Böyük alimin Qarabağ dərdi
Yaşasaydı
bu il may ayının birində 84 yaşı tamam olacaqdı.
Yaşasaydı bu gün dünyaya göz
açdığı doğma torpağının - Cəbrayılın
erməni işğalından azad olunması xəbərini
eşidib bütün intizarına, yurd həsrətinə son
qoyulacaqdı. Ancaq
çox təəssüf….
Vətən sevgisi, yurda, torpağa bağlılıq
bütün normal insanlarda olub, var və olacaqdır.
Ancaq elə insanlar var ki, onların yurd sevgisini,
torpağa, onun insanlarına olan tükənməz məhəbbətini
sözlə ifadə etmək qeyri-mümkündür.
Bu sevgi kimin hansı sahədə
çalışması, hansı sənətlə məşğul
olması ilə bağlı olan məsələ deyil. Bu sevgi insanın cisminə
ana südü, yaşadığı torpağın
havası, suyu və s. ilə daxil olmuş, heç bir cihazla
ölçülə bilməyən xariqüladə bir mənəvi
sərvətdir. Və bu
sadaladıqlarımın hamısı akademik Tofiq Hacıyevin
şəxsiyyətində bütün
qabarıqlığı ilə öz əksini
tapmışdı.
Akademikin yurda, torpağa, gözümüzün nuru
Qarabağa, üzük qaşı sayılan Şuşaya olan
sevgisi onu yaxından tanıyanların söylədikləri
xatirələrdə daha qabarıq şəkildə
özünü göstərir. “Qarabağ həsrətli Tofiq müəllim”
başlıqlı bir məqalədə Rəhilə Quliyeva
(“Türklük bilimində bir ömür”, Ankara, 2016)
yazır: “Tofiq müəllim həmişə şən,
gülərüz görünürdü, çöhrəsi
nurani idi. Lakin o üzüntülər içərisində
gülümsəməyi bacaran böyük insan idi. Onun qəlbində dağ boyda həsrət, gözlərində
dərin bir kədər var idi. Nə idi bu
həsrət, bu üzüntü, bu kədər?! Bu həsrət – Qarabağ həsrəti …idi.”
Müəllif
bunun ardınca Tofiq müəllimin Qarabağ torpağına,
qədim Şuşaya sevgi və
bağlılığının ölçüyəgəlməz
olduğunu göstərmək üçün faktlara əsaslanaraq
yazısına davam edir:
“Qarabağdan – Şuşadan söhbət düşəndə
Tofiq müəllim göz yaşlarına hakim kəsilə
bilmirdi. O, Cəbrayılda
doğulsa da, Şuşasız yaşaya bilmirdi, hər il ailəsi ilə birlikdə Şuşaya gələr,
orada həm istirahət edər, həm də
yaradıcılıqla məşğul olardı… Ölümündən bir neçə ay əvvəl
kafedrada bir nəfərin dissertasiya işinin müzakirəsi
keçirilirdi. Müzakirədən sonra... söhbət
yenə də həmişəki kimi Qarabağdan, erməni
faşistlərinin mənfur əməllərindən və
Qarabağın “tacı”, “cənnət məkanı”
Şuşadan düşdü. Tofiq müəllim
qəhərlənsə də, Şuşanın gözəlliyindən
…xarı bülbülündən…elə
danışırdı ki, hamı əfsunlanmışdı”.
Sonra
müəllif akademik Tofiq Hacıyevin Qarabağ, Şuşa
haqqında söylədikləri fikirlərə geniş yer
verir və göstərir ki, akademik hələ o zamanlar
inanırdı ki, çox çəkməyəcək,
Qarabağ düşmən tapdağından azad olunacaq, onun nəvə
və nəticələri bu yerlərə üz tutub onun saf
havasının, gözəl mənzərələrinin
qonağı olacaq. Akademikin bu arzularını qələmə
alan müəllif yazısına davam edərək
yazır: “O torpaqlarımızın alınacağına, bu həsrətə
son qoyulacağına əmin idi. Hər
rastlaşanda mənə təskinlik verər və deyərdi
ki, darıxma, yenə də Şuşanın təmiz, saf
havasını ciyərlərimizə çəkəcək,
bütün ağrı, həsrətlərə son
qoyacağıq”.
Doğrudan
da, görkəmli şəxsiyyətin Şuşa
- Qarabağ ilə bağlı söylədikləri bu gün
öz təsdiqini tapdı. Təəssüf ki, akademik bu
günlərin canlı şahidi ola bilmədi.
