"Əgər səni unudarsam..."
Esse
Eradan əvvəlki məşhur
Babil sürgünü
zamanı yəhudilər
Qüdsdən zorla çıxarılanda gözlərində
qanlı yaşları,
dillərində əhdləri
vardı: "Əgər
səni unudarsam, ey Yerusəlim, dilim damağıma yapışsın!.."
Yemək
zamanı, dua vaxtı, yuxuya gedərkən, sabah qalxarkən dillərinin
ən ümdə zikri, beyinlərinin ən vacib fikri
oldu Qüds. Ta ki bir gün
o "dili damağa yapışdıran" həsrət
sona çatıb Yerusəlimə qovuşana
qədər kirimədilər:
"Əgər səni
anmazsam, baş sevincimdən üstə qoymazsam, sağ əlim hünərdən
düşsün. Əgər səni
sevməzsəm, qəlbim
yox olsun!" Əminəm ki, o əhdin ərşi titrədən gücünün,
inamının rolu az olmayıb
yəhudilərin gözüyaşlı
çıxdıqları yerə
dönməsində...
... Uzun illər boyu dədə-babalarımızın çörək
verdikləri ermənilər
bir gün çırmanıb ayağa
duranda dizlərinin üstündəki loxma ayaqlarının altına
düşdü. Çörəyi dizinin üstə olanlar pəsinmədilər,
eləcə ayaqlayıb
keçdilər o loxmanı,
bizi doğmaca yerimizdən-yurdumuzdan eləyib
isti aşımıza
su caladılar oturduğumuz yerdəcə.
Üzü şırımlı,
qəlbi paralı, sinəsi dağlı, namusu ləkəli, başılovlu çıx(arıl)dıq
ruhumuzun Qüdsündən
- Qarabağımızdan!
Amma xalqımın əhdi vardı, öz qanına bələndiyi Qarabağdan sağ çıxanlarımız andı-yəmini
ilə qovulurdu onda. Doğmaca yurd-yuvamızdan çıxanda
götürdüyümüz ən qiymətli şey idi "Əgər səni unudarsam, əgər səni anmazsam, ey Qarabağ..." əhdi! Allahın bildiyini torpaqdan gizləməzlər: Bu 30 ildə
səni dilimizdən düşürdüyümüz, ağlımızdan sildiyimiz
bircə gün belə olmadı, ey qədim Azərbaycan
torpağı! Kürəyimiz həsrətdən qovuşub
dilimiz damağımıza
yapışanda da canımızı dişimizə
tutub, göz yaşımızı qəlbimizə
göllədib "Anadır
arzulara hər zaman Qarabağ" dedik. Sən illər boyunca
bizim arzularımızın
anası oldun, ananın olmadığı
yerdə nə sevinc, nə şadyanalıq?! Sən illər
boyunca millətimin qəlbinin, beyninin ucqarlarında ən dərin yarası, kədəri oldun. Ən baş sevincimizin üstünə
qaldırdıq səni
həmişə Qarabağ
kölgəsi kimi... Unutmadıq, unutdurmadıq, andıq, andıqca yandıq, qovrulduq, amma heç vaxt batmadıq unutqanlığın
lehməsində. Kimisə,
nəyisə, haranısa
unutmamağın, daim
anmağın qarşısıalınmaz
enerjisi var. Bütün
elmi-dini inancımla əminəm ki, Qarabağı görməyən,
orada doğulmayan hər bir gənc
azərbaycanlının özü özünü kopyalayan genetik zəncirində
"Əgər səni
unudarsam..." əhdi
dönüb-dönüb surətlənirdi.
Bir daha, bir daha,
bir daha surəti çıxırdı
DNT zəncirində "Əgər
səni anmazsam, əgər səni sevməzsəm..." əhdinin.
Ürəkdən inanıram ki, Haqqın dərgahında əks-səda verən o əhdin gücü də bir başqa qüvvət qatıb qüdrətli Ordumun işğalçının başını əzən yumruğuna. Məhz belə bir əhdlə igidlərimiz düşmənlə əlbəyaxa, üz-üzə, göz-gözə, sözün həqiqi mənasında dişi ilə, dırnağı ilə Azərbaycanın müqəddəs Qüdsü - Yerusəlimi olan Şuşanı azad etdilər. Şəhid oldular, canlarını verdilər, amma sevgili Qarabağı erməniyə vermədilər. Bu ölüm-dirim savaşında silahımız da, təpərimiz də yetərli idi, amma bunun üstünə bir də o əhdin gücünü qatdığımız üçün idi ki, qarşımızdakı düşmən də, sərhədlərimizdən min ağac o yanda sınacağımızı gözləyən yağı da gözübərələ izlədi Ordumun rəşadətini... Şəhidlərimiz Vətən göylərində bayrağa döndülər, müqəddəs iksir kimi doğma yurdlarımızın köksünə əriyib qarışdılar, amma qaytardılar torpağı bizə, bizi Vətənə, Vətəni də özünə! Şəhid-şəhid bütünləşdi bu Vətən! Şəhid-şəhid Vətənləşdi bu torpaq!
Əhdinə, ruhuna qurban olduğum, Vətənin göyünə, bayrağın qırmızısına, torpağın yaşılına dönən ŞƏHİDİM! Bayrağı daha da bayraq, torpağı daha da Vətən edən MÜZƏFFƏRİM! Vətənin əbədi varlığı naminə öz fiziki yoxluğuna razı olan QALİBİM! "Əgər səni unudarsam, əgər səni anmazsam ruhum, qəlbim yox olsun!.." - Bu da hər birimizin sizdən sonrakı yüzillər boyunca cənnətməqam ruhunuz qarşısında əhdimiz olsun!
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.- 2020.- 4 dekabr.- S.6.