Qara - Şər, qırmızı
- Xeyir rəngidir
Bir il içərisində
həyat, bəşəriyyətin
yaşam şərtləri
nə qədər dəyişdi; həm də köklü şəkildə dəyişdi!
Sanki dünya məhvərindən
oynadı! Uzaq-yaxın coğrafiyaya məxsus
milyonlarla insan heç düşünmədən
indi bizim bu parlaq sözlərimizə
şərik çıxar.
Bu, hələ harasıdı
- sürət
əsrinin ildırım
sürətli və fövqəladə çevrilişi
insanları cəmiyyətdən,
toplumdan, ən doğmalardan, az qala uzaqlaşmaq şərtləri qarşısında
qoydu...
Yeri gəlmişkən, əgər
sentyabr ayının sonundakı indi hər kəsə məlum təqvim günündən ta noyabr ayının 10-na qədərki tarixədək
Vətən müharibəsi,
bu haqq və
ədalət savaşında
xalqımızın, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman
ordumuzun dünyanın
kar qulaqlarını, lal dillərini açan qələbə
xəbəri olmasaydı,
2020-ci il Azərbaycan tarixində əndişə,
təlaş, virus qorxusu
ilə ləkələnmiş,
dəyərsiz bir səhifə kimi qalardı. Hətta insanların sağlamlığı
üçün COVİD-19-a qarşı mübarizədə
digər dövlətlərə
nümumə ola biləcək çevik addımların
atılmasına baxmayaraq!
COVİD-19 qəfil gəldi,
ildırım sürətilə
gəldi, özüylə
kütləvi ölüm
təhlükəsi gətirdi. İşıqlı şəhərin qayır-qayır
qaynayan küçələri
boşaldı, geniş
xiyaban və parklar, uşaq əyləncə mərkəzləri
uşaq səsinə,
insan nəfəsinə
həsrət qaldı.
Naməlum düşmən sərhəd
bilmədi, dünyaya meydan oxuyan hegemon
dövlətlərə belə
topsuz-tüfəngsiz, atomsuz,
nüvəsiz daxil oldu. Amansız virus, istədiyim
qapını açaram,
dedi. Planeti pandemiya qorxusu
bürüdü. Ölkələr sərhədlərini, evlər
qapılarını bağladı.
Pandemiya dünyaya psixoloji travma yaşatdı.
Həyatımıza yeni söz birləşmələri,
heç sevmədiyimiz,
lakin məcburən riayət etdiyimiz ifadələr daxil oldu: təcridolma, evəqapanma.
Qorxunc virusun böyük ölkələri
cənginə aldığı
ilk mərhələdə Azərbaycan
dövləti ən doğru addımı ataraq Dünya Səhiyyə Təşkilatının
pandemiyaya qarşı
mübarizə tədbirlərinə
qoşuldu. Yoluxmanın qarşısını almaq üçün ən qısa zamanda bütün zəruri tədbirlər görüldü. Yeni tipli xəstəxanalar, müasir laboratoriyalar, tibbi maskalar, tibbi-profilaktik tədbirlər
tam bir ciddiyyətlə
həyata keçirilirdi
ki, dünyanı sarsıdan bu fəlakətdən ən
az itki
ilə çıxa bilək.
İlkin mərhələdə əsas
vəzifə virusun yayılmasının qarşısını
almaq, insanların həyatını qorumaq idi.
Amma gözlə
görünməyən daha
bir düşmən də daxildə öz işini görürdü. Virusa yoluxmaq qorxusu! Bu qorxu instinkti,
bir qədər əvvəl qeyd etdiyim kimi, hətta
ən doğma insanları belə bir-birindən uzaqlaşmağa,
ünsiyyətsizliyə vadar
edirdi. Ekran-efirin
gündəmi COVİD-19 boyalı, insanların başlıca söhbət
mövzusu pandemiya idi.
Davamlı olaraq ikinci dalğa
təhlükəsindən söz
açılırdı. Sərt karantin
rejiminin tətbiqi daxili gərginliyi artırır, posttravmatik
stress üçün münbit
şərait yaranırdı.
Məyusluq və ümidsizliyin
çoxaldığı bir
zamanda Qarabağ uğrunda savaşın başlaması sanki ölümlə çarpışmaqda
olan ruhlara can verdi.
Vətən uğrunda haqq savaşı fərdi yanaşma baxımından
vətəndaş cəmiyyəti
üzvlərinə naməlum
düşmənin - koronavirusun
varlığını unutdurdu.
