qızla münasibət
qurmağın istər
hüquqi, istərsə
də əxlaqi baxımdan yasaq edildiyi toplumda o, öz istəyini gizlətməli olur.
Buna baxmayaraq, öz təbirincə desək, yaşlı (yəni yeniyetmə qızlara görə yaşlı, əslində
isə gənc qadınlar) onda ikrah doğurur. Birinci evliliyini də sırf bu düşüncənin
təsiri ilə, yəni uşaq görüntüsünə sahib olan bir qadınla
reallaşdırır. Lakin bu evlilik xanımının
ona xəyanət etməsi səbəbindən
bitir. Beləcə, Humbert yeni bir həyata qədəm qoyur.
Bir tərəfdən
də əmisindən
ona miras qalan sərvət onun həyatını dəyişir. Humbert Amerikaya üz
tutur. Amerikada olarkən kirayə
qaldığı evdə
bir qızcığazla
qarşılaşır. Bu qızcığaz onun nimfet adlandırdığı
qızlardan idi. İlk baxışda bunu anlayan Humbert onu gördüyü evdə qalacağını
qət edir. Beləcə,
Lolita ilə bir evdə dolanmaq, eyni havanı udmaq belə onun üçün xoşbəxtliyə çevrilir.
Beş yaşında atasını
itirən bu qızcığaz anası
Şarlotta ilə yaşayır. Şarlotta qısa
zamanda Humbertə aşıq olur və sevgisini yazdığı bir məktubda bildirir. Digər ortayaşlı qadınlar
kimi bu qadın
da Humbertin diqqətini çəkməsə
də, Lolitaya yaxın olmaq üçün onunla evlənir. Kənardan xoşbəxt cütlük
kimi görünsələr
də, Humbertin tək dərdi Lolita olur. Bir gün Şarlotta
Humbertin Lolitaya qarşı hisslərindən
bəhs edən gündəliyini tapır.
Gündəliyi oxuduqdan sonra
təlaşlanaraq avtomobil
yoluna çıxan Şarlotta həyatını
bu qəzada itirir. Bu, Humbert
üçün əsl
fürsət olur.
O, dəfələrlə Şarlottanı
öldürməyi düşünsə
də, buna ürəyi gəlmir. Tale isə onun
bu mərhəmətinin
əvəzində Şarlottanın
ölümünü ona
hədiyyə edir.
Beləcə, Lolita ilə arasında
olan yeganə əngəl də aradan qalxmış olur. Humbert qayğıkeş ata obrazına girərək Lolitanı da götürüb səfərə çıxır
və onların hekayəsi başlayır.
Kənardan ata-qız kimi
görünən bu cütlüyün əslində,
sevgili olması heç kimin ağlına gəlmir.
Buna görə də, onlar çox rahatlıqla mehmanxanalarda gecələyir,
istədikləri yerdə
nahar edir, bir sözlə, heç kimin gözünə batmadan sevgi macərası yaşayırlar. Əslində,
söhbət ortayaşlı
bir kişi
ilə on iki yaşlı bir qızcığazdan gedirsə,
buna sevgi macərası demək nə dərəcədə
düzgündür, bilmirəm.
Lolita Humberti tanıdığı ilk dönəmlərdə ona qarşı maraq duyur. Ancaq bu maraq sadəcə yeniyetmə qızcığazın böyüklər barədə illüziyasının əksindən başqa bir şey deyil. Münasibət davam etdikcə o, Humbertdən uzaqlaşmaq istəsə də, Humbert onu yetimxanaya düşmək, kimsəsiz qalmaq kimi şeylərlə hədələyir. Əslində, Humberti özü də sevgidən daha çox xəstəlik olan bu duyğularının fərqinə varır. "Ah, icazə verin, bircə dəfə də sentimentallıq edim! Abırsızlıqdan elə bezmişəm ki!" Bu sözlərlə faciəsini xarakterizə edən Humbertin geriyə yolu qalmır. Çünki artıq o, bütün varlığı ilə Lolitaya bağlanıb və onsuz həyatını təsəvvür edə bilmir. Bu bağlılığın və düşkünlüyün gətirdiyi cəsarətlə Humbert Lolita ilə səfərini davam etdirir. Ancaq pulunun tükənməsi səbəbindən bir şəhərdə qərar tuturlar. Lolita həmin şəhərdə məktəbə yazılır. Həmçinin, teatr tamaşalarında iştirak etməyə başlayır. Burada o, tamaşa yazarı ilə tanış olur və ilk fürsətdə ona qoşulub qaçır. Lolitanın gedişi Humberti yerlə-yeksan edir. Lolitasız həyatı təsəvvür belə edə bilməyən Humbert üçün "Lolitasız həyat" başlayır. Günlərin bir günü Lolitadan gələn məktub Humberti yenidən həyata qaytarır. Əslində, məktubda nə peşmanlıqdan, nə də sevgidən əsər-əlamət olur. Lolita sadəcə atalığından pul istəyir. Humbert məktubu alan kimi məktubun göndərildiyi ünvana gedir. Həmin ünvanda Lolita bir oğlanla yaşayır və hamilədir. Canından da çox sevdiyi Dollisini bətnində bir başqasının uşağını daşıyarkən görmək Humberti incitsə də, o, yenə sevgisini izhar edir və hər şeyə yenidən başlamaq istədiyini deyir. Lakin Lolita qəbul etmir. Beləcə, Humbert çarəsiz bir şəkildə Lolitasızlığa məhkum olur. Ancaq o, bu əzaba onu düçar edən teatr yazarından intiqamını ala bilir. Humbert həmin yazarı öldürür və təslim olur.