Müəllif Tofiq Hacıyev haqqında olan məqaləsində
daha çox onun itirilmiş torpaqlardan söhbət gedərkən
keçirdiyi həyəcan və əzabların
mimikasındakı əksindən danışır. Düşmən
tapdağında olan Qarabağdan bəhs olunduqda daha çox
susmağa üstünlük verən insanın daxilində
baş qaldıran kinin, nifrətin, torpaqları düşməndən
təkbaşına ala bilməyən və bu
“gücsüzlüyünü” özünə
bağışlaya bilməyən, torpaq, yurd həsrəti ilə
alışıb-yanan bir insanın içindəki təlatümün
onun simasında yaratdığı gərginlik və iztirabdan
danışılır.
Məqalə, demək olar ki, yurdundan, Vətənindən
didərgin düşən, onu geri qaytarmağa gücü
çatmayan bir insanın üzündə, duruşunda və
danışığında öz əksini tapan
yaşadığı hisslərin təsvirindən ibarətdir.
Akademik
Tofiq Hacıyev professor Kamran İmanovun erməni vəhşiliyi
və saxtakarlığından bəhs edən “Erməni(yad)
el(li) nağılları” kitabı haqqında
yazdığı “Gerçəklə nağılın
dialoqu” (“Ədəbiyyat qəzeti” 16 yanvar 2015-ci il) məqaləsində
əsərin məziyyətlərindən danışarkən,
bədnam qonşuların Azərbaycan vətəndaşlarına
– Azərbaycan türklərinə bəslədikləri nifrətin
necə də sonsuz olduğunu görüb, onu hər an duyan və
bu hadisələrin şahidi olan bir insan kimi
danışır. Kamran İmanovun əsərinin
məziyyətlərindən danışarkən, orada öz əksini
tapan və erməni saxtakarlığını ifşa edən
detalların dəqiqliyini təsdiq edir və
xalqımızın özünə, ədəbiyyatına, mətbəxinə
və ümumiyyətlə, bu xalqın özünə
düşmən kəsilmiş bu çörəkitirənlərin
nankorluqlarını vurğulayır.
Məqalə müəllifi ermənilərin Azərbaycana
qarşı yersiz iddia və hücumlarını faktlara əsaslanaraq,
diqqət mərkəzinə gətirir. Ermənilərin
Azərbaycan nağıllarından başlayaraq
yurdlarını, kənd və şəhərlərini özününküləşdirməyə
çalışdıqlarını əsaslarla sübut edir.
Akademik bununla bağlı yazır: “Ermənilərin türklərə
qarşı böhtanları, qarayaxmaları haqqında az
yazılmayıb. Ermənini görənlər
tezliklə onların mənəvi varlığına (əslində
yoxluğuna) nüfuz edə biliblər. Biliblər
ki, ermənilərin bu xasiyyəti sadəcə çirkin mənəviyyatsızlıq
deyil, beyinlərində ancaq irtica virusları gəzdirmək xəstəliyidir.
Hətta xəstəliyə o dərəcədə yoluxublar
ki, fəxrlə özlərinə orijinal bir millət kimi “erməni
xəstəliyi” deyilən bir marka da
yapışdırıblar və deməli, bunlar xəstə
olmaları ilə fəxr edirlər. Daha buna nə
deyəsən. Deməli, doğrudan, bu millət
xəstədir”.
XX əsrin
əvvəllərində özlərinə qədim Azərbaycan
torpaqlarının doqquz min kvadratkilometrində respublika qurub,
bu gün onu iyirmi doqquz min kvadratkilometrə çatdıran və
bununla da gözləri doymayan, Azərbaycanın Qarabağ
torpaqlarını işğal edib özününküləşdirməyə
çalışan bu mənfur millətin acgözlüyü
və türklərin hesabına dirçəlib, sonradan onlara
düşmən kəsilməsi haqqında antitürklərdən
biri olan Şərq üzrə tanınmış tarixçi
İ.Dyakonovun fikirlərini misal gətirir: “Erməni etnosu
Qafqazın sərhədlərindən kənarda
formalaşmışdır”.
Tofiq
müəllim kitabda İ.Dyakonovun bu fikrinə əsaslanan
K.İmanovun “Daha kim qaldı ki, deməsin.