Amma bu işə səfərbər olunan yüksək ixtisaslı xidmət şəbəkəsinə
məlumdur ki, infeksiyaya qarşı dövlət səviyyəsində
ali humanist səylər bir an da olsun ara
vermədən davam etdirilmişdir. Bu, öz yerində, biz artıq insanlarımızın
psixoloji durumunu şərtləndirən ikinci
fövqəlsəbəbdən danışmaq istəyirik.
Budur, bağlı
qapılar açılır,
xalq məlum düşmənlə savaşda
ölüm qorxusunu unudur, Vətən, torpaq sevgisi ölümə qalib gəlir.
Həyatımızdan ötüb keçməkdə olan
2020-ci il öz xarakterik rənglərini yaddaşlara
həkk etməyindən
də qalmır. Cəmiyyətlər adətən
rənglərin psixoloji
assosiasiyasından danışarkən
şəri qara, xeyiri ağ
çalarlarla rəmzləndirirlər.
Mənim aləmimdə
ötüb keçən
ilin xalqımızın
nöqteyi-nəzərindən iki rəngi var: qarada koronavirusun
peyda olması, insan təlaşları, qırmızıda Vətən
müharibəsindəki möhtəşəm
qələbəmiz, şəhidlərimizin
vətən torpağını
boyayan qızıl qanı simvolizə olunur. Məhz o qırmızının işığında əsrlər
boyu əlçatmaz sayılan birlik qazanıldı. İnsanlar ümumi
məqsəd ətrafında
birləşdilər. Xalqla dövlət, iqtidarla müxalifət birliyi yarandı. Vətən sevgisinin yaratdığı
birlik Milli ordunun gücünə güc qatdı. Daha bir ay ulduzlu
bayrağın - Türkiyə
dövlətnin qızıl
bayrağının bayrağımızın
yanında əzəmətlə
dalğalanması ilə
xalqımızın 30 illik
torpaq həsrətinə
son qoyuldu!
Özgürlük haqqı əsasən qan bahasına alınır. Bu, tarixi
qanunauyğunluqdur. Qarabağ uğrunda
savaş da qansız-qadasız ötüşmədi.
Vətən üçün sinəsini düşmən
gülləsinə sipər
eləyən mərd oğullarımız qanları
ilə tarix yazaraq şəhadət zirvəsinə yüksəldilər.
Biz qalib gəldik. Sevindik, gələcəyə,
yaşamağa olan ümidlərimiz çoxaldı.
44 günlük müharibə dövründə
virusu unutduq, amma o, unutmadı, öz işini gördü.
Göründüyü kimi, son günlərin mənzərəsi heç
də ürəkaçan
deyil, hətta qorxuncdur. Virus uşaq-böyük
demədən hörümçək
toru kimi ətrafımızı sarır.
Özümdən asılı deyil, elə hey bu ümumi bəladan xilas olmağın yolları barədə düşünürəm. Mənə elə
gəlir ki, biz Vətən üçün,
düşmən işğalında
olan torpaqlarımızın
azadlığı uğrunda
qısa müddətdə
necə səfərbər
olduqsa, bu gözəgörünməz düşmənlə
mübarizədə də
eyni birliyi nümayiş etdirməliyik.
Hər iki düşmən xalq olaraq bizə ciddi daxili sarsıntılar
yaşatdı. Müharibə və pandemiya
hər kəsin həyatında mənfi izlər buraxdı. Kimində az,
kimində çox. Yaşanan gərginliklər, ağır
streslər isə yeni xəstəliklərə
yol aça bilər. Bu, qaçılmazdır!
Hər bir düşüncəli vətəndaşımızın
fikrincə, ürəklərdə
ümid çırağını
daim alovlandıran şərt budur ki, xalq yenə
dövlətinin yanındadır. Ölkə qarşısında
indi daha böyük vəzifələr
durur. Düşmənin
xarabazara çevirdiyi
azad Qarabağ torpağında quruculuq işlərinə başlamaq,
viranə şəhərlərin
yerində düşmən
gözü çıxaran
müasir şəhərlər
salmaq!
Düşmən üzərində qazanılan
qələbə öz
yerində, biz həm də Prezidentimizin söylədiyi kimi dəmir yumruq kimi birləşən bərabərliyimizin təntənəsini
yaşayırıq. Bu qələbə digər bütün qələbələrin
rəhnidir.
Amma kəskin
dəyişmələr fonunda
günümüzün mənzərəsinin
sevinci qədər kədəri, qəmi, qüssəsi də var. Necə deyərlər, bir gözümüz ağlayır, o biri gözümüz gülür.