"Lolita" ədəbiyyat tarixinin ən qalmaqallı əsərlərindən hesab olunur. Yarandığı dövrdə xeyli mübahisələrə səbəb olan romana qarşı bu gün də yanaşmalar müxtəlifdir. Yarandığı ilk dövrlərdən etibarən "Lolita"nı ədəbiyyatın gəlmiş-keçmiş ən möhtəşəm əsərlərindən hesab edənlər olduğu kimi, əsəri sərt şəkildə tənqid edib hətta qadağan edilməsini tələb edənlər də tapılırdı. Qadağa istəkləri təkcə sözdə qalmayıb, praktikada da özünü göstərirdi. "Sunday Ekspress" nəşriyyatı kitabı pornoqrafiya sayıb, tirajı tam aradan götürmüşdü. Kitab Fransada, 1955-ci ildən 1959-ci ilədək İngiltərədə, 1974-ci ildən 1982-ci ilədək CAR-da qadağan olunmuşdu. Məhdudiyyətlər Argentinada və Yeni Zelandiyada da tətbiq edilmişdi. Roman əsasında ekranlaşdırılan eyniadlı iki film də eyni aqibəti yaşayaraq xeyli tənqidlərə və qadağalara məruz qalıb. Əsas səbəb kimi əsərdəki pedofil çalarlarların və kifayət qədər açıq səhnələrin olmasıdır. Halbuki bu əsəri sevdirən yasaqlığın yaratmış olduğu maraq yox, Nabokov qələminin ecazkar sehridir. Yalnız Nabokov kimi böyük yazıçının qələmində Humbertin ürəkbulandıran günahı Lolitanın sehrinə bürünərək ürəyimizə yol tapa bilərdi.
Əsərdən seçdiklərim
Əgər skripka simi əzab çəkə bilirsə, mən həmin sim kimi əzab çəkirdim.
Bəzilərinin gözlədiyi kimi, əlbəttə, onu öldürə bilməzdim. Çünki onu sevirdim. Bu, ilk baxışdan, orta baxışdan, əzəli baxışdan olan bir sevgiydi.
Planetin dəqiq mövqeyini bilmək, şübhəsiz, vacibdir, ancaq mətbəxdə soyuducunu qoymaq üçün ən məqsədəuyğun yerin harada olduğunu bilmək bəlkə də, gələcək xanım üçün daha vacibdir.
Yanvar ayı soyuq və rütubətli keçirdi, fevralda isə forsitiya kolları karıxaraq qəflətən qızılı çiçəklər açdılar.
Elə şeylər var ki, onlardan gərək heç vaxt imtina etməyəsən.
Onun çılpaq qolunda çiçəyə qarşı peyvənd yerinin olmasını, onu ümidsizcəsinə çox sevdiyimi, onun cəmi on dörd yaşının olduğunu haradasa demişəm?
"Mən səni sevirdim.
Mən beşayaqlı yırtıcı idim,
ancaq səni sevirdim. Mən
qəddar idim, alçaq
idim, hər nə desən, ondan idim, ancaq
mən səni sevirdim, səni sevirdim".
Aytac
SAHƏD
525-ci qəzet.- 2020.- 9 dekabr.- S.17;22.