Yurdun əsgəri

 

Qələbə müjdəli xəbərlərdən de,

Artıq azad olan şəhərlərdən de.

Vətən tarix yazır zəfərlərdən de,

Özünə ev bilib soyuq səngəri,

Zəfərin mübarək yurdun əsgəri!

 

Ali Baş Komandan min əhsən sizə,

Ordumuzla gün gətirdin bizə.

Qaliblik yaraşır bu ölkəmizə,

Gördüm əsgərlərdə qeyrət, hünəri,

Zəfərin mübarək yurdun əsgəri!

 

Ay Çingiz, Mübariz, Rəşad ruhun şad,

Uğrunda öldüyün Qarabağ azad.

Ordumla gözəldir Şuşada həyat,

Təkcə mən demirəm deyir, minləri,

Zəfərin mübarək yurdun əsgəri!

 

Şuşa kimi elim Vətən!

 

Anam qədər mənə yaxın,

Azad oldu Qarabağım.

O sinəsi barlı bağım,

Şuşa kimi elim Vətən!

 

Ən ətirli, gül bağından,

Sönməyən od-ocağından.

Bərəkətli torpağından,

Qüvvət aldı qolum Vətən!

 

Çıxdın sən bir günə,

Düşmə bir duman-çənə.

Nəğmə qoşdum mən sənə,

Sevə-sevə gülüm Vətən!

 

Ömrüm-günüm, gündüzüm,

Qurban olum sənə özüm.

Dodağımda şirin sözüm,

Ey nəğməli dilim Vətən!

 

Bir gedirik Şuşaya

 

Gözlədiyim an gəldi,

Zülmətimə dan gəldi.

Ən bəxtəvər gün gəldi,

Yol açıqdı o taya,

Bir gedərik Şuşaya.

 

Dağlarında dumanı,

Sakinində vicdanı.

Gördüyün gülüstanı,

Bax, deyərsən ataya,

Bir gedərik Şuşaya.

 

Rəhbər, ordum afərin,

Dadın bildik zəfərin.

Şuşayadı səfərim,

Yar sənlə gələn yaya,

Bir gedərik Şuşaya.

 

 

Fuad Biləsuvarlı

 

525-ci qəzet.- 2020.- 3 dekabr.- S.15.