Xoşbəxt son nöqtə
İlk atəşləri qələmlər
açdılar.
Gizlicə
iş gedirmiş, nəhəng bir şəbəkə
qurulubmuş, Azərbaycan boyu bütün ermənilər
"Miatsum" ideyası ətrafında birləşdirilibmişlər
və maraqlıdır ki, bizim xüsusi xidmət orqanları
bu böyüklükdə təhlükə ilə
bağlı nə tədbirlər tökürmüşlər?
Çünki məlumatsız idilər demək
doğru olmaz. Belə həddən ziyadə
kütləvi tərpənişdən bixəbər qalmaq
mümkünsüz idi.
Artıq 1980-ci illərin ortalarında Moskva mətbuatında
da Dağlıq Qarabağla bağlı separatçı təmayülləri
hələ üstüörtülü də olsa əks etdirən
yazılar ara-sıra dərc edilirdi. 1985-ci ildə
"Oqonyok" jurnalında işıq üzü görən
bir məqalədəki fikirlər elə narahatedici idi ki, mən
o vaxt Akademiyamızın Şərqşünaslıq
İnstitutundakı həmkarlarımla məsləhətləşəndən
sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
sədrinə məktub da göndərdim.
Nə ordan, nə də o vaxt onlarla birbaşa
bağlı olan bizimkilərdən bir xəbər
çıxdı.
Qaynama nöqtəsi 1987-ci ilin noyabrında
olmalıymış.
Parisdə Fransa Erməni İnstitutunun və Erməni
Veteranlar Assosiasiyasının təşkilatçılığı
ilə akademik Abel Aqanbekyanla təşkil edilmiş
görüşdə o, çıxış edərək
"Mən bir iqtisadçı kimi hesab edirəm ki,
Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana
bağlıdır, nəinki Azərbaycana" söylədi,
onun müsahibəsi məşhur "Humanite" qəzetində
dərc olundu və bu qığılcım başladı qəzetdən-qəzetə,
bir informasiya agentliyindən digərinə ötürülməyə.
Münaqişə ocağını
alışdırmağa mətbuatdan başladıqları
kimi, sonra bu cəbhədə çox fəal olmağın da
tədarükünü irəlicədən görüblərmiş.
Moskva mətbuatı, Mərkəzi televiziya onların
birbaşa təsirində idi. Az qala hər
redaksiyada adamları vardı. Ona görə də
lap əvvəldən biz informasiya döyüşündə
uduzmağa başladıq.
Xaricə çıxışımız da onlarla
müqayisədə yox dərəcəsində idi.
Erməni
lobbisinin uzun əlləri ilə orada da çox iş görürdülər.
Biz 1980-ci illərin sonlarında Xankəndi kükrəməyə,
Ermənistandan yurddaşlarımız qovulmağa başlayanda
özümüz deyib, özümüz eşidirdik. Sovet kütləvi
informasiya vasitələri həqiqətlərin avandını
tərsinə elə çevirirdilər ki, ekran
qarşısında bu qansızlığı görənlərin,
eşidənlərin ürəyi partlama həddinə
çatırdı.
Və düşünəndə ki, niyə Birinci
Qarabağ müharibəsində uduzduq, çox səbəblər
sırasında heç vaxt bunu da yaddan çıxarmayaq ki,
ermənilərin o savaşda bizdən xeyli irəlidə olan,
imkanları geniş mətbuat ordusu da vardı.
İstənilən
yalanı bütün Sovet İttifaqı məkanına və
eləcə də xarici aləmə həqiqət adı ilə
sırımaqda xüsusi peşəkarlığa malik, say tərkibi
də, maliyyə imkanları da lap geniş mətbuat ordusu.
1993-94-cü illərdə Azərbaycanın maddi
imkanları hələ zəif idi. Buna baxmayaraq, Azərbaycan
dövlətinə rəhbərlik etməyə başlayan
Heydər Əliyev hər səfərində özü ilə
20-30 nəfərlik mətbuat işçiləri dəstəsini
götürürdü. Təbii ki, bunlar
hamısı vəsait tələb edirdi. Hoteldə
qalmaq haqqımızdan əlavə hər jurnalistə gündəlik
xərclər üçün də valyuta ödənirdi.