İndi Ermənistan adı ilə tanınan ərazi erməni
etnosunun vətəni deyil” fikrinə əsaslanaraq ermənilərin
bu torpaqlara sonradan gəldiyini, onların qaraçılar kimi
oturaq həyat keçirmədiklərini, həmişə gəzərti
olduqlarını vurğulayaraq bununla bağlı kitab müəllifinin
aşağıdakı fikrini nümunə gətirir: “Tarixən
erməni didərgin bir əşirət olub, qaraçılar
kimi köçəri camaat olub. Onlar hətta
qaraçılarla da müqayisəyə gəlməzlər:
qaraçılar özləri gəzəri olublar, ancaq erməniləri
həmişə məskun olduqları dövlətlərin
torpaqlarından qovublar, vətən sözü onlara
yaraşmır”.
Akademik bu fikirləri K.İmanovun fikirlərinə əsaslanaraq
yazır. Bu fikirlər torpağı 25 ildən artıq erməni
əsarətində olan Vətən övladının vulkan
kimi püskürən nifrətinin kükrəyən əks-sədasıdır.
Həm kitab müəllifi, həm də bu kitab
haqqında fikir söyləyən akademikin çörəkitirən,
girəvə tapan kimi çörəyini yeyib,
torpağında yaşadığı xalqa xain çıxan
bir toplumun, üzdəniraq ermənilərin kimliyini göstərən
kiçik bir detaldır.
Yazıda öz əksini tapan faktlardan məlum olur ki, ermənilər
Azərbaycan türklərinin təkcə torpaqlarına
göz dikməyiblər, onların qədim incəsənət,
ədəbiyyat nümunələrini də
özününküləşdirməyə
çalışıblar. Azərbaycan mətbəxini,
mədəniyyət nümunələrini öz adlarına
çıxmaqla kifayətlənməyən ermənilər,
şifahi xalq ədəbiyyatı nümunələrini də
öz adlarına çıxmaqdan çəkinməyiblər.
Nankor ermənilər hər biri bir türk
tayfasının adı ilə bağlı şifahi xalq
şeiri janrı olan varsağını da öz adlarına
çıxmağa çalışmışlar. Məqalədə göstərilir:
“Gəraylının xüsusi forması olan varsağı
varsaq qıpçaq tayfasının şeir
yaradıcılığıdır, mahnı forması Azərbaycanın
qədim Manna dövlətinin Mahan tayfasından gəlir.”
Bir ona
heyfsilənirəm ki, Tofiq müəllim ermənilərin
varsağı şeir formasını mənimsəmək istədiklərindən
bəhs edərkən qeyd etməyib ki, əgər sizin zəngin
şeir janrınız olsaydı, tərifini göylərə
çıxardığınız, XVIII əsrdə
yaşayıb yaradan aşığınız
(qusanınız) (Akademik qusan sözünün də türk
sözü olduğunu və qoşmaq sözündən
düzəldiyini qeyd edir) Sayat Nova özündən sonra qoyub
getdiyi, təqribən 220 şeirin 68-ni erməni, 34-nü
gürcü, 120-ni isə Azərbaycan türkcəsində
yazmazdı.
Akademik
Tofiq Hacıyev məqalədə bu məsələ ilə
bağlı yazır: “K.İmanovun istinad etdiyi alman səyyahı
(Hakhauzen) XIX əsrin ortalarında yazırdı ki, Kiçik
Asiya yarımadasında (Türkiyədə) toyları ən
çox erməni aşıqları aparırlar. Deməli, erməni türkün şeir və
musiqisi ilə özünə yaşayış təmin etməklə
kifayətlənməyib, həm də onun
yaradıcılığına sahib çıxır. Hətta görkəmli rus türkoloqu V.Qvardlevski
1920-ci illərdə ermənipərəst ermənişünaslara
qarşı varsağı şeir formasının və həmin
adla aşıq melodiyasının məhz türkə məxsus
olması haqqında xüsusi məqalə
yazmışdır.”
Məqalədə ermənilərin Molla Nəsrəddin
lətifələrini də özününküləşdirməyə
çalışdıqlarından söhbət
açılır.
Akademik kitabda erməni dilinin müəyyən müddətdən
sonra türk dilinin təsiri altına düşməsindən,
illər keçdikcə türk sözlərindən daha
çox istifadə etdiklərindən söhbət
açır.
Məqalədə yazılır: “Kitabda erməni dilinin tarixən
türk dilinin təsirinə düşməsi də elmi əsaslarla
verilir. Qədim erməni dili (qrabar) Hind-Avropa dil
sistemi üzrə qurulduğu halda, yeni, aşxarabar ermənicəsinin
sintaksisi tamamilə türkcənin təsiri ilə
formalaşmışdır. Artıq bu, erməninin
oğurluqla mənimsəməsi deyil, türkcənin
gücü və Şərqdə ümumünsiyyət vasitəsi
kimi fəaliyyət göstərməsinin nəticəsidir”.
