"Şirin
suyun sahili izdihamlı olar"
Kamal Abdulla-70
"Şirin suyu sahili izdihamlı olar" ifadəsi XIII əsrdə Konyada yaşayan, dövrünün
Hippokratı, Platonu,
"Anadolu həkimlərininn
başı" epitetləri
ilə anılan və I Ələddin Keyqubadın dövründə
"daru`ş-şifa"nın
(xəstəxana) baş
həkimi olan Əkmələddin Naxçıvaniyə
ünvanlanan məktubda
yer alır.
Məktubu İslam sivilizasiyasının
irfan dühalarından
biri Cəlaləddin Rumi qələmə alıb. Məktubun məzmunu ilə
bağlı geniş təfsilata varmadan qeyd edək ki, Rumi burdan
Əkmələddin Naxçıvaninin
alicənab və xeyirxah məziyyətlərinə
diqqət çəkir.
Mən isə qeyd etdiyim bu
ifadə kontekstində
akademik Kamal Abdulla ilə bağlı öz düşüncələrimi
çatdırmağa çalışacağam.
Altı
ilə yaxındır,
yarandığı gündən
Kamal müəllimin rəhbərliyi altında Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzində çalşıram.
Bu altı ildə
görkəmli alim, dəyərli ədibimiz Kamal Abdullanın şəxsiyyətini səciyyələndirən
bir çox nümunəvi keyfiyyətlərin
şahidi olmuşam.
Elə Rumidən seçdiyim
"Şirin suyu sahili izdihamlı olar" ifadəsi də məhz bu mətləblərə
işıq salan açar söz anlamındadır.
Etiraf edim ki, buna
qədər - yəni
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
fəaliyyətə başlayan
kimi Kamal müəllimin cəmi iki hekayəsini oxumuşdum, şəxsiyyətinə
qiyabi olaraq rəğbətim var idi. Dəyərli akademiklə əyani tanışlıq, iş prosesindəki
mülahizə və görüşləri məndə
Kamal müəllimlə
bağlı fikirlərimin
dəqiq şəkildə
formalaşmasına səbəb
oldu. Mən möhtərəm akademikimizlə
bağlı öz düşüncələrimi qısaca
olaraq iki əsas
məqamla ifadə etmək istərdim. Necə deyərlər,
"hər məqamın
öz sözü, hər sözün öz məqamı var"...
İntellektual dərinlik: Bu məfhumu
hazırda dil fəlsəfəsi sahəsində
tədqiqatları ilə
məşhur olan Noam Çomskinin "dil-təfəkkür"
ayrımının ifadəsi
məqsədilə işlətdiyi
"dərin struktur"
(deep structure) anlayışından təsirlənərək təqdim
edirəm. Kamal Abdullanın həm
elmi, həm də ədəbi yaradıcılığı da
intellektual dərinlik anlayışı ilə izah olunur. Əlbəttə, bu qısa yazıda məsələnin
təfərrüatına varmaq
niyyətində deyiləm.
Ancaq zənnimcə, Kamal müəllimin "Birun-Əndərun" essesi
dediklərimi bu kontekstdə müxtəsər
şəkildə ifadə
etməyə yardımçı
ola bilər.
Müəllif essenin girişində "əndərun-birun"
dilemmasını yaşam
tərzindən və
real həyatdan nümunələr
gətirərək izah
edir, hətta bunların sosial sferadan tutmuş təhtəlşüuura qədər
ayrı məqamlar olduğunu deyir: "Bu, təkcə ədəb və ərkanda özünü göstərmirdi,
təhtəlşüurdan (altşüurdan) vurub dil-danışıq qatından
keçir, sosial münasibətlərin bu və ya başqa
cür formalaşmasına
təsir edirdi". Hasili-kəlam budur ki, bu intellektual dərinliyi möhtərəm
ədibimizin bütün
elmi və ədəbi fəaliyyətində
müşahidə etmək
mümkündür.
Mükəmməl təşkilatçılıq: Dünya və elm tarixində çox nadir insanlar həm nəzəri, həm də praktiki qabiliyyətlərini məcmu
şəkildə birləşdirərək
öz fəaliyyətlərini
formalaşdırıblar. Bir qisminin
qabiliyyəti bir istiqamətdə ortaya çıxarkən, başqa
bir istiqamətdə bir qayda olaraq
axsayıb. Və eyni
ilə bunun əksi də reallıqdır. Ancaq Kamal
müəllimin ən
xarakterik cəhətlərindən
biri də mükəmməl təşkilatçılıq
istedadını uğurla
tətbiq etməsidir.
Onunla işləyən və yaxından tanıyan insanlar, məncə, bunu tam şəkildə təsdiq edə bilərlər. Hörmətli akademikimizin bütün elmi, ədəbi fəaliyyəti ilə bağlı bu məqamı müxtəlif
tədbirlər, konfranslar
və ən nəhayət, təhsil sahəsində yaxından
görə bilərik.
Məhz onun hər bir
çıxışı və
əməli işi məsələlərin nəzəri
və praktiki vəhdətindən qaynaqlanaraq
özünün varolma
və həyatiyyət
qazanma mərhələsinə
keçir.
Kamal müəllimin
fəaliyyəti və
yaradıcılığı ilə bağlı bir çox aspektlərdən elmi məqalələr, magistr
və doktorantura dissertasiyaları yazıla
bilər. Və bu, məncə,
olduqca vacib və gərəklidir.
Çünki bu tədqiqatlar
elmimizin və ədəbi mühitimizin inkişafı üçün
gələcəkdə çoxşaxəli
istiqamətlərin ortaya
çıxmasına stimul
vermiş olar.
Mən Kamal müəllimlə bağlı
bu qısa təbrik yazısı çərçivəsində sadəcə öz səmimi düşüncələrimi
ifadə etməyə
çalışdım. Möhtərəm
ədəbimizin də
yazılarında istifadə
etdiyi "ricət" əsasında
"şirin suyun sahili izdihamlı olar" deyiminə istinad edərək Kamal müəllimin daima bizlər üçün mayak olacağına səmimi qəlbdən inanıram.
Təbrik edirəm, Ustad! Yüz yaşayın!
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 1 dekabr.- S.11.