"Salvador Dalinin özünün
davamçısı saydığı ikinci
rəssam mənəm"
"Bir
rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı İmran Nurəlidir. İmran bəylə müəllifi olduğu "Narların metafizik
anlayışı" əsəri və əsərin Salvador
Dali yaradıcılığı ilə əlaqəsindən
danışmışıq.
-
"Narların metafizik anlayışı". Niyə məhz
bu ad?
- Bu əsərdə
ölçü vahidinin metafizik forması təsvir olunur.
Suyun üzərində saat, qayığın bir hissəsinin
quruda, bir hissəsinin suda olması nisbilikdən xəbər
verir. İnsanlar isə bu nisbilikdə olduqca xırda
görünür. Məsələn, biz həyatda narı
balaca görürüksə, burda insandan böyük
görürük. Yəni həyat əslində, bizim
gördüyümüz kimi deyil. Bu tabloda əsas məsələ
cisimlərin ölçüsü yox, ifadə etdiyi mənadır.
- Əsər
sürrealizm janrında olmasına baxmayaraq, tabloda narın da
yer alması məndə sürrealizmdən daha uzaq bir təsəvvür
yaradır. Digər
rəsmlərinizdə də
nar təsvirləri
var. Sizin əsərlərinizdəki
nar təsvirləri Toğrul
Nərimanbəyov yaradıcılığındakı
kimi narın ifadə etdiyi mənadır, yoxsa başqa bir mesaj?
- Burada narlarla dörd ölçü vahidini təsvir etmişəm. Bu dörd
ölçü vahidinin
hər biri ayrılıqda bir dünyadır. Narlar da
həmin dünyanı
əks etdirir. O ki qaldı niyə
məhz nar təsvir etməyimə, bu rəsmim digər rəsmlərim kimi mənə yuxuda əyan olub və mən
yuxuda gördüyümü
çəkmişəm. Burada
nar yox, alma,
armud, bir sözlə, başqa meyvələr də ola bilərdi.
- Qayığın yarısı
suda, yarısı quruda. Ağacın yarısı, suda
yarısı quruda.
Niyə?
- Bu, ona işarədir ki, bu dünyada
olan hər şeydən paralel dünyada da var - qayıqdan da, ağacdan da, digər şeylərdən də.
Sadəcə insan bundan xəbərsizdir.
- Ümumi mənzərədə
ən kiçik insanlar görünür.
Bu, insanın ümumi
mənzərədən xəbərsiz
olmasına işarə
ola bilərmi?
- Bəli, insan xəbərsizdir. Qalan bütün
nəsnələr insandan
böyük təsvir
olunub. Digər tərəfdən də, gördüyün hər iki insan
uşaqlara nəsə
danışır. Onların nə
danışması da
sual doğurur. Həyatın qanunlarından, kainata
dair bilgilərdən. Gələcək nəsillərə dünya haqqında məlumat verən insan övladı nə qədər haqlıdır? Ümumiyyətlə, onun kainatla bağlı
bildikləri və danışdıqları doğrudurmu?
- Qayıq sanki donmuş suyun üzərindədir.
- Su donub. Suyu əritmək üçün
elmə və müəyyən sirlərə
bələd olmaq lazımdır. O biliklərə
sahib olmadıqca suyun buzu əriməyəcək.
Əriyə də bilməz.
- Bəs çərçivə
nədən xəbər
verir?
- Çərçivə o dünya
ilə bu dünya arasındakı pərdə rolunu oynayır. O dünyadakı
insanlar burdakı həyatları görə
bilir. Burdakılar isə o dünyadan
xəbərsizdir. Yalnız kamil
adamlar həyatdan sonrakı həyat haqqında təsəvvürlərə
malikdir. Ümumiyyətlə, insan anlamalıdır ki, həyat yalnız yeyib-içməkdən
ibarət deyil. Həyat göründüyü qədər
sadə deyil. İnsan yerə baxır, göyə baxır, ulduzlara baxır, ancaq burdakı sirri anlamır. Anlamaq üçün isə kamillik zirvəsinə çatmaq lazımdır.
- Diqqətimi bir məqam çəkdi. Əsər sanki mavi, sarı
və tünd olmaqla üç yerə ayrılır - səma, həyat, torpaq kimi. Təsadüfdür, yoxsa...
- Yox, təsadüf deyil. İnsanı təsvir etdiyim
sarı hissə kamillik zirvəsinə çatan, bu dünyada yaxşı əməlləri ilə iz qoyanların məkanıdır. Ümumiyyətlə, mən əsərlərimdə
qəhvəyi və qızılı tonlardan çox istifadə edirəm. Salvador Dali kimi.