Xəzinə isə boş idi, yol təzə
başlanırdı, iqtisadi sıxıntılar bəs deyincə
idi.
Lakin müdrik Heydər Əliyev bunu edirdi, həmin təcrübəni
sonrakı illərdə də həmişə daha da
genişləndirdi, çünki mətbu sözün
böyük gücünü və təsir imkanlarını
yaxşı bilirdi.
Mən o vaxtlar "Amerikanın səsi" radiosunun Azərbaycanda
müxbiri idim.
Ancaq "Azadlıq" radiosunun, bir sıra Moskva nəşrlərinin
də azərbaycanlı təmsilçilərini həmişə
səfərə çıxan tərkibə daxil edirdi və
hər dəfə məsləhət verirdi ki,
yazdığınız xəbərləri,
hazırladığınız süjetləri istədiyiniz
xarici radioların Avropa və Şərq dillərində olan
xidmətləri vasitəsilə də yayın.
Və bu
gün biz İkinci Qarabağ müharibəsində zəfər
qazandıqsa, bunun da çox səbəbləri
sırasında mətbuatın yeri var. Həm
özümüzün dünyaya çıxa bilən mətbuatımızın,
həm də beynəlxalq informasiya şəbəkəsində
keçmişdəki süstlüyə rəğmən
çoxlu dostlarımızın, həqiqətləri obyektiv əks
etdirən vicdanlı və yetərincə çoxlu jurnalistin
olması.
Lakin bu münbit əhatə mətbuatla məhdudlaşmır. Ermənilik
elmə də girişib, özlərinə uydurduqları saxta
tarix və xəstə siyasətləriylə bağlı
sıra-sıra ölkələrdə müxtəlif millətlərdən
olan alimlərin imzası ilə bolluca kitablar da nəşr
etdirir. Fəqət elmi həqiqəti hər
şeydən üstün tutan Erix Fayql (1931-2007) kimi alim və
ədib də olub ki, bu saxtakarlıq selinə qarşı
durub, yüksək elmi ləyaqətlə erməniliyin qondarma
tarixlərini ifşa edib. Ya ABŞ alimi və
yazıçısı Samuel Viimsin erməniliyin qara mahiyyətini
açan "Dırnaqarası xristian olan terrorçu Ermənistan
dövlətinin sirləri" adlı bircə kitabı
onların sifarişlə ortaya çıxardıqları
yüz çürük kitabının kürəyini yerə
vurub.
Qarğa-quzğun
kimi Moskva televiziyalarına daraşan, ikrahlı
yalanlarını, ifrat erməniçi
baxışlarını nümayişkaranə şəkildə,
gerçəkləri tam tərsinə çevirərək
efirə püskürən muzdlu siyasətçi və
jurnalistlər sürüsünün müqabilində hər
ağıllı, məntiqli, təmkinli
çıxışı ilə qəlbimizi ovudan, təsəllimizə
çevrilən, onları seyr edənləri də yetərincə
inandıran, əsl həqiqətin harada olduğunu dəqiq
nişan verən İqor Korotçenko, Maksim Şevçenko
kimi dəyanətli siyasətşünasların xidmətlərini
biz necə unuda bilərik?!
Elə
onlar da ön cəbhədə, atəş altında idilər və bu gün də
davam etməkdə olan təbliğat, informasiya
savaşında yenə öndədirlər.
Qətiyyən şübhə etmirəm ki, bu iki
güclü şəxsiyyəti mübarizə meydanından kənarlaşdırmağa,
mövqelərini dəyişməyə nail olmaqçün
erməni tərəfi bütün mümkün üsullardan
istifadə edib.
Onlar çoxdurlar. Sayca şər elə həmişə
çox olur. Lakin Xeyirin də xüsusi
çəkisi həmişə şərdən daha
artıqdır.
Ona görə də bir Şevçenko, bir
Korotçenko kimi oğulun çəkisi və
sözünün gücü əqidəsini, mənliyini hərraca
çıxarmış yüz Solovyov və onabənzər
saxtakarın səfsəfəsini heçə endirməyə
qadirdir.