Olduqca həssas
bir dönəmdə yaşayırıq. Müharibənin
törətdiyi amansız
acıları yaşayan
ailələrimiz var. Şəhid
məzarlarında göz
yaşı tökən
anaların, itkin ər yolu gözləyən
gəlinlərin, dil açıb ata kəlməsini söyləyəcək
yaşda olmayan körpələrin atasızlığı,
övladını dağıntılar
altından ölü
çıxaran gənc
atanın harayı, bunları yaşamaq, dəhşətlərin şahidi
olmaq insan beyninə, ruhuna, psixologiyasına təsirsiz
ötüşə bilərmi?
Əsla yox!
Biz psixoloji mərkəz
olaraq həmişə
ailələrdə, evlərdə
psixoloji sabitliyi qorumaq, gələcəyimiz,
sabahımız olan uşaqların psixoloji baxımdan sağlam böyüməsi üçün
çalışmışıq. Dövlətimizin bu istiqamətdə apardığı siyasətə
uyğun olaraq vətəndaş cəmiyyətinin
inkişafına imkanımız
daxilində dəstək
olmuşuq.
Bu gün isə qarşıda daha ciddi və təxirəsalınmaz vəzifələr dayanır. Hələ ki, qələbə sevinci yaşanan dönəmdə keçirdiyimiz sarsıntıların yaşlılara, hamilə qadınlara, əsgərlərə, uşaqlara, xüsusən də yeniyetmələrə necə təsir etdiyini, bunun sonrakı fəsadları barədə düşünmək yada düşmür. Amma biz öz vəzifə borcumuzu bilirik. Biz bu barədə düşünməyin məsuliyyəti altındayıq. Yəni hər birimiz... Elə buna görə də ağır döyüşlərin getdiyi günlərdə təcrübəli psixoloqlardan ibarət heyətlə bölgələrə səfər etdik. Gəncədə, Bərdədə olduq, döyüş şəraiti nəzərə alınmaqla mümkün dəstəyi göstərdik. Həmin günlərdə pandemiya qaydalarına, müharibə şərtlərinə uyğun həm Gəncə, həm də Bərdə şəhərlərindəki filialları müvəqqəti bağlamaq məcburiyyəti ilə üzləşdik. Amma bu, bölgələrdə "Loqos"un fəaliyyətinin dayanması demək deyildi. Əksinə, insanların psixoloji dəstəyə daha çox ehtiyacı olduğu anlarda əməkdaşlarımız təhlükəni unudaraq peşə borclarını ikiqat yerinə yetirdilər. Şəhid ailələrinin, dinc şəhərlərdə düşmən fitnəsinin qurbanı olanların doğmalarının, mənəvi-psixoloji dəstəyə ehtiyac duyanların yanında oldular. Halbuki onlar özləri də, ailələri də hər an gözlənilməz təhlükələrə üzləşə bilərdilər. "Loqos" ailəsinin göstərdiyi maddi yardımdan söz açmaq istəmirəm. Çətin günlərdə tikəmizi bölüşmək bizim xalqın mənəvi yetkinliyidir. Başqa xalqlardan, millətlərdən fərqimiz də elə bundadır. Biz sevincimizi, kədərimizi təmənnasız bölüşməyi bacaran xalqıq!
Pandemiyadan dərs aldıq, düşmən məkrindən dərs aldıq.
Hər pis işin sonunda bir xeyir var
deyib ulularımız.
Pandemiya bizə sağlamlığımızın
necə dəyərli
olduğunu öyrətdi. Nə yeməliyik,
necə yaşamalıyıq
ki, dərmanı olmayan virusun bizə gücü çatmasın dilemması
ailələri uzun illər uzaq düşdükləri süfrə
başına topladı,
alış-veriş səbətinin
ünvanı dəyişdi,
hardan gəldiyi, necə istehsal edildiyi bilinməyən abur-cuburlar mağaza piştaxtalarında qaldı.
Təmiz,
sağlam qida axtardıq, yerli və təbii məhsullara üz tutduq.
Maksimalizmdən minimalizmə enişin
faydalarını saymaqla bitməz. Sən
demə, minimalizmlə yaşamağın özgə bir üstünlüyü
varmış. Bu, təbii ki,
geniş
söhbətin mövzusudur. Sonda bir məqamı diqqətə
çəkmək, psixoloji sabitliyi qorumaq və hələ
nəticələrini bilmədiyimiz psixoloji
sarsıntıların yarada biləcəyi
posttravmatik xəstəliklərdən
qorunmağın vacibliyini bir
daha xatırlatmaq istərdim.
Təranə
PAŞAYEVA
Psixologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.-
9 dekabr.- S.9.