Tarixşünaslığımızın
yeni uğuru: "İranda Azərbaycan tarixi məsələləri"
Tanınmış
tədqiqatçı və diplomat, AMEA Fəlsəfə və
Sosiologiya institutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin bu
günlərdə çapdan çıxmış "İranda
Azərbaycan tarixi məsələləri" (Bakı.
"Turxan" NPB. 508 səh.) monoqrafiyası bir çox cəhətdən
diqqətəlayiq nəşrdir.
İlk
növbədə onu qeyd etmək lazımdır ki, müəllif
çox maraqlı bir mövzuya toxunmaqla günümüz
üçün çox aktual ola biləcək sanballı bir
əsəri böyük zəhmətlər hesabına ərsəyə
gətirib.
Kitabda
müəyyən dövrlər ərzində İranda Azərbaycan
tarixinin tədqiq və təqdimatındakı bir sıra
problemlər geniş bir çərçivədə
araşdırılır, onlara münasibətdə ciddi və
dərin elmi-tənqidi yanaşmalar ortaya qoyulur.
E.Mədətlinin
"İranda Azərbaycan tarixi məsələləri"
adlı kitabı bu gün Azərbaycan Respublikasının
aparıcı milli ideologiyası olan azərbaycançılığın
müəyyən istiqamətlər üzrə inkişaf
etdirilib zənginləşdirilməsi, bu ideologiyanın
dünya azərbaycanlıları arasında təbliğinin və
təsir gücünün araşdırılması
baxımından irəliyə atılmış çox ciddi
elmi addımlardandır. Azərbaycanla İran arasındakı
əlaqələri tədqiq etmək və azərbaycançılığın
bu əlaqələr fonunda inkişaf edib milli bir ideologiyaya
çevrilməsi məsələsi Azərbaycan tarixinin az
öyrənilmiş Güney qolunun tədqiqini bizim
üçün çox zəruri edir.
E.Mədətlinin
adıgedən əsərində araşdırma və tədqiqat
obyekti olan məsələlər sırasında azərbaycanlıların
etnogenezinin formalaşması məsələsi, Azərbaycan
tarixi üzrə ümumi məlumatların əldə edilməsi,
Güney Azərbaycan tarixinin araşdırılması və
öyrənilməsi, Şimali Azərbaycan
xanlıqlarının Rusiyaya birləşdirilməsi, 20-ci
yüzilliyin başlanğıcında Azərbaycanda milli hərəkatın
dirçəlişindəki obyektiv və subyektiv amillər,
1918-1920-ci illər dövrü Azərbaycan tarixinin
araşdırılması və yazılması kimi
mühüm məsələlər dayanır. Azərbaycan
tarixindəki bu problem məsələlərin elmi-tədqiqat
mövzuları kimi öyrənilməsi həmişə
aktualdır, tarixi həqiqətlərin üzə
çıxarılması sahəsində gərəkli və
mühümdür.
Azərbaycan
tarixinə və həqiqətlərinə qeyri-elmi və
natamam subyektiv mövqelərdən yanaşma hallarına ortaq
siyasi, ictimai, dini, ədəbi, mədəni, hərbi dəyərlərimizin
və ilişgilərimizin olduğu İranın
tarixşünaslığında heç də az rast gəlinmir.
Bu
barədə daha ətraflı və dərin elmi təsəvvürün
yaradılması üçün müəllif çoxlu
sayda tədqiqat əsərlərini, tarixi sənədləri
və qaynaqları araşdırmaya cəlb etmişdir və
onlara elmi yanaşma nümayiş etdirməklə bərabər,
antiazərbaycan mövzusunu istiqamət götürmüş
tədqiqatçıların, xüsusilə də iranlı
müəlliflərin siyasi mövqeyinə də öz
münasibətini bildirməyə
çalışmışdır. Kütləvi informasiya
vasitələrində antiazərbaycan mövzusunda olan
yazılar da müəllifin diqqətindən kənarda
qalmamışdır.
