Bu zəfər xalqın tarixini bəzədi
Azərbaycan 2020-ci ilin son ongünlüklərini
qazanılmış qələbəyə görə bayram əhval-ruhiyyəsində
qeyd edir.
10 noyabrda Ermənistanın siyasi və hərbi rəhbərliyi
əsasən qeyd-şərtsiz məğlubiyyətə imza
atmış, ordusunun bütünlüklə məhv edilməsinin
qarşısını almaq üçün bu
alçaldıcı addımı atmağa məcbur
olmuşdu. Ermənistan dövlətinə
başçılıq edən avantüristlər üç
onillik ərzində daim Azərbaycan ordusunun döyüş
qabiliyyətinə inanmır, ona istehza qaydasında
şübhə ilə baxırdılar. Onlar
əks tərəfin siyasi, iqtisadi və hərbi cəhətdən
xeyli möhkəmlənməsini də nəzərə
almır, eyforiya dumanının zəhərli nəşəsi
ilə nəfəs almaqda davam edirdilər.
Azərbaycanın siyasi rəhbərliyi isə
torpaqlarının düşmən tapdağından azad
olunması məqsədinə sadiq qaldığını bəyan
edir və bunureallaşdırmaq üçün hər cür
hazırlıq tədbirlərini həyata keçirirdi. İqtisadi
qüdrəti hesabına böyük maliyyə imkanlarına
yiyələnən bir dövlətə çevrilməsi Azərbaycana
ordu quruculuğu ilə də müasir tələblərə
cavab verən qaydada məşğul olmağa şərait
yaratdı. Ordu ən yaxşı hərbi
texniki, silah-sursatla təmin edildi, silahlı qüvvələrdə
intizam və hərbi hazırlıq səviyyəsi xeyli
yüksəldi, vətənpərvərlik ruhu, fədakarlığa
hazır olmaq əsgər andının mənəvi tərkib
hissəsinə çevrildi. Ordunun
döyüş səviyyəsinə birbaşa təsir
göstərən mənfi cəhətlər aradan
qaldırıldı. Əslində, son
onillikdə yeni texnika və silahla təchiz edilmiş və
ruhən tam yeni ordu formalaşdırıldı. Xalq əsgər və zabitlərin epizodik qəhrəmanlıq
nümunələri ilə fəxr etməyə
başladı.
Ermənistan torpaqlarımızı işğal edəndə
ölkədə xaos, anarxiya meylləri öz
dağıdıcı təsirlərini göstərməkdə
davam edirdi. Qabiliyyətsiz siyasi rəhbərliklər bir-birinin
ardınca dəyişdirilirdi. Çünki
onlar nizami ordunun yaradılmasına və onun təkcə
silahla deyil, hətta qida ilə təmin edilməsinə laqeyd
yanaşırdılar. Ölkə rəhbərliyi
xalqın tələbi ilə möhkəmləndirildikdən
sonra keçmişin Avgi tövləsini təmizləməyə
xeyli vaxt sərf edildiyindən, ordu quruculuğu da müvafiq
olaraq ləng gedirdi. Ona görə də
torpaqların azad olunması şüarları tez-tez səslənsə
də, gerçəklik bu çağırışa cavab verə
bilmirdi.
