İsmayıl İmanzadə: yurd nisgilli nəğmələr

 

2018-ci il noyabrın 11-də Mingəçevir şəhərinin 70 illik yubileyinə məni də dəvət etmişdilər. Tədbirdə bir-birindən maraqlı sərgilər, təqdimatlar, nümayişlər təşkil olunmuşdu.

 

Təqdimatın sonuna yaxın birdən gözüm yazı masasının üzərində sərgilənən kitablara sataşdı. Masanın arxasında İsmayıl İmanzadə dayanmışdı. İsmayıl müəllimlə böyük ehtiramla görüşdük. O, masanın üzərindəki kitabları, onların müəlliflərini bir-bir təqdim edir və təqdim etdikcə sevinc və həyəcandan səsi titrəyirdi. Sanki böyük bir auditoriya qarşısında hesabat, imtahan verirdi.

 

... Cəbrayıl rayonunun erməni quldurları tərəfindən işğalından sonra, 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan İsmayıl müəllim uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan "Səda" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir. Hazırda "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktorudur.    

İsmayıl İmanzadə təpədən dırnağacan ədəbiyyat adamıdır, vətənpərvər ədəbiyyat adamı. Zəhmətkeş, yaradıcı, kövrək qəlbli, saf  bir şair timsalıdır.

 

İsmayıl İmanzadə ömür və yaradıcılıq yolunda çox enişlər, dolaylar, yoxuşlar gördü, çətinə düşdü, tale onu sınaqlara çəkdi. Bunların hamısını yaşadı və içində daşıdı. Təbii ki, bir məqalə səviyyəsində onun bütöv yaradıcılığından söhbət açmaq mümkün deyil. Mən çalışacam ki, onun ötən ilin sonunda nəşr olunmuş iki cildlikdəki şeirlərin bəziləri barədə fikirlərimi oxucularla bölüşüm.

 

Göydən enmiş mələksənmi,

Bir yüyənsiz küləksənmi?

Çərxi dönmüş fələksənmi -

Kimsən, ay qapımı döyən? 

 

Deyəsən, mən oldum bu dəfə İsmayıl İmanzadənin iç dünyasının, "poeziya evi"nin qapısını döyən. Ancaq şairdən soruşmadan, icazə almadan, xəbəri olmadan qapını açıb sakitcə içəri girirəm...

 

İsmayıl İmanzadənin poeziyasının baş qəhrəmanı insandır. Və bu insan obrazını İsmayıl İmanzadə  "Əyrilər düzələn deyil" şeiri ilə ifadə etmişdir. Onun bu şeirində insanın içində yaxşı və pisin, xeyir və şərin mübarizəsi qələmə alınmışdır. Şeir elə birinci bəndindən, birinci misrasından müəllifin təkcə duyğularını ifadə etmir, həm də fəlsəfi mövqeyini əks etdirir.

 

Düzün düz qəlbi var, əyrinin əyri,

Yaxşılar tükənib azalan deyil.

Düzləri qoruyaq, əyilməsinlər,

Əyrilər onsuz da düzələn deyil.

  

Mənə elə gəlir poeziya nümunələrinin (söhbət əsl poeziyadan gedir) əksəriyyəti bizim hələ başa düşmədiyimiz bir məqamın ifadəsidir. Bəlkə elə ona görə də, hər birimiz ixtiyarı bir şairin şeirini özümüz dərk etdiyimiz qədər başa düşür və o şeir haqqında  başa düşdüyümüz qədər fikir söyləyə bilirik. Bəzən şair özü də elə məqama yetişir ki, o məqamda ifadə etdiyi, yaratdığı şeirləri poetik ifadələri özü də izah edə bilmir.

 

İsmayıl Mərcanlının poeziyasının dili sadə, ifadələri aydın, rədifləri axıcı, yadda qalandır. Onun şeirlərində nisgil, kədər, həsrət dolu nəğmələr, oxşamalar,  bayatılar daha çox yer alıb. Kövrək notlar üstə bəstələnib İsmayıl İmanzadənin poeziyası.

 

İlk şeiri "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunanda onun 19 yaşı var idi. O illər hələ İsmayıl İmanzadə köçkünlük, qaçqınlıq və bununla əlaqədar sonralar rast gəldiyi, qarşılaşdığı hisslərlə hələ tanış deyil. Onda gənc şairin qəlbini narahat edən, ruhunu yerindən oynadan, onu şair edən başqa duyğulardır. Hələ Vətən sevgisindən, doğma yurda heyranlığından və bağlılığından  yazır. O, öz dünyasında - Cəbrayıllı dünyasındadır.

 

Ana yurdum, qoy dolanım başına,

Bu sevgimdən çətin dönəm, daşınam.

Hər addımda torpağına, daşına

Yamacına, yoxuşuna vuruldum.

 

Şair o illərdə "sözə vurula-vurula", misra-misra sıralanır, axdıqca durulurdu və "Ömür muncuq düzümüdür" deyirdi...

 

1993-cü ildə, məcburi köçkün kimi Mingəçevir şəhərinə pənah gətirdi. O vaxtlar İsmayıl müəllim elə bilirdi ki, Mingəçevirə müvəqqəti gəlib və tezliklə öz elinə, öz yurd-yuvasına, qayıdacaqdır. Çoxları kimi, o da gətirdiyi əşyaların, bağlamaların, barxanaların çoxunun heç bağını da açmamışdı. Uyuşmurdu şəhərə. Bu boyda şəhər ona qəfəs kimi gəlirdi, öz doğma yurduna-yuvasına can atırdı.

 

Doğma el-obamdır zərim-qızılım,

Özgə kölgəsinə necə qısılım?!

Qəfəsə sığışmır enim-uzunum-

Axı nə işim var mənim şəhərdə?!

 

Lakin sən saydığını say, gör fələk nə sayırmış. Və İsmayıl İmanzadənin şeirlərinin mövzusu da, məzmunu da, ruhu da, arzusu, istəyi də dəyişdi.  O gündən İsmayıl müəllimin baş mövzusu yurd nisgilli nəğmələr, bayatılar, ağılar oldu:

 

Görən niyə qurda-quşa dönmədik,

Nə cihada, nə savaşa dönmədik.

Məhşər günü düşmən üstə atılan,

Yumruq boyda qara daşa dönmədik.

 

İsmayıl İmanzadə Mingəçevir şəhərinə gələnə qədər bu sosialist, kosmopolit şəhərdə, ədəbi mühitdən söhbət belə gedə bilməzdi. Sanki onun gəlişi ilə Mingəçevirə bir ab-hava, yaradıcılıq ab-havası, poeziya mehi, ədəbiyyat mühiti gəlmişdi. İsmayıl İmanzadə Mingəçevirə (və həm də ətraf bölgəyə) təkcə özünün poeziyasını gətirmədi. O, həm də bu bölgəni "şeirin ərazisi" edə bildi. Mingəçevirdə bir ədəbi mühit yarada  bildi.

 

Böyük filosof, görkəmli ədəbiyyat adamı Yaşar Qarayev deyirdi: "Torpaqla səma arasındakı məkan - poeziyadır.

 

Şairin diriykən ilhamı, ölərkən ruhu bu məkana can atır, tələsir". Böyük filosofun ruhu inciməsə, bu kəlamları belə ifadə edərdim. Şairin dirikən ilhamı, ölərkən ruhu anadan olduğu, böyüyüb boya-başa çatdığı, balaca Vətənə, ordakı xatirələrə, mənəvi dəyərlərə, müqəddəs varlıqlara can atır, tələsir. İsmayıl İmanzadə şeirlərində dünyaya göz açdığı Cəbrayılı, Böyük Mərcanlını, Xan Arazı, Diri dağını, Aşıq Pərini, Dirili Qurbanıni, Cəbrayıldakı  Xan Çinarı və s. "qiblə", "ocaq", "pir" adlandırır. Axı onun üçün bu yerlər ocaqdır, pirdir, qibləgahdır. O, şeirlərində bu adları bəlkə min dəfə çəksə də, yorulmur,  əksinə,  İsmayıl  İmanzadə poeziyasında müqəddəsləşir.

 

Kürü Araz  bilir, Bozdağı  Diri,

Qalıb Cəbrayılda qibləsi, piri...

Sızlaya-sızlaya nə vaxtdan bəri,

Bir şair yaşayır Mingəçevirdə.

 

deyərək sızlaya-sızlaya, göynəyə-göynəyə yurd yerlərini yada salır, ancaq bu həsrətə əlac tapa bilmir.

İsmayıl müəllim həmin o doğma yerlərə xitabən yazdığı şeir-məktublarla ovudur özünü. Onun Araz Çayına məktub, Əmək qəhrəmanı, "Oktay Həziyevə" məktub, "Salam Cocuq Mərcanlı", "Salam Çinar" və bu qəbilədən olan şeirlərini oxuduqca İsmayıl İmanzadənin sinəsini göynədən, nəfəsini daraldan ağrılarını, ürək döyüntülərini hiss edirsən. Bu şeirləri həyəcansız oxuya bilmirsən. Bu mənada onun "Araz çayına məktub" şeiri daha təsirlidir.

 

Salam, mənim Xan Arazım,

Sənsiz ömür nəyə lazım.

Qan ağlayır burda yazım, -

Dərd səni də didirmi heç?

 

İsmayıl İmanzadənin Vətən ünvanlı,yurd nisgilli silsilə şeirləri çox maraqlıdır. "Başın dik tut vətən", "Vətən ana, torpaq, namus, sevgi, əmanət", "Cəbrayılda qalan dünyam" və s. Ancaq onun "Haran ağrıyır Vətən" şeiri ürək göynədir:

 

Üzüm gəlmir deyəm sənə

Yaran var ki, ağrımasın?!

Əzilməyən, tapdanmayan

Haran var ki, ağrımasın?!

Məlhəmin yad əlindədir,

Sinəsi yaralı Vətən!

 

... Axı indi necə deyim,

Haran ağrıyır, ay Vətən?!

Canım sənə fəda olsun,

Bilirəm, zəfər soraqlı

Yaran ağrıyır, ay Vətən!..

 

İsmayıl İmanzadənin "Yurd yerlərindən perik düşən həmyerlilərinə" xitabən yazdığı "Tamaşa" poeması düşünürəm ki, hazırda yurd yerlərindən didərgin düşmüş müasirlərinə xitabən yazılmış dəyərli xəritə-yaddaş  əsəridir. Bununla belə, fikrimcə, bu əsər daha çox Cəbrayılı, öz ata-baba yurdlarını  görməmiş, köçkünlükdə dünyaya gəlmiş gənc nəslə xitabən yazılmış bir əsərdir. O, Cəbrayılı, Araz qırağını, Qarabağı qarış-qarış gəzir, yurd yerlərini, müqəddəs məkanları, coğrafi adları bir-bir sadalanmaqla sanki xəritə çəkir. Poemada Cəbrayıl sanki kino lenti kimi oxucunun gözü qarşısından keçir. Hətta Cəbrayılı, poemada adı çəkilən o mənzərəni görməyən adam belə o yerləri tamaşaya dayanır.

 

Yuxuda "dərsəm" də çiçəyin, gülün,

Məni ovunduran, hələ "səsi"dir.

"Tamaşa" didərgin düşən bir elin

Bağrıma basdığım "xəritəsi"dir.

 

İsmayıl İmanzadə Şəhriyarsayağı yurd yerləri onların adları, adət-ənənələri, mətbəxi, məhsulları, töhfələri, insanları barədə ətraflı və müfəssəl məlumat verir.

 

Və poema çox maraqlı və ümidverici bir sonluqla bitir.

 

Cocuq Mərcanlıya çatanda əlim

"Lələ" də təzədən göz açdı gülüm.

Kaş bir gün geriyə qayıda elim,

İsmayıl deyə bu növrağım tamaşa.

 

İsmayıl İmanzadənin şeirlərində o müqəddəs yerlərə - Yurd yerlərinə qayıtmaq arzusu, istəyi, əzmi və inadı bir qırmızı xətlə keçir.

 

Dediklərimə nümunə üçün onun Əmək Qəhrəmanı Oqtay Həziyevə yazdığı "məktubunu" oxumaq kifayət edir. Şeirdə zəfər ümidli nisgil havası keçir:

 

Salam, nə var-nə yox, başına dönüm,

Kaş bir də yanına düşəydi yönüm.

Bilmirəm heç necə danışıb-dinim -

Elə bil kəsiblər dilimi, Oktay!

 

İsmayıl İmanzadənin yurd nisgilli şeirləri təkcə Cəbrayılla məhdudlaşmır. Qarabağ dərdi bütöv Azərbaycan, bütün azərbaycanlıların dərdi olduğu kimi, İsmayıl İmanzadə  poeziyasının  əsas mövzusudur, dərinə işləmiş, daim inildəyən yaralarıdır və hər zaman bu yaralar onu göynətməklə qələmi ilə sapa düzülürək, şeirə, ağıya çevrilir.

 

Qan sızır yurdumun yaralarından,

Həkəri sızlayır, Araz ağlayır.

Murovdan o yana sökülməyir dan,

Ziyarat hönkürüb sinə dağlayır.

 

***

 

Zülmətə qərq olub Qubadlı, Laçın

Şuşanın qubarı kündə-kündədir.

Yolur İstisuda şəlalə saçın

Ağdamın naləsi "Şur" üstündədir.

 

İsmayıl İmanzadənin Qarabağ ünvanlı şeirlərinin sayı bir deyil, beş deyil, saymaqla qurtarmaz və onun ən böyük arzusu da Qarabağa, Cəbrayıla, Böyük Mərcanlıya qayıtmaqdır. Bu ilin dekabrında İsmayıl müəllimin 75 yaşı tamam olur. Hesab edirəm ki, bu ərəfədə Cənab Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində İsmayıl müəllimin Vətəni Cəbrayılın, Böyük Mərcanlının və bütöv Qarabağın  işğaldan azad edilməsi  ona 75 yaşı üçün  misilsiz hədiyyə  oldu.

 

Ramiz GÖYÜŞOV

 

525-ci qəzet.- 2020.- 4 dekabr.- S.14.