"Yaralılarımız ancaq
döyüşmək, sağalıb döyüşə
qayıtmaq istəyirdilər"
Müsahibimiz İkinci Qarabağ savaşının
iştirakçısı, hərbi həkim Azər Sahibidir
İkinci
Qarabağ savaşı
Azərbaycanın qələbəsi
ilə yekunlaşdığı
vaxtdan bu günə qədər döyüş vaxtı qəhrəmanlıq göstərmiş
qazilərimizin dilindən həm özləri haqqında, həm də şəhid olan silahdaşları haqqında
bir-birindən qürurverici
xatirələr eşidirik.
Bu döyüş xatirələri bir daha sübut edir ki, Azərbaycan
əsgəri bu zəfərə öz qanı və canı bahasına nail olub.
Həmsöhbətimiz İkinci Qarabağ savaşının iştirakçısı,
hərbi həkim Azər İnqilab oğlu Sahibidir. Azər əlində
silah, belində tibb çantası ilə həm döyüşüb, həm
də yaralı əsgərlərimizin köməyinə
çatıb.
Müsahibəni təqdim edirik.
***
- Əvvəla, bu
şanlı zəfər
münasibətilə sizi
təbrik edirəm. Həm İkinci Qarabağ savaşına qədər, həm də savaşda bir hayat yolu
keçmisiniz. İlkin təsəvvür
üçün əvvəlcə
bir qədər bu haqda məlumat
verin.
- Naxçıvan Muxtar
Respublikasının bir
neçə qoşun
növündə, ucqar
yerlərdə, dağ
postlarında xidmət
etdikdən sonra həm fiziki hazırlığım yüksək
olduğuna, həm də təcrübəli hərbi həkim olduğuma görə təyinatımı Xüsusi
Təyinatlı Qüvvələrə
verdilər. İki il ərzində,
2018-dən bu günə
qədər XTQ-də
xidmət etdim. Ondan sonra bildiyimiz kimi, Vətən müharibəsi başladı.
Biz də digər
ordu bölmələri
kimi savaşa qatılmağa bir şans qazandıq. Beyləqandakı mərkəzdə toplaşdıq, ümumi vəziyyət bizə başa salındı ki, nə etməliyik.
Sonra biz Hadruta getdik. Hadrutda birinci dəfə olurdum. İşğaldan təzə azad
olunmuşdu və ora birinci dəfə
gəlmək çox
qürurverici hisslər
idi. Sonra Hadrutda bir mərkəzdə yenidən
görəcəyimiz işlər
bölüşdürüldü. Bizə daha irəli getmək üçün
tapşırıqlar verildi.
Şuşa istiqamətində döyüşlərdə olduq.
Xocalının Çanaqçı,
Dəmirçilər, Sığnaq
kəndlərini azad etdik və yenidən
bir-iki yüksəklik
qət elədik. Daşaltı kəndinə qədər
irəlilədik. Sonra mən
geri döndüm.
- Bildiyimiz kimi, bu savaşda tibb xidmətinin çox böyük rolu və köməkliyi
oldu. Tibb xidməti döyüşlərdə
hansı cəhətlərdən
mühüm amil idi? Siz bir həkim
kimi hansı situasiyalarla qarşılaşırdız?
- Ordumuzun bu şərəfli
işində tibb xidmətinin xüsusi rolu var. Yəni Azərbaycan Ordusunun həkimləri, o cümlədən,
mülki müəssisələrdə
işləyən həkimlər
döyüşlərin gedişi
boyunca əllərindən
gələn köməyi
etdilər. Ümumiyyətlə, döyüşü həkimsiz təsəvvür
eləmək mümkün
deyil. Tibb xidmətinin işi,
birinci olaraq, ilkin yardım göstərilməsidir. XTQ-də çalışan həkimlərin, feldşerlərin,
sanitarların işi döyüş olan ərəfədə yaralılara
kömək etməkdir.
Bunun üçün təkcə
tibbi biliklər bəs eləmir. İlkin tibbi yardım göstərənlər uzun
müddət həm
ac qalmağa, həm susuz qalmağa, həm də piyada uzun məsafəni
qət eləməyə
öyrəşməlidirlər, fiziki cəhətdən hazır olmalıdırlar.
Həmişə bir amalla çalışırdım ki,
mənim yardım göstərdiyim heç kəs şəhid olmasın. Nə qədər bacardımsa,
kömək elədim.
Şükür Allaha
ki, bir nəfər
xaric, yardım göstərdiklərimdən heç
kim şəhid
olmadı. Hamısı ilə getdikdən
sonra maraqlanırdım
ki, "Filankəsi göndərmişəm, necədir,
yaxşıdırmı?" Deyəndə ki, hər şey yaxşıdır,
mən də öz adıma sevinirdim ki, burada müəyyən bir işi mən
də görə bildim.
- Yanınızda neçə-neçə
əsgər yaralanıb.
Həmin an hansı hisslər keçirirdilər, nə
danışırdılar?
- Yaralılarımız ancaq
döyüşmək, sağalıb
yenidən döyüşə
qayıtmaq istəyirdilər.
Bir dəfə XTQ-nin baş leytenantı yaralanmışdı. Həmin ərəfədə
şiddətli döyüş
gedirdi və mən ona yardım
göstərirdim. Digər yaralılar
yaxşı idi, nisbətən ağırı
bu idi. Ayağından yaralanmışdı. Kömək eləyən ərəfədə
adamı saxlaya bilmirdim, sakitləşmirdi.
