Şəhid Rəşad Ələkbərovun
əbədiyyətə qədər davam edəcək
ömür dastanı...
Mənəvi zirvələr fəthedilməzdir. O zirvələrə ucalan Vətən
oğullarının yenilməz inadı, sarsılmaz əzmi,
dəmir iradəsi, Vətən eşqi və fədakarlığı,
qəhrəmanlığı kimi. Şəhidliyin
ənginliklərinə, zirvəsinə qəhrəmanlıqla
ucalan oğullarımız fəthedilməzdir. Bu fəthedilməz oğullarımızın
canı, qanı bahasına Vətən müharibəsində
- Qurtuluş savaşında zəfər qazanmışıq.
Şəhidlik elə bir zirvədir ki, o ənginliyə
ucalmaq hər insana qismət olmur. Bəlkə də, yüzlərlə,
minlərlə insan var ki, Tanrının onu şəhidliklə
mükafatlandırmasını arzulayır, amma onlara şəhidlik
nəsib olmur... Ancaq Tanrının bu uca və
ulu, əbədi zirvəyə yüksəltdiyi Ələkbərov
Rəşad İlqar oğlu kimi oğullarımız da
çoxdur. Tovuz cəbhəsində
baş verən erməni təxribatı "yatmış
vulkan" misallı oğullarımızı qəzəb
atına mindirdi, nəhayət, düşmənə həddini
bildirməyin zamanı gəldiyini təlqin etdi. Bu oğullar illərdir ki, düşmənlə
haqq-hesab çəkmək, ondan öc almaq,
torpaqlarımızı işğaldan azad etmək
gününün yaxınlaşdığını
ruhları, ürəkləri ilə, bir də damarlarında
qan kimi dövran edən intiqam gününün
yaxınlaşdığını hiss edirdilər. Rəşad da o oğullardan biri idi. Ermənistanın təxribatçı
qruplarının Tovuz cəbhəsində yeni
işğalçılıq niyyətlərini gerçəkləşdirmək
məqsədilə təxribatlara başlaması Rəşadı
yerindən oynatdı. O, minlərlə, onminlərlə
gənclərimiz kimi hərbi komissarlığa gedib qeydiyyatdan
keçdi və cəbhəyə
çağırılacağı günü səbirsizliklə
gözləməyə başladı. Səbr
kasası daşırdı artıq, heç cür
özünə yer tapa bilmirdi. Düşmən Tovuz cəbhəsində
layiqli cavabını alıb böyük itkilərlə geri
çəkilməyə məcbur edildi, amma Rəşad yenə
də cəbhəyə çağırılacağı
günə ümidini itirmədi və nəhayət ki, onminlərlə
Vətən fədailərindən biri kimi Rəşad da
düşmənə qan uddurmaq üçün döyüş
cəbhəsinə atıldı.
Nəsli-kökü
Gədəbəy rayonu ilə bağlı olan Ələkbərov
Rəşad İlqar oğlu 1997-ci il
sentyabrın 15-də, Azərbaycan tarixi üçün
çox önəmli olan tarixi bir gündə Azərbaycan
Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində
anadan olub. Gəncə şəhəri 44
saylı orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi
xidmətə gedib, Ağcəbədidə hərbi xidmətə
başlayıb və Füzulidə hərbi qulluğunu
başa vurub.
Rəşad
Ələkbərovun dayısı, Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Sosiologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərli
Rəşaddan danışarkən həm qüssəsini, həm
də qürur keçirdiyini gizlədə bilmir. Faiq müəllim deyir ki, Rəşad Tovuz hadisələrindən
sonra Gəncə şəhəri Kəpəz rayon hərbi
komissarlığına gedərək qeydiyyatdan keçib.
Vətən müharibəsi başlayan kimi yenidən
hərbi komissarlığa gedir və müharibədə
iştirak etmək üçün müraciət edir. Bacısı oğlunun Qurtuluş savaşına digər
gənclərimiz kimi könüllü getdiyini deyən
F.Ələkbərlinin sözlərinə görə,
sentyabrin 29-da Rəşad Ələkbərov ön cəbhəyə
gedib. "Bilirsiz ki, Vətən müharibəsi
ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik
elan edildi, onlarla, onminlərlə gənclərimiz kimi Rəşad
da könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə getməmişdən əvvəl
Şəmkirdə yerləşən N saylı hərbi hissədə
hərbi təlimdə olub, sonra cəbhəyə aparıblar.