Səbəbsiz
deyil ki, Prezident İlham Əliyev noyabrın 25-indəki Kəlbəcər
təbrikində Qələbəmizi təmin etmiş ümdə
şərtləri sadalayanda bu amilə də xüsusi diqqət
yetirirdi: "Mən Prezident kimi bu illər ərzində əlimdən
gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi
daim gündəlikdə olsun, özü də daim gündəliyin
mərkəzində olsun. Həm ölkə
daxilində vətənpərvərlik, milli qürur, həmrəylik
hissləri daha da yüksək səviyyəyə qalxsın.
Həm beynəlxalq müstəvidə daim bu məsələ
gündəlikdə olsun. Hər kəs
bilsin, həqiqət nədən ibarətdir, hər kəs
bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf
kimdir və biz buna nail olduq. İndi
dünyada hər kəs bunu bilir. Əgər
Vətən müharibəsi dövründə xarici mətbuata
diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli,
islamofob, antiazərbaycan, ermənipərəst məqalələr
və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli
olaraq, bir çox obyektiv, həqiqəti əks etdirən
reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində
qələbə qazandıq. Biz döyüş
meydanında qələbə qazandıq, informasiya məkanında
qələbə qazandıq, siyasi müstəvidə qələbə
qazandıq. Müharibənin nəticələri
mən deyən kimi oldu".
Qələbə
duyğusu nə böyük, nə ülvi hissdir! Ətrafdakı hər nəsnəyə səni bir
başqa gözlə baxmağa sövq edir, zahirən ən
sıradan olanlar da səninçün adilikdən uzaq
görünür.
Bu dağlara yüzillər, minillərdir ki, qar
yağırdı.
Ancaq bu qar bir başqa qardır. Üstündə
addımladığımız qarın
xışıltısı heç vaxt bu cür -
dünyanın ən könülsığallayan musiqisindən
də cazibəli səslənməyib.
Azərbaycan bayrağı heç vaxt belə gözəl
görünməmişdi.
Hər tərəf dümağ tülə
bürünüb. Bayrağımın rəngləri,
ayı-ulduzu bu bəmbəyaz gözəlliyin tuşunda sanki
par-par yanır.
2020-ci il noyabrın son bazar günü. Dağlara ilk qar yağıb. Bura
Şuşadır.
Qələbəmizin
zirvəsi Şuşa!
Elə Şuşa zəfərindən sonra da
düşmən təslim oldu.
Dəmir yumruq gözlərinə elə qaranlıq gətirdi
ki, məğlubiyyət bayrağını qaldırmağa,
Ağdamın, Kəlbəcərin, Laçının hələ
düşməndən təmizləyib
qurtarmadığımız yerlərini də
döyüşsüz tərk etməyə vadar oldu.
Əslində,
Şuşa döyüşü həm də
son Ağdam döyüşüdür, həm də son Kəlbəcər
döyüşüdür, həm də son Laçın
döyüşüdür.
2020-ci il mayın 18-i üzdən baxanda lap yaxınsa
da, o vaxt bugünkü bəxtiyar günlər xəyalagəlməz
qədər uzaq idi.
Əziz Laçının daha bir kədərli
tarixçəsini - işğalın ildönümünü
qanqaralığı və nəhayət ki, bir gün bu
acı səhifənin qapanacağı ümidi ilə
qarşılayırdıq.
O qəmli
səhərdə mən Laçını azadlığa
qovuşduracaq bir son döyüş haqqında şeir
yazdım. Bir müddət sonra Xalq artisti Eldar Mansurov o sözlərə
təsirli bir mahnı da bəstələdi, qarabağlı
müğənni Nigar Cəlilova da həmin nəğməni
məlahətlə ifa etdi:
Gözümdə, ürəyimdə sənin əziz surətin.
Yaddaşları göynədən intizarın, xiffətin.
Dağ
çəkilir dağına yad əllərdə, ay
Laçın!
Neynim, əllərim
yetməz, Günəş Laçın, Ay Laçın!
Demə
ki, bivəfayıq, gələcəyik, can Laçın!
Bitəcək
bu ayrılıq, bitəcək hicran, Laçın!
