"Fotoqraf üçün ən təbii iş mühiti
küçədir"
Fotojurnalist Famil Mahmudbəyli:
"Yaxşı fotoqrafın kadrları tuta bilən gözü
olmalıdır"
Deyirlər,
bəzən min kəlmənin ifadə edə bilmədiyi
informasiyanı bir foto ilə rahat şəkildə
çatdırmaq mümkündür.
Vətən
müharibəsi dövründə biz həmin fotolar sayəsində
hadisələrin əyani şəkildə şahidi olduq.
Acısını ifadə etməyə söz tapmayan bərdəli
Aysunun atasının balaca qızının məzarı
başındakı ah-naləsini, raket zərbəsindən
dağılan evindən Azərbaycan bayrağı ilə
çıxan gəncəli Xəyyamın gözlərindəki
məğrurluğunu əbədiləşdirən o fotolar
sanki özləri dil açıb danışırdılar.
Ancaq
bu təsirli kadrlara baxmaq bizim üçün çox
ağır idi. Bunları kameranın yaddaşına
köçürən fotoqrafların hansı hissləri
yaşadığını da çox yaxşı bilirdik.
Onlar həqiqətləri göstərmək naminə
emosiyalarını çətin də olsa, gizlədirdilər.
Baş verən hadisələri bir fotoqrafın obyektivindən
daha obyektiv şəkildə izlədik.
Həmsöhbətimiz
müharibənin mahiyyətini danışan şəkilləri
ilə dünyaya tanıdan fotojurnalist Famil Mahmudbəylidir...
***
- Famil bəy, müharibə başlayan gündən cəbhə bölgəsinə yollandınız.
Bu ana qədər
yaranan təəssüratlarınızı
bizimlə bölüşərdiniz.
- Müharibə başlayana
qədər fəaliyyət
dövrümün əksəriyyəti
cəbhə bölgəsində
yaşayan soydaşlarımızın
gündəlik həyatından
çəkilişlər etməklə
bağlı olub. Bununla bağlı Bakıda və bir neçə
Avropa ölkələrində
fotosərgim də keçirilib. Müharibə şəraitində də
onlarla cəbhə bölgəsində bir yerdə olmaq mənim üçün əvəzolunmaz təsir bağışladı. Etiraf edim
ki, ilk günlər müəyyən qədər
həyəcan var idi. Nəzərə alsaq ki, Vətən müharibəsi
zamanı daha çox ağır artilleriya döyüşləri
gedirdi. Ona görə də,
mərminin hara düşəcəyini bilmirdik.
Bu da çox
vaxt çəkiliş
prosesinə çətinliklər
yaradırdı. Amma zamanla
qulağımız səslərə
öyrəşdi. Bizdən atılan
və qarşı tərəfdən bizə
atılan mərmilərin
səsini ayırd edə bilirdik. Qarşı tərəfdən
gələn mərminin
səsi uğultulu fit
səsinə bənzəyirdi
və 4-5 saniyə vaxtımız olurdu ki, üzü üstə yerə uzanaq. Demək olar ki, 44 gün bu şəraitdə
çalışdıq. Burada baş verən hadisələri, yaralıları, şəhid
olanları kameranın
yaddaşına köçürə
bilmək üçün
bir az
da soyuqqanlı olmaq şərtdir. Düzdür,
insanların öz yaxınlarını itirməsini,
onların göz yaşlarını, ah-naləsini
görə-görə çəkiliş
etmək çətindir.
Lakin dözməli və hisslərə qapılmadan
çəkilişi aparmalısan.
Bu işi görərkən
sənə bir məqam təsəlli verir, bu hadisələri
dünyaya çatdırmaq
üçün çalışırsan.
- Sosial şəbəkələrdə
yetərincə tanınırsınız
və bu platformadan mütəmadi istifadə edirsiniz. Sosial şəbəkələrin imkanlarından
nə dərəcədə
razısınız?
- Yaradıcı insanlar, xüsusən fotoqrafçılıqla
məşğul olanlar
üçün sosial
şəbəkələr çox əlverişli vasitədir. Bu yolla
yaradıcılığını daha çox insana çatdıra bilirsən. Bir çox insanlar
sosial şəbəkələrdə
layk xətrinə auditoriya toplayırlar.
Məncə, fotoqrafa özünə görə
yox, çəkdiyi
fotonun mahiyyətinə
görə qiymət verilməlidir.
- Fotoqrafiyaya marağınız
nə zamandan yaranıb?
- Bu peşəyə marağım
Azərbaycan Televiziyasında
çalışdığım dövrlərdən yaranıb.
O zaman 14-15 yaşım
olardı, AzTV-də dekorator şöbəsində
çalışırdım. Getdikcə
media, video və foto sahəsi məni özünə daha da cəlb etdi.
Peşəkar fotoqrafiyaya isə
2011-ci ildən başlamışdım.
Hazırda Real TV-nin fotomüxbiri
kimi fəaliyyət göstərirəm.
- Ali təhsiliniz varmı? Ümumiyyətlə, yaxşı
fotoqraf olmaq üçün ali
təhsil vacibdirmi?
- Ali təhsilim var, ancaq fotoqrafiyadan tamamilə kənar bir sahədir. Məncə, yaxşı fotoqraf olmaq üçün ali
təhsil elə də rol oynamır.
Bəli,
bu sahədə çalışan peşəkarlardan
fotoqrafiyanın nəzəriyyəsini
mənimsəmək zəruridir.
Lakin yaxşı fotoqraf olmaq üçün nə telefon, nə kamera, nə də təhsil əsasdır.
