Gözlərimizin nuru vətən
Esse
İkinci Qarabağ savaşı - Vətən müharibəsi
başlayandan sonra, internetin zəifləməsi
ilə bağlı, meylimi radioya saldım.
Hər saatın
başında həyəcanla
xəbərləri dinlədim. Birinci Qarabağ
müharibəsinin veteranı,
bu gün də ayağındakı
qəlpə üzündən
əsayla güclə
gəzən qardaşım
Nəsib Ağdamın
Xındırıstan kəndində
köçkünlər üçün
salınmış qəsəbədəki
evindən ayrılmadı.
Mərmilər kəndə, onun
evinin yan-yörəsinə
düşdü, amma
o, yenə ailəsi ilə birgə evində qaldı. Bir gün yenə ürəyimə qara fikirlər gəlmişdi.
Əllərim əsə-əsə oğluna zəng elədim, telefonu götürdü və təmkinlə atasının
şəhid yasında
olduğunu söylədi.
Başladım ona suallar verməyə:
- Ora çoxmu atırlar, mərmilər yaxına düşür,
yaxşısınızmı...
Hünər mənə çox
arxayınlıqla, lap atası
kimi cavab verdi:
- Müharibədi də, atırlar...
Ergidə məskunlaşan bacımın
oğlu Valeh, Yanğından Mühafizə
Xidmətində çalışır. Daim döyüşçülərlə
bir yerdə olurdu. Bir dəfə maşından
düşəndən 10-15 dəqiqə sonra düşmən mərmisi
həmin avtomobilin düz üzərinə düşmüşdü. Bir dəfə də, yaxınlığa düşən
mərminin fırtınasından
3 saat qulağı tutulmuşdu. İki körpə
balası var. Müharibə
başlayandan mən ona, qardaşımgilə,
Bərdədəki qohumlarımla
birgə bütün əsgərlərimizə, millətimizə,
dövlətimizə dua
edirdim.
Bu möhtəşəm, möcüzə kimi, xəbərlərin ən
gözəli olan Qələbə sorağını
eşitdikdən sonra bir bacım ailəsi ilə Ağdamın Baharlısına,
o biri bacım, Valehin anasıgil isə Ergiyə - evlərinə qayıtdılar.
Bacım deyir, Tərtərin yaxınlığından keçəndə
baxırsan ki, darmadağın olub evlər, adamlar çadır qurub, bəzən o çadırları
da mərmilər dağıdıb. Amma bu gün adamların üzü gülür. Sevincdən qanad
açıb uçurlar.
Heç
yadımdan çıxmaz.
Bacım
deyirdi ki, bu müharibənin ilk günündə adamlar mərmi yağışından
qocaları, körpə
uşaqları ilə
küçədə bir-birinə
sığınmışdılar. Maşınlar gəldi və
o evindən ayrılıb
küçədə, axşamın
ayazında çöldə
qalan adamların yanında dayandılar.
Maşından kişilər düşdü,
isti-isti çörək
payladılar, onların
yanında olduqlarını
söylədilər, dərdlərinə
şərik oldular.
Bizim necə gözəl, xeyirxah insanlarımız var, bu nə
gözəl paylaşmadır
belə, dərdi də, sevinci də biz belə paylaşdıq, bir olduq, yumruğa döndük və Qələbə qazandıq.
Biz hamımız əsgərə döndük
o gündən, bir-birimizə
dayaq olduq, əsgərlərimizə əlimizdən
gələni etməyə
çalışdıq.
Qələbədən sonra ürəyimiz də yerinə gəldi, internetimiz də düzəldi, amma hərdən yenə mənə çətin gündə
yoldaş olan vəfalı radioya üz tuturam. Bu günlərdə - bilmədim
hansı radio dalğası
olduğunu - eşitdim
ki, Vətən müharibəsində hər
iki gözünun nurunu itirmiş bir igid oğlumuzdan
danışırlar. O igidimiz deyirdi: "Mən öz istəyimlə, ürəyimin
səsiylə getmişəm
döyüşə. Bəs
kim getməlidir
Vətəni, ana-bacımızı
qorumağa? Ən böyük arzum budur ki, Qarabağı
bir daha gözlərimlə görməyi
İlahi mənə nəsib eləsin..." Qəhrəman həkimlər
onun bir gözünün görə
biləcəyi ilə
bağlı xoş xəbər verdiklərini
eşitdikdə elə
sevindim ki...
Vətən, Qarabağ, bizdən
ötrü gözlərinin
nurunu itirmiş həmin qazimiz və onun kimi
yaralı igidlərimiz
üçün mən
sidq ürəklə dualar elədim və hər kəsi onlara dua etməyə çağırmaq istərdim.
Dualarınızı onlardan əskik
etməyək. Qəlbimiz yenə
birgə döyünsün,
onda dualarımız da birləşib nur seli kimi
Yaradanın dərgahına
çatar, inşallah.
Əziz əsgərlərimiz, dağ
kimi əzəmətli igidlərimiz,
yaralarınız bizim yaralarımızdı,
əzizlərimiz! Qoy Şafi
olan uca Allah sizin hər birinizə
tezliklə şəfa versin, gözlərinizə
nur, yaralarınıza məlhəm bəxş
eyləsin! Amin!
Mina RƏŞİD
525-ci qəzet.-
2020.- 3 dekabr.- S.14.