Yarıqönçə güllərin gözləri
dolmayacaq.
Gec açılıb tez solan çiçəyin
olmayacaq.
Həsrətlə gözlədiyin sabahlar
açılacaq.
Yenə də yollarına şəfəqlər
saçılacaq.
Demə
ki, bivəfayıq, gələcəyik, can Laçın!
Bitəcək
bu ayrılıq, bitəcək hicran, Laçın!
Qayıdacaq qoynuna sədaqətli oğullar.
Belə
qalmaz, darıxma, hələ bir son döyüş var!
Bizim xoşbəxt Laçın günümüz
dekabrın 1-də gəldi. Ancaq həmin arzuladığımız
son döyüş noyabrın 7-də, 8-də Şuşa
sıldırımlarında baş vermişdi.
Laçında
V əsrin yadigarı Ağoğlan məbədi var. Gendən
bu əski alban məbədinə Ağoğlan dağı
baxır, həndəvərində Ağoğlan kəndi,
böyründən Həkərinin sağ qolu Ağoğlan
çayı şütüyür, elə Şuşanın
üç əsas qapısından birinin də adı lap
keçmişlərdən Ağoğlan qoyulub.
Laçınlıların yaddaşında dolaşan rəvayətdir
ki, el aylarla əlləşib dağlar qonunda bir qəsr
ucaldır. Tikinti qurtaranda xalq şənliyi qurulur, ətrafda
xalçalar döşənir, iri qazan asılır. Aşpaz hazır olan yeməyi bayrama toplaşanlara
paylamaq istəyəndə bir qaranquş gəlib onun
başına fırlanmağa, çömçəni qazana
salmasına mane olmağa başlayır. Aşpaz
qaranquşu qovmağa nə qədər cəhd etsə də,
quş əl çəkmir. Və qəfilcə
özünü çırpır pıqqapıqla qaynayan
qazana. Bir ağsaqqal qayıdır ki,
qaranquşun belə hərəkəti səbəbsiz deyil, siz
qazanın içinə diqqətlə baxın. Qazanı boşaldırlar və görürlər
orada iri bir zəhərli ilan da varmış.
Beləcə, fədakar qaranquş öz həyatı
bahasına o qədər adamı zəhərlənməkdən,
bayramı yasa dönməkdən xilas edir və camaatın
mübarəkbadlığına toplaşdığı o
tikiliyə də həmin gündən "Qaranquş qəsri"
adı verilir.
Zaman ötür, qaranquşun öz
ölümü ilə ayrı bir müqəddəslik
bağışladığı qəsr də ziyarətgaha
çevrilir, Ağoğlan məbədinə dönür.
Laçın uğrunda döyüşlərdə
Birinci Qarabağ müharibəsi vaxtı nə qədər
igidimiz qurban getdi.
İkinci
Qarabağ savaşında Laçının və
işğal altındakı torpaqlarımızın xilası
üçün də şəhidlərimiz az
olmadı.
Onlar
hamısı bu gözəl elləri əfi ilanın
ağuşundan qurtarmaqçün can qurban etmiş
qaranquşlardır.
Onların həmişə minnətdar
olacağımız qaranquş ruhları daim Vətən
göylərində süzəcək, bu əziz torpaqları
hər xata-bəladan hifz edəcək.
Dekabrın
1-də hələ səhər açılmamış
Laçın şəhəri üzərində Üçrənglimizi
ucaldan Azərbaycan Əsgərinin: "Möhtərəm
Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan
Respublikasının dövlət bayrağı Laçın
şəhərində dalğalanmaqdadır.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!" sözlərindən
riqqətlənməmək mümkünmü?
Hanı o azərbaycanlı ki, bunları eşidincə fərəhindən
qəhərlənməsin, qürurundan gözləri
yaşarmasın?!
Belə məsud bayraq ucalışlarına adət
etmiş Azərbaycan insanı necə səbirsiz olmasın,
necə yeni ucalışlar arzulamasın?!
Bu
bayatı 28 il hər
laçınlının ürəyində qövr eləyən
nisgilin əks-sədasıdır:
Əzizim
Laçın gərək,
Yolları açım gərək.
