Sənə qurban
Esse
Sənəm musiqini çox sevirdi. Əslində,
burada qeyri-adi heç nə yox idi. Harda
görünüb ki, qarabağlı, illah da şuşalı
olasan, amma musiqini sevməyəsən?
Evlərində köhnədənqalma, qara rəngli bir
piano vardı.
Anasının cehizi idi. Ağlı
kəsəndən, özünü tanıyandan hər gün
o pianonun qapağını qaldırıb nəsə
dınqıldadardı. Ağappaq
şirmayi dillərlə qara dillərin qucaq-qucağa
yatdığı bu sirli-sehirli qutu onun üçün bir
dünya idi. Uşaq vaxtı pianonun
qapağı zərblə çırpılıb neçə
dəfə barmaqlarını əzsə də, o
ağrı-acılar balaca Sənəmin ona vurğunluğuna
zərrə qədər də xələl gətirməmişdi.
Günlər keçir, Sənəm
böyüyürdü. Ağappaq bənizi ilə qara
saçları da elə pianonun dillərini
xatırladırdı. Qapqara, yupyumru, parlaq
gözləri isə bu gözəlliklə məxsusi ahəng
yaradırdı.
Musiqiyə olan sevgisini valideynləri də
görüdülər. Buna go?rə də məktəb
yaşına çatan kimi onu musiqi məktəbinin Fortepiano
sinfinə yazdırdılar. Atası zarafatla deyirdi ki, Sənəm
onsuz da bütün günü nəsə
dınqıldadıb baş-beynimizi aparır, barı
qoy çalmağı öyrənib fərli-başlı bir
şey çalsın, biz də bir az dincələk.
Sənəmin musiqi həvəsi təhsildə də
özünü göstərdi. O, musiqi dərslərində yüksək
nəticələr göstərir, nazik, uzun barmaqları sayəsində
ən çətin akkordları asanlıqla
götürürdü. İxtisas müəlliməsi
həmişə deyirdi ki, Sənəm, elə bil, sənin
barmaqların yalnız pianoda ifa etməkçün
yaranıb.
Səksəninci illərin axırları idi. Sənəm
musiqi məktəbini bitirib əla qiymətlərlə
Ağdam Musiqi Texnikumuna qəbul olundu.
Artıq ikinci kursda oxuyurdu. Dərslər öz
axarı ilə gedirdi. Fərqli mühit,
yeni dostlarla, müəllimlərlə tanışlıq Sənəmin
həyatına yeni çalarlar qatmışdı. Texnikumdakı ab-hava lap ürəyindən xəbər
verirdi. Musiqi ocağı olduğundan, burada, az qala, hər kəsin bir yaradıcı tərəfi
vardı. Belə adamlar dünyagörüşcə
daha zəngin, daha dərin olurlar. Onlarla
söhbət etmək, müxtəlif mövzularla bağlı
düşüncələrini böyüşmək xüsusi
zövq verir. Ona görə də Sənəm
üçün bu məktəb sadəcə təhsil
ocağı deyil, həm də hər gün can atdığı,
vaxtın necə keçdiyinin fərqində
olmadığı maraqlı bir dünya idi.
Müxtəlif musiqi alətlərinin auditoriyalardan
süzülən səsi bir-birinə qarışıb qəribə
bir harmoniya yaradırdı. Bu palitra ona çox
doğma idi. Sanki uşaqlıqdan elə bu
səslə böyümüşdü.
Axşam vaxtı, dərslərin sonuna yaxın xanəndəlik
sinifinin qapısı çox vaxt açıq olurdu. Sənəm dərsdən
sonra hərdən auditoriyada qalıb kitabxanadan
götürdüyü notlarla işləyərkən o siniflərdən
birindən tez-tez eşitdiyi yanıqlı bir səs diqqətini
çəkmişdi. Oxuyan gənc xanəndə
sanki dərsdə məşq eləmir, musiqinin qanadlarında
öz aləminə uçurdu. Bəzən
Sənəm bu səsin sehrinə o qədər aludə olurdu
ki, əlindəki işini unudub ancaq ona qulaq kəsilirdi.
