Könüllərdəki "Zəfər
lövhəsi"
O əziz gündə, bu millətin həyatındakı ən xoşbəxt saatlarda, Əsgərimiz Azadlıq meydanında Zəfər keçidini edəndə bütün Azərbaycan ağlayacaq.
Çünki bu, köksə sığmayacaq qədər elə böyük duyğu, elə ölçüyəgəlməz səadətdir ki, onu ifadə etməyə sözlərin gücü çatmaz.
Başda o Qəhrəman Əsgərin Sərkərdəsi, Prezident İlham Əliyev olmaqla, bu millətin ölkə boyu bütün övladları, Vətəndən uzaqlarda bu Qələbə paradını seyr edən və ürəyi yurdumuzla birgə vuran hər sadiq vətənpərvər mütləq kövrələcək, hökmən qəhərlənəcək.
Bütöv millətin kirpiklərini isladan, yanaqlarından süzülən, dünyanın bütün bulaqlarının suyundan daha saf, daha müqəddəs olan həmin göz yaşlarının içərisində bizim bütün sözlərimiz, bütün minnətdar duyğularımız olacaq.
Azərbaycanın bütöv tarixində bundan böyük Qələbə olmayıb.
Azərbaycan bütün tarixi boyu heç vaxt bu cür zirehi qalın, arxasında bir neçə qat nəhəng güclər silsiləsi dayanan düşmənlə üz-üzə qalmamışdı.
Biz neofaşizmlə, məkr çanağı ilə üzbəüz idik.
Bu sözlərimi millətim və tarix qarşısındakı məsuliyyətimi dərk edərək, ağır qarşıdurmamızı lap əvvəlindən yaxın məsafədən izləyərək, bizə göstərilən təzyiqlərin ağlasığmaz nəhəng miqyaslarını bilərək əminliklə deyirəm: Prezident İlham Əliyev kimi qüdrətli bir şəxsiyyət olmasaydı, bu məsələ heç vaxt belə məsud həllini tapmazdı.
İllər ötəcək, Qarabağ yenə fərəhli, şad-xürrəm günlərini yaşamağa başlayacaq. O yerləri azad gəzib gözəlliklərdən zövq alanda, oralarda dədə-babalarınızın, əzizlərinizin məzarlarını ziyarət edəndə hər şey halalınız olsun deyə həmişə bu misilsiz Qələbəni bizə ərməğan etmək yolunda çalışmışları, soyuq səngərlərdə güllə yağışı altında qalmışları, şirin canını fəda edib şəhid olmuşları və bu fövqəladə Zəfərin Memarını yada salın, rəhmət deyin, sağ ol söyləyin.
Bu, indən belə bütün zamanlar üçün bizim vəfa borcumuzdur!
Dünyada Birləşmiş Millətlər Təşkilatından nüfuzlu, ondan daha sözükeçər beynəlxalq qurum yoxdur. Əgər BMT-nin Təhlükəsizlik Şurası 1990-cı illərin başlanğıcında, işğaldan azacıq sonra
4 ciddi qətnamə qəbul edirsə və 27 il onların icrası yolunda heç bir qəti addım atılmırsa, ATƏT-in Minsk Qrupu, 3 superdövlətin həmsədrliyi illər uzunu heç bir səmərəli nəticəyə gətirib çıxarmırsa, bu, bütün bağlı sualların hamıya görünə bilən açıq cavabı sayılmalıdır.
Deməli, məsələni həll etmək istəmirdilər.
Bu hələ səhnənin bizə görünən tərəfi. Pərdə dalında nə qədər təzyiqlər varmış, təhdidlər varmış.
Bu, çıxılmaz kimi görünən siyasət cəngəlliyində inamını, ümidini itirməmək, səbatını qoruyub saxlamaq, bütün verilən şərtlər daxilində çözüləbilməz təsiri bağışlayan düyünü birdəfəlik qırıb-dağıtmağa doğru qədəm-qədəm, tədbirlər tökə-tökə, möhkəm təməllər yarada-yarada irəliləmək hünərdir.
"Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik". Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq".
Haqqı tapdalanan ölkələr adətən şikayətlənirlər, ədalət tələb edirlər, kömək umurlar.
