27 il 4 ay sonra – Ağdamdan reportaj
İşğaldan azad olunan Ağdam şəhərinə
səfərimi başa
vurub geriyə - Bakıya qayıdanda, yoldaykən zəng vuran dost-tanışdan eyni sualları eşidirəm:
“Oranın vəziyyəti
necə idi?”
“Bizim məhlədən
keçmədin?”
“Evinizi tapdın?”
Son sualın qoyuluşuna diqqət edin: evinizə getdin yox a, evinizi tapdın…
Səbəbsiz deyil, əlbəttə. Çünki vəhşi və vandal erməni şəhərdə
evdə evlik, çöldə çöllük,
yolda yolluq qoymadığına görə
hər yer tanınmaz haldadır.
Və elə bil 1993-cü ilin 23 iyulundan - Ağdamın işğalından
sonra bu şəhərin artıq
özü də hər gün parça-parça, hissə-hissə
şəhid olaraq cismini də, hətta skeletini də tamamilə itirib. Ötən həftə səfər etdiyim Ağdamda olduğum bir neçə saat mənə kifayət edir ki, bu
fikri irəli sürüm: həmin o qara tarixə qədərki Ağdam – o əzəmətli, qüdrətli
şəhər artıq
yoxdur. Qalan yalnız Ağdamın ruhudur və bir də... 2020-ci ilin noyabrın 20-si tarixində doğulan Ağdam! Ölən köhnə şəhərin
yeni varisi...
***
Çəkiliş etdiyim vaxt Ağdam şəhərinin
mərkəzi hissəsində
keşik çəkən
onlarla əsgərimizdən
biri nəzakətlə
deyir:
- Ora olmaz!
- Niyə?
- Mina ola bilər...
Məsuliyyət hissini tamamilə itirib “Bəlkə risk edim” deyirəm. Bu dəfə
həmin əsgərin
sifətindəki ifadə
sərtləşməyə başlayır: “Deyəsən,
canından bezmisən”.
Düşmənimiz Ağdamdan çıxsa da, çox yerdə kor-təbii şəkildə mina basdırıb. Yəni təmizlənmiş
yollar xaric, addım atdığın
hər bir yerdə minaya düşmək, daha doğrusu, ölmək, ya da əl-ayağını
itirmək riski ən azı 50 faizdir. Ona görə də
əsgərimizin haqlı
irad və tələbini qəbul etməkdən başqa çarəm qalmır.
Amma evimizə getmək üçün də səbirsizlənirəm. Bu günlər Ağdama səfər edən ağdamlılar üçün
istiqamətverici qibləyə
çevrilən Ağdam
Cümə məscidinin
qarşısında durub
uşaqlıq yaddaşımı
köməyə çağırıram:
təqribən 300-400 metr
gedib Hamam məhələsinə çıxacağam,
ordan Əli İbrahimov küçəsi
ilə “Frunze”nin kəsişməsini
keçib 1 May küçəsini
tapacağam. 1 May küçəsi,
ev 46 olmalıdır
2 mərtəbəli evimiz....
Yaşamadığım uşaqlığımın
(müharibəyə görə)
keçdiyi həyətə
girəcəyəm: 27 il 4 aydan sonra. Amma artıq Ağdamın özündə,
evimdən cəmi
10-15 dəqiqəlik məsafədə
olsam da, ora ayaq basa
bilmirəm. Çünki
əsgər dedi axı: mina ola
bilər!
Bəs, məgər
mina olmasa necə, evimi tapmağım mümkündürmü?
Mən bunu düşünəndə çönüb
sola baxıram. İki mərtəbəli dağılmış binadır.
Yadıma düşür
ki, dünyanın düz vaxtı burada qızıl mağazası yerləşirdi,
ordan bir az yuxarıda
isə Ağdamın İcra Hakimiyyəti. Hazırda sosial şəbəkələrdə
şəkli geniş yayılan Ağdamın dağılmış Dram Teatrı
ilə üzbəüzdə
yerləşirdi. 25-30 metr sonra həmin
yerə çatıram.
Təbii
ki, icra hakimiyyətinin də binası darmadağın edilib. Amma yenə də
o xarabalığa ayaq
basmaq istəyirəm.
4-5 metrliyimdədir. Bu dəfə isə başqa bir əsgərimiz artıq mənə tanış
olan sözləri deyir:
- Ora olmaz!
- Bildim! Mina ola
bilər...
Gülümsəyir...
***
Qayıdıram məscidin qarşısına. Bakıdan yüksək
çinli dövlət
adamları, xarici diplomatlar gəlib. Onları Prezidentin yorulmaz köməkçisi Hikmət
Hacıyev müşayiət
edir. Eyni səfər proqramı
çərçivəsində Ağdama gələn “Qarabağ” futbol komandasının üzvlərini
salamlayan Hacıyev 8 yaşında valideynləri
ilə birgə bu şəhərdə qonaq olduğunu söyləyir.
Millət vəkili Aqil Abbas da buradadır. Gözlərindən sevinc yaşları sel kimi axır.
Müsahibə verir, ağlayır,
kimlə görüşüb
bağrına basırsa,
ağlayır.