Günlər ötdükcə bu səs ona bir az
da doğmalaşır, bir az da yaxın olurdu. Özünə
belə etiraf etməsə də, bu səsi dinləmək
üçün bəzən dərsdən sonra bir az ləngimək üçün bəhanə
axtarırdı. Bu naməlum xanəndənin ifasında Sənəm
ən çox "Sənə qurban" mahnısını
sevirdi:
Getmə,
kimsəsizəm, qal, sənə qurban,
Bu
dilsiz-ağızsız, lal sənə qurban...
Sözləri o qədər içdən tələffüz
edir, musiqini elə yanıqlı oxuyurdu ki, sanki öz həyatını
anladırdı.
Açıq qapının ağzından neçə dəfə
keçsə də, heç vaxt içəri baxmağa
ürək eləməmişdi, sanki öz aləmində
uydurduğu o əsrarəngiz obrazın pozulacağından qorxmuşdu.
Bir gün bu sehirli səsi dinləyə-dinləyə dəhlizlə
kitabxanaya tərəf gedirdi. Birdən səs kəsildi.
Sənəm bir neçə addım atdıqdan
sonra qeyri-ixtiyari çevrilib arxaya baxdı. Qapının ağzında onun ardınca baxan birini
gördü. Elə bil, ürəyi
qırılıb ayaqlarının altına düşdü.
Kitabxanaya girib lazım olan notları
götürənə qədər ürəyində Allaha
yalvarırdı ki, çıxanda onu görməsin. Qapıdan çıxıb geri qayıdarkən
başını aşağı diksə də, irəlidəki
qaraltını sezirdi. Bu, onun həyəcanını
daha da artırirdı. Ürək döyüntülərini
qulaqlarında duya-duya irəliləyib həmin qapıya
çatanda boğuq bir səs eşitdi:
- Salam.
Sənəm başını qaldırdı. Ucaboylu,
yaraşıqlı bir gənc dayanıb ona baxırdı.
Ürkək səslə salamını alıb
ötdü. Amma oğlan onun ardınca gəlməyə
başladı:
- Bir dəqiqə ayaq saxlaya bilərsiniz? Gəlin tanış
olaq. Mənim adım Qurbandır. Üçüncü kursda oxuyuram. Xanəndəlik sinifində. - Amma bu izahın
yersiz olduğunu anlayıb gülümsündü. - Siz deyəsən,
pianoçusuz. Adınızı bilmək
olarmı?
- "Sənəm"
deyə elə astadan cavab verdi ki, dediyini
özü belə güclə eşitdi.
-
Çox gözəl. Hərdən burdan
ötüb keçdiyinizi görürəm, əgər
marağınız varsa, içəri keçib dinləyə
bilərsiniz.
Sənəm
suç üstündə yaxalanmış uşaqlar kimi
allandı:
- Sadəcə
bu mahnını çox sevirəm. Xalq
mahnısıdır, səhv etmirəmsə.
-
Çoxları onu xalq mahnısı zənn edir, amma xeyr, Bəhram
Nəsibovundur.
- Həə,
heç bilmirdim. Xalq mahnısına çox
yaxındır. Məlumat üçün çox sağ olun. Mən gedim, gecdir.
-
Xoşdur. Nə vaxt istəsəniz, gəlib məşqdə
otura bilərsiniz.
Sənəm yolboyu həmsöhbətinin
üzünü xatırlamağa çalışsa da,
bacarmadı. Sadəcə hündür qaməti və çox
gözəl səs tembri ağlından
çıxmırdı.
Bir neçə gün dərslər bitən kimi evə
getdi. Qurbanın məhz onu dinləmək
üçün dərsdən sonra ləngidiyini
düşünməsini istəmirdi.
Bir
gün yenə rəfiqələrindən ayrılıb kirayə qaldığı evə
doğru gedərkən arxadan onun səsini duydu:
- Salam, Sənəm.
