Azərbaycanın Alanyadakı səsi
İkinci Qarabağ müharibəsi
zamanında dünyanın
müxtəlif ölkələrində
yaşayan ziyalılarımızın
Azərbaycanın haqq
səsini dünyaya çatdırmalarına çox
böyük gərək
vardı. Bir çoxu bu
müqəddəs vəzifənin
öhdəsindən layiqincə
gəldi, informasiya savaşında da düşməni bir xeyli çətinliyə saldı. Onlardan biri də illərdir Türkiyədə
yaşayan, mütəmadi
şəkildə Türkiyə
mətbuatında köşə
yazılarıyla çıxış
edən yazıçı
Humay Yılmazdır.
Humay xanım
ixtisasca rejissordur. Bu sənəti hələ
lap uşaqlıqdan, 7-8 yaşlarından
seçib. Kinonu sevən
balaca Humayı ordakı aktyorlardan çox, ən sonda titrlarda adı yazılacaq rejissor, ssenarist maraqlandırırdı. Rejissorluq sənətinin
nə olduğunu, əslində, anlamasa da, belə hesab
edirdi ki, filmin müəllifi rejssordur. Aktyorları
da, ssenaristləri də, digər kino işçilərini də rejissor seçir və rejissor ən başlıcası, özgürdür,
ona heç kim əmr
etməyəcək. Beləcə bu arzu onu
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
ədəbi yaradıcılıq
və ekran dramaturgiyası fakültəsinə
gətirib çıxarır.
Yüz minlərlə
insanın sadəcə
ekranlardan tanıdığı
sənətkarlardan dərs
almaq, sözsüz ki, gənc insan
üçün çox
maraqlıdır, mütləq
onun həyatında iz qoyur. Humayın kurs
rəhbərindən də
bəxti gətirmişdi.
Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Əli Əmirlidən çox şey öyrənmişdi,
Əli müəllim onun ilk kurs işini
- ssenarisini bəyənmişdi
və bu, onu qələmə bağlayan təkanverici qüvvə olmuşdu.
Ölkəsini, Vətənini, ailəsini
və seçdiyi sənəti çox sevən Humay xanımın taleyi qardaş ölkə Türkiyəylə bağlanır.
O, artıq 15 ildir ki, Türkiyədə yaşayır. Bu illər ərzində onun Vətən sevgisi, ailə həsrəti qələmində can tapır.
Zamanla qələm Humay xanımın hisslərinin
tərcüməçisinə çevrilir. Beləcə, Humay Yımazın yaradıcılıq yolu
2013-cü ildə ana dilində qələmə
aldığı və
"Söz" jurnalında
dərc olunan ilk hekayəsi ilə başlayır. 2019-cu ildə hekayə və mənsur şeirlərindən ibarət
"Köprü" kitabı
İstanbulun nüfuzlu
"Cinius" nəşriyyatında
çapdan çıxır.
Bununla da həmyerlimiz hər iki ölkədə
adını yazıçı
kimi tanıtdırmağı
bacardı.
Humay Yılmaz
Türkiyənin ən
gözəl şəhərlərindən
birində, turizm mərkəzi Alanyada yaşayır. Alanya Antaliyanın bir
ilçəsi, Aralıq
dənizinin sahilində
bir incidir. Avropa turistlərinin ən çox üstünlük
verdikləri və yerli əhalisindən daha çox əcnəbi sakini olan cənnətəbənzər
bir şəhərdir.
Qədim
tarixi, minilliyin o üzündən gələn
maddi abidələri olan Alanya həm
də mədəniyyət
mərkəzidir. Qısası, bu cənnət guşəsini görən
mütləq bir dəfə də görmək istəyəcək.
Şəhərdə çox sayda qəzet çap olunur. Humay Yılmaz aparıcı mətbuat orqanı olan "Alanya Postası" qəzetinin Azərbaycan təmsilçisidir. 2005-ci ildən "Gerçək xəbər qəzeti" devizi ilə fəaliyyət göstərən qəzetin təsisçiləri Hilmi Karagöz və Mehmet Ali Gürses bu amala sadiqdirlər. Dini, irqi ayrı-seçkiliyə yol verməməyi diqqətə alan qəzetin öz mətbəəsi və internet televiziyası var. Qəzet böyük tirajla həftənin altı günü, İnternet-tv isə fasiləsiz fəaliyyət göstərir. Dəqiq xəbərləri, obyektiv, maraqlı yazıları ilə özünə geniş oxucu və tamaşaçı auditoriyası qazanmış "Alanya Postası" Türk Dünyası üçün də əlindən gələni edir. Azərbaycan qardaş ölkə olaraq qəzetin baş köşələrində işıqlandırılır.
Sentyabrın 27-dən başlayan erməni işğalçılarına qarşı şanlı müharibə Humay Yılmazın qələmi vasitəsiylə qəzetin əsas mövzularından birinə çevrilib. O, bu dövr ərzində "Ey türk, silkələn və özünə dön!", "Gəncə", "Azadlıq nə gözəl yaraşdı!", "Səbrin sonu salamatdır!", "Azərbaycan tezkeresi" və başqa məqalələriylə erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri terroru, ölkəmizin haqq savaşını və türk birliyini dilə gətirib.
Bu müharibədə bir daha qardaşlığını sübut edən Türkiyənin hər yerində sentyabrdan etibarən bizə dəstək aksiyaları, haqlı müharibəmizə həsr olunmuş tədbirlər keçirilməkdədir. Həmin yerlərdən biri də avropalıların sıx yaşadıqları Alanya şəhəridir. Sözügedən qəzet mütəmadi şəkildə bu tədbirləri işıqlandırmaqdan əlavə, Humay Yılmazın və digər türkiyəli ziyalıların mövzuyla bağlı məqalələrini çap etməyi özünə borc bilib. Bəzən düşmənin özbaşınalığına dözə bilməyib qələmini sərt mövqedə işə salan Humay Yılmazın heç bir məqaləsi bir cümlə və ya söz ixtisarı, senzurasıyla qarşılaşmayıb. Düşmənlərimizin insanlığa sağmayan əməlləri açıq-aşkar, olduğu kimi təqdim edilib.
Humay Yılmaz qəzetin rəhbərliyindən, həmkarları Qaye Coşkun, Ali Özsoy və başqalarından sonsuz razılıq edir. Qarabağ həqiqətlərini dünyaya bəyan etmək, ümumiyyətlə, Azərbaycanı, onun mədəniyyətini təbliğ etmək üçün ona imkan yaratmış "Alanya Postası" ailəsinə minnətdar olduğunu bildirir.
Biz də ölkə xaricində yaşayan
vətəndaşlarımızı bu mövzularda ən az Humay Yılmaz qədər aktiv
və həssas olmağa
çağırır, haqlı davamızda yanımızda olan, səsimizə səs verən hər kəsə
təşəkkürlərimizi göndəririk!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.17.