Rəşad ailənin yeganə övladı
olub, özündən başqa nə bacısı, nə də
qardaşı var. Rəşadın anası, mənim bacım
Nailə Ələkbərova özü də Birinci Qarabağ
müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə
cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və
onun yaxınlığına düşən düşmən
mərmisindən yaralanıb. Yaralandıqdan sonra
1993-cü ildə Gəncə şəhər Kəpəz
rayonu hərbi komissarlığı tərəfindən
bacıma veteran vəsiqəsi verilərkən orada üzləşdiyi
neqativ hallar nəticəsində ona verilən vəsiqədən
imtina edir, lakin iki il əvvəl yenidən
veteran vəsiqəsi almağa nail olur. Bacım
Nailə Qəzənfər qızı Ələkbərova da
Birinci Qarabağ müharibəsi veteranıdır, hazırda Gəncədəki
alüminium zavodunda işləyir. Rəşad evin tək
övladı olduğu üçün anası ona deyib ki, mənim
səndən başqa dayağım yoxdur, sən müharibəyə
getsən, mənə kim həyan olacaq? Rəşad
da anasına deyib ki, yaxşı, mən getməyim, sən
getmə, başqaları getməsin, bəs onda kim
bu Vətəni, bu milləti qorusun, torpaqlarımızı
işğaldan azad etsin? Anasının
bütün israrlarına baxmayaraq, Rəşad
könüllü olaraq müharibəyə getdi.
Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə
yerləşən N saylı hərbi hissədə hərbi təlimdə
olub. Rəşad ailənin tək oğul övladı
olmasına baxmayaraq, ön cəbhəyə getməkdən
heç cür çəkinməyib, özü bunu israr edib.
Onun ailənin tək övladı olduğu
üçün birbaşa ön cəbhəyə, Qarabağ
cəbhəsinə yox, cəbhədən kənar yerlərdə
xidmət etmək şansı olub, ailənin tək
övladı kimi o, bu şansdan yararlana bilərdi. Amma bütün hallarda ön cəbhəyə getmək,
düşmənlə qaynar döyüş nöqtələrində
döyüşmək istəyib. Rəşad Füzulidə,
Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa
və Xankəndidəki döyüşlərdə qəhrəmanlıqla
döyüşüb, bu şəhərlərimizin və bir
sıra kəndlərimizin işğaldan azad edilməsində
fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən
şəhid olana qədər 1 aydan çox müharibədə
iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin
alınmasında son damla qanına qədər vuruşub.
Rəşad Şuşa döyüşlərində
yaxından iştirak edib və Şuşanın azad
olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. Sonuncu dəfə əlaqə
saxlayıb əmisi ilə telefonla danışarkən deyib ki,
Xankəndinin bir addımlığındayıq, Xankəndidəyik,
Xankəndi də Gədəbəyimiz kimi gözəl bir
yerdir. Çox güman ki, Rəşad Xankəndi
yaxınlığında şəhid olub. Onunla bağlı məlumat noyabrın 7-də
axşam tərəfi alınıb. Amma 8-9
noyabr tarixində ondan heç bir xəbər gəlmədi.
Bilirik ki, noyabrın 7-də 8-də ordumuz
Şuşada idi, döyüşlər artıq Xankəndinə
yaxınlaşırdı. Sadəcə,
noyabrın 8-də təmizləmə əməliyyatı başa
çatdıqdan sonra Şuşanın işğaldan azad
olunmasını dövlət başçısı elan etdi.
Noyabrın 7-si axşamı Şuşa
işğaldan azad olunmuşdu və Xankəndinə
yaxınlaşırdıq. Biz ayın 7-dən
sonra ondan heç bir məlumat ala bilmədiyimiz
üçün güman edirik ki, Rəşad noyabrın ya
8-də, ya da 9-da şəhid olub. Rəşadın
şəhid olması xəbərini biz noyabrın 11-də
eşitdik, bu barədə bibim oğlu Mahirə,
qardaşım Fazilə məlumat verilib. Noyabrın
12-də Rəşadın dayısı Fazil, böyük
qardaşım İlhamın oğlu Ceyhun və bibimiz oğlu
Mahir və digər qohumlar Füzuliyə gedib oradan şəhidimizin
nəşini Gəncə şəhərinə gətiriblər.