Akademik
Tofiq Hacıyev Qabilin 1996-cı ildə çap olunmuş “Hava
necə olacaq…” kitabı haqqında yazdığı
“Çadırlara alışmayın…” adlı məqaləsində
də nəşrdəki şeirlərə əsaslanaraq
Qarabağ, xalqın Qarabağın əsarətdə olan
torpaqları ilə bağlı fikir və düşüncələrini
ürəkağrısı ilə qələmə alıb. “Ədəbiyyat
qəzeti”nin 1997-ci il 21 mart tarixli nömrəsində
dərc olunmuş məqalənin adından da
görünür ki, müəllif hələ
torpaqlarımızın təzə işğal olunduğu
vaxtlarda da qədim Oğuz yurdunun xalqımızın igid
övladları tərəfindən azad ediləcəyinə
inanıb. O yazıb: “Bu gün Qabil müstəqil dövlətinin
itirilmiş torpağını qorumaq üçün
xalqını səfərbərliyə çağıran
döyüşçü şairdir. Keçid
dövrünün burulğanlarında iqtisadi münasibətlərin
yaratdığı çörək əndişəsində
Qabil yenə şair sözünü deyir. Xalqını süstləşməyə qoymur.
Qabil haray çəkir:
Barışqanlıq
cinayətdir
Lap bir
anlıq - cinayətdir,
Alışqanlıq
cinayətdir,
Çadırlara alışmayın.
Şairin misraları sadəcə şeir deyil, Xocalı
harayıdır. Şuşa naləsidir. Vətən sızıltısıdır. Bu bəndlər bayrağımıza
yazılmalı, çadır şəhərciklərinin girəcəyində,
ortasında, üstündə bərkidilməlidir.”
Akademik göstərir ki, Qabilin şeirinin bu bəndini
oxuyanın torpaq dərdi, yurd dərdi sanki bir tufana çevrilib
onun köhnəlməyən dərdlərini yenidən təzələyir. Ona görə
də məqalə müəllifi “Çadırlara
alışmayın” şüarının çadır şəhərciklərinin
bir yerində vurulması ilə razılaşmır, həmin
şüarı çadır şəhərciklərinin hər
yerindən asmağa, insanları doğma yurda qayıtmağa
tələsdirir.
Bu, təkcə şair istəyi deyil, bu istək həm
də hər bir elm adamının – alimin, yurd itkisi ilə
barışmayan, ona tez qovuşmağa çalışan bir
Vətən sevdalısının könül
hayqırtısıdır.
Şairin
şeirlərini təhlil edən Tofiq Hacıyev misralara əsaslanaraq
öz içindən keçən göynərtiləri, bəzilərinin
bu torpaq itkisinə biganəliyini belə ifadə edir:
“Restoranların qarşısından keçərkən
düzülmüş maşınların səfində
şair müharibə əhvalı görmür. Toylarda, mağarlarda, çal-çağırlarda
müharibə havasını duymur”.
Bu fikirlər şairin şeirinə əsaslanan məqalə
müəllifinin şahidi olduğu hadisə və
qarşılaşdığı insan
etinasızlığına, laqeydliyinə üsyanıdır. Torpaq həsrətini
özünün baş dərdi sayan Azərbaycan
ziyalısının yurduna, Vətəninə olan sevgisinin
publisistik ifadəsidir.
Məqalənin
sonunda akademik Tofiq Hacıyev Qabilin şeirlərinə əsaslanıb
öz daxilində yaşatdığı fikirlərini də
dilə gətirib yazır: “Şeirləri ilə Qabil bu
günün tarixini yazır, tarixi-etnik psixologiyamızın
bugünkü böhranını təhlil edir. Bircə
o istək qalır ki, deyək, döyüşçülərimiz
Qabilin şeirlərini, “Ümid sənədir ancaq, Azərbaycan
əsgəri!” marşını oxuya-oxuya Qarabağ uğrunda
döyüşə getsinlər!”
Mən də bu yazını oxuyandan sonra düşündüm ki, yerin behişt olsun, ustad, bu gün Müzəffər Ali Baş Komandanımız başda olmaqla qəhrəman ordumuz bizi, o cümlədən bütün Azərbaycan xalqını Sizin, eyni zamanda, şair Qabilin arzuladığı səadətə qovuşdurdu!
Kaş ki, bu Qələbə sevincimizi Sizinlə
birgə yaşasaydıq! Təəssüf! Çox təəssüf...
Ustad!
Sərdar Zeynal
525-ci qəzet.- 2020.-
3 dekabr.- S.10.