Prezident İlham Əliyevin bu sözləri haqq istəyən, illər, bəzən onillər keçsə də, məqsədlərinə çata bilməyən ölkələr və xalqlar üçün bir yol xəritəsi sayıla bilər.
Biz sadəcə şikayətlənmədik, ədaləti tələb etmədik, həqiqətin bərqərar olmasını arzulamadıq, ədalət umduqlarımızın bacarmadıqları, ya istəmədikləri halda bunu edə bildik!
Odur ki, Prezident İlham Əliyevin Zəfəri, Azərbaycanın qələbəsi sadəcə ölkə, bölgə miqyaslı deyil, ümumdünya əhəmiyyətli bir fövqəladə hadisədir.
Və bu Zəfərinə doğru irəliləyən Prezident İlham Əliyev Ermənistanın danışıqlar masası arxasında nə deməsindən asılı olmayaraq qəsbkarın belə bir barışmaz mövqeyindən də agah idi ki, dünya erməniliyi və onlara dəstək olan güclər tərəfindən tam arxayın salınıblar, zəbt etdikləri torpaqlardan çıxmaq niyyətləri heç yoxdur. Prezident bu acı həqiqətləri də belə açıq şəkildə yalnız indi, Qələbəsini çalandan sonra etiraf edir: "Artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks-təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər".
Azərbaycan bütün süni barıları, siyasət barrikadalarını aşandan, məsələni həll edərək nöqtəsini qoyandan sonra da həmsədr ölkə olduğu üçün buna nə hüquqi və nə mənəvi haqqı çatan Fransa nümayişkaranə şəkildə, tez-tələsik öz Senatı səviyyəsində dünyanın heç bir dövlətinin, o sıradan Ermənistanın da tanımadığı qondarma rejimi tanımaq haqqında qərar qəbul edirsə, bu, bir daha Azərbaycanın hansı arxaları olan bir iblisliyi yendiyini və bunun nə qədər çətinliklə qazanılmış bir nailiyyət olduğunu isbat edir.
Yəni Fransa dünyanın gözü qarşısında indi birbaşa öz dövlət nüfuzuna da əskiklik gətirdiyinə məhəl qoymadan canfəşanlıqla belə bir addımı atırsa, təsəvvür edin ki, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasına pəl vurmaqçün, Ermənistanın və erməniliyin maraqlarını təmin etməkçün həm diplomatik səviyyədə, həm də əl altından nə planlar cızırmış, hansı fitnəkarlıqlara rəvac verirmiş.
Odur ki, Qələbəmizin cahanşümulluğu, miqyasları haqqında bir daha düşünün, bu Zəfəri təkcə Ermənistan və erməniliyi məğlub etməyimiz də saymayın.
Metastaz vermiş bu siyasət xərçəngi çox şaxələnmişdi, çox dərin qatlara sirayət etmişdi.
Sabahın Şah Xətaisi Heydər oğlu İsmayıla bir talada lələsi Hüseyn bəy Şamlu təlim verirdi, onu fəthlər edəcəyi sabahlara hazırlayırdı, alnına ata-babasının şərəfini qorumaq yazılmış, yaşından irəli gedərək erkən kişiləşmiş bu uşağa elm və həyat öyrədirdi.
İçərisini biliklərlə doldurduqca ona təlqin edirdi ki, sən çox böyük olmalısan. Düşmənlərin var, hələ nə qədər də artacaq. İstəməyənlərin, paxılların da az olmayacaq. Səni çökdürməyə, yox etməyə, boyun əydirməyə çalışacaqlar. Buna gücləri çatmayanda səni ruhdan salmaqçün böyüklüyünü görə-görə, gücünü bilə-bilə, işığını duya-duya görməzliyə vuracaqlar. Ancaq o qədər üstün olmalısan, o qədər yenilməz olmalısan ki, hamı və düşmənlərin, bədxahların, rəqiblərin də səni görməyə, etiraf etməyə, gücünlə barışmağa vadar qalsın.