İstəmirik
cənnəti,
Bizlərə Laçın gərək.
Laçın
artıq yenə sizinkidir, əziz laçınlılar,
Laçının yenə qoynuna qayıtdı, Azərbaycan!
Hər qarış torpağımızın düşmən
tapdağından xilas edilməsi bizi sonsuz dərəcədə
sevindirirdi. Lakin Laçın sevinci əvvəlki sevinclərimizlə
müqayisə edilə bilməz. Yalnız ona görə
yox ki, azad Laçına qovuşmağımızla erməni
işğalı bitir, 30 ilə yaxın müddətdə bir
an fasilə vermədən göynəyən yaramızın
ağrısı kəsilir, nəhayət ki, sonsuza qədər
davam edəcəkmiş kimi görünən məşəqqətli
münaqişənin nöqtəsi qoyulur.
İş ondadır ki, bu qarşıdurmanın lap əvvəldən
ən düyünlü hissəsi elə Laçın
olmuşdu və erməninin hətta digər rayonları
qaytarsa belə ondan imtina fikri yox idi. Erməni lobbisinin əli
ilə xarici dövlətlərdən də bu istiqamətdə
dəstəklərini alaraq lap
azğınlaşmışdılar. Laçını
və Kəlbəcəri bizə yalnız o halda
qaytarmağı mümkün sayırdılar ki, dərhal
qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini, yaxud
da elə mahiyyətcə ona bərabər olan əldəqayırma
referendumlarını tanıyaq. Lakin yenə
də o qeyd-şərtlə ki, Laçından Ermənistana
dəhliz verək. Nə boyda? Bu sual da açıq saxlanırdı. Dəhlizin kilometrlərini
də elə çox tələb emək niyyətindəydilər
ki, təxminən Laçının onlarda qalmasına bərabər
olsun. Laçının onlarda qalacağına
elə arxayın idilər ki, digər işğal ərazilərindən
fərqli olaraq, buranı dağıdıb xaraba qoymurdular, əksinə,
xaricdən gətirdikləri erməniləri də qanunsuz
olaraq orada məskunlaşdırırdılar. Laçının gələcək taleyi bunca qəliz,
hətta ümidsiz qədər acınacaqlı idi. İllər boyu bağlı qapılar arxasında
gedən gərgin danışıqlarda Laçının həmişə
Azərbaycan tərəfinə, ilk növbədəsə məsuliyyətin
ən ağırını çiyinlərində
daşıyan dövlət başçısına hansı
narahatlıqlar yaşatdığını özünüz təsəvvür
etməyə çalışın. Beynəlxalq qurumlar
tərəfindən haqsızlıq, ədalətsizlik, Ermənistan
tərəfindən həyasızlıq üzərində
qurulmuş və acı bağırsaq kimi uzanan həmin
danışıqların təfərrüatları cüzi də
olsa açılarsa, düşünün ki, Azərbaycan vətəndaşı
necə dərin ümidsizliyə qapılardı!
Dövlət
başçısı olmağın hər kəsin çəkə
bilmədiyi müdhiş ağırlığının bir
özəlliyi də odur ki, gərək hər qərəzkar
maneəyə, həddini aşan təzyiqlərə sinə gərə
biləsən, amalına, məqsədinə çatmaq xatirinə
dəmir hövsələ göstərməyi, həzm edilməsi
çətin sözləri eşitməyə dözməyi də
bacarasan, imkan verməyəsən xalqın ümidləri
qırılsın və bu ümidləndirmə də quruca
söz olmasın, bir gün səni millət
qarşısında üzüağ edəcək umulan parlaq nəticəyə
gətirib çıxarsın.
Prezident
İlham Əliyev dekabrın 1-də, Laçının
azadlığı günündə millətinə hesabat
verir, bu əzablı, ləyaqətlə keçilmiş və
şərəflə tamamlanan yolun gizlinlərini
açırdı: "Ermənistan rəhbərliyində
Laçın rayonunu Azərbaycana qaytarmaq fikri
olmamışdır. Biz Laçın dəhlizi
haqqında danışıqlar zamanı mövzulara toxunarkən
həmişə həm Ermənistan, həm də onun
havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu
ayrı mövzudur. Birbaşa bizə deyilməsə
də, belə bir fikir həmişə var idi ki,
Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.