Qız
ayaq saxladı:
- Salam -
deyə cavab verib xəfifcə gülümsədi.
- Daha məni
dinləməyə gəlmirsiz...
-
Artıq lazım olan bütün notları
köçürmüşəm, indi evdə məşğul
oluram.
- Təəssüf,
mən də sizdən kömək istəyəcəkdim.
- Nə
kömək?
-
Ümumi fortepiano dərslərində bəzi əsərləri
çalmaq məndə alınmır, barmaqlarım kobuddur
(gülümsəyir). Deyirəm bəlkə bir az mənimlə məşğul
olasınız?
- İndi imtahanlara hazırlaşıram. Vaxtım olan
kimi sizinlə məşğul olaram.
Sağollaşıb ayrıldı.
Kirayə
qaldığı ev texnikumdan çox da
uzaq olmadığından dərsə piyada gedib-gəlirdi. O,
Ağdamın mərkəzi küçələrindən
birində yerləşən ikimərtəbəli qədim bir
evin birinci mərtəbəsində rəfiqələri ilə
birlikdə kirayə qalırdı. Ev sahibəsi
Radiyə xala çox mülayim, gülərüz qadın
idi. Onlarla elə mehriban,
qayğıkeş davranırdı ki, qızlar öz doğma
evlərindən, analarından uzaqda olduqlarını hiss
etmirdilər. Hər Novruz bayramında
bişirdiyi dadlı şirniyyatlardan, ətirli plovdan əvvəlcə
onların payını verməsə, özü süfrə
arxasına oturmazdı. Onları birlikdə
şam yeməyinə dəvət etsələr də,
qızlar sərbəst olmaq üçün öz
otaqlarında oturmağı üstün tutardılar. Amma Sənəmin bu evdə ən çox diqqətini
çəkən, sevgisini qazanan evin kiçik oğlu idi.
O, təxminən 7-8 yaşlarında olan qıvrlm
saçlı, iri, qaynar gözlü bu oğlanı hər
görəndə onun saçlarını
qarışdırmadan ötüb keçməzdi. Sənəm səhərlər pianoda ifa edərkən,
balaca dostunun pillələrlə enib qapının
ağzında onu dinlədiyini hiss edərdi. Deyəsən, Bethoveni çox bəyənirdi.
Çünki "Aylı sonata"nın
elə ilk notlarından kiçik addımlarla astaca pillələri
enib qapının ağzında bitir, pişik kimi qapıya
qısılıb axıradək dinləyərdi...
Artıq qış imtahanları arxada qalmışdı. Sənəm həftədə üç dəfə Qurbanla fortepiano dərsləri keçsə də, demək olar, hər gün görüşürdülər. Hər ikisi aralarında yaranan isti münasibətin dostluqdan daha ötə bir hiss olduğunun fərqində idi.
Sənəm öyrənmişdi ki, Qurban da onun kimi şuşalıdır. Piano dərslərindən sonra Qurban onunçün mütləq mahnı oxuyardı və çox vaxt "Sənə qurban" da bu mahnıların içində olardı. Bu mahnı artıq onlarınkı idi. Artıq öz sevgilərini bir-birinə etiraf etmiş, daha doğma, daha yaxın olmuşdular.
Bir dəfə
Sənəm Qurbandan soruşdu:
- Sənə
niyə bu adı veriblər?
- Mənim
valideynlərim uzun illər övlad sahibi ola
bilməyiblər, mənim doğulmağım
üçün çoxlu qurban deyiblər. Elə
qurbanları qəbul olduğuna görə də adımı
Qurban qoyublar.
- Nəsə
mən bu adın aqibətindən qorxuram.
- Ay
qız, qorxma, olsam-olsam, sənə qurban olacam. Lap
bizim mahnıdakı kimi. Bilirsən, bir
şey kəşf eləmişəm. Əslində,
bu mahnı bircə hərfi çıxmaq şərtilə,
bizim adlarımızı əks etdirir. Bir bax: Sənə(m) Qurban.