- Dali kimi sürrealizm janrında çəkirsiniz, Dali kimi çəkdiklərinizi
yuxuda gördüyünüzü
deyirsiniz. Və ən əsası,
Dalinin "Yeni insanın doğuşunu izləyən geopolitik uşaq" əsərində
sizi nəzərdə
tutduğunu iddia edirsiniz. Bu rəsmdə
də kifayət qədər Dali izləri
var. Bunu nə ilə əsaslandıra bilərsiniz?
- "Yeni insanın
doğuşunu izləyən
geopolitik uşaq" əsərində Salvador Dali özünün
davamçısının, ikinci rəssamın Azərbaycanda doğulacağına
işarə edib. Həmin rəssam
mənəm. Dalinin çəkdiyi
rəqəmlərdən ibarət
portretə nəzər
yetirsək, bunu bir daha görmüş
olarıq. Rəsmdə mənim varlığım
xüsusi rəqəmlə
göstərilib. Məndən sonra isə daha iki rəssamın
doğulacağı işarə
olunub. Bu da həmin rəsmlər
və açılışları.
"Geopolitik uşaq yeni insanın doğuluşunu izləyir"
Bu əsərin açılması
belədir: Əsərdə
yer kürəsi yumurta şəklində çəkilib. Əsərin sağ küncündə
qadın və uşaq surəti qeyd olunub. Qadın əli ilə yer kürəsinin Xəzər dənizini göstərir. Əsərin
Amerika bölgəsində
isə irihəcmli kişi fiquru
qeyd olunub.
Salvador
Dali – Geopoliticus Child Watching the Birth of the
New Man c.1943 -
Salvador Dali Poster Print (91.44 x 60.96 cm): Amazon.co.uk: Welcome
Qadın fiqurunun əli ilə göstərilən
məkan Xəzər dənizi, yəni Azərbaycandır. Bu yeni
insan burada doğulub. Həmin insanın ayağının
istiqamətində olan
kiçik insan fiquru isə ondan sonra dünyaya
gələcək üçüncü
rəssam deməkdir.
Sonra görünən rəssamın
gəlişi gözlənilir.
Məndən sonra daha iki rəssam dünyaya gələcək.
Üçüncü rəssam Braziliyada,
dördüncü rəssam
Nepalda dünyaya gələcək. Əsərdəki qadın və uşaq rəsmi rəssamın ailə üzvlərinə işarədir.
"Memini"
İkinci
əsərin açılışı
belədir: Bu əsərdə
S.Dalinin rəqəmlərdən
ibarət bir qeydi var. Diqqətlə baxanda rəqəmlər belə oxunur: 58.43.69.2.1. və 7.7.7
Açılışı isə budur: 43 - 1943 ildə S.Dali "Geopolitik
uşaq yeni insanın doğuluşunu
izləyir" əsərini
işlədiyini qeyd edib. 58 rəqəmi
- bu, onu demək istəyir ki, 1958 ildə 2-ci rəssam dünyaya gəlir. Orada 2 rəqəmi isə
2 rəssam deməkdir.
69 rəqəmi bu rəssamın yaşayacağı müddəti
qeyd edir. 1 rəqəmi isə
S.Dalinin rəssamlardan
birinci olduğunu qeyd edir. 7.7.7 - bu
əbəd
isə kainatın
qanunları deməkdir.
Bu haqda mən
hələ ki açıqlama vermək istəməzdim.
"Tituan ətrafında döyüş"
Bu əsərdə böyük döyüş səhnəsi əks olunub. Əsərin sol küncündə S.Dali rəqəmlərlə insan portretləri çəkib. Diqqətlə baxanda əsərin orta hissəsində S.Dali öz portretini çəkib. Məhz öz portretinə bitişik 4 rəqəmi qeyd edib. Bir qədər aralıda 2 rəqəmi, 3 rəqəmi və öz portretinə yaxın daha bir 4 rəqəmi çəkilib. Və hər bir rəqəmin içində insan portretləri qeyd olunub. Bununla S.Dali gələcəkdə rəssamların cəmi 4 nəfərdən ibarət olduğunu göstərib. Öz portretinin yanında bir daha 58 rəqəmini qeyd edib. Bələliklə, mən bu rəssamlardan 2-cisi olaraq deyirəm: 1-ci rəssam S.Dali (İspaniya), 2-ci rəssam İmran Nurəli (Azərbaycan). 3-cü rəssamın Brazilyada, 4-cü rəssamın isə Nepalda doğulduğunu elan edirəm. Beləliklə, S.Dalinin bu əsərinin açılışının mənası budur.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.21.