Narsistlər hər zaman "haqlıdırlar"  

 

Esse

 

Ta əvvəldən fərqli xarakterə malik  insanlarla dil tapmağı sevmişəm. Çoxları tərəfindən qəbul edilməyən, anlaşılmayan, tez-tez mübahisə, qınaq obyekti olan insanları öyrənmək, onların dünyası ilə tanış olmaq mənə maraqlı gəlib. maraqlıdır ki, çoxluqla normal ünsiyyət qura bilməyən bu insanlar  məhz mənimlə dərdləşib, ürəklərini açıb, inanıblar. Onları anlayan birinin olduğuna seviniblər.

 

Bu münasibət  mənim özümə xoş gəlib. Çünki hər dəfə yeni bir insan xarakteri ilə tanış olur bu cür insanlarla necə davranmalı olduğumu öz təcrübəmlə öyrənirdim. Amma təbii ki, mən insanam mənim tam olmayan tərəflərim var. Bu qədər müxtəlif xarakterləri sevə-sevə öyrəndiyim halda özündənrazı, yekəxana insanlara qarşı bir barışmazlığım olub həmişə. Yəni mənim üçün birinci növbədə İNSAN məfhumu var. Onun işi, vəzifəsi, varı, pulu, elmi, şöhrəti, zahiri görünüşü heç vaxt mənə görə əsas ola bilməz. Amma yazıq ki, bəzən insanlar məhz görünüşə, pula, vəzifəyə  görə özlərini elə aparırlar ki, atalar demiş, sanki alçaq dağları bunlar yaradıblar istəsələr, edə bilərlər. Mən hər zaman bu adamlarla məsafə saxlayırdım. Özləri yaxın olmağa cəhd edəndə belə, onları sevə bilmədiyimi  hiss etdirirdim. Yəni yekəxana insanla ünsiyyət qurmağım çətin məsələ idi...  Lakin zamanla mənə aydın oldu ki, bu cür insanlarla da yaxından tanış olub söhbət etsəm, onların bəzilərinin yaxşı tərəflərini tapa bilərəm, əslində, yekəxana görünüşün içində fərqli bir ürəyin, fərqli düşüncənin olduğunu aşkar edərəm. Deməli, yekəxana görünənin heç hamısı zahiri görünüşdəki kimi deyil. Belə desək, əslində, səbrin çatsa, bu insanlarla da ünsiyyət qurub, söhbət edib, zamanla doğru istiqamətə yönəltmək olar. Yekəxana olmaqda ailədəki tərbiyənin, mühitin rolu var. Odur ki, bu cür insanları sonradan dəyişmək, doğru yola istiqamətləndirmək mümkün ola bilər. Bəzi insanlar isə yekəxana görünüşü özləri yaradırlar. Xüsusən, müəyyən kompleksləri olanlar ətrafdakıların ona rişxənd edəcəyindən, hansısa qüsurunu üzə vuracağından ehtiyat etdiyi üçün yekəxanalıqdan bir qoruyucu kimi istifadə edirlər onları  yaxından tanıyanda əslində, sadə, normal düşüncəli biri olduğunu anlayırsan. Odur ki, bütün yekəxanalıqları da eyni cür qəbul etmək lazım deyil.

 

Amma əgər qarşı tərəfdə  özünübəyənmiş biri varsa, sənin işin çox çətindir. Yəni insanın özünü tapması, öz işindən, əməlindən zövq alması, öz böyüklüyünü dərk etməsi tamamilə başqa bir şeydir, özünəvurğunluq bir başqa. Sonuncu artıq bədbəxtçilikdir. bu adamlar əslində, heç öz "mən"lərini sevmiş deyillər. Onu yaxın buraxmaq da istəmirlər. Onlar sadəcə ətrafa görünən "Öz"lərini sevirlər. Ona vurğundurlar. etməsindən, kim olmasından asılı olmayaraq həmin "öz"lərinə heyrandırlar. Yəni qəlibdənçıxma, heç vaxt dəyişməyən, inkişaf etməyən, toxunulmaz bir obrazlarını yaradıblar bu obrazı bütləşdiriblər, özləri "öz"lərinə az qala sitayiş edirlər. pisi isə odur ki, onlar ətrafdakılardan da bunu tələb edirlər, umurlar, gözləyirlər. İstəyirlər ki, sən ona heyran olduğunu, onun təkrarsız olduğunu, əvəzedilməz olduğunu  söyləyəsən, bütün davranışında, sözündə bunu hiss etdirəsən. bundan da pisi  odur ki, sən yola vermək xətrinə ona "dəyər" verib lazımlı olduğunu vurğulasan, artıq səni aşağılamağa, kiçik görməyə başlayırlar.

