Mədəniyyətimizin və pedaqoji fikrimizin örnək
tədqiqatçısı
Ömrünün 80-ci pilləsinə doğru
mətinliklə qədəm
qoyan görkəmli alim, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Cəmil oğlu Xəlilov münəvvər
bir insan olaraq, sözün gerçək mənasında,
ümumxalq mehri qazanmış şəxsiyyətlərdəndir.
O, xalq ruhunu, milli adət-ənənələrimizi
qürurla hifz edib saxlayan, xəlqi keyfiyyətlərə
malik alim, boya-başa çatdığı
Cəbrayıl elində
də adı ehtiramla çəkilən
ziyalıdır.
... Yaxşı xatırlayıram. Yağı düşmən
məkrinin qurbanı olan həmvətənlərimiz
1993-cü ilin isti yay günlərinin birində (gərək ki, avqustun 23-ü idi) "Belarus" markalı
traktorun dalına qoşulan lafetdə (yük arabasında) pərən-pərən oturub
öz doğma ocaqlarını özlərinə
belə bəlli olmayan səbəbdən tərk edirdilər. Təlaş,
həyəcan xofu xalqın mətanətini,
mübarizlik əzmini
sanki sarsıtmışdı.
Bu müsibətləri görüb, qarış-qarış
torpaqlarımızın arealını
kiçildən oyunların
siyasi gerçəkliklərinin
canlı şahidinə
çevrildim.
Mən o illərdə
Azərbaycan Dövlət
Elmi-Tədqiqat Pedaqoji
Elmlər İnstitutunda
pedaqogikanın tarixi və nəzəriyyəsi
şöbəsində böyük
elmi işçi vəzifəsində çalışırdım. Hər il Təhsil
Nazirliyinin istiqamətlənməsi
xətti ilə keçirilən müəllimlərin
ənənəvi Avqust
müşavirələrində iştirak etmək üçün elmi-metodik
ezamiyyətlərə səfərbər
olunurduq. Növbəti belə tədbir
isə məhz həmin günlərə
təsadüf etmişdi.
Bu mötəbər müsamirələrdə iştirak
etmək üçün
İmişli və Ağcabədi rayonlarına
ezam olunmuşdum.
İki günlük missiyamı icra edib geri
dönəndə müşahidə
etdiyim epizodlar məni çox təsirləndirdi. Vəziyyətin məğzi onda idi ki, həmin
məqamlarda xalqla ziyalı birliyi daha yaxından təzahür tapırdı.
Sanki doğma xalqına mərhəmət,
halına yanmaq qayğısı bütün
ziyalıların ağlının
sönməz məşəlinə
çevrilmişdi. Hər kəs
xalqının yanında
olmaq, onlara pasibanlıq etmək, bu insanların acı dərdlərinə
şərik olmaq istəyirdi.
Bu hissin təsirilə mən də həmin vaxt rastlaşdığım insanlarla
səmimiyyətlə, qayğıkeşliklə
ünsiyyət qurmağa
can atırdım. Öyrəndim ki, hüzünlü görkəmdə olan bu soydaşlarım yurd-yuvasından perik düşən, pərən-pərən
olan Cəbrayıl əhlidir. Bu torpaqdan nəşət tapan tələbə yoldaşlarım, üns saxladığım əvəzolunmaz
dost-tanışım yadıma
düşdü. Vəziyyətdən necə çıxacağımı
belə bilmədən
yüngül əşyalar
üstündə oturmuş
və dərin fikirlərə qərq olmuş yarıyaş bir anaya yaxınlaşıb
bu vaqiənin necə baş verdiyini soruşdum.
O, mənim sarsıldığımı,
duruxduğumu qabaqcadan
hiss etmişdi. Başlarına gətirilən düşmən
əməllərini qısaca,
amma dərin yanğı ilə danışdı. Baxışları
məchul nöqtəyə
yönəlmiş digər
bir qadın da söhbətə qoşularaq, məndən müraciət təriqi ilə soruşdu: "Müəllimsiniz?" "Bəli",
- dedim. "Oğul,
bizim də el-obadan çox qiymətli adamlar çıxıb". Hiss etdim ki, o da
hardasa ziyalı bir zümrənin nümayəndəsidir. Sinədəftərdir.