Heydər oğlu İlham Əliyev və onun ölkəsi də Zəfərə gətirən 27 il boyunca beləcə daim özünütəsdiq, güclənmək, yüksəlmək, nüfuzunu artırmaq, etiraf etmək istəməyənləri də etirafa sövq etmək, biganə, soyuq, bəzənsə lap əks baxışı olanların düşüncəsini dəyişmək sınaqlarından adladı.
Ümidli gözlərin dikildiyi axırıncı ünvan sən olanda hətta dəhlizin sonunda zərrəcə işıq görünməyəndə də qol-qanadı yana sallamağa, əzmkarlığı azaltmağa haqqın yoxdur.
Və Prezident İlham Əliyev məgər haqlı deyilmi ki, artıq son illər xalqımız sanki acı taleyi ilə barışan kimi idi, yaxın illərdə əhəmiyyətli bir irəliləyişin olacağına inam sanki qalmamışdı: "Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi. Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddəratı prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki Azərbaycan xalqının əksər hissəsinin bütün ümidləri artıq tükənmişdi".
Neçə gedişi irəlicədən görən şahmatçı daha güclü sayılır?
Məşhur kubalı diplomat və qrossmeyster, şahmat üzrə 3-cü dünya çempionu Xose Raul Kapablankanın sözüdür. Söyləyib ki, mən vur-tut bir gedişi irəlicədən görürəm, amma bu, həmişə ən düz gedişdir.
Əlbəttə, həmin yeganə ən düz gedişi etməkçün də gərək beynində yüzlərlə variant dolana, təhlil edib onların arasından ən sərfəlisini seçəsən və hesablamana intuisiyanı da artırıb yekun qərarı verəsən.
İndi elə kompüter proqramları var ki, saniyələr ərzində milyon variantı nəzərdən keçirir. Lakin yenə üstün olan insandır. Saysız mümkün gedişlərdən ən uğurlusu üzərində dayana bilməkçün dəqiq hesablaya bilmək azdır, gərək çox incə fəhmin də ola.
Prezident İlham Əliyevin siyasət şahmatındakı düzgün seçim imkanlarını məhdudlaşdıran və mürəkkəbləşdirən o cəhət də vardı ki, şahmatdan fərqli olaraq, burada oyun heç də həmişə qaydalara uyğun aparılmırdı.
Gerçəklik belə idi, belə də oynamalı və məhz o məhdudiyyətləri və maneələri də göz önündə tutaraq hər gedişini uzaq üfüqdəki Qələbəyə hesablamalıydın.
Ermənistan və erməniliklə mübarizədə bütün başqa amillərdən savayı, gələcək bəxtiyar sabahlardan birində arzulanan Qələbəyə çatmaq üçün düşmənə güc verə biləcək bütün nəfəslikləri irəlicədən bağlamaq lazım idi.
Asan idimi? Qətiyyən yox. Nəqliyyat layihələri
hələ sonrakı mərhələ idi. Əvvəl neft kəmərinin
haradan keçmə məsələsi vardı və
bununçün məhz Ermənistanın seçilməsi ilə
əlaqədar inadlı təpkilər də ortada idi. Həm
də bizim elə vaxtımızda ki, müqavimət immunitetlərimiz
hələ xeyli zəif idi. Lakin o vaxtdan o addımları atmaq
qətiyyəti olmasaydı, sonranın bu qalibiyyəti də gəlməzdi:
"Mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
marşrutunu, - o vaxt mən Dövlət Neft Şirkətində
işləyirdim, - müəyyən edərkən bizə nə
qədər təzyiqlər oldu, özü də Qərb
ölkələrindən. Nə üçün Ermənistandan
yan keçir?
Bu, Gürcüstandan yox, Ermənistandan
keçməlidir. O vaxt aparıcı Qərb ölkələri
bizə şərt qoyurdu. Hətta o vaxt biz
xarici kreditlərdən çox asılı idik.
Yadımdadır, erməni təbliğatı, erməni lobbisi
və ermənipərəst xarici dairələr tərəfindən
aparılmış kampaniya nəticəsində Dünya
Bankı bir il ərzində bizə veriləcək vəsaitin
verilməsini təxirə saldı, dayandırdı, müxtəlif
bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyyatdır".