Əsas
o kadrı tutan gözdür. Əgər
göz kadrı görə bilmirsə, əlində
nə qədər bahalı fotoaparat olsa da, yenə
də uğurlu kadr tuta bilməyəcəksən.
- İlk vaxtlar hansı fotoaparatlarla çəkiliş edirdiniz?
- İlk fotoaparatım
"Canon 60D" olub. Açığı, ilk vaxtlar daha çox
küçə fotoqrafiyasina
marağım var idi. Fotolarımın əksəriyyətini küçələrdə çəkirdim.
Məncə, fotoqraf üçün ən yaxşı və təbii iş mühit küçədədir.
Elə fotoqrafiyanın təməli
də küçədən
başlayır. Bəzən
bu sahəyə ilk başlayan insanlarda kompleks ola
bilir. Ona görə də,
ilk vaxtlar daha çox küçədə
zaman keçirmək məsləhətlidir.
- Yalnız bir foto vasitəsilə bir neçə mühüm informasiyanı
çatdırmaq mümkündür.
Bu, sizdə çox
uğurlu alınır.
Bəs həmin uğurlu kadrı alındırmağın
sirri nədədir?
- Foto var ki,
çəkirsən, sanki
filmdən bir kadr kimi görüntü
verir, özü danışır, şərhə
ehtiyac qalmır. Sənədli fotoqrafiya öncə
səbir, təmkin tələb edir. Bəzən elə olur ki,
istədiyin kadrı tutana qədər fotokameranın gözlüyündən
baxaraq 10-15 dəqiqə
gözləməli olursan.
Bu gözləntinin nəticəsi
uğurlu da ola bilər,
uğursuz da ola bilər. Ancaq istədiyini əldə etməsən belə, işindən zövq almalısan.
- Fotolarınız maraqlı
alınır, bəs bunda texnikanın rolu nə qədərdir?
- Fotonun gözəlliyi onun keyfiyyətində deyil, mahiyyətindədir.
İlk olaraq izləyicilərə
nəyi çatdırmaq
istədiyini, nəyi çəkmək istədiyini
öz gözünlə
görməlisən. Gərək hər
kəsin görə bilmədiyi bucağı seçib, fərqliliyi qoruyasan. Texnika isə həmin
anı sadəcə dondurur. Fotoqraf çəkiliş zamanı işığa yaxşı bələd olmalı və kameranın parametrlərini
işığa görə
tənzimləməlidir.
- Fotoqrafiya və fotojurnalistika bir-birinə yaxın, amma müəyyən fərqli
incəlikləri olan səhələrdir. Bu iki sahəni necə xarakterizə edərdiniz?
- Mənim sahəm sənədli fotoqrafiya və fotojurnalistikadır.
Fotoqrafiya bir çox
qollara ayrılır -
dəb, toy, qida fotoqrafiyası, "Love story" və başqaları.
Fotojurnalistika isə daha çox informasiyanı çatdırır.
- Famil bəy, fotoqraf üçün
ideal kadr nə deməkdir?
- Mənim üçün
ideal kadr istədiyim fotonu çəkməyə
dəqiqələrlə vaxt
sərf etməyimdir. Buna misal olaraq,
bir fotoçəkiliş
haqqında danışım.
Hündür binanın üstündən
həyətdə oynayan
uşaqların kölgələrini
çəkməyə çalışırdım.
Avqust ayı idi və
çəkdiyim kadrda
hərəkət olduğundan
təxminən 15 dəqiqə
vaxtım getdi. Sonda istədiyim anı dondura bildim. Həmin foto yerli və
beynəlxalq müsabiqələrdə
qalib şəkillər
sırasında yer aldı.
- Ölkəmizdə fotoqrafiyanın
inkişaf prosesi barədə nə deyə bilərsiniz?
- Son 5-6 ildə Azərbaycanda fotoqrafiyaya axın çoxalıb. 1-2 ay foto kursu keçərək,
fotokamera alıb çəkiliş edirlər.
Əlbəttə, bu, pis bir hal deyil.
Lakin əsl fotoqrafın gördüyü kadrı
görə bilmirlər.
Çünki öncə nəzəriyyəni
oxumaq, daha çox mütaliə etmək lazımdır.
- Bu günə qədər çəkdiyiniz fotolardan
hansı daha çox rəğbət qazanıb?
- Daha çox təzadlı kadrları əks etdirən və ön cəbhə xəttindən
çəkdiyim fotolar
beynəlxalq müsabiqələrdə
xüsusi mükafatlara
layiq görülüb.
- Fotolarınız gündəm
olmağı bacarır.
Bəs Famil Mahmudbəyli marka olmağı bacarıbmı? Ya da belə bir hədəfiniz
varmı?
- Çalışıram ki,
daha çox yaradıcılığımla gündəm olub markaya çevrilim. Fotoqraf hamını görür və görməlidir.
Amma ətrafdakılar fotoqrafı
yox, onun ərsəyə gətirdiyi
işi görməlidir.
Belə bir deyim var,
əvvəlcə sən
sənətə işlə,
sonra sənət, şöhrət sənə
işləyəcək. Mən buna inanır və yoluma bu istiqamətdə davam edirəm.
- Gələcəkdə fotoqrafiya
sahəsində hansı
planlarınız var?
- Bu günlərdə əsas planım Qarabağ müharibəsini, müharibənin törətdiyi fəsadları dünyaya fotolarımla çatdırmaq idi. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağı işğaldan azad etdi. Və şükürlər olsun ki, arzum həyata keçdi. İndi isə planım 44 gün ərzində gedən müharibə və müharibədən sonra insanların öz evlərinə qayıdış anlarında çəkilən fotoları yaxın gələcəkdə jurnalda və ya kitabda dərc etdirməkdir.
Günel
ABBAS
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.20.