Yağmaladı ruhumu...
Esse
(Unudulmaz Nisə Bəyimin... xəbərinə)
... Sonra sözlər dağıldı,
sonra hərflər qarışdı.
Sonra islaq sükut bir qom qara çevrildi.
Sonra bu bir qom qar bərkiyib-düyünlənib
qəhər oldu.
Düyünlənmiş kal qəhər ilişib qaldı gözlə ürək arasında, nə gözdə suya qarışdı, nə ürəkdə aha keçdi. Durdu, durdu, yenə sözə döndü:
Yaşım qədər yaşamadım.
Bir az onu vaxt qopartdı, bir az sevdalar
yuxulatdı. Nə tələsən arzuları, nə gecikən ümidləri isindi. Çox-çox
sonralar biləcəkdi:
Ürəksiz gecələrdə ümidlər
də yaşanmır.
Bilənəcən... Yanından axan
ömrə, yaşamağa
yazılmayan səadətə
qərib-qərib, qəmli-qəmli
baxdı eləcə...
Bilməm,
kimə calanım,
Bilməm, kimə qalanım?
Yorğundu... yaman yorğundu. Bir özü bilirdi: Olanları danmaqdan, olmayanları arzulamaqdan, keçənləri anmaqdan,
gələnlərə yanmaqdan...
yorulmuşdu.
Sən bilərsən, qoca adam,
Yuxunun dadı
olurmu?
Ayrılığın halı bəlli,
Vaxtın fəryadı olurmu?
Qoca adam göydə
tutmuşdu qınağı:
Bizi harda itirdiyi
Düşürmü vaxtın yadına?
Qoca adam... çox
şey bilirdi. Bildiklərini təsbehə çəkirdi.
Eləsinə də çəkirdi,
beləsinə də şaqqıldadırdı dənələri.
Yenə heç nə dəyişmirdi. Guya nə
dəyişəcəkdi ki?
Dünyanın eşqdən savayı
Özgə muradı olurmu?
Uddu sözünü,
uddu. Əlacsızlığın təntidiyini duyub,
vaxtın üzrxahlığını
elədi.
Görüb-görmədiyin vaxt yaddaşında
Nə varsa Allahdan aşağı-dərddi.
... Ay dili-qafil, heç yeridi?! Unutmusanmı, vaxtla köhnə
haqq-hesabdı onunku?!
Bir yana
baxanda, haqlıydı
da, balam, yalan demirdi ki...
Fələyin diliydimi, Allahın
əliydimi, ya şeytanın feliydimi, ömründən oğurlayıb,
taleyindən üzüb,
Vaxt onu şeirə yazmadımı?
Mən uddum könlümün ağrılarını,
Mən udan ağrını könlüm
udmadı.
Qaldı iki yol arasında.
At getsin deyirsən
bu dərdi, Bəyim.
Atmayım neyləyim, atım neyləyim.
Məni
bu dünyada saxlayan dərddi,
Onu da bir ömrə satım, neyləyim?
Bilmədi nə desin. Bildiyi oydu ki, ürək
artıq öyrəşib
bu yükə. Atsa, boşluqlara davam gətirməz. Bir də
ki, çox da yaxa ələ
vermirdi, bazarmı tapardı dərdi satmağa?
Getmişdim, dərddən gəlirəm,
Dərdə yoluxub susuram.
Susmayıb neylədiyidi, dinsəydi, başqa nə deyəcəkdi? Günahkar sükut qınağın
yükünü çəkə
bilmirdi, üzünə
çırpılan bu
ağırlığı hara
qoyacağını hardan
biləydi?
Gözümə görünməyə
Vaxtın da üzü gəlmir.
Deyilməyən töhməti "eşidib"
qəbul etmək lap ağır! Bəhsə giriblərmiş kimi, söz güləşdirirdilər, odun
üstə su çiləyirdilər guya.
Arsız
nə bilir dərd nədi,
Dərdin davası Mərdnəndi.
Bunda deyirlər
e, üzrü günahından
betər.
Bu, ömür deyildi
ki, yükü boşalmamış dopdolu
göydü, bu göyün gözünün
içinə baxmağa
hünər gərəkdi. Yaddaşından misralar süzülürdü.
Göylər hələ yerindəsə
O ah mənim ahım deyil.
Bu asilik nədəndi,
niyə göyün günəşinə, asimanın
ulduzuna, çiçəklərin
şəbnəminə, qarının
bəyazına, otunun yaşılına... nəğmə
deməliykən, gecikəni
də, tələsəni
də taledən küsüb ağlayır?
Nə dilədim, haqq dilədim,
Vermədi qurban olduğum.
... Görən eşitmədi ki, kaş eşitməyəydi,
fikir verməyəydi.
Ümidi gözündə
Üzünü tutdu Allaha,
Səda gəldi; başdı hələ.
Ayağı altından Yer qaçdı, gözü
göylərə, heysiz-halsız
inlədi:
Mənimçün sən hər şey oldun dünyada,
Səninçün mən heç kəs ola bilmədim.
... Anmı keçdi, ilmi ötdü, bilmədi.
Qoca adam
bu yaralı ağıya, bu ağının dalınca
sürünən sızıltılı
sükuta dözməyəcəyini
duyub, boylandı. Nə düşən yerdə vardı, nə itən yerdə tapıldı. Hövlləndi...
- Ay adam, bu ömrün
yiyəsi hanı?..
***
Nə bir kimsə dilləndi, nə də özü səsləndi. Həm burdaydı - yaxınlıqda, həm də çox-çox uzaqlarda. Dünyanın nizamından çıxdığı ucalıqda, durub, buluddan yağan yağışa baxır, baxırdı... Dünyanın nizamında buluddan yağan yağış onun dünyasına düşə bilmirdi, onun dünyasında yağış çoxdan yağırdı, amma buluddan yox...
Dalğın-dalğın yağışa baxır, baxır, yalnız özünün eşidə biləcəyi səslə, yalnız xəyalının görə biləcəyi kəslə pıçıldaşırdı...
"... Tanıdınmı bu yağışı?
Ayağımızın altına yağırdı, gözlərimiz yağışa baxırdı. Gözlərimiz ayağımızın altını görmürdü...
Sonra əllərimizə yağdı - ovuc-ovuc yığdıq, ovuc-ovuc içdik onu...
Elə həmin yağış deyildimi gözlərimizə yağan?
Göz-göz udduq, göz-göz yağdıq biz yağışı.
Sonra... ruhumuza yağdı o yağış, sonra da ayrılıqlara...
Ayrı-ayrı yığdıq, ayrı-ayrı yağdıq.
Ayrı-ayrı dağıldıq, ayrı-ayrı... yığıldıq... Doğrudanmı yığıldıq?
Tanıdınmı bu yağışı?
Bir vaxt buluddan yağırdı,
İndi... Günəşdən
yağır..."
Südabə AĞABALAYEVA
525-ci qəzet.- 2020.- 1 dekabr.- S.11.