Mən
deyə bilərəm, bu 17 il ərzində
dəfələrlə bizə müxtəlif yerlərdən,
xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi
beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə
uğramısınız, Ermənistan müharibədə, -
Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə
qazanıb. Siz reallıqlarla
razılaşın. İndi beş rayon ki sizə vəd
verilir, o da böyük şeydir, siz onu alırsınız,
Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə
vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt
da o rayonların bir hissəsi sizə qayıda bilər.
Mən isə
həmişə deyirdim ki, Laçın, Kəlbəcər və
Şuşa Azərbaycana qayıtmasa,
heç bir razılaşma ola bilməz. Mənim
mövqeyim xarici ölkələrdə bir
çoxlarını qıcıqlandırırdı".
Və
sarsılmaz iradə, inam və illərcə toplanan güc hesabına
aşağılayıcı əda ilə "mövcud
reallıqla barışın" təklif edilən Azərbaycan
düşməni əzdi, zəfərini çaldı və
yeni reallıqlar yaradan Azərbaycana çevrildi. Vüqarla, əmin
bir səslə dünyaya bəyan etdi ki, indi söz sahibi
bizik, indi sükan arxasında bizik, indi səmti biz müəyyənləşdiririk
və istədiniz-istəmədiniz, bu gerçəkliklə
barışmalısınız: "Düşməni
torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur
olub barışacaq, necə ki, Ermənistan barışdı.
Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki,
imzalayacaqdı. Başqasının buna nə dəxli
var? Hər kəs getsin öz işi ilə
məşğul olsun.
Bölgəmizdə yeni reallıq yarandı. Bu
reallığı biz yaratdıq. Azərbaycan
yaratdı bu reallığı.
Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə
yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik
Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa
etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və
gələcək üçün yeni təhlükəsizlik,
yeni əməkdaşlıq formatını təşkil
etdik".
Budur əsl
İlham Əliyev! Budur onun qadir çöhrəsi.
Lazım
gələndə ən sərt sifətini göstərməyi,
ölkəsini polad yumruğa çevirib yağının
başını əzməyi bacaran, iriliyindən-xırdalığından
asılı olmayaraq düşmənin bütün himayədarlarını
susdurmağa qüdrətli Şəxsiyyət, amma həm də
Böyük Savaşın axırıncı nöqtəsini
qoyunca nəzərləri sabaha dikilən, quruculuq haqqında
düşünən, hətta bu quruculuq və əməkdaşlıqda
dünənki düşmənə də ən əvvəl
elə onların öz mənafeləri naminə
qapıları açıq saxlayan Lider.
Prezident
İlham Əliyev aqil insandır - qonşumuzu yaxşı
tanıyır, onun xislətinə cikinə-bikinə qədər
bələddir, həm də dövlət
başçımıza uzaqları görmək bəsirətliliyi
var. İnanır ki, gələcəkdə bu bölgədə
sabitliyin, tərəqqinin daim bərqərar olmasından
ötrü əməkdaşlıqları dərinləşdirmək,
ortaq beynəlxalq layihələrə daha geniş meydan vermək
gərəkdir. Dünənki düşmən də
bu layihələrə qatılacaqsa, mənfəət də
görəcək, inkişafı da olacaq, həyat özü
ona anladacaq ki, qarşıdurmalarla yalnız itirmək
mümkündür və necə ki, indiyəcən də
çox şeyi itirib.
Bu yerlər yüzillər, minillərdir ki var və
bizimdir. Amma Laçın şəhəri yenidir. 1924-cü ildə Azərbaycan rəhbərliyi
xüsusi bir nümayəndə heyəti yollayır ki, qəza
mərkəzi olması, şəhər salınması
üçün nisbətən düzənlik məkan
seçilsin. O zamanlar "Maarif və mədəniyyət"
jurnalının redaktoru olmaqla yanaşı, Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinə rəhbərlik edən
Tağı Şahbazi Simurq həmin heyətin rəhbəri
imiş. Təklif olunan yerə baxandan sonra burada
salınacaq şəhərə hansı adı vermək
söhbətini edirlər. Yerli əhali
söyləyir ki, bura Abdallar deyilir. Tağı
Şahbazi Simurq fikrə dalır, qarşı yatan dağlara
baxıb soruşur: "Bu dağların adı nədir?"