Sözünə aşina
kəsildiyimi duyub, yenə coşqun, qürurverici bir emosiya ilə Cəbrayıl bölgəsindən
olan görkəmli söz və sənət adamlarının,
elm və təhsil mücahidlərinin - o cümlədən,
akademik Mehdi Mehdizadənin, professor Tofiq
Hacıyevin, professor Yusif
Talıbovun, eləcə
də haqqında bəhs etdiyim professor Vidadi Xəlilovun adlarını iftixarla vurğuladı. Didərginlik həyatı yeni
başlanan bu əziz insanların hətta o ağır məqamda belə, öz ellərindən çıxmış ziyalıları
qürurla xatırlamaları
məni dərindən
düşündürdü.
Sözün doğrusu, Cəbrayıl
rayonundan olan tanınmış şəxsiyyətlər
cərgəsində çox
qiymətli adaşımın
- Vidadi Xəlilovun da adının çəkilməsi məndə
ona qarşı mehr-ülfəti birə
on artırdı...
Yeri düşmüşkən onu
da qeyd edim
ki, həmin ərəfələrdə Bakı
şəhərində, müxtəlif
pansionatlarda, yataqxanalarda,
məktəb və bağçalarda məskunlaşan
yurddaşlarımıza həm
maddi, həm də mənəvi simsarlıqla dəstək
olan iki ziyalımızın - Azərbaycan
Dillər Universitetinin
professoru, fəlsəfə
üzrə fəlsəfə
doktoru Məhəmməd
Teymurlunun və ictimai-dövlət xadimi, ürək dostum Vidadi Xəlilovun o illərdə, heç bir hədə və qorxuya baxmayaraq, bu məkanlarda cəmləşən
Qarabağ qaçqınlarına
həyan olmaları bu gün də
hafizəmdə layiqincə
yer tutur. Xüsusən, Vidadi müəllimin
qaçqın ailəsindən
olan həmvətənlərinə
pasiban olmasının
canlı şahidi olmuşam. O, ailəsi
ilə birlikdə darısqal mənzil şəraitində yaşasa
da, əslən Qarabağdan olan yurddaşlarına, qohum-qardaşa
əl tutaraq, onların rahatlığı
üçün əlindən
gələni əsirgəməmişdi.
Çünki vətəndaş təəssübkeşliyi
onun iliyində, damarlarından axan qandadır. Xeyirxahlıq onun təbiətindədir.
Müşahidə etmişəm:
Müdafiə şuralarında,
Elmi şuralarda o, əsl vətəndaş-alim
mövqeyindən fakt və hadisələrə
dəyər verir, haqlını haqsızdan,
dəyərlini dəyərsizdən
əsaslı arqumentlərlə
ayırıb, dürüst
qərarların verilməsinə
çalışır, obyektivlikdən
bir an da
uzaqlaşmır.
O, birmənalı olaraq "Elmin özünün də ədaləti, xeyirxahlıq demokratiyası
var", - deyə elm-sənət yolunda fədakarlıq devizi ilə çalışanlara
cəsarətli dayaqkeş
olmuş, zəhmətlərinin
itməsinə yol verməmişdir.
Professor Vidadi Xəlilovun
elmi-pedaqoji yaradıcılıq
yolundakı şərəfli
fəaliyyətindən yeni
nəsillər həmişə
yüksək mənəvi-psixoloji
hissiyyatla faydalana bilir. O, insanlarda vətənpərvərlik
ruhunun yüksək bədii-estetik qayələrini
ciddi, fundamental araşdırmalarla
hasilə gətirir.
Ümidvaram ki, pedaqoji ictimiyyət
onun radio və televiziyadakı çıxışlarında
irəli sürülən
mənəviyyat pedaqogikasına
aid qiymətli mülahizə
və müddəalarına
diqqət yetirib, onları birmənalı olaraq ətraflı, təfərrüatlı halda
dəyərləndirmək imkanı qazanıb. Xüsusən, dövri-pedaqoji mətbuatda,
ictimai müzakirələrdə,
elmi-təcrübi konfranslarda,
aidiyyəti müsamirə
və görüşlərdə
savadlı, ilhamlı çıxışları düzgün
qiymətləndirilməlidir. Onun gənc nəslə örnək olan təbiət, cəmiyyət
və incəsənət
gözəllikləri haqqında
dərin fəlsəfi
mühakimələri, estetik-sosial
baxışları həmişə
novator və orijinal fikir və mülahizələrə
istinad edib. Xüsusən, böyüyən nəslə örnək olan, onların sosial-mədəni fəallığında
müstəsna əhəmiyyət
kəsb edən, metodik tövsiyələri
bu gün də məktəb təhsilində özünəməxsus
yer tutur. Onun elmi nüfuza və tətbiqi reallıqlara xidmət edən araşdırmaları
bu baxımdan ciddi tədqiqatlara rəvac verib.