Aqil Abbas! Ağdamın canlı simvollarından biri...
Az əvvəl gedib evlərini də tapıbmış. Həyətinə kənardan baxıb.
Ona da məlum səbəblərdən
– mina təhlükəsinə görə içəri girməyi icazə verməyiblər. “Zəng elədim İradəyə, sonra da uşaqlara. Dedim həyətimizi tapmışam. Bunu dedim və ağladım...”
Və yenə gözündən
yaş gəlir.
Aqil müəllim
Ağdamla bağlı
fenomenal yaddaşa sahibdir. Bunu özünə də
deyirəm. “Hə...”
deyib təsdiqləyir
və mənə köməyini təklif edir: “İstiyirsən, gedib sizin də
evinizi tapım...”
***
Ağdam Dram Teatrının qarşısında
qonaqların şərəfinə
kiçik bir tədbir hazırlanıb. 27 il 4 aydan sonra burada ilk dəfə bizə məxsus bir mahnı səslənir: qarabağlıların qeyri-rəsmi
himni “Qarabağ şikəstəsi”. Xalq artisti Mənsum İbrahimov elə ürəklə, şövqlə
oxuyur ki, bütün Qarabağ yenidən gözümün
önündə canlanır:
bugünkü xoş günlərimiz, onun səbəbkarı olan müzəffər Ordumuz, dünənki faciələrimiz
və yenə mərd oğullarımız,
şəhidlərimiz, Ağdamın
əfsanəvi komandiri
Allahverdi Bağırov...
Qəbri
Ağdamın Şəhidlər
xiyabanındadır. Yeganə salamat
qalan məzar da onunkudur. Bir azdan ora istiqamət
alırıq. Dram Teatrın
önündən üzü
Əsgəran yoluna çıxırıq...
Ətrafda artıq olmayan, daşı belə qalmayan dağıdılmış
evlərə, binalara baxandan sonra hamının erməniləri
lənətləməkdən başqa çarəsi qalmır. Amma şəxsən məni evlərin yox, Şəhidlər Xiyabanında 200-dən çox
şəhid məzarının
dağıdılması daha
çox ağrıdır.
Və bu cinayət təkcə qəbirlərin
dağılması ilə
də yekunlaşmayıb.
Düşmən goreşən
kimi qəbirlərin içinə qədər
girib! Təsəvvür edin, qəbirlərin
içinə qədər.
Belə anlaşılır ki, onlar orada qızıl
diş axtarırmışlar.
Bunun adı ağlasığmaz hərbi vəhşilik və misli görünməmiş vandalizm aktıdır. Və bu, təkcə Ağdamın Şəhidlər Xiyabanında deyil, işğal olunmuş ərazilərimizdəki bütün məzarlıqlarda kütləvi olaraq, sistemli şəkildə həyata keçirilib. Şəhidlərimizə, itirilmiş insanlarımıza həssas münasibətimizi və oranı ziyarət edəcəyimizi bilən ermənilər məzarlıqları da minalayıb. Ona görə də Ağdama, eləcə də azad olunan digər şəhərlərimizə gedən insanlarımızın bu fakta xüsusi diqqət yetirməsində, ehtiyatlı olmasında fayda var. Şəhidlər Xiyabanında hələlik kiçik bir ərazi minalardan təmizlənib. ANAMA-nın əməkdaşı mənimlə söhbətində dedi ki, hər gün burada basdırılmış neçə-neçə mina aşkarlanır. Yəni düşmən Ağdamdan və digər şəhərlərimizdən çəkilsə də, onun təhlükəli qalıqları qalmaqdadır. Yerin dibində də, üstündə də...
***
Qarabağ xanlarının dəfn olunduğu “İmarət”ə gedirik. Mülkü əhaliyə məxsus yaşayış evləri kimi, tarixi ziyarət yerlərimiz, abidələrimiz də vandalizm aktına məruz qalıb. Pənahəli xanın türbəsi tövləyə çevrilib, İbrahim Xəlil xanın, Mehdiqulu xanın türbəsi, xan qızı Xurşidbanu Natəvanın qəbri də dağıdılıb.
İbrahim Xəlil xanın dağıdılmış türbəsi
Ətrafdakı “İmarət” stadionu isə artıq Ərəbistan səhralığını xatırladır. Son dəfə “Qarabağ” komandasının futbolçuları burada 1993-cü ilin mayında “Turan”la oyunda iştirak ediblər. Bu dəfə “Qarabağ”ın futbolçuları meydana çıxıb simvolik olaraq futbol oynayırlar. Bu həssas məqamı bütün diplomatlar, dövlət rəsmiləri də izləyir. Hikmət Hacıyev isə “Qarabağ”ın oyunçularına qoşulub futbol oynayır...
***
Bəli, 27 il 4 ay sonra davam edən işğal artıq başa çatıb. Ağdam yenidən bizimdir. Bu dəfə əbədi olaraq. Bir daha heç vaxt itirməyəcəyimiz əminliyi və daha gözəl, daha qüdrətli yeni Ağdamın qurulacağı inamı ilə...
Aydın BAĞIROV
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.14.