"Laçın qayası", - deyirlər.
"Nə yaxşı! Elə
salacağımız şəhərin də adı
Laçın olsun!"
Gözəl-göyçək,
hərəsinin bir şirin tarixçəsi olan yer
adlarımızın hamısını ucdantutma dəyişən,
Laçına "Berdzor", Ağoğlana
"Tsitsernavank", Ağbulağa "Spitakadjur", Cicimliyə
"Vanoca", Alxaslıya "Aşeni",
Çıraqlıya "Arvakan", Kamallıya
"Uxtadzor", Qarıqışlağa "Tandzut",
Qalaçaya "Berdik"... kimi özlərinəbənzər
kifir adları yamaq edən ermənilər həm də bununla
bir daha o iddialarını ortaya qoyurdular ki, daha həmişəlik
buralarda qalacaqlar. Yalan uydurub özlərinin də az sonra
artıq alışdıqları həmin yalanı doğru
kimi qavramaq vərdişlərinə uyğun olaraq buralarda
qalsaydılar, yəqin, gələcəkdə onu da söyləyəcəkdilər
ki, elə İkinci Tiqranı da eramızdan 140 il əvvəl
nənəsi Satenik bu dağlarda qucağında gəzdirib.
Xülyalar üzərində qurulan nə varsa, bir
gün röya kimi uçub getməlidir. Bu, hökmi-zərdir,
yaşayışın qaçılmaz qaydasıdır.
Ermənistanın Laçın röyası da
bitdi. Yuxudan ayılınca uydurduqlarının,
qondardıqlarının hamısı bir an içində
puç oldu, toza çevrilib yellərə sovruldu: "Uzun
illər nə qədər düşünülmüş
siyasət aparmışıq. Bir çox
hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim
edə bilmirdik. Çünki sadəcə
olaraq bu, konfidensial məlumat idi və bizim
planlarımızın reallaşmasına müdaxilə edilə
bilərdi. Amma çox dəqiq, məqsədyönlü,
ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq,
bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən
təmizləmək.
Əgər düşmənin başını əzməsəydik,
o, heç vaxt öz xoşu ilə bu torpaqlardan
çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək
istəyirdi və onların bütün çirkin əməlləri
bu məqsədi güdürdü. Laçın
rayonuna da bir eybəcər erməni adı vermişdilər.
Artıq yoxdur bu ad, zibil yeşiyinə
atıldı bütün başqa eybəcər adlarla bərabər".
Xarici televiziyaların müxbirləri Laçını
tərk etmələrinə qoyulmuş müddətin bitməsinə
bir neçə gün qalmış
danışdırırdılar onları. Elə
ağlayıb-sıtqayırdılar ki, sanki qəsb etdikləri
yerləri deyil, yüzillərlə onların olmuş məskənləri
tərk edirlər.
Bir yana baxanda qınamalı da deyil. Qızdırmalı
təxəyyüllərini həqiqət sayan və
bütün dünyanın da onların həqiqətinə
inanmasını təkid edən ruh xəstələri elə
belə olur.
Laçının İşıqlı dağı var,
arxasında da "Eşşək meydanı"
aşırımı.
Dağın adı bizə - Qalibə,
aşırımın adı cahil inadı öz
düşüncə tərzinə çevirmiş məğluba
yaraşır.
Nəhayət ki, İşıq Zəfərini
çaldı, ermənilik bütün üfunətli əməlləri
və murdar izləri ilə həmin aşırımdan dərənin
dibinə yuvarlandı.
Və
tarixə həkk olunan gecədə müzəffər Azərbaycan
Ordusunun düşməndən boşalmış
Laçına daxil olduğu dekabrın 1-ində 1992-ci ilin may
ayından bəri hər an oyaq olan bir narahat ana da, nəhayət
ki, Allahla barışdı.