Odur ki,
necə oldu Azərbaycan bu yekəlikdəki şəri yenə
bildi sualına üzdən görünən 5-10
cavabınızı sadalayanda görünməyən 100 səbəbi
də nəzərdə tutun ki, bu qəbil ağıllı gedişlər,
hətta ən dar macalda belə uzaq sabahları
düşünərək göstərilən prinsipial
mövqe olmasaydı, bundan ikiqat güclü ordu və qat-qat
çox, daha da müasir silahla belə bu şəri diz
üstə çökdürmək, təslimə məcbur
etmək mümkünsüz olardı.
Palçığa bir dəfə batan ikinci dəfə
ora girmir. El
içində bunu adam haqqında deməyiblər,
amma adama aid ediblər. Yəni bax ha, hətta o binəva da bir
dəfə başına belə iş gəlibsə, nəticə
çıxarır, səhvini təkrarlamır.
Azərbaycan Prezidenti dekabrın 1-də
Laçının azad olunmasını, artıq
münaqişənin sona çatdığını
xalqına və dünyaya elan etdi.
Ertəsi günsə Ermənistanın baş naziri də
mühüm bir toplantıda, mikrofon önündə, ekran
qarşısında idi.
Yəni bütün müharibə və postmüharibə
dövründə Azərbaycan Prezidentinin və Ermənistan
baş nazirinin ekranlarda hər görünməsi, hər
çıxışı, hər müsahibəsi də mahiyyətcə
mübarizənin davamı kimi qavranılmalıdır.
İkinci
Qarabağ müharibəsi günlərində dadına
yetişəcəyini Ermənistanın çox gözlədiyi,
ancaq umsuq qaldığı Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının iclası gedirdi,
videokonfrans formatlı iclasda 5 dövlət
başçısı iştirak edirdi və Ermənistanın
baş naziri danışmağa başlayanda qəfilcə, əvvəllər
də bir neçə dəfə olduğu kimi, baş nazirin
mikrofonunun səsi kəsildi.
Yəqin, dərhal vahimələnib ki, öz kabinetimdə
olduğum halda azərbaycanlı əli bura nə təhər
girdi ki, belə təxribatı törətdi.
Sonra qıraqdan kimsə işarə edir ki, yəqin,
telefondandır. Sağ cibindən bir telefonu çıxarıb qoyur
masanın üstünə və işarə eləyir ki, gəlin
götürün.
Mikrofon açılır, başlayır
danışmağa, səs yenə batır. Qarşı tərəfdən
Rusiya Prezidenti bu mənzərəni sakit qarşılayır,
"Davam edin, davam edin" söyləyir. Mikrofondansa səs çıxmır. Sən demə, bu zalım balası bir telefonu da sol
cibinə qoyubmuş. Və yəqin,
mikrofon da telefona zəng gələndə
qapanırmış.
Yaxşı-yaman bir dövlətin rəhbəri olmaq məsuliyyətini
üstünə götürən insan bu qədər bəsit
olarmı? Sənin taleyini həll etmiş, Ermənistanı məhvolmadan
son anda qurtarmış Rusiyanın dövlət
başçısı ilə üzbəüzsən, beynəlxalq
əhəmiyyətli mühüm iclasa qatılırsan və
öz kabinetindəsən. Hər cibində
bir telefon saxlamağına nə ehtiyac?!
Adı nədir bunun? Həmin baş nazir
özü cavabı dəqiq verib. Bir
müddət öncə sosial şəbəkələrdə
bir video paylaşılmışdı. Avtomobilində
gedir. Selfi çəkir. Qart-qurt nəsə
danışır və arada Azərbaycan sözü də
işlədir: "Görməmiş".
Tam
özünə aid! Görmüşlük hər
insana vacibdir. Onda da qalmış dövlət
ərkanına.
İndi təsəvvür
edin ki, son 2 ildən artıq müddətdə Azərbaycan
dövlətinin başçısı düşmən
ölkənin sözünün əvvəli ilə
axırı düz gəlməyən, bu gün dediyini sabah
danan, dəmdəməki bir başçısı ilə eyni
masa arxasında əyləşməli, taleyüklü məsələlər
barədə müzakirələr aparmalı idi. Əlbəttə ki, belə impulsiv partnyorla
danışıqlarda heç bir əminlikdən, konkretlikdən
söhbət gedə bilməz. Necə ki,
danışıqlar dar dalana dirənmişdi.