Rəşadı noyabrın 12-də Gəncənin
Şəhidlər Xiyabanında dəfn etdik. Mən də
həmin vaxt artıq Gəncədə idim... Biz
şəhidimizi uğrunda canını fəda etdiyi Vətən
torpağında dəfn etdik. Rəşad evin
yeganə övladı idi və anasının ondan, onun da
anasından başqa heç kimi yox idi. Amma
bütün bunlara baxmayaraq, o, Vətənə olan sevgisini hər
şeydən üstün tutdu və qəhrəmancasına
şəhidlik zirvəsinə qovuşdu".
F.Ələkbərli
bildirdi ki, müharibədə R.Ələkbərovun komandiri
Qudbiddin Qoçiyev olub və ilk gündən Rəşad Şuşa uğrunda gedən döyüşlərdə
şəhid olana qədər bir yerdə olublar: "Rəşadın
komandiri mənimlə söhbətində onun Hadrutda, Xocavənddə,
Daşaltıda və Şuşada qəhrəmancasına
döyüşdüyünü deyib. Rəşadın
döyüşçü yoldaşı Sədiyar Musayevlə
də danışmışıq. Sədiyar da mənə
dedi ki, Rəşad sona qədər igidliklə
döyüşüb, bütün döyüş
tapşırıqlarını yüksək səviyyədə
yerinə yetirib. Döyüşçü yoldaşı onu
da dedi ki, Rəşadın sürücülük qabiliyyəti
olduğu üçün lazım gələndə hərbi
maşınların vasitəsilə əsgərlərin yerdəyişməsi
prosesində fəallıq göstərib, xüsusilə də,
Daşaltı və Şuşa
döyüşlərində fərqlənib. Ümid
edirəm ki, Rəşad İlqar oğlu Ələkbərova
dövlətimiz tərəfindən "İgidliyə
görə" ordeni verilər. Eyni
zamanda, Rəşadın adının oxuduğu məktəbə
verilməsini arzulayırıq".
Ömrün qısa olsa da, müharibənin odundan-alovun
keçib səni qəhrəmana çevirən həyat
dastanın hələ neçə-neçə illər, əsrlər
dillərdən düşməyəcək, səni
yaşadacaq, sənin arzularını, ananın səninlə
bağlı arzularını solmağa qoymayacaq, Rəşad. Anan Nailə
xanım ağlayır, onun yanağına süzülən
göz yaşları acılı və qürurludu, Rəşad.
Acıdır, ona görə ki, tək
ümidini, evinin dirəyini, dar gününün gərəyini
itirib, ocağının bircə yanan çırağı
sönüb. Ananın göz
yaşları ona görə qürurludur ki, onun oğlu
müzəffər, qalib, qəhrəman
döyüşçü olaraq şəhidlik zirvəsinə
ucalıb. Ananın yeganə pənahı
ümidi idin Rəşad, indi bütün gəncəlilərin,
bütün Azərbaycanın qürur duyduğu bir Vətən
oğlusan. Elə bir Vətən oğlu
ki, indi sənin adın dillərdən düşmür, indi sənin
qəhrəmanlığın dastana çevrilib.
Qurtuluş savaşında yazılan zəfər dastanının ilk səhifələrində imzası olan oğullardan birisən Rəşad, imzan heç zaman solmayacaq, silinməyəcək. Gəncənin Şəhidlər Xiyabanındakı əbədi məkanın, o mübarək evin həmişə qonaqlı-qaralı olacaq. Səni təkcə anan ağlamayacaq. Səninlə yalnız yalqız qalan anan öyünmür, bütün Gəncə, bütün Azərbaycan sənin qəhrəmanlığınla öyünür. Ölümsüz qəhrəmanımız Rəşad İlqar oğlu Ələkbərov əbədi olaraq yaşayacaq. Nə qədər xalqımız var, nə qədər dövlətimiz var, nə qədər köksümüzdə ürəyimiz döyünür, o qədər də o oğullar yaşayacaq. Əbədiyyətin, uca şəhidlik adın mübarək Rəşad!
İradə
SARIYEVA
525-ci qəzet.- 2020.- 5 dekabr.- S.16.