O vaxt erməni
quldurlarının əlinə düşməsin deyə Qəmzə
Abbas qızı özünü Ağdərə
çayına ataraq intihar etmişdi...
Aşığın
canı yara,
Qıyaram canı yara.
Tutun qoyun
qəfəsə,
Göndərin canı yara.
Laçınlı Sarı Aşığın bu
sevdalı bayatısı bu gün gərək ayrı cür yozula.
Qəfəs
nədir, Sarı Aşıq! Laçının
azadolma xəbərini bir quş kimi açaq buraxaq,
uçduqca uçsun, zavallı Laçınımız qəfəsdə
çox qaldı, qoy indi pərvazlandıqca pərvazlansın.
Bu şad xəbər gedib erməni qənimi Paşa oğlu
Sultan bəyə, onun qardaşı, Cümhuriyyət dönəmində
ilk Müdafiə nazirimiz, sonrasa Qarabağın
general-qubernatoru olmuş Xosrov bəy Sultanova yetişsin, Mir Həmzə
Nigaridən, Aşıq Abbas Piçənislidən tutmuş
Laçın həsrətiylə dünyadan uçub
getmiş və yurdun əsarətindən qəlbi pörşələnərək
belə yanıqlı misralar yazmış şair Hüseyn
Kürdoğluya da çatsın ki, toxtamayan ruhları təskinlik
tapsın:
Bağrımın
başı yanar,
Gözümün yaşı yanar.
Eli didərgin
dağın
Qayası, daşı yanar.
28 il idi laçınlı doğulmurdu.
Hərçənd,
bu 28 il boyunca Azərbaycan boyu səpildikləri 59 şəhər
və rayonda laçlınlılar ürəklərindən
daş asıla-asıla həyatlarını davam da etdirirdilər,
toylar da olurdu, artıb-çoxalırdılar, haçansa
ata-baba yurdlarına qayıtmaq ümidləri də
sönmürdü.
Gələn
il yenidən doğum şəhadətnaməsində
təvəllüd yeri "Laçın" yazılan ilk
körpələr dünyaya gələcək.
Və
Laçının yeni doğum günündə - dekabrın
1-də Prezident İlham Əliyev laçınlıların
adlarının qarşısında 28 il göz dağı
kimi qalmış "məcburi köçkün"
deyiminin əvvəlində "keçmiş"
sözünü işlətdi.
Bu
altıca hərfli adicə sözü deyə bilməkçün
keçilən yol nə qədər əziyyətli, nə qədər
enişli-yoxuşlu oldu: "Laçın işğal olunanda
bu rayonda təqribən 50 mindən bir qədər çox əhali
yaşayırdı. İndi Laçın
rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları
qısa müddət ərzində Laçına qaytarmaq bizim
əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki,
keçmiş məcburi köçkünləri
işğaldan azad edilmiş bütün digər
rayonlarımıza qısa müddət ərzində
qaytaraq".
Yəqin, bizimkilər ən tez elə Şuşaya, Laçına dönə biləcəklər.
Yenə Laçın ana dilimizi eşidəcək, yenə o dağlardan saz sədaları ucalacaq, Laçından aralıdakı 28 ildə iki o qədər qocalmış insanlar intizarında olduqları torpaqları ən əzizi, ən doğmasıyla görüşən kimi qucaqlayıb öpəndən, o dağların saf havasıyla nəfəs alandan, yalnız oralarda bitən çiçəklərin ətrini ciyər dolusu içərilərinə çəkəndən sonra gün-gün, ay-ay cavanlaşmağa başlayacaqlar, laçın övladlarına baxdıqca Laçına - başı bəlalar çəkmiş bu sevimli yurda da dədə-baba laçınlığı təzədən qayıdacaq.
Vətən müharibəsinin son nöqtəsinin qoyulduğu Ooca Laçın həm də başlanğıcdır.
Təzə Laçının, Yeni Qarabağın bəxtəvər və yüksəlişli sabahlarının başlanğıcı!
Daha artıq bütövləşən istiqlalın mübarək, gözün və bütün Sabahların aydın olsun, VƏTƏN!
1 dekabr, 2020
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.- 2 dekabr.- S.8-9.