Əslində, o baş nazirin hərdəmxəyallığını
da, cibində 2 telefonu gəzdirməsini də izah etmək mümkündür
və bunlar elə bir-biri ilə bağlı məsələlərdir. Ölkənin
bir neçə sahibi, bir adamın bir neçə
ağası olanda belə də olur. Hərəsinin
tapşırığını bir telefondan gözləyirsən,
daim də telefon üstündədir ki, yiyəni gözlətməyəsən,
dərhal cavab verəsən. Burası da
aydındır ki, hər yandan sənə bir komanda gələndə
mövqeyi də tez-tez dəyişməyə məcbursan.
İndi Ermənistanda "günah keçisi"
axtarmaq, Ermənistanı rəzil edən məğlubiyyətin
bütün təqsirini baş nazirin boynuna qoymaq cəhdləri
edilir. Bunun özü də Ermənistanın və ona
tayların Böyük Zəfərimizin ağır çəkisini
azaltmaq, guya başqa cür rəhbərlik olarmışsa, nəticə
də ayrı cür olarmış təəssüratı
yaratmağa hesablanıb.
O günlərdə
Azərbaycan yalnız Ermənistanla qarşı-qarşıya
deyildi, dünyadakı bütün havadarları dürlü
resursları ilə onların yanlarında idi. Hər
addımı da onların hamısı ilə məsləhətləşib
atırdılar, dünyanın dörd bucağından da bir
ucdan təyyarə-təyyarə silahların göndərilməsi
elə məsləhətləşmələr və iş
birliyinin nəticəsi idi.
Ermənistan ona görə uduzmadı ki, baş nazirləri,
yaxud onun içəridən və çöldən olan məsləhətverənləri
zəif idi.
Azərbaycan
ona görə qalib çıxdı ki, çox güclü,
çox əzəmətli idi!
"Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi
yolu ilə gedəcək. Bundan sonra da biz ordu
quruculuğu işində əməli addımlar
atacağıq, ordumuzu daha da gücləndirəcəyik.
İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz
təcrübə. İndi bütün ölkələr bu Vətən
müharibəsinin təcrübəsini öyrənirlər.
Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də
var. Biz göstərmişik ki, böyük xalqıq,
qürurlu xalqıq. Düşməni yerə
vurduq. Düşmənin belini
qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir.
Bu Qələbə Azərbaycan tarixində əbədi
qalacaq, şanlı Qələbə kimi!"
Saxtakarlıq erməniyə qədimlərdən xas olan
keyfiyyətdir və nəfəslərinin yalanla gedib-gəlməsi
onlarçün elə təbii haldır. Amma iddia da etmək
olmaz ki, yüzfaizli hər şeyi yalan deyirlər. Hərdən düz danışmaqları da olur.
Rəhmətlik
Xudu Məmmədov 1980-ci illərin sonlarında 300 min
civarında azərbaycanlının Ermənistandakı
yurdlarından zorən qovulmasının ardınca Azərbaycandan
da ermənilərin kənarlaşdırılması
başlayanda yarızarafat söylədi ki, lap yaxşı,
çıxarmağına çıxarsınlar, amma ən
azı bir-ikisini mütləq saxlamaq lazımdır.
Çünki onlar, bizim özümüzdən fərqli
olaraq, adımızı düz deyirlər: "Türk".
Ermənilərin digər doğru sözü isə
"şartavaz"dır. İrəvanda
Qarabağ ermənilərinə belə deyirlər, yəni
"dönmə erməni".
Və bu, tarixi həqiqətdir. Onların əksəri
əslən ya azərbaycanlıdır, ya alban. Qarabağ ermənilərinə İrəvanda ənənəvi
olaraq yuxarıdan aşağı baxıblar, sonacan özlərininki
hesab etməyiblər, bu gün isə bu münasibətlər
qarşıdurma həddinə çatmaqdadır.
