Arzusuna çatan
qəhrəman
Seyidov
Əli Rahin oğlu 1999-cu ilin iyulun 11-də Bakı şəhərində
anadan olub. 2006-cı ildə 1-ci sinifə Rixard Zorge adına 90
saylı orta məktəbə gedib.
Əli
uşaqlıqdan kikboks və ağır atletika üzrə
yarışlarda birincilik də qazanıb. 15 qızıl, 6
gümüş, 3 bürünc medalın sahibi olub. 2017-ci ildə
orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına
imtahan verib. Lakin cəmi 2 balla kəsilib. Başqa istənilən
instituta qəbul olmaq fürsəti olsa da, Əli imtina edib.
2018-ci
ilin yanvarın 1-də hərbi xidmətə yola
düşüb. Goranboyda - Ballı qayada hərbi xidmətə
başlayıb. 3 aydan sonra bölgüdə Ağdama
düşüb və cəmi 3 ay ərzində komandiri tərəfindən
silahı hamıdan tez söküb-yığmaq üzrə (4
dəqiqə ərzində) təşəkkürnamə və
bayraqla təltif olunub. Hərbidəki fərqliliyinə
görə "Yırtıcı" ləqəbi ilə
çağırılan qəhrəmanımız 2019-cu ildə
hərbi xidmətini bitirib gəlsə də, yenidən hərbi
hissəyə qayıdıb və müddətdən artıq
həqiqi hərbi xidmətə başlayıb.
Qazandığı nailiyyətlərə görə yenə
də təşəkkürnamə və bayraqla təltif
olunub. Hərbi Hissədə "Yırtıcı" və
"Seyid" ləqəbi ilə
çağırılıb. Əli hərbidə qol güləşində,
qaçışda, sərrast nişanla atəşdə və
cəmi 4 dəqiqəyə silahı söküb
yığmaq üzrə rekordçu olub.
Əlini
hamıya nümunə çəkiblər. 21 yaşı var idi Vətən
uğrunda gedən döyüşlərdə iştirak edəndə.
21 erməni postu, 7 erməni ilə əlbəyaxa
döyüşdə onları məhv edib. Döyüşlərdə
qəhrəmancasına vuruşan igidimiz yaralansa belə, yenə
də qabağa gedərək hər kəsə səslənirmiş
ki, "sonacan kişi kimi vuruşun!"
Seyidov Əli Rahin oğlu 2020-ci ilin oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. Əli həmişə deyərmiş ki, "şəhidlik gözəl, mərd, qeyrətli zirvədir. Ən gözəli də Mübariz İbrahimov kimi Mübariz şəhid olan yerdə şəhid olmaqdır".
Arzusuna çatan şəhidimiz məhz Mübariz kimi Mübariz şəhid olan yerdə həlak olub. Son nəfəsində döyüşçü yoldaşlarına gülərək "nolub qan görmüsüz, hər şey yaxşıdı" - deyib. Hətta tabutunu açanda belə üzündə gülüş varmış. Üç qardaşın ən balacası olan igidimiz evin son beşiyi olsa da, hamının başının tacı sayılıb.
2020-ci ilin oktyabrın 10-da Bakıda Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.
Allah şəhidimizə rəhmət etsin!
Şəhidim
(Əli Seyidova həsr olunur)
Səni
Allah yetirmişdi elə
bil,
Düşmən üstə pələng kimi şığıdın.
Bir də gördün qəfil peyda olmusan,
Yağılara yağış kimi yağırdın.
Gözlərinə qurban olum şəhidim,
Bircə zərbən dağ oynadıb yerindən.
Sən ölümün gözlərinə
baxmısan
Zərrə qədər qorxmamısan ölümdən.
Təbəssümü yanağında qalanım,
Öz arzuna çatıb şəhid
olmusan.
Bir ürəkdən pöhrə
salıb nə qədər,
Sən bu xalqın ürəyinə
dolmusan.
Müəllif: Esmira Günəş
525-ci qəzet.- 2020.- 4 dekabr.- S.16.