- Aaa,
gör ee, mən heç fikir verməmişəm.
Tanış olduqları ilin yayında gənclər
nişanlandılar. Bütün yayı tez-tez
görüşür, vaxtlarını birgə keçirirdilər.
Gəzmək üçün ən gözəl
yer isə Cıdır düzü idi. Bu
möcüzəli məkanın xoş havası, gül-
çiçəklərinin ətri onların yay
axşamlarının vazkeçilməzi idi. Qurban
ordakı qayalardan birinə öz adlarını bu şəkildə
həkk etmişdi: Sənə(m) Qurban.
... Doxsanıncı illər idi. Şuşanın
başını qara buludlar aldığı gündən bir il əvvəl, may ayında toyları oldu. Gənclər birlikdə uzun ömür sürəcəklərinə
söz verdilər. Amma bir neçə ay
keçmədi, qara günlər onları ayrı saldı.
Xocalının işğalından sonra Qurban
özünümüdafiə dəstələrindən birinə
yazılmış, hamilə həyat yoldaşını isə
təhlükəsizlik baxımından şəhərdən
çıxarıb elə tələbə vaxtı Ağdamda
kirayə qaldıqları evə yerləşdirmişdi.
Demişdi ki, burada qalsan, səndən arxayın
olaram. Ara-sıra vaxt tapanda,
döyüşlər səngiyəndə gəlib ona baş
çəkər, bir-iki saat yanında qalır, sonra yenidən
cəbhəyə gedərdi. Sənəm
yoldaşı sarıdan çox narahat idi. Gecələr yuxusu ərşə çəkilmişdi.
Bahar yenicə girmişdi. Həyətdəki
armud ağacının çiçəklərinin elə
gözəl ətri gəlirdi ki, Sənəm hərdən
sübhçağı bu qoxunu duyanda özünü
Cıdır düzündəymiş hiss edirdi.
Körpənin dünyaya gəlməsinə bir ay
qalırdı.
Sənəm xeyli
ağırlaşmışdı. Sağ olsun, Radiyə
xala həmişəki kimi, ona çox yaxşı
baxırdı. Artıq onlar ev sahibi-kirayənişin
yox, ana-bala idilər (Sənəmin anası bir neçə ay
əvvəl rəhmətə getmişdi).
May ayının səkkizi idi. Nə vaxtdan bəri
Qurbandan xəbər-ətər yox idi. Günorta
vaxtı Radiyə xala armud ağacının altında masa
qoyub süfrə açmışdı. Bayırdan onu səslədi:
- Sənəm,
gəl nahar elə. Təzə yarpaqdan dolma
bişirmişəm.
Sənəm ağır-ağır həyətə
çıxıb masanın arxasında əyləşdi. Radiyə xalanın süfrəsinə
baxanda ən tox adam da iştaha gələrdi.
Dümağ süfrənin üstündə
düzülmüş nemətlər adama gəl-gəl
deyirdi; boyat təndir çörəyi, təzə yaz göyərtisi,
sarımsaqlı qatığın ətri adamın burnunu
qıdıqlayırdı. Sənəm Radiyə
xalanın çəkib gətirdiyi muncuq kimi xırda
bükülmüş yarpaq dolmasını qabağına çəkib
yeməyə başladı. Bir-iki loxma
almışdı ki, qəfil bətnində bir sancı hiss
etdi. Başı gicəlləndi, bənizi
ağardı. Ağrı get-gedə
şiddətləndi. Deyəsən, erkən
doğum başlamışdı.
Suşada isə iyirminci əsrin faciəsi
yaşanırdı. Azərbaycanın nadir incisi Şuşa
işğal olunurdu. Əsgərlər nə
baş verdiyini anlamırdılar. Hərbi
texnika, silah-sursat sarıdan ciddi sıxıntı vardı.
Bir-iki tankdan, bir də avtomat silahlardan başqa
heç nə yox idi. Kömək isə gəlmək
bilmirdi. Elə bil, gizli bir əl
Şuşanı ermənilərə təslim etməyə tələsirdi.