Mən elə bilirdim ki, bu, yarası ilə bağlı bir şeydir. Sonra gördüm ki, yox, əsəbləşir
ki, "Mən niyə yaralanmışam?". Görürəm ki, öz-özünə deyir: "Şuşanı
görə bilmədim,
Şuşanı görə
bilmədim, Şuşaya
çata bilmədim..."
Onu sakitləşdirməyə
çalışırdım: "Sənin yaran elə də ağır yara deyil, uzağı 3-4 günə qayıdarsan".
Təbii
ki, 3-4 günlük yara deyildi. Ondan sonra sakitləşdi.
Dəfələrlə belə hadisələr
olurdu. Açığı,
heç kim
yaralanmaq istəmirdi. Bəlkə də, şəhid olmaq istəyirdilər, amma yaralanmaq, geri qayıtmaq istəmirdilər.
- Döyüşlərdə olan
zaman hansı hadisə sizin çox böyük marağınıza səbəb
olmuşdu?
- Azad etdiyimiz kəndlərdə
əsirlər də ələ keçirirdik. Əksəriyyəti kənddə yaşayan
yaşlı əhali idi. Biz görəndə
çox təəccüblənirdik
ki, necə ola bilər
ki, kəndin boşaldıldığı vaxtda
insan öz ata-anasını qoyub getsin. Bu ermənilər
onu da etmişdilər.
Bizim milli-mental xüsusiyyətlərimiz
icazə vermir ki, hansısa yaşlımızı, körpəmizi
arxada qoyub gedək. Amma onlar edirdilər.
Yaşlı insanların əskəriyyəti
Azərbaycan dilini bilirdilər. Bilməyənlər də rus dilində
danışırdılar. Əvvəlcə onlar çox
qorxurdular. İzah edəndən
sonra ki, onlara dəyməyəcəyik,
bizim onlarla işimiz yoxdur, sonradan sakitləşirdilər.
Bir dəfə bir hissəsini saxlamışdıq,
çay-su verirdik.
Sonra yaşlı bir erməni qadın xahiş elədi ki, mənim dərmanlarımı evdən
götürmək lazımdır.
Bizim əsgər gedib dərmanı gətirdi.
Qadın
kövrəldi və bizim əsgərimizin əlini öpdü.
Biz də məəttəl
qaldıq. Bu millət elə bir millətdir ki, bunların səmimiliyinə inanmaq olmur. Ancaq həmin hadisə
göstərir ki, onlar bilmirlər biz belə millətik. Doğulandan böyüyənə qədər
onlara izah olunub ki, türklər,
azərbaycanlılar pisdir.
Amma gözləri ilə görəndə inandılar
ki, azərbaycanlılar
yaxşı insanlardır.
Onlar bizi görəndə heyrətlərini gizlədə
bilmirdilər. Torpaqlarımıza yenidən qayıtdıq, əsirlərə və digərlərinə göstərdik
ki, Azərbaycan əsgəri, ümumiyyətlə,
Azərbaycan türkü
nə deməkdir.
- Qeyd elədiyiniz kimi, Daşaltı kəndinə daxil olduqdan sonra geri qayıtmısınız.
Təxliyə olunmağınız səbəbi nə idi?
- Döyüşün ağırlığı
o mənada çətindir
ki, həm əlimizdə silah olur, həm də belimizdə tibb çantası. Bir yandan döyüşdə
iştirak edirik, bir yanda da
yaralıya baxırıq.
Gedəndə də, hamımız
bu düşüncədəydik,
hazırlıqlıydıq. Qəflətən bir hücum
oldu bizə. Hücum ərəfəsində dayanmadan
mina atanlarla zərbələr
endirirdilər. Biz də müəyyən mövqelərdə gizləndik.
Buna baxmayaraq, həmin vaxtı mənim yanıma bir mərmi düşdü. Mən bildim
ki, o zərbə dalğası həmin an məni tutdu.
Məndə beyin silkələnməsi oldu, möhkəm baş ağrıları başladı. Eyni zamanda, böyrək ağrıları başladı. Mən gördüm ki, davam edə bilməyəcəm. Bununla bağlı məruzə etdim və təxliyə qrupu gələndə onlarla birlikdə geri qayıtdım.
- Qələbə xəbərini harda eşitdiz və həmin an hansı hisslər keçirdiniz?
- Qələbə xəbərini hospitalda olanda cənab Prezidentin çıxışından eşitdim. Hamımızda çox böyük sevinc hissi oldu. Yaralıların da hamısı çox sevindilər. Bu sevinc həm bizim qələbə xəbərimiz üçün idi, həm də əsgərlərimizin yaralanma, şəhid olma faizi aşağı düşmüşdü. O torpaqları görməyən, o torpaqlarda yaşamayan, daimi olaraq o torpaqların həsrətilə yaşayan gənclərimiz böyük vətən sevgisi ilə həmişə orda döyüşməyə hazır idilər. Təsəvvür edin ki, o torpağı görməmisən, orda doğulmamısan, yaşamamısan, amma bilirsən ki, ora sənindir, sənin dədə-babalalarınındır və sən ora əvvəl axır qayıtmalıydın, səndən sonrakı nəsillərin orda yaşayıb-yaratmasını təmin etməlisən. Gənclərimizə görə çox sevinirəm. Çünki onlar indiyə qədər yaşayan nəslin yaşadığı bu ağrı-acıları yaşamayacaqlar. İnşallah ki, bizdən sonrakı nəsillər həmişə torpaqlarımızı qoruyacaqlar, onun keşiyində dayanacaqlar və bir daha torpaq itkisinə imkan verməyəcəklər.
Nadir RZALI
525-ci qəzet.- 2020.- 1 dekabr.- S.16.