İbrahim Səfinin rəsmləri
Görkəmli rəssamın
yaradıcılığı gənc sənətşünas Fizzə
Quliyevanın elmi təqdimatında
Bu
günlərdə Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi
sənətlər şöbəsinin müdiri, gənc sənətşünas
Fizzə Quliyevanın "İbrahim Səfinin həyatı və
yaradıcılığı" adlı elmi monoqrafiyası
işıq üzü görüb. Əcəmi Nəşriyyat
Poliqrafiya Birliyində nəşr olunan monoqrafiya AMEA
Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı
ilə çapa tövsiyə olunub. AMEA-nın müxbir
üzvü, professor Vəli Baxşəliyevin elmi redaktoru və
ön söz müəllifi olduğu nəşrin rəyçiləri
AMEA-nın müxbir üzvü, professor Əbülfəz
Quliyev və dosent Ələkbər Qasımovdur.
Kimdir
İbrahim Səfi?
Bu
sualın ətraflı və hərtərəfli cavabı məhz
haqqında söhbət açacağımız monoqrafiyada
geniş şəkildə öz əksini tapıb. Əvvəlcə
onu qeyd edək ki, Fizzə Quliyeva bundan əvvəl də daha
bir tanınmış rəssam "Şamil Qazıyevin həyatı
və yaradıcılığı" adlı
monoqrafiyasını elmi ictimaiyyətə təqdim etmişdi.
Bu mənada yeni monoqrafiyası müəllifin öz rəssam
həmkarlarına qarşı sədaqətindən doğan təssübkeşlik
nümunəsi kimi də qiymətləndirilə bilər. Fizzə
Quliyeva gənc sənətşünas olmaqla bərabər,
istedadlı və özünəməxsus yolu olan rəssamdır.
Azərbaycan Rəssamlar Birliyinin, Teatr Xadimləri
İttifaqının üzvü kimi bir çox mükafatlara
layiq görülmüş, dəfələrlə gənclər
arasında seçilməklə diplom və mükafatlarla qiymətləndirilmişdir.
Sadalanan bu keyfiyyətləri onun yeni monoqrafiyasının elmi
sanbalı ilə seçilməsində də az rol
oynamamışdır. Təbii ki, hər hansısa bir rəssam
haqqında ən yaxşı dəyərləndirməni də
məhz bir rəssam edə bilər. O rəssam həm də
elmi tədqiqatlarla məşğuldursa, bu zaman tədqiqata cəlb
edilən sənətkar daha əhatəli və sanballı
şəkildə öz qiymətini alacaqdır əminliyi
yaranır.
Müəllifin İbrahim Səfi haqqında tədqiqatlar aparmasında bir dövlət sənədinin
xüsusi yeri və rolu olduğunu
mütləq qeyd etmək lazımdır. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov tərəfindən 17 oktyabr
2018-ci il tarixdə
"Görkəmli rəssam
İbrahim Səfiyevin
120 illik yubileyinin keçirilməsi haqqında"
sərəncam imzalamışdır
ki, həmin sərəncamdan sonra məhdud bir dairədə tanınan rəssam geniş şəkildə öyrənilməyə,
tədqiq olunmağa, araşdırılmağa başlandı.
Bir çox məqalələr
yazıldı, çıxışlar
oldu, konfranslar keçirildi. Lakin ilk sanballı,
geniş, ətraflı
tədqiqat məhz haqqında bəhs etdiyimiz monoqrafiyadır.
Nəşrin ilk səhifəsində oxuculara bu Sərəncam
təqdim olunur.
Professor Vəli Baxşeliyevin
"Ön söz"ü
də monoqrafiyanın
dəyəri haqqında
bir çox fikirlərin formalaşmasına
imkan verir:
"Tədqiqat əsərində
Fizzə Quliyeva əslən naxçıvanlı
olan İbrahim Səfinin türk dünyasının böyük
və əvəzedilməz
sənətkarı səviyyəsinə
yüksəlməsini ardıcıl,
özünəməxsus tərzdə
təsvir etmiş, rəssamın sənət
əsərlərində əks
olunan mənəvi dünyasını üzə
çıxarmışdır. İstər bu
sənət əsərləri,
istərsə də rəssamın keçdiyi
çətin həyat
yolu onun vətənpərvər bir
ziyalı olduğunu təsdiq edir".
Giriş bölməsində müəllifin
belə bir tədqiqat üzərində
işləməsinə gətirib
çıxaran məqamlar
öz əksini tapıb. Rəssamın yaşadığı dövr (1898-1983), bu dövrdə sənətə,
sənətkara, rəssama
verilən önəm,
85 illik ömür yolu ərzində müxtəlif dünya əhəmiyyətli siyasi
hadisələrin və
siyasi rejimlərin içindən keçən
yaradıcı şəxsiyyətin
təlatümlü ömür
yolu elmi baxışla dilə gətirilmişdir.
