Dirilən məzar, gülümsəyən
torpaq...
Təxminən iki il
öncə mətbuatda
və sosial şəbəkədə hər
bir azərbaycanlını
dərindən sarsıdan,
damarında qanını
donduran bir xəbər yayıldı:
ermənilər Milli Qəhrəmanımız Allahverdi
Bağırovun məzarını
dağıdıb, başdaşını
Xankəndinə apararaq
məhv ediblər.
Bu xəbərin doğruluğu
öz sübutunu tapmasa da, qısa
zaman içərisində
hər kəsin əsəblərini tarıma
çəkmiş, qəlbini
paramparça etmişdi. Bizim adını
belə çəkməyə
qıymadığımız, ruhunu incitməkdən çəkindiyimiz, xatirəsini
əbədi qəlbimizə,
yaddaşımıza və
tariximizə həkk etdiyimiz qəhrəmanımızın
başdaşına düşmən
əlinin, düşmən
nəfəsinin dəyməsi,
o müqəddəs məzarı
düşmən tapdağının
murdarlaması fikrinin özü belə qorxunc idi.
Məzar, qəbiristan hər zaman Azərbaycan xalqı üçün önəmli yerlərdən
biri olub. And yerimiz, inam yerimizdir
məzarlar. Otuz ilə
yaxın köçkünlük
həyatı yaşayan
insanları hər dindirəndə ilk narahatlıqlarının
ata-babalarının, doğmalarının
məzarından olduğunu
gördük. Hər
kəs o məzarların
salamat qalıb-qalmadığını
düşünür, torpağına
həm də altında doğması uyuyur deyə can atırdı. Xüsusən, şəhidlərin məzarı hər birimiz üçün müqəddəs ocaqdır.
Nəhayət, 30 illik həsrət
bitdi: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə
Müzəffər Ordumuzun
sayəsində Azərbaycanın
əzəli-əbədi torpağı
Qarabağ və bütün işğal altındakı rayonlar öz azadlığına
qovuşdu, Vətən
həsrəti sona yetdi, tezliklə minlərlə məcburi köçkün öz torpaqlarına qovuşacaq.
Tanıdığım, bildiyim
çox insan var ki, yurd-yuvasının
azadlığını bayram
etsə də, nigaranlıqları yenə
də dinməmişdi:
görəsən, qəbiristanların
vəziyyəti necədir,
məzarlar salamatdırmı?!
Allahverdi
Bağırovun övladları
Milli Qəhrəmanın
məzarını ziyarət
etdi
Ağdamlılar və bütün azərbaycanlılar üçün
ən önəmli məzarlardan biri də, şübhəsiz,
Ağdamın Şəhidlər
Xiyabanında dəfn edilən Milli Qəhrəman, əfsanəvi
komandir Allahverdi Bağırovun məzarı
idi. Ağdamın işğaldan
azad olunması münasibətiylə hər
kəs öncə böyük komandirin ruhunu təbrik etdi, "qanın yerdə qalmadı" - dedi. Azad olunmuş
Qarabağ torpaqlarında
ilk bərpa olunan qəbir də məhz onun qəbri oldu. Dövlətimiz uca şəhidimizin
məzarının ətrafını
minalardan təmizləyib,
səliqəyə saldı
və başdