Alban məbədlərinin ermənilərlə
heç bir əlaqəsi yoxdur
İlahiyyat institutunun rektoru Aqil
Şirinov: "Bu abidələr tikilən dövrdə
qafqazda ermənilər yaşamırdı"
işğaldan azad olunan ərazilərində
qədim Alban mədəniyyətinə, zəngin memarlıq
irsinə aid xeyli sayda məbəd, kilsə və
monastırı var. Bu
məbədlərin çoxu mənfur ermənilər tərəfindən
dağıdılıb, talan olunub.
Alban məbədlərinin üzərindəki əlyazmaların
orijinalları hamısı ermənilər tərəfindən
məhv edilib.
Alban kilsələrində demək olar ki, alban
dilində yazı nümunəsi qalmayıb. Ermənilər bununla da Qafqaz Albaniyasının
tarixinə məxsus maddi-mədəni irsi
saxtalaşdırmağa və Albaniyanı
"özününküləşdirməyə"
çalışıblar.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat
üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, ermənilər
həmişə öz uydurduqları hekayətləri tarixi
reallıq kimi təqdim etməyə
çalışıblar. Hətta öz köklərini belə,
əfsanələrə istinadən əsaslandırmağa
çalışırlar: "Ermənilər ümumən
Qafqaz Albaniya irsini özününküləşdirməyə
çalışır, lakin bunu həqiqə elmə yox,
psevdo-elmi dəlillərlə əsaslandırmağa cəhd
edirlər. Kəlbəcər rayonunda bu
yaxınlarda saxta tarixi daşların
hazırlandığı müəssisənin
aşkarlanması onu göstərir ki, ermənilər bu
işdə professionaldırlar. Bu müəssisədə
üstünə erməni-qriqoryan xaçının həkk
olunduğu daşlar kimyəvi məhsulda saxlanılaraq rəngi
dəyişdirilib qədim daşlara bənzədilir və
daha sonra həmin daşlar yerə basdırılır ki, gələcəkdə
arxeoloqlar onları aşkar etdikdə ermənilərə məxsus
olduğunu görsünlər. Lakin ermənilər
anlamırlar ki, elm artıq çox inkişaf edib və istənilən
tarixi abidənin yaşını dəqiq şəkildə
müəyyənləşdirmək mümkündür.
Ermənilərin əsas məqsədi alban irsini tamamən
inkar etmək və beləcə Azərbaycan ərazisində
olan xristian abidələrini guya "Şərqi Ermənistan"a məxsus tarixi nümunələr kimi göstərməkdir.
Halbuki qeyd etdiyim kimi, bu iddianın heç bir
tarixi əsası yoxdur. Məsələn,
indi onlar iddia edirlər ki, Xudavəng məbədi erməni
qriqoryan kilsəsinə məxsus dini abidədir. Tarixə nəzər yetirdikdə isə bu abidənin
albanlar tərəfindən inşa edildiyini görürük.
Üstəlik, əgər Xudavəng onların
abidəsidirsə, o halda niyə bu məbəd əsrlərdir
boş qalmışdı? Niyə ermənilər
gəlib bu məbəddə ibadət etmirdilər? Abidəni min ildir ki, müsəlman azərbaycanlılar
qoruyub saxlayıb. Ermənilər isə
yalnız Kəlbəcər işğal olunandan sonra Xudavəngi
kilsə kimi istifadə etməyə başlayıb və onu
qriqoryanlaşdırmağa çalışıblar. Bütün bu faktlar onu göstərir ki, ermənilərin
iddiaları nə tarixə, nə də reallığa
uyğun gəlir".
Dağlıq Qarabağ ərazisindəki Alban məbədlərinin
daşları üzərində həkk etdikləri saxta cizgilərlə,
yazılarla albanlara məxsus abidələrin ermənilərə
aid olması ilə əlaqədar fikirlər irəli
sürürlər.
Rektorun sözlərinə görə, bunun əksini
sübut edən tarixi faktlar kifayət qədərdir. Ermənilər
nə qədər saxtalaşdırmağa
çalışsalar da, bu abidələrdə alban izi hələ
də qalmaqda davam edir. Kəlbəcər ərazisindəki
Xudavəng monastırı, Ağdərədəki Gəncəsər
monastırı və Müqəddəs Yelisey məbəd
kompleksində, Laçın rayonundakı Ağoğlan məbədində,
Azərbaycanın digər yerlərində və
bugünkü Ermənistandakı alban məbədlərində
bu izlər bariz şəkildə qalmaqdadır: "Əvvəla
alban memarlığı ilə erməni memarlığı
üslub baxımından bir-birindən fərqlənir. Həmçinin, alban xaçı öz spesifikliyi
ilə erməni xaçından və digər xristian məzhəblərinin
xaçlarından fərqlənir. Alban
xaçı xristianlığaqədərki günəş və
ay ornamentlərini də ehtiva edir. Həmçinin,
ölçü baxımından da alban xaçdaşları
və erməni xaçkarları bir-birindən fərqlənir.
Alban xaçdaşlarının
hündürlüyü enindən bir neçə dəfə
artıq olurdu. Erməni xaçkarlarının isə
hündürlüyü enindən bir az
artıq olurdu. Mütəxəssislər bu iki
xaçı açıq şəkildə bir-birindən fərqləndirə
bilirlər".
Ermənistanın Azərbaycana qarşı təcavüzündən
sonra ermənilər işğal altındakı bütün
Alban məbədlərini qriqoryanlaşdıraraq
özününküləşdiriblər. Bu məqsədlə
Alban kilsələrinin o cümlədən, Xudavəng, Gəncəsər
və Ağoğlan məbədlərinin interyerinə,
ornamentlərinə və bədii daş nümunələrinə
dəyişikliklər ediblər.
A.Şirinov bilirib ki, ermənilər restavrasiya adı altında
bu abidələrdə dəyişikliklər edərək
alban izlərini silməyə çalışıblar. Bu məqsədlə
sözügedən məbədlərə qriqoryanlığa
məxsus motivləri əlavə ediblər: "Ancaq qeyd edim
ki, memarlıq və tarix öz sözünü deyir. Nə qədər dəyişdirməyə
çalışsalar da, bu məbədlər hələ də
ilkin memarlıq üslublarını qoruyurlar. Tam dəyişdirmək üçün gərək
o məbədləri tamamilə dağıdıb, yerində
memarlıq üslubu baxımından yeni məbədlər
tiksinlər. Tarixə də nəzər
salsaq görərik ki, qeyd olunan məbədlərin
hamısı albanlar tərəfindən inşa olunub. Məsələn, götürək VIII-IX əsrlərdə
albanlar tərəfindən inşa edilməyə
başlanılan, daha sonrakı dövrlərdə başqa məbədlərin
də əlavə olunduğu Xudavəng monastır kompleksini.
Məşhur alban tarixçisi Mxitar Qoşun
(1120-1213) verdiyi məlumata əsasən, bu məbədin əsasının
qoyulması ilkin xristian təbliğatçılarının
Qafqaz Albaniyasında təbliğat fəaliyyəti ilə məşğul
olduğu dövrə təsadüf edir. Fikir
verirsəniz, burada məhz Albaniyadkı təbliğatdan
söhbət gedir, Ermənistandakı deyil. Ermənilər o dövrdə nəinki Qarabağ,
bugünkü Ermənistanda belə, yaşamayıblar. Bu kompleksin ən önəmli abidələrindən
olan Arzuxatun kilsəsini 1214-cü ildə Yuxarı
Xaçının alban knyazı Vaxtanq Taqavoraznın
(ö.1214) həyat yoldaşı Arzu Xatun tikdirmişdir.
Gəncəsər monastırının əsas
kilsəsi olan Müqəddəs İohann kilsəsi isə yenə
məşhur Xaçın knyazı Həsən Cəlalın
(1215-1261) əmri ilə 1216-1240-cı illər ərzində
inşa olunmuş və inşası bitdikdən sonra şəxsən
Albaniya Katalikosu II Nersesin və onunla birlikdə 400
keşişin iştirakı ilə açılıb. Kilsənin narteksi də Həsən Calalın ailəsi
tərəfindən inşa etdirilib. Laçın
rayonunda Ağoğlan çayının sahilində yerləşən
Ağoğlan məbədi də həmçinin. Bu məbəd də albanlar tərəfindən qədim
bütpərəst məbədinin üzərində inşa
olunub. Kəlbəcərdəki Kolatağ və Çərəkdar
monastırları, Tərtər rayonunun Suqovuşan və Təpəkənd
kəndləri arasında yerləşən Müqəddəs
Yelisey monastırı və Qarabağda mövcud olan digər
tarixi xristian dini abidələri Qafqaz Albaniyasının
mirasıdır və onların ermənilərlə heç
bir əlaqəsi yoxdur. Ən azından ona
görə ki, bu abidələr tikilən dövrdə Qafqazda
ermənilər yaşamırdı".
Azərbaycan hökuməti Şəkidə və Qəbələdə
alban kilsələrini bərpa etsə də, Alban dini mərkəzi
hələ də Rusiya qərarına əsasən, erməni
kilsəsinə tabedir. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq
və bunu dünya ictimaiyyətinə çatdırmaq
üçün Azərbaycan hökuməti tərəfindən
lazımi işlər görülüb.
Rektorun
sözlərinə görə, hökumət bu sahədə
öz üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirir: "Qeyd etdiyiniz kimi, Şəki rayonunun
Kiş kəndi ərazisində yerləşən və bəzi
tədqiqatçılara görə, Qafqazın ilk kilsəsi
olan Müqəddəs Yelisey kilsəsi, eləcə də Qəbələ
rayonu Nic qəsəbəsində yerləşən Cotari
Alban-Udi kilsəsi başda olmaqla Qafqaz Albaniyasına məxsus
çox sayda dini abidə dövlət tərəfindən təmir
olunub. Bu proses indi də davam etməkdədir. Qədim
alban kilsələri və monastırları dövlət
hesabına restavrasiya olunur. Bu da Azərbaycan
hökumətinin qədim Alban İrsinə verdiyi dəyəri
göstərir. Ölkə
başçısı dəfələrlə öz
çıxışlarında Qafqaz Albaniyası irsinin bizim
üçün mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb. 25 noyabrda Kəlbəcərin
işğaldan azad olunması münasibəti ilə xalqa
müraciətində də "Qafqaz Albaniyasına aid olan
tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir.
Biz bu kilsələri qoruyuruq" deməklə
Azərbaycan hökumətinin alban irsinə verdiyi dəyəri
bir daha dilə gətirib.
Alban kilsəsini xristian dünyasında müstəqil
kilsə kimi qəbul etdirməyə gəlincə, onu qeyd edim
ki, bu, birbaşa hökumətin işi deyil. Bildiyiniz kimi,
Qafqaz Alban Kilsəsinin mənəvi varisləri olan udilər
Azərbaycanda yaşayırlar. Onlar kompakt
halda Qəbələ rayonu Nic qəsəbəsində və
qismən də Oğuz rayonunda məskunlaşıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Alban-Udi xristian icmasını qeydiyyata alıb. Bildiyimiz
kimi, Rus Çarı I Nikolayın 11 mart 1836-cı il Fərmanı əsasında Rusiya Senatı
10 aprel 1836-cı il tarixli Əsasnamə ilə Alban Apostol Kilsəsini
erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verərək
Alban kilsəsinin fəaliyyətinə xitam verib. Çar Rusiyası tərəfindən verilmiş və
heç bir əsası olmayan bu qərar artıq etibarlı
sayıla bilməz. Alban kilsəsinin mənəvi varisləri
olan udilər özlərini heç vaxt qriqoryan kilsəsinə
bağlı hiss etməyiblər. Yaxşı
olar ki, Alban-Udi icması bu işlə məşğul olsun və
xristian dini mərkəzlərində bu kilsənin
tanınmasına nail olsun. Məndə olan
məlumata görə, Alban-Udi icması bu sahədə
işlər görür. Bu işləri
intensivləşdirərək gələcəkdə
sözügedən tarixi kilsənin tanınmasına və mən
deyərdim ki, haqqının geri verilməsinə nail olmaq
lazımdır".
A.Şirinov vurğulayıb ki, Alban məbədləri ilə bağlı tarixi ədalətin bərpa olunması üçün tarixçilərimiz və dini icmalarımız üzərinə müəyyən vəzifə düşür. İlk növbədə alban tarixinin təfərrüatı ilə araşdırılması və bu araşdırmaların xarici dillərdə sanballı nəşriyyatlarda yayımlanmasına ciddi ehtiyac var: "Ölkəmizdə qabaqcıl albanşünas alimlər var və bu alimlərin Azərbaycan və rus dillərində sanballı tədqiqat əsərləri dərc olunub. Bu tədqiqatların xüsusən ingilis, fransız və digər dünya dillərinə tərcümə edilərək Qafqaz Albaniyası irsinin dünya səviyyəsində tanıdılması böyük zərurət kəsb edir. Bu sahədə müəyyən işlər görülüb, ancaq fəaliyyətlərin intensivləşdirilməsinə ehtiyac var. Dini müstəviyə gəlincə isə, qeyd etdiyim kimi, bu işdə dini icmalar aktiv olmalıdırlar. Xüsusən ölkəmizdə fəaliyyət göstərən xristian dini icmaları sözügedən kilsənin tanıdılmasında Alban-Udi icmasına beynəlxalq səviyyəli platformalarda dəstək versələr, bu işdə də irəliləyişlərə nail olmaq mümkün olar. Çox təəssüf ki, dünyada mövcud olan xristian kilsələrinin mənsubları arasında Alban kilsəsi haqqında məlumat əskikliyi var. Halbuki bu kilsə Apostol kilsəsi olmaqla ümumxristian tarixi baxımından da əhəmiyyət kəsb edir. Bu əskikliyin aradan qaldırılmasında və sözügedən kilsənin tanıdılmasında ölkəmizdə fəaliyyət göstərən xristianyönümlü dini icmalar mühüm rol oynaya bilərlər".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Azərbaycan Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi təklifinə gəlincə, A.Şirinov deyib ki, o, şəxsən bu ideyaya müsbət yanaşır və bunun faydalı olacağını düşünür: "Qeyd etdiyim kimi, Alban-Udi Xristian Dini İcması Qədim Qafqaz Alban Apostol Kilsəsinin mənəvi varisidir və əgər sözügüdən kilsələr hansısa icmanın nəzarətinə veriləcəksə bu, ilk növbədə Alban-Udi icmasının haqqıdır. Qeyd edim ki, Alban-Udi icması alban məbədlərinin ermənilər tərəfindən dağıdılmasını və qriqoryanlaşdırılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində çox işlər görüb və görməkdə davam edir. Bu icmanın rəhbəri Robert Mobili ümumilikdə Qafqaz Albaniyası tarixinə və xüsusən də alban kilsəsinin tarixinə kifayət qədər bələddir. Əminəm ki, sözügüdən icmanın Alban kilsəsinin dünyada tanıdılmasına yönələn fəaliyyəti bundan sonra da artan templə davam edəcək və öz səmərəsini verəcək. Lakin onu da vurğulamaq istərdim ki, Alban mədəniyyətinə məxsus məbədlərin Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi ilə əlaqəli qərarı məsələnin müxtəlif aspektlərini dəyərləndirdikdən sonra aidiyyəti qurumlar verə bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 4 dekabr.- S.10.