Şəhid baş leytenant
İkinci Qarabağ savaşında ön cəbhədən gələn hər bir xəbər arxa cəbhə üçün xüsusi
əhəmiyyət daşıyırdı.
Cəmiyyət bütün proseslər barədə informasiya tələb edirdi. Xüsusilə
də, hər kəs Şuşa
müjdəsinə səbirsizlənirdi.
Şuşanın işğaldan azad
olunması xəbəri
rəsmi açıqlandıqdan
sonra bu əməliyyatın uğurla
nəticələnməsinin heç də asan olmadığı məlum oldu. Xüsusi hazırlıq görmüş
hərbçilərimizin planlı
hücumu müharibədən
sonra qəhrəmanlıq
dastanına çevrildi.
Ali Baş Komandan
da bunu çıxışlarında
xüsusi qeyd edirdi. Şuşa uğrunda qəhrəmanlıq
göstərmiş xüsusi
təyinatlı hərbçilərdən
biri də şəhid baş leytenant İlkin Muradlı idi.
Muradlı İlkin İlyas
oğlu 1995-ci il sentyabrın 27-də
Naxçıvan Muxtar
Respublikasının Şahbuz
rayonunda dünyaya göz açıb.
2001-ci il Şahbuz rayon 1 saylı
tam orta məktəbində
təhsil almağa başlayan İlkin 2011-ci ildə öz arzusu ilə Heydər Əliyev adına Hərbi liseydə orta təhsilini davam etdirir. 2014-cü ildə sənədlərini Heydər
Əliyev adına
Ali Hərbi Məktəbə
verir və 2017-ci ildə buranı bitirərək baş leytenant rütbəsinə
yüksəlir. İlkin Muradlı
təyinatını Gəncəyə
alır və bir müddət burada xidmət edir. Daha sonra XTQ-nin bölük komandiri kimi Ağstafada hərbi xidmətə göndərilir. Tovuz
döyüşləri zamanı
təyinatını döyüş
bölgəsinə alan İlkin İkinci Qarabağ savaşı başlanan gündən etibarən 9 noyabra - şəhid olduğu günə qədər qəhrəmancasına
döyüşür...
Elşən Rüstəmli qardaşı
haqqında fikirləri
bizlə bölüşərək
İlkinin vətənpərvər,
dönməz xarakterindən
söhbət açır:
"İlkinin hərbçi
olmasına atam razı deyildi. O, hərbi liseyə daxil olmaq istəyəndə
də söz-söhbət
olmuşdu. Amma heç kim
onu fikrindən döndərə bilmədi.
İlkin
uşaq vaxtından çox vətənpərvər
ruhda böyüyüb.
Hərb sənətini
seçməyi də
təsadüfi deyildi.
Hərbi
təhsil alanda da, sanki çalışırdı
ki, tez püxtələşib
mübarizəyə atılsın,
öz borcunu yerinə yetirə bilsin. Həmişə özünü bu
torpağa borclu hesab edirdi. Biz bəzən onun
belə vətənpərvərliyinə
təəccüb edirdik.
O, öz taleyini əvvəldən planlaşdırmışdı".
İlkin Muradlı Tovuz döyüşləri zamanı
general Polad Həşimovun
nəşini şəhid
olduğu yerdən çıxaran dəstənin
içində imiş. Qardaşının dediklərinə görə,
bu hadisə İlkinə çox pis təsir edib. Müharibə başlanan gündən
döyüşlərdə iştirak edən İlkin Muradlı Murov yüksəkliyinin, Hadrutun, Şuşanın işğaldan azad olunması uğrunda şücaət göstərib.
Şuşanın azad olunmasında
xüsusi təyinatlı
dəstənin tərkibində
çox ağır döyüş sınaqlarından
keçib. Döyüşlər zamanı komandirinin şəhid olması İlkini çox sarsıdır. Döyüş yoldaşlarının dediyinə
görə, İlkin bu hadisədən sonra bütün döyüşlərə "Komandirimin qisasını alacam!" deyərək başlayırmış. Silahdaşları İlkin Muradovun qəhrəmanlıqlarından ağızdolusu
danışırlar.
İlkin
Muradovun döyüşdüyü
dəstə 8 noyabr Şuşa azad
olunandan sonra Kəlbəcər istiqamətinə
irəliləyir. O, noyabrın
9-u davam edən döyüşlərdə bədəninin
müxtəlif yerlərindən
qəlpə yarası
alaraq Kəlbəcər
yaxınlığında şəhid
olub. Ölümündən sonra İlkin
Muradlı Prezident İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda"
medalı ilə təltif edilib.
İlkin Muradlının ortancıl qardaşı Heydər Muradlı hazırda Laçında xidmət edir. Qardaşı kimi hərbi istiqaməti özünə əsas peşə seçib. Balaca qardaşları Elşən həm İlkinlə, həm də Heydərlə fəxr elədiyini bildirir: "Biz hamımız İlkinlə və Heydərlə fəxr edirik. Bəli, İlkindən ötrü çox darıxırıq. Amma bir təsəllimiz var ki, İlkinin uğrunda mübarizə apardığı torpaqlar Azərbaycana qayıdıb. Digər qardaşım Heydər və onun timsalında digər hərbçilərimiz şəhidlərin qanı ilə azad olunmuş bu torpaqları cəsarətlə qoruyurlar. Təki Vətən sağ olsun!"
Nadir RZALI
525-ci qəzet.- 2020.- 23 dekabr.- S.17.