Bundan sonra monoqrafiyada Fizzə Quliyeva "İbrahim Səfinin həyatı və sənət dünyası"ndan geniş
şəkildə bəhs
edir. Öyrənirik ki,
1898-ci ildə Naxçıvanın
Şərur rayonunun Cəlilkənd kəndində
anadan olan İbrahim Səfi uşaq yaşlarından rəsm çəkməyə
maraq göstərir, orta məktəbi bitirdikdən sonra təhsilini artırmaq üçün İrəvan
Müəllimlər Seminariyasına
üz tutur, 1917-ci ildə Moskva Rəssamlıq, Heykəltaraşlıq
və Memarlıq Məktəbində rəssamlıq
üzrə hazırlıq
şöbəsində sənətin
sirlərini daha dərindən öyrənməyə
başlayır. 1917-18-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı
soyqırımları zamanı
Türk ordusuna könüllü qoşulur,
1918-ci ildə isə həmin ordu ilə birlikdə Türkiyəyə üz tutur. Beləliklə də, onun həyatının Türkiyə
mərhələsi başlayır.
Burada İstanbul Sənayi Nəfisə Məktəbində
təhsil alır.
Get-gedə məşhur
rəssam kimi tanınmağa başlayır,
öz sənət məktəbini formalaşdırmağa
nail olur. Bütün bunlar
və daha ətraflı məlumatlar
məhz qeyd olunan bölmədə geniş şəkildə
araşdırılmışdır.
Monoqrafiyanın sonrakı səhifələrində
"Türkiyənin həyat
lövhələri" silsiləsi"
öz əksini tapıb. Rəssamın ayrı-ayrı
dövrlərdə kətan
üzərinə köçürdüyü
"Mənzərələri", "Portret qalareyası",
"Natrümortları", "Yaradıcılıq axtarışları"
sənətşünas baxışıyla
ictimaiyyətə təqdim
olunmuşdur.
"Sərgiləri" bölməsində isə
yaşadığı dövrdə
100 fərdi sərgisi
keçirilən rəssamın
bu zəngin yaradıcılıq nümayişlərindən
geniş şəkildə
söz açılmışdır. Monoqrafiyada onu
da öyrənirik ki, 1983-cü ildə İbrahim Səfinin növbəti - 100-cü sərgisi
keçirilir. Rəssamın özü bu sərgiyə tələssə
də, orda iştirak edə bilmir. Səhhətində problemlər yaranır
və həkimlərin
müdaxiləsinə baxmayaraq,
İbrahim Səfi həyatla vidalaşır.
"Görkəmli rəssam haqqında deyilən fikirlər"də bir çox ictimai xadimlərin və sənətkarların rəssam
haqqındakı fikirləri
cəmlənmiş, "İbrahim
Səfinin qısa tərcümeyi-halı"nda xronologiya
öz əksini tapmış, "Kərim
Səfiyevin qısa tərcümeyi-halı"nda isə
rəssamın böyük
qardaşının ömür
yolunun xronologiyası verilmişdir.
Monoqrafiyanın "Nəticə"sində müəllifin
gəldiyi bir çox qənaətlər
var ki, araşdırmanın
önəmini və əhəmiyyətini gözlər
önünə sərir.
Fizzə Quliyevanın yararlandığı
ədəbiyyat siyahısına
göz atanda da onun bu
istiqamətdə məhsuldar
və məsuliyyətli
axtarışlar apardığını
görmək mümkün
olur.
Monoqrafiyanın ən diqqətçəkən
cəhətlərindən biri
də sonda görkəmli rəssamın
müxtəlif janrlardakı
illüstrasiyalarının yer almasıdır. Belə ki,
tədqiqatçının monoqrafiya boyu bəhs etdiyi rəssamın yaradıcılığı
əsərlərindən nümunələr
əsasında daha aydın təsəvvür
formalaşmasında öz
rolunu oynayır.
Gənc və istedadlı tədqiqatçını biz monoqrafiyada
həm də elə öz peşəsinə mənəvi
sədaqətli rəssam
kimi də müşahidə edirik. Belə ki,
kitabın üz qabığında verilən
rəssam İbrahim Səfi portretinin müəllifi də Fizzə Quliyevanın özüdür.
Haqqında qısaca bəhs etdiyimiz monoqrafiya Azərbaycan rəssamlıq
məktəbinin yetirməsi,
Türkiyədə böyük
bir rəssamlıq məktəbi yaratmış
İbrahim Səfi haqqında dolğun məlumata sahib olmaq baxımından olduqca əhəmiyyətlidir. Əsər istər
sənətşünaslar, istər rəssamlar, istərsə də İbrahim Səfi ilə maraqlananlar üçün dəyərli
mənbəyə çevriləcəkdir.
Bu münasibətlə müəllifi yeni və maraqlı axtarışların nəticəsi
olan növbəti monoqrafik tədqiqatı münasibəti ilə təbrik edir, ardıcıl yaradıcılıq
uğurları arzulayırıq.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.19.