XX əsrin başlanğıcından Azərbaycan
iqtisadi-sosial geriliyi ilə bütünlüklə
vidalaşdığı kimi, ordu quruculuğuna və onun təchizatına
diqqət əsaslı surətdə dəyişildi. Son 20 ildə ölkənin
iqtisadi qüdrəti xeyli böyüdü, orduq uruculuğu
sahəsində əldə edilən nəticələr isə
danışıqlar fayda vermədiyi təqdirdə, Ermənistan
rəhbərliyi isə həmin prosesi uzatmaqla mövcud
status-kvonu, başqa sözlə, işğal vəziyyətini
saxlamağa və uzatmağa cəhd etdikcə, Azərbaycanın
ərazi bütövlüyünün hərbi yolla həll
olunması müstəvisinə keçirilməsi zərurəti
meydana gəldi. Erməni silahlı qüvvələri
özlərinin cəzasız qalacaqlarına əmin
olduqlarından ardıcıl olaraq tərk-silah şərtlərini
pozur, əsgərlərimizi tək-tək də olsa qətlə
yetirirdilər. Ermənistan hərbçilərinə
cavab kimi müharibə qaçılmaz olduqda, Azərbaycan
Ordusu bir neçə istiqamətdə hücuma keçib, erməni
silahlı birləşmələrinə ağır zərbələr
vurdu. 44 gün davam edən müharibə
nəticəsində işğal olunmuş ərazilərin
hamısı erməni qoşunlarından azad olundu. 10
noyabrda imzalanan üçtərəfli - Azərbaycanın,
Ermənistanın və Rusiyanın birgə bəyanatına
görə, Ermənistan ordusu Kəlbəcər, Ağdam və
Laçın rayonlarını döyüşsüz tərk
etdi və həmin rayonlar 3 onilliyə yaxın müddətdən
sonra Azərbaycanın ərazi yurisdiksiyasına
qatıldı.
Ölkədə qələbənin qazanılması
xalqın böyük sevincinə səbəb oldu. Bakıda
izdihamlı yürüşlər günlərlə davam etdi.
Azərbaycan bayrağı xalqın arzu etdiyi və
yenidən yiyələndiyi ən böyük mənəvi
hündürlükdə dalğalanmağa başladı.
Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq
ifadələri, məhəbbət sədaları dillərdən
düşmürdü. Ölkə
Prezidenti möhkəm iradəsi, həsəd aparılacaq cəsarəti,
diplomatik məharəti ilə Qələbə yoluna daş
döşəməklə kifayətlənməmiş, onun
baş verməsi üçün bütün səylərini
səfərbər etmişdi. İlk dəfə
idi ki, Prezidentə ümumxalq məhəbbəti belə bir
Everest zirvəsinə yüksəlmişdi.
Bir italyan diplomatının "Qələbənin
çox sayda atası olduğu halda, məğlubiyyət daim
yetim olur" dediyi sözlərə bir qədər düzəliş
versək, 10 noyabr Qələbəsinin müəllifləri
xalq, ordu və Prezidentdir. Strateji qələbənin
yeganə müəllifi olan Ali Baş Komandan həm də
taktiki gedişlərə daim müdaxilə etmiş və nəticə
etibarilə zəfərə əsas imzanı atan olmuşdur.
Ordu əsl fədakarlıq nümunələri
göstərmişdi. Şuşanın
alınması böyük igidlik rəmzi kimi ölkənin hərb
tarixinə qızıl hərflərlə yazılacaqdır.
Ermənilər 1992-ci ildə Xocalıda soyqırım
törətdilər, qızları, gəlinləri,
qocaları əsir götürdülər. Azərbaycan əsgərinə
isə erməni vəhşilikləri bütünlüklə
yaddır. Ona görə də Hadrutda, Şuşada
erməni qızlarına və qadınlarına təcavüz
edilməsi faktlarına rast gəlinmir. Götürülən
əsirlər də yalnız hərbçilərdir,
onların arasında bir nəfər də olsun qız,
qadın, ümumiyyətlə, heç bir mülki şəxs
yoxdur.
1922-ci ildə Mustafa Kamalın komandanlığı
altında türklər müharibədə qalib gəldikdə,
iki yunan generalı, Aralıq dənizindəki təslim
olmalarını bəyan etmək üçün türk sərkərdəsinin
qərargahına gəldi. Yolda onlara türklər
lənətlər yağdırırdılar. Mustafa Kamal
isə onların əlini sıxdı, oturmalarını
xahiş etdi və məğlubiyyətlərinin
acısını yumşaltmaq üçün onlara təskinedici
sözlər dedi. Şübhə yoxdur ki, erməni
generalları əsir düşsəydi, bizim Ali Baş Komandan
da onlarla çox sevdiyi Atatürk kimi rəftar edərdi.