 

Bir sözlə, kənara təqdim etdikləri görünüşlərinin əksinə olaraq bu insanların daxilləri dağınıq, uçuq-sökük, rəngsiz, insan nəfəsindən uzaq bir otağa bənzəyir. Körpə gülüşünə, ana qayğısına, insan sevgisinə yad olan bir otağa. Kənardan baxırsan ki, evdir. İçinə girirsən ki, həyat əlaməti yoxdur. Belə desək, onların varlıqları elə üst qabıqdan ibarətdir. Odur ki, o qabığın üstündə bərk əsirlər. Sən bu adamların daxili dünyasını öyrənmək, o dünyaya sevgi, rəngarənglik gətirmək, nurlandırmaq istəsən, onlar sənə nifrət edəcəklər. İçlərindəki  dağınıqlığı görməyindən qorxacaqlar. Sənin niyyətinin yalnız kömək olduğunu qəbul etməyəcəklər. "Axı sən kimsən ki, ona kömək edəsən?", yaxud "Ona olub ki, kömək edirsən?"

Vay amandır ki, onlara nədəsə irad bildirəsən. Sənə düşmən kimi baxacaqlar, özləri haqda saatlarla danışmaqdan usanmayacaqlar, özlərinə tərif ardınca tərif yağdıracaqlar. Sən artıq demiş olduğunu unudacaqsan, onlar isə susmayacaqlar. onların söhbəti bu məzmunda olacaq: Bu həyatda varsa da, yoxsa da, ağıllı adam odur, onun fikriylə razılaşmayanlar ən axmaq insanlardır, hamı ondan öyrənməlidir, onun dediyindən böyük həqiqət ola bilməz.

 

Bu adamlar hətta yolda, işdə, qonşuda ona salam verən sadə, zəhmətkeş  insanların, xüsusilə gənclərin salamını almırlar. Bunu özlərinə yaraşdırmırlar. Özlərini əvəzedilməz şəxs, nadir tapıntı  kimi aparır, hamının onlara hörmət etməsini, amma qarşılıq gözləməməsini istəyirlər. Bax bu insanlara təsir etmək, onları doğru yola istiqamətləndirmək çətin yox, mümkünsüzdür. Əslində, son zamanlar çox yerdə müşahidə etdiyim bu əlamətlərin narsizmlə bağlılığını bilirdim. Yəni bu, bir şəxsiyyət pozğunluğu, belə desək, xarakter xəstəliyidir. Narsizmlə bağlı məlum qədim yunan əfsanəsi, sonra o adın bu xəstəliyə necə verilməsi ilə bağlı uzun-uzadı yazmaq fikrim yoxdur. Mənbələr çoxdur və maraqlanıb oxumaq mümkündür. Mən sadəcə gündən-günə artan bu xəstəliyin çarəsini axtarmaq istəyirdim. Düşünürdüm ki, ən ağır dərdlərdən insan öz iradəsi hesabına qurtula bilərsə, bundan niyə qurtulmasın? Odur ki, məhz narsizm əlamətləri olan bir neçə tanışımla (hətta onların arasında doğmam da var) dəfələrlə söhbətlər etməyə, istiqamət verməyə çalışırdım. Lakin cəhdlərim hər dəfə uğursuz alınırdı. Niyə bacarmıram deyə özümü qınayırdım. Amma son zamanlar daha çox mənbələrə müraciət etdikdən sonra bütün ümidlərim qırıldı. Məlum oldu ki, bu insanların düzələcəyinə inanmaq  özünü aldatmaqdır. Psixoloqlar bildirirlər ki, narsistləri xəstə olduqlarına inandırmaq mümkün deyil. Və inanmadıqları üçün də, sizin onlara təsir etmək şansınız yoxdur. Bu insanlar hər zaman "ideal" olaraq qalacaq, yalnız özlərini düşünəcək, başqalarının həyatı, sözü, fikri onlar üçün qətiyyən maraqlı olmayacaqdır.

 

Beləliklə, yaxın ətrafınızda bir narsist varsa, sizin ikicə yolunuz var. Ya  istəklərinə uyğun olaraq hər addımda onun dəyərli olduğunu söyləyib başınız üstündə "allahlıq" etməsinə, fürsət tapdıqda isə əzməsinə, aşağılamasına  şərait yaradacaqsınız, yox, xarakteriniz buna imkan vermirsə, müxtəlif bəhanələrlə ondan gen gəzəcək, məsafə saxlayacaqsınız.

 

Yox, bir narsist əgər doğmaca ailə üzvünüzdürsə, susub taleyinizlə barışın. Sadəcə onlarla heç vaxt mübahisə etməyin. Çünki siz həqiqət deyib bağırarkən ağrıyan öz başınız olacaqdır. Narsistlər hər zaman "haqlıdır".

 

 

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 23 dekabr.- S.18.