Odur ki,
illərcə qondarma kriminal rejimin alçaldıcı
boyunduruğu altında gözüqıpıq
yaşamış Qarabağ erməniləri də tezliklə
daha ləyaqətli həyatın nə demək olduğunu
görmək imkanı qazana bilərlər: "Bu gün
Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.
Mən bir daha demək istəyirəm, onlar
görəcəklər ki, vahid Azərbaycan dövləti
çərçivəsində onların
yaşayışı yaxşı olacaq. Onlar
bu səfalətdən canlarını qurtaracaqlar.
Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər
və mütləq oraya qayıdacaq azərbaycanlılar
gün gələcək, yenə yaxşı qonşuluq şəraitində
yaşayacaqlar.
Burada logistik məsələlər var, nəqliyyat
məsələləri var, enerji təhlükəsizliyi var.
Biz bütün bu məsələləri nəzərdən
keçirəcəyik".
Bu gün artıq sosial şəbəkələrdə
separatçıların zarıyan səsləri gəlir ki,
bu nə gündür bizi saldılar. Azərbaycanlı hərbçilər
Xankəndidə asudəcə küçələrdə gəzirlər,
ərzaq mağazalarına daxil olurlar, düzdür, onları
rus sülhməramlıları da müşayiət edir.
Bəs sonra nə olacaq?
Sonra o olacaq ki, bunlar hələ adət eləməyiniz,
yeni gerçəkliyə alışmanız üçün
bir müqəddimədir. Ardınca yavaş-yavaş Xankəndidən
olan köhnə azərbaycanlılar da qayıdacaq, sonra bir-bir
araqarışdıranlar, suyu bulandıranlar ələnəcək,
sonra asta-asta gedənlər gedəcək, qalanlar qalacaq və
Xankəndi tədricən hürkülər, vahimələr
şəhərindən Azərbaycanın yaşamalı bir məkanına
çevriləcək.
Budur Prezident İlham Əliyevin əsas gücü. O, "mənimlə birgə
olmaq, mənimlə yanaşı addımlamaq, mənimlə
iş birliyi qurmaq faydalıdır" söyləmir, bunun
mühitini yaradır. Və nə əlavə təbliğata
ehtiyac qalır, nə uzun izahata.
Həm də bu, yalnız Dağlıq Qarabağ ermənilərinə
deyil, elə birbaşa Ermənistanın özünə də
aiddir.
"Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə
biz buna hazır olmalıyıq və öz
strategiyamızı, öz taktiki addımlarımızı elə
atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə
də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan
Ordusudur.
Ermənistan, sən dalansan. Biz səni dalan etdik.
Kim səni təcrid etdi? Biz.
Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid
etmişdik.
Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər
bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin
olunsa. Bundan sonra belə olacaq, ancaq belə
olacaq!"
Yaxşı
tanıdığımız, istənilən anda istənilən
hoqqa durğuza biləcəyinə şübhə olmayan bu
cığal qonşunu neytrallaşdırmaq, zərərsizləşdirməyin
də yolu onu elə əməkdaşlıqlar çevrəsinə
salmaqdır ki, orada həm beynəlxalq nəzarət olsun, həm
Ermənistan bu layihələrdən kənara atılarsa,
çox itkilərə uğrayacağını anlasın və
beləcə, iqtisadi əməkdaşlıq həm də
etibarlı qoruyucu zireh vəzifəsini yerinə yetirsin.
"Bizim vəzifəmiz ondan ibarətdir ki, erməni
faşizmi bir daha bu bölgədə baş qaldırmasın".
O
naxışı ki Tanrı cızır, o ssenarini ki tale və
tarix yazır, o səviyyədə, o dəqiqlik və siqlətdə
heç bir insana ssenarilər qurmaq müyəssər deyil.
Savaşımız
bitdi, indi bütün xalqla bərabər onun bayramını Qələbə
paradı ilə qeyd etməyin ərəfəsində ikən
bütün baş vermişləri ən ali
səviyyədə dünyaya çatdırmaq pəncərəsi
də açıldı.