Biabırçı təslim aktı ilə iki
deyil, bütün erməni generalları məğlubiyyətə
düçar oldu. Məhv edilən ordunun
generalı iki qılıncı əlindən
alınmış sərgərdan samurayı - ronini
xatırladır. Erməni generallarında
yapon zabitlərinə məxsus cəsarət hissi də yoxdur
ki, özlərini seppuku edə biləydilər.
Üçtərəfli birgə bəyanatın
imzalanması bir qədər geciksəydi, o generallar öz
qoşunları ilə birlikdə ya əsir düşər,
ya da məhv edilərdilər. Birgə bəyanat
onlar üçün layiq olduqları ağır cəzadan
bir xilas rolunu oynadı.
10 noyabr Qələbəsinin tam və qəti
olmasının sübutu üçün ölkənin daxili ərazisinin
xəritəsindəki əsaslı dəyişiklikləri
seyr etmək kifayətdir. Azərbaycan Ordusu təkcə
işğal olunmuş yeddi rayonu deyil, həm də xalqın
geniş mədəni məbədi sayılan
Şuşanı, həmçinin, Hadrut rayonunu, Dağlıq
Qarabağın xeyli sayda kəndlərini azad etmişdir.
Bunların baş verməsi hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir, çünki əsgərlərimizin
və zabitlərimizin öz həyatlarını qurban verməsi
hesabına əldə edilmişdir. Həmin
torpaqlar igid oğlanlarımızın müqəddəs
sayıla biləcək qanları ilə
suvarılmışdır. Ona görə
də hər sözümüzdə ehtiyatlı olmalı,
reallığı nəzərə almadan xəyalı işə
salıb, şirin səslənən bəyanatlarla
çıxış etməməliyik, özündən
razılıq, hədyanlıq kimi düşmənimizə xas
olan xüsusiyyətləri özümüzə rəva bilməməliyik.
Qələbəmizin yüksək dəyərini
daim nəzərə almaqla, həlak olanların ruhuna hörmət
hissini unutmamalı, yaralananların könlünə
toxunmamağı da nəzərdən
qaçırmamalıyıq.
Azərbaycan Ordusu həm də, hətta yadların da təsdiq
etdiyi kimi, döyüşdə XXI əsr müharibəsinin
mühüm elementlərini sərgiləndirmişdir, bunu biz
niyə inkar etməliyik. Vuruşmağı kimdənsə öyrənməyə
bizim artıq ehtiyacımız yoxdur, qoy başqaları bizdən
öyrənsinlər.
Respublika rəhbərliyi müharibə dövründə
qeyri-adi diplomatiya əzmkarlığı göstərdi. Həm də
biz xalqımızın həqiqi dostlarını daha
yaxşı tanıya bildik. Türkiyədən
və İsraildən alınmış uçuş
silahları döyüşdə yüksək keyfiyyətə
malik olduqlarını bir daha sübut etdi. Türkiyə
Azərbaycana böyük mənəvi kömək, əsl
qardaşlıq münasibəti göstərdi. Rusiyanın nisbi də olsa neytrallığı
uğurlarımıza maneçilik göstərmək cəhdlərinin
baş tutmasına imkan vermədi.
Müharibə düşmənin xarakterindəki pis cəhətləri
bir daha üzə çıxardı. Yapon hərb xadiminin
dediyi kimi, müharibədə istifadə olunan yalan hökmən
məğlubiyyətə aparır. Ermənilər
isə 44 günlük müharibədə yalandan bol-bol istifadə
edirdilər. Onlar əraziləri məcburiyyət
qaydasında təhvil verib, geri çəkildiklərini
danır, döyüşdəki uğursuzluqlarını
ört-basdır etməyə can atdıqda, ağ
yalanlardan da çəkinmirdilər. Yüksək rütbəli
zabit Türkiyənin "F-16" təyyarəsinin Ermənistanın
"CU-15" təyyarəsinin vurub yerə
saldığını gözləri ilə
gördüyünü deyirdi. Az sonra onun
yalanı ifşa olundu. Türkiyə hərbi təyyarələri
birgə təlimdən sonra Naxçıvandakı aerodromda
qalırdı, bir dəfə də olsun havaya
qalxmamışdı.
Ermənistanın
baş naziri Nikol Paşinyan ordularının ağır məğlubiyyətini
gizlətmək üçün ölkə əhalisinə bəyan
etdi ki, onlar böyük qələbə çalacaqlar, ona
görə Laçın dəhlizinə doğru geri çəkilirlər
ki, Azərbaycan qoşunlarını tələyə
salıb, məhv etsinlər. Azərbaycan Ordusu
isə irəliyə doğru yürüşünü davam
etdirərək, Laçın dəhlizinə sahib oldu.
Paşinyanın ağ yalanı
bütünlüklə üzə çıxdı.
Ermənilər döyüşdə kimlərinsə
bağışladığı köhnə silahdan istfadə
etdikləri kimi, öz xislətlərinin fərqləndirici cəhəti
olan yalan cəbbəxanasından da artıqlaması ilə
yararlanmağa cəhd edirdilər. Onların taktiki
priyomları da yalanları kimi naftalin iyi verdiyindən, hər
iksindən əslində, heç bir fayda götürə
bilmirdilər.
Döyüşlərdə uduzan erməni hərbçiləri
gücsüzlüklərinin əvəzini, cəbhədən
xeyli aralı olan şəhərlərdəki və kəndlərdəki
dinc əhalini raket atəşinə tutmaqla çıxır,
yaşayış evlərini dağıdır,
uşaqların, qocaların və qadınlarln
ölümünə bais olurdular. Bu müharibə cinayətlərini
isə guya hərbi obyektləri nişan
almaları ilə izah edirdilər, əslində isə əhalidə
vahimə yaratmaq məqsədini güdürdülər. Şəhərləri və kəndləri xarabazara
çevirmək isə onların köhnə peşəsi
idi. Axı işğal etdikləri şəhərləri
xarabalıqlar muzeyinə, bayquşlar məskəninə
çevirmişdilər. Son müharibədə
isə digər şəhərləri də onların
gününə salmaq istəyirdilər. Az
da olsa buna nail oldular, lakin ağır zərbə
aldıqlarından, canlarını qurtarmaq üçün
qaçmağa üz tutdular.
Vaxtilə Ermənistanın siyasi və hərbi xadimləri
məğrurluq xəstəliyinə tutulduqlarından
vaxtaşırı Şuşada qalibiyyət təntənəsinin
nümayişi kimi rəqs tamaşaları təşkil edirdilər. Son yallı rəqsini
əlaltıları ilə birlikdə Paşinyan ifa etdi.
Fransa kralı IV Henri katoliklərlə, özünün
liderlik etdiyi huqenotların münaqişəsini yatırtmaq və
paytaxta girmək imkanını qazanmaqdan ötrü öz məzhəbini
dəyişdi və bu vaxt demişdi: "Paris messaya dəyər".
Messa katoliklərin bazar günü keçirilən
mühüm dini mərasimidir. IV Henri sülhə nail
olmaq üçün belə nəcib addım atdı. Ermənistan liderləri isə tam əks istiqamətdə
hərəkət edib, iki xalq arasında qatı düşmənçiliyə
yol açdılar və axırda ağır məğlubiyyət
timsalında matəmlə üzləşdilər. Ona
görə də onlara demək istəyirsən ki: "Matəminiz
rəqsinizə dəyər".
Erməni marginalları qonşu dövlətin suveren ərazisini ziyafət süfrəsi hesab edib, dəvət olunmadan oradakı dadlı təamları, nemətləri udmağa girişdilər. Lakin dar mədə bu qidanı həzm edə bilmədiyindən ağır cərrahiyyə əməliyyatı aparmaq zərurəti yarandı. Əməliyyat möhkəm zərbə xarakteri daşıdığından təcavüzkar işğal etdiyi əraziləri tərk etməyə məcbur oldu. Məqsəd təkcə mədəni deyil, sərsəm ideyaların məskəni olan beyinləri müalicə etmək idi. Xəstəlik müalicə olunmasa, hökmən məhvə aparır. Azərbaycan Ordusu həmin nəcib əməliyyatı olduqca ustalıqla həyata keçirdi, öz vəzifəsini şərəflə yerinə yetirdi. Xəstə çox zəifləmişdir, güclə nəfəs alır. Müalicənin ikinci məqsədinin nə qədər faydalı olduğunu isə zaman göstərəcəkdir. Ermənistan ordusunun özünə gəldikdə, o, elə ölümcül yara almışdır ki, əslində, onun bu adı daşıması da artıq şübhəli görünür, daha çox kəfənə bürünmüş cəsədi xatırladır. Kəfən isə yalnız dəfndən xəbər verir.
Qələbə düşmənə qarşı münasibəti də dəyişir, onlara artıq bədbəxt bir insan kimi yanaşılır. Abraham Linkolnun prezidentliyinin dörd ili ərzində gedən müharibə 9 aprel 1865-ci ildə Cənub Konfederatının məğlubiyyəti ilə nəticələndi. ABŞ-ın ərazi bütövlüyü qanlı döyüşlər hesabına qorunub saxlanıldı, prezidentin də başlıca niyyəti məhz Birliyi bərpa etmək idi. Linkoln müharibədən sonra cənublulara düşmən kimi deyil, vahid dövlətin vətəndaşları kimi baxır, onların kütləvi qaydada əfv edilməsini istəyirdi. Azərbaycan rəhbərliyi də öz dövlətinin vətəndaşı kimi respublika ərazisində yaşayan ermənilərin insan haqlarına hörmətlə yanaşılacağını vəd etmişdir. Prezident İlham Əliyev də dünənki düşmənlərə Qay Yuli Sezarın öz əleyhdarlarına qarşı clementia - mərhəmət hissi ilə yanaşmaq qaydasında olan kimi hərəkət etməyi vacib sayır və bu, həm də Azərbaycan Respublikasının vətəndaşlığının cazibə qüvvəsini artırır.
Müharibənin nəticəsinin ən başlıca şərti erməni qatı millətçilərinin ondan lazım olan ibrət dərsini götürmələridir. Qoy onlar bir daha öz bədbəxt xalqını ağır və üzücü sınaqlara məruz qoymasınlar. Onların iyrənc niyyətləri bir daha baş tutmamalıdır, yaxşı olar ki, onlar belə zərərli əməlləri ilə xalqı yenidən ağır bəlalara məruz qoymasınlar.
Ordumuzun qələbəsini biz uzun müddət
gözlədik və sevincli anları
yaşamağımızla öyünürük. Lakin biz
ayıq düşüncə tərzimizi,
sayıqlığımızı bir an da olsun itirməməliyik.
Çünki bizə düşmən kəsilənlərin məkrinə
yaxşı bələdik. Onların hördükləri
hörümçək torundan gələcəkdə
özümüzü qorumalıyıq, xalqın qanı
hesabına keçdiyimiz ağır imtahanlar heç vaxt
yaddan çıxmamalıdır, qazanılan zəfər əbədi
xarakter daşımalıdır.
Telman
ORUCOV
525-ci qəzet.- 2020.- 5 dekabr.- S.14.