Qurban ara-sıra döyüş
yoldaşlarının könlünü açmaq
üçün onlara öz həzin, yanıqlı səsi ilə
mahnılar oxuyardı. Günorta vaxtı
idi. O, siqaret çəkmək üçün tankdan
çıxıb dağın ətəyinə çəkildi.
Elə siqaretdən bir qullab almışdı
ki, düşmən gülləsi düz ürəyinin
başından dəydi, səndələyib yerə
yıxıldı. Bir anda bütün həyatı,
Sənəm, hələ doğulmamış körpəsi
gözünün önündən keçdi. Yoldaşları ona yaxınlaşanda artıq
canını tapşırmaq üzrə idi. Var
gücünü toplayıb zorla pıçıldadı:
Getmə,
kimsəsizəm, qal, sənə qurban...
... sonra hər yer qaranlığa
büründü...
Sənəmin bir oğlu dünyaya gəldi. Adını Yadigar qoydu. Qurbanın yadigarı. Sonra Qurbansız, Şuşasız, Ağdamsız, Qarabağsız günlər, aylar, illər bir-birini əvəz etdi.
Düz 27 il keçmişdi. Yadigar hərbi məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edirdi. Uşaqlıqdan anasının anlatdığı Şuşa xatirələrilə böyümüş, bir gün o yerləri azad etmək arzusuyla alışıb-yanmışdı. Elə bu niyyətlə də hərbçi olmuşdu.
Şuşadakı həyatlarından, atasından təkcə bir yadigar qalmışdı onlara - atası ilə anasının Cıdır düzündə qayanın yanında çəkdirdikləri bir fotoşəkil. Qayanın üstündə isə valideynlərinin adı yazılmışdı: Sənə(m) Qurban. Yadigar yeniyetmə olanda anası bu şəkilin, bu yazının tarixçəsini ona danışmışdı.
2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda cəbhəyə ilk yollananlardan biri Yadigar oldu. Özünə, anasına və atasının ruhuna verdiyi sözü tutmaq zamanı gəlib çatmışdı. Çox sevincli idi. Elə bil, müharibəyə, qan-qada içinə yox, çoxdan gözlədiyi bir səfərə yollanırdı.
Artıq bir aydan çox idi ki, döyüşlər gedirdi. Ordumuz bir-birinin ardınca işğal olunmuş rayonlarımızı azad edirdi. Gənc leytenant Yadigar ordunun öndə gedənlərindən idi. Hər qələbəylə daha çox ruhlanan zabitin bircə anasından nigarançılığı vardi. Onu Bakıda tək qoyub gəlmişdi. Düzdür, imkan tapdıqca zəng edir, telefonla şəkillər yollayırdı. Amma yenə də ondan nigaran idi.
Sənəm artıq yaşlanmışdı, saçları dümağ idi. Həm yurd həsrəti, həm yarımçıq taleyi, həm otuz ilə yaxın köçkünlük həyatı öz sözünü demişdi... İndi yeganə ümidi, tək təsəllisi Yadigar idi. Hər gün səbirsizliklə onun zəngini gözləyirdi. Oğlu gedərkən söz vermişdi:
- Şuşanı almadan qayıtmaq yoxdur!
- Bircə sağ-salamat qayıt, oğul!
Noyabrin yeddisi, axşam saatları idi. Sənəm bilirdi ki,
neçə gündür Şuşa ətrafında
gərgin döyüşlər gedir. Qulağı
səsdə idi.
Telefona ismarıc gəldi. O, cəld telefonu götürüb əlləri
əsə-əsə açdı. Yadigar idi,
şəkil göndərmişdi. Gözləri
yaxşı görmədiyindən eynəyini taxıb yenidən
telefona baxdı. Yadigar bir qayanın qabağında
dayanmışdı... Həmin qayanın... Arxada isə o
yazı görünürdü:
Sənə(m) Qurban...
Şahrun SÜLEYMANOVA
525-ci qəzet.- 2020.- 23 dekabr.- S.16;17.