Dekabrın
3-də Prezident İlham Əliyev BMT Baş
Assambleyasının Nyu-Yorkda keçirilən və təşəbbüskarının
da özü olduğu, təklifini bu ali dünya qurumunun
üzvü olan 150 dövlətin dəstəklədiyi
Xüsusi Sessiyasına qatılaraq bir neçə dəqiqə
ərzində həm bütün dünyaya bir daha Ermənistanın
iç üzünü göstərdi, həm son bir neçə
ayda cərəyan etmiş hadisələrin yığcam, amma
yetərincə əhatəli mənzərəsini göstərməyi
bacaran hesabatını verdi. Nitqini başvermişlərin
siyasi sərrast qiymətləndirməsi sayılacaq sözlərlə
ustalıqla da yekunlaşdırdı: "Beləliklə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi
yollarla həll edilmişdir. Beynəlxalq
hüquqa məhəl qoyulmadığı üçün
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət
sülhə məcbur edilmişdir".
Və hər
kəs bir daha Ermənistanın nəmənəliyini əyani
olaraq görsün, dünya dövlətləri ailəsində
onun necə yad bir ünsür olduğunu
çılpaqlığı ilə dərk etsin və hətta
bəşəriyyəti narahat edən xəstəliklə
mübarizədə belə təkəbbür göstərdiyini,
dünyanın dediyini demədiyini nümayiş etdirməkçün
son zərbəsini endirdi: "Ermənistan BMT Baş
Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə
həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi
təşəbbüsünün əleyhinə
çıxış etmişdir. Ermənistan
son dəqiqəyə qədər Xüsusi Sessiyanın
keçirilməsi üçün hazırlıq prosesinə
mane olmağa çalışmışdır".
Şəxsiyyət böyük olanda, qüdrətli
olanda Vaxt da, Tarix də ona işləməyə
başlayır.
Əslində, elə belə də olması məntiqlidir.
Axı zamanın rənglərini, dövrün nəbzinin
sürətini müəyyənləşdirən də elə
üstün öndərlərin əməlləridir.
Maestro Niyazi ömrünün son illərində hər
yay mütləq başçılıq etdiyi simfonik orkestrlə
Qarabağ səfərinə çıxırdı.
Muğam üçlüyünün, ya yığcam
ansamblın səfəri bir başqa, özləri və
çalğı alətləri iri maşın karvanına
çevrilən musiqi ordusunun qastrola çıxmağı
tamam ayrı.
Xankəndiyə Maestro "Mənim kəndim" deyirdi
və şairanə bir söz olaraq yox, elə həqiqətən
oranı özününkü sayaraq belə söyləyirdi.
Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin
qızı Xurşidbanu xanımın Qarabağın
seçkin nəsillərindən olan Əliverdibəylilərlə
bağlılığı çoxdu və Ələkbər
bəy Əliverdibəyovla süd bacı-qardaşı idilər.
Ələkbər
bəyin qızı, Zülfüqar, Üzeyir, Ceyhun bəylərin
anası Şirinbəyim xanıma Xurşidbanu elə öz
qızı kimi baxırmış və deyibmiş ki,
inşallah, balaların böyüsün, toyları olsun, Xankəndini
sənin böyük nəvənə bəri başdan
peşkəş edirəm.
Böyük nəvə də Niyazi idi. Kağızda,
sənəddə Xan qızı Natəvanın vəd etdiyi
kimi olmadı, çox yellər əsdi keçdi. Amma Niyazi ki əhvalatı bilirdi. Və hər il öz kəndinə borcunu qaytarırdı.
1984-cü ildə Maestro xalq arasında
"Leçkomissiya" deyilən xəstəxanada idi. Adətən
hər yay bir ay, ay yarım müddətə Maestro ora
köçərdi.
Bura adi xəstəxana deyildi. Əslində, istirahət
evi kimi idi. Şərait yaxşı,
ixtiyarında bir neçə otaqlı lüks, müalicə
də yerində. Kitab-dəftərini də
yığıb aparardı ora, yazıb-pozardı. Mənzilinin qapısı qonaq-qaraya daim nə sayaq
açıq idisə, oradakı palatasının gəlib-gedəni
də çox olardı.