Azərbaycan
reallıqlarını təhrif etmək üçün
İran tarixçilərinin qabartmağa
çalışdıqları istiqamətlərdən biri Azərbaycan
adı altında tanınan coğrafi məkanın inkar edilməsi
və ya Azərbaycanın coğrafi anlamda yalnız Arazın
cənubunda azərbaycanlıların məskunlaşdıqları
ərazi ilə məhdudlaşdırılmasıdır. Hətta
bu zaman da Cənubi Azərbaycanın heç də
bütün əraziləri Azərbaycan kimi qəbul və Azərbaycan
Respublikasının əhatə etdiyi ərazilərin isə
Azərbaycan adlandırılması tarixi baxımdan
düzgün hesab edilmir. E.Mədətlinin yenicə
çapdan çıxmış bu kitabında qeyd edildiyi
kimi, bir sıra İran tarixçiləri öz əsərlərində
Azərbaycan Respublikasının ərazisini "Şimali
İran" kimi qələmə verirlər və oxucunu da
bunun əsaslılığına inandırmağa
çalışırlar. Kitabın müəllifi isə
öz tədqiqatlarında belə yanaşmanın mahiyyətini
dəqiqliklə dəyərləndirmiş və onun
elmi-tarixi obyektivlikdən uzaq olduğunu tutarlı faktlar əsasında
ortaya qoymuşdur. Bunun üçün istər farsdilli mənbələrdən,
istərsə də digər dillərdə yazılmış
mənbələrdən çoxlu sayda faktlar ortaya
qoyulmuş, Azərbaycan adının yalnız cənubla məhdudlaşmasının
yanlış olması çox anlaşıqlı bir şəkildə
aydınlaşdırılmışdır.
Azərbaycan
reallıqlarının təhrif edilməsi üçün
bu sahədə "ixtisaslaşmış" İran
tarixçilərinin üz tutduqları istiqamətlərdən
biri də azərbaycanlıların türk etnosuna mənsubluğunun
inkarı, onların işlətdiyi dilin, yəni Azərbaycan
dilinin isə fars dilləri qrupuna mənsub olmasının
iddia edilməsidir. E.Mədətlinin adıgedən
kitabında göstərildiyi kimi, bu nəzəriyyənin
banisi Əhməd Kəsrəvi Təbrizidir. Əsası Əhməd
Kəsrəvi tərəfindən qoyulmuş həmin qeyri-elmi
nəzəriyyəni davam etdirən Hüseynqulu Katibi, Əbdüləli
Karəng, Əhməd Kavyanpur, Əli Dehqan, Mənuçehr
Murtuzəvi, İzədyar, Cəmaləddin Fəqih, Məhəmmədcavad
Məşkur, İnayətulla Rza və başqaları kimi
üzdəniraq tarixçilərin Azərbaycan xalqının
mənşəyinin, tarixinin, coğrafiyasının
saxtalaşdırılmasına yönəlmiş iddiaları
elə erməni tarixçilərinin, ideoloqlarının
iddiaları ilə tam üst-üstə düşür, əksər
hallarda isə bu əsassız müddəalar bir-birindən
qaynaqlanır. Kitabın uyğun fəslində bu məsələyə
də əhatəli şəkildə aydınlıq gətirilmiş,
Kəsrəvi nəzəriyyəsinin qeyri-obyektivliyi elmi-tarixi
faktlarla əsaslandırılmışdır.
Məlumdur
ki, 1918-ci ilin may ayında Azərbaycan xalqının öz
müstəqilliyini elan etməsi və yeni yaradılan müstəqil
dövlətə "Azərbaycan" adının verilməsi
İranın Qacarlar sarayı tərəfindən qorxu və təşvişlə
qarşılanmışdı. Bu qorxu İranın elm və
düşüncə sahiblərini də əhatə
etmişdi. E.Mədətlinin qeyd etdiyi kimi, bu dairələr
müstəqil Azərbaycan dövlətinin varlığını
İranın bütövlüyü və təhlükəsizliyi
üçün təhdid hesab edirdilər. Ona görə də
1918-ci ildən başlayaraq İranda Azərbaycanın
bütövlüyünü, Azərbaycanın
varlığını, onun dövlətçilik tarixini,
dilini, mədəniyyətini inkar edən böyük bir
elmi-ictimai cərəyan təşəkkül tapmağa
başladı. Pəhləvilər sülaləsinin hakimiyyətə
gəlməsindən sonra isə İranda Azərbaycan həqiqətlərinin
təhrifini bir elmi cərəyana çevirən tarixçilər
nəslinin formalaşmasına başlandı. Bu tarixçilərin
və onların havadarlarının baxışlarının əsasını
isə Mahmud Əfşar tərəfindən
yaradılmış "Vahid İran milləti" nəzəriyyəsinin
formalaşdırılması və həyata keçirilməsi,
milli-etnik təfəkkürün oyanışının
qarşısının alınması, milli-demokratik hərəkatların
aradan qaldırılması təşkil edirdi. E.Mədətlinin
kitabında bu məsələlər də ətraflı
araşdırılaraq obyektiv və əsaslı təhlilə
cəlb edilib.