Elmi kredosu yüksək pedaqoji təfəkkürə, məntiqi
ümumiləşdirmələrə, yüksək mədəni
davranış estetikasına
əsaslanan Vidadi Xəlilovun yaradıcı
fəallığının bariz nümunələri olan əsərləri də dediklərimizə aydın sübutdur.
Xüsusən, yenilənən estetik
tərbiyə işinin
təşkili və inkişafı yolunda gənc nəslə örnək olası "Ümumtəhsil məktəblərində
estetik tərbiyənin
inkişaf yolları"
və "Məktəbli
mədəniyyəti" adlı
dərs vəsaitləri
ənənə və
müasirlik prinsipləri
əsasında yazılmış
qiymətli kitablardır.
Professor Vidadi Xəlilovun yaradıcı ömrünə,
mənəvi ruhuna çıraq tutan digər qələm məhsullarında da, təbii ki, bu proses davamlı
xarakter daşıyan fəaliyyətin nəticəsi
olaraq meydana gəlib. Bu istiqamətdə
yazılmış "Bəstəkar
Süleyman Ələsgərov",
"Bəstəkar Qəmbər
Hüseynli", "Bəstəkar
Oqtay Zülfüqarov",
"Akademik Mehdi Mehdizadə işığı",
"Sadiqlik nümunəsi"
(Əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov həsr edilib), "Şirin səsin sədası"
(Əməkdar artist Təhmiraz
Şirinov haqqında),
"Ustad məhəbbəti,
ustad sənəti"
(Xalq artisti Səkinə İsmayılova
haqqında), "Zirvə
yolu" (Əməkdar
elm xadimi Misir Mərdanov haqqında) monoqrafiyalarının müəllifi
kimi də diqqət mərkəzinə
çıxıb.
Professor Vidadi Xəlilov birmənalı olaraq "Musiqi pedaqogikası" sahəsində uğurlu axtarışlar aparan məhsuldar tədqiqatçılardandır.
Bu sahənin ümumişlək texnologiyasını, qanunauyğunluqlar sistemini, yeni pedaqoji ustanovkalarını, təşkil prosesindəki nəzəri-intellektual metodologiyaları yaradıcı (kreativ), həm də tənqidi təfəkkürdə təhlil edib. Vidadi Xəlilovun elmi-pedaqoji irsi pedaqogikanın konseptual məsələlərinə, modern inkişaf yollarına həsr olunub.
Onun dəyərli tədqiqatlarından biri bu yaxınlarda işıq üzü görən, sırf tədqiqatçılıq rakursundan qələmə alınan "Dolanaram başına"nın heyrət aləmi" adlı əsəridir. Monoqrafiyada milli muğam ifaçılığı mədəniyyətimizin görkəmli nümayəndəsi, unudulmaz xanəndə, mədəniyyətimizin kamil bilicisi, milli ruhlu mahnı və musiqilərin mahir bəstəçisi, sonsuz sayda opera tamaşalarımızın cəfakeş aktyoru olan Qulu Əsgərovun böyük qürurla xatırlanmalı olan ömür-gün yolunun parlaq fraqmentləri əks etdirilib. Bu kitabda cəmləşən fabula aydınlığı, doğma kolorit, dərin bədii ümumiləşdirmə, əhatəlilik, dərin məzmun yüksək maraq və rəğbət doğurur. Monoqrafiyada ölümsüz nəğməkarımız Qulu Əsgərovun zəngin musiqi aləmi barədə diqqətçəkən fikirlər irəli sürülüb, Azərbaycan musiqisindəki yeri və rolu işıqlandırılmışdır. Bu əsər bir daha göstərir ki, istedadlı pedaqoq, dərin erudisiyalı alim olan Vidadi Xəlilov həm də musiqi mədəniyyətinin yüksəldilməsində ənənə və novatorluq məsələlərini əzmlə öyrənən örnək mütəxəssislərdən biridir.
Uzun illərdir ki, görkəmli pedaqoq və alim kimi yeni tədqiqatçıların yetişməsinə çalışan, ustad müəllim, fədakar tədqiqatçı kimi uğurlu fəaliyyət göstərən Vidadi Xəlilova ömür və yaradıcılıq yolunda yeni nailiyyətlər arzulayıram!
Vidadi BƏŞİROV
Azərbaycan Dillər Universitetinin
pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 23 dekabr.- S.23.