1984-cü ilin yayında yenə orada idi və mən də
adətən hər gün işlərimi
yekunlaşdırıb axşamüstü ona baş çəkərdim. Amma bir səhər
Ramiz Zöhrabov zəng vurdu ki, Maestro xahiş edir indi durub gələsən.
Narahat oldum. Ramiz müəllim
məni sakitləşdirdi ki, hər şey yolundadır, sadəcə
Maestronun bir xahişi var. Getdim. Sən demə,
bu dəfə Maestro səhhəti ucbatından (əslində
isə daha çox bəzi ailə məsələləri ilə
bağlı) Xankəndiyə gedə bilməyəcəkdi.
Məni də dəvət etməkdə məqsədi
o idi ki, Xankəndidə orkestrin çıxışından əvvəl
onun adından oxunması üçün məktub tərtib
edim. Ramiz müəllim
qayıdıbmış ki, Maestro, özümüz həmin məktubu
hazırlayarıq, razı olmamışdı.
Gəldim, ürəyindən keçənləri, demək
istədiklərini söylədi, onun üslubuna, səliqəsinə
uyğun yazdım, oxudum, bəyəndi, Maestronun
özünün balaca yazı makinasında oradaca məktubu
çap elədim və orkestr yola düşdü.
Sən demə, Maestro öz xarakterinə uyğun qətiyyətlə
bircə bu məktuba görə yola düşəcək
avrobusları 2 saat ləngidibmiş.
Orkestr
getdi, Xankəndidə o yay axırıncı dəfə
"Koroğlu"nun uvertürası ilə başlanan
möhtəşəm konsertini verdi.
Həmin yay Maestronun da həyatı bitdi, növbəti
yaylardan isə asta-asta o dağlarda iqlim çox dəyişdi.
İndi Niyazinin yenə öz əziz kəndinə
orkestri ilə birgə səfərə çıxmaq
qapısı açılır.
Növbəti
yayda o dağlarda Niyazinin adını daşıyan Azərbaycan
Televiziyası və Radiosunun simfonik orkestri illər
ayrılığından sonra konsertini verər, yenə
"Koroğlu"nun qan qaynadan "uvertürü" ilə
başlayar, dalğa-dalğa yayılan füsunkar Üzeyir
musiqisi atəş səslərindən çox səksəkəli
günlər yaşamış dağlara tumar çəkər...
... Bizim
tarixdən də 12 il əvvəlin
"Fasti Triumphales" - "Zəfər lövhələri"
deyilən üstü yazılı daşları qalıb.
Bu lay daşlarda Romanın əsası qoyulan
vaxtdan Oktavian Avqust zamanına qədərki bütün
triumfatorların adları yazılıb. Qədim Romada isə
triumf bir sərkərdəyə, dövlət
başçısına nəsib ola biləcək
ən ali mükafat idi.
Təyin olunan gündə mərkəzi meydanda xalq yığılırdı. Həlledici müharibədə zəfər çalmış və başı üstündə qaliblərə yaraşan qızıl çələng tutulan triumfator insanların qarşısına çıxırdı.
Və həmin triumf lövhəsi üzərində gələcəkdəkilərə məktub kimi və tarixdə əbədi qalmaq üçün ən vacib sözlər və rəqəmlər ovulurdu: triumfatorun adı, soyadı, ləqəbi. Qalib olduğu savaşın adı və ili.
Müstəqil Azərbaycanın şərəf tarixində yaşayacaq elə bir lövhə haçansa, haradasa qoyularsa, üstündə belə yazılardı: "İlham Əliyev Fateh. Qarabağ müharibəsi. 2020".
Millətin Yaddaşına və Ürəyinə isə artıq o "Zəfər Lövhəsi" həkk olunub.
Azadlıq meydanındakı Qələbə
paradından keçən müzəffər əsgərlərimizin
şax yerişinə baxıb qəhərləndikcə, dəniz
kimi dalğalanan bayraqlarımızı seyr edib iftixardan
doluxsunduqca, o anlarda özünüzü dünyadakı
xoşbəxtlərin ən xoşbəxti saydıqca hiss edəcəksiniz
ki, əlbəttə, həmin "Zəfər Lövhəsi"
hər birinizin qəlbindədir!
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.-
9 dekabr.- S.6-7-8