İranda
1978-1979-cu illlər inqilabından sonra ölkədə
yaşayan millətlər və xalqlar bəzi nisbi
azadlıqlar əldə etdilər. Azərbaycan dilində kitablar, qəzet-jurnallar
çap edildi, şəxsi təşəbbüslər əsasında
Azərbaycan dilini öyrədən kurslar açıldı,
bir sıra mədəniyyət ocaqları, o cümlədən,
Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan
yazıçılar və şairlər cəmiyyəti
işə başladı. O zaman Azərbaycan SSR-nin rəhbəri
olan Ulu öndər Heydər Əliyev sözügedən əlaqələrin
möhkəmləndirilməsi, azərbaycançılığın
ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi
addımları atdı. Onun israrlı təşəbbüsləri
nəticəsində Azərbaycan SSR-də "Cənubi Azərbaycan"
adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi, Cənubi
Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin
öyrənilməsi və tədqiqi üçün
böyük imkanlar açılmış oldu.
Elə bu
dövrdə İranda da Azərbaycan xalqının tarixi,
xüsusilə də Cənubi Azərbaycanda XX əsrdə
baş vaş verən mühüm tarixi hadisələr
çoxlu sayda araşdırmaların obyekti oldu, Səttarxan hərəkatı,
Xiyabani hərəkatı, S.C.Pişəvərinin rəhbərliyi
altında İranın ərazi bütövlüyü və
istiqlalının qorunması şərtilə Azərbaycan
Milli Hökumətinin qurulması və sair mövzular müxtəlif
prizmalardan araşdırılmağa başlandı. Lakin bu araşdırmalar da əsasən dövlətin
siyasi-ideoloji çərçivəsindən çox da kənara
çıxa bilmədi.
XX əsrin əvvəllərindən İran
tarixşünaslığında Azərbaycan xalqının
tarixinə, həqiqətlərinə münasibətdə
yaranmış olan baxış və konseptual ənənə
yeni dövrdə də ciddi dəyişikliyə məruz
qalmadı.
E.Mədətlinin tədqiqatından da göründüyü
kimi, İranın çoxlu sayda tarixçiləri yenə də
Azərbaycanın tarixini, coğrafiyasını və dövlətçilik
ənənələrini saxtalaşdırmağa
çalışır, Azərbaycan türklərinin İranın
siyasi, dövlətçilik, hərbi, mədəni, dini,
ictimai həyatında oynadığı rolu və cənublu
şimallı Azərbaycan xalqının vahidliyini inkar etməyə
cəhd göstərirlər.
Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsindən sonra da İran tarixşünaslığında Azərbaycana qarşı ənənəvi münasibətin davam etdiyini görmək mümkündür. Doğrudur, bu dövrdə Azərbaycan xalqının tarixinin doğru-düzgün işıqlandırılması sahəsində zəhmət çəkən müəlliflərin fəaliyyətini də görürük. Onların arasında C.Heyət, T.Pirhaşimi, M.Zehtabi, S.Sərdariniya kimi fədarak tədqiqatçılar vardır. E.Mədətlinin kitabında bu tədqiqatçıların və milli ziyalıların əsərlərinin təhlilinə geniş yer verilmişdir. Bununla belə tədqiqat əsərindən göründüyü kimi, son illərdə də Azərbaycan həqiqətlərinin araşdırılmasına məhdud siyasi-ideoloji çərçivədən yanaşanlar vardır. E.Mədətlinin tədqiqata cəlb etdiyi bir çox əsərlərdə və yazılarda hətta Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ziddiyyətli mövqelər görmək mümkündür.
Bütün bunlarla bərabər, ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində son zamanlar baş verən hadisələrlə bağlı İranın dövlət rəhbərliyinin ədalətli və qətiyyətli mövqeyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın işğalından azad edilmiş ərazilərə səfəri zamanı Araz çayının iki dövlət arasında Dostluq sərhədi adlandırılması həm İranda, həm də Azərbaycanda tarixi dəyərlərin obyektiv şəkildə daha geniş tədqiq edilməsinə təkan verəcəkdir.
Əslində, Eynulla Mədətlinin yenicə işıq üzü görmüş kitabından əldə edilən elmi qənaət də bundan ibarətdir ki, tariximizə yalnız qarşılıqlı obyektiv münasibət Azərbaycan və İran arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlavə bir stimul ola bilər.
Ortaq qənaətimiz belədir ki, Eynulla Mədətlinin bu dəyərli əsəri Azərbaycan tarixşünaslığının son illərdə əldə etdiyi kifayət qədər uğurlu nəticələrdəndir.
Mehman
SÜLEYMANOV
professor,
tarix üzrə elmlər doktoru
Səməd BAYRAMZADƏ
dosent, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.18.