Vətənlə döyünən ürəklər  

 

Qarabağ uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ithaf olunan yeni musiqi əsəri təqdim edilib

 

Qarabağ! Başın çox dərd çəkdi, Qarabağ?! Səni az, çox - düz 30 il talan etdilər! Düşmən xəncəri saplanmış qəlbin parça-parça oldu, əzəli sakinlərin pərən-pərən düşdülər! İllərlə sinələrinə çökmüş Vətən həsrətinin acısını soyudacaq bir təsəlli ilə yaşadılar! İşğal olunmuş torpaqlarımız düşmən əsarətindən azad olacaq! Onlar: "Vaxt gələcək biz öz doğma yurdumuza, elimizə, obamıza dönəcəyik!" - dedilər.

 

Budur, həmin vaxt gəlib yetişdi! İndi Qələbə bizimdir! Prezidentimiz cənab İlham Əliyevin təbirincə söyləsək, "Qarabağ Azərbaycandır!" Bəli, artıq neçə illərin qisası alındı! Dövlət rəhbərimizin mükəmməl siyasəti, rəşadətli Azərbaycan Ordusunun qüdrəti, xalqımızın yenilməz birliyi sayəsində Qarabağımız öz azadlığına qovuşdu. Bu yolda neçə-neçə şəhidlər verdik! Neçə ailələr başsız, atasız, oğulsuz, qardaşsız qaldı. Mərd Azərbaycan oğulları ölümün gözünə dik baxdılar. Çünki Vətənini sevən, qəlbləri Vətən eşqi ilə döyünən bu igidlərin arxasında böyük bir Azərbaycan xalqı dayanmışdı. Bu gün hər kəs bir yumruq altda birləşdi!

 

Azərbaycan xalqı əziz şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir. Eləcə musiqiçilərimiz bundan kənarda qalmır. Şəhidlərimizin ruhuna bir-birindən gözəl musiqi nümunələri ithaf edirlər.

Belə incəsənət nümayəndələrindən ikisi - yaradıcı insanlardan ixtisasca həkim-pediatr olan şair Gülər Əlvanqızından, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas-alim, bəstəkar Aytən Oqtayqızından danışmaq istərdik. Vətənpərvər ruhlu bu xanımlar uzun müddətdir ki, əməkdaşlıq edir və biri-birindən gözəl musiqi nümunələri, əsərlər yaradırlar. Onların Vətən mövzusunda yaratdığı əsərlərdən "Gözəl yurdum Azərbaycan!", "İlhamla irəli!", "Ey ulu millətim, ey ulu xalqım!", "Ayağa qalx, Azərbaycan!" "Zəfər nəğməsi!" kimi mahnılar belə nümunələrdir.

 

G.Əlvanqızı və A.Oqtayqızı, Qarabağ müharibəsində 1992-ci ildə şəhidlik zirvəsinə ucalan leytenant Emil Məmmədəliyevin timsalında əziz şəhidlərimizə gözəl bir kompozisiya həsr ediblər. Bu kompozisiya "Vətən şəhidi!" adlanır. Əsər görkəmli opera ifaçısı, Xalq artisti Samir Cəfərovun ifasında möhtəşəm səslənir. Müğənni vətənpərvər duyğuları ilə gözəl obraz yaradıb.

 

Xalqımızın vətənpərvər oğlu, əslən şamaxılı olan, hazırda Sankt-Peterburqda yaşayan Feyzi Ağayev bu kompozisiyanın ərsəyə gəlməsində xüsusi rola malikdir. Ədəbiyyata və musiqi sənətinə qiymət verən Feyzi Ağayev görkəmli və dahi şairimiz İmadəddin Nəsiminin qəzəllərini "Mərhaba" adlı kitabda toplayaraq rus dilində çap etdirmişdi. O, həm də xeyriyyə işləri ilə məşğul olur və Vətən uğrunda canından keçən əziz şəhidlərimizin ailələrini tək qoymur. F.Ağayev bacardıqca onlara dəstək olur, yardımlar edir. Vətənlə döyünən ürəklər hər zaman doğma yurduna bağlıdır.

 

Bir maraqlı məqama da diqqət çəkmək istərdik ki, musiqinin əvvəlində səslənən bəndi bəstəkar şəhid Emil Məmmədəliyevin adının hərflərinə uyğun olaraq yazıb:

 

Elini, obasını sevənlər,

Millətini qorumağa gedənlər,

İgidliklə canlarından keçənlər...

Layiqdir min ehtirama şəhidlər!

 

Sonda bu əsərin ərsəyə gəlməsində xidmətləri olan bütün insanlara dərin təşəkkürlərimizi bildiririk! Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Rüfət PİRİYEV

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı

 

525-ci qəzet.- 2020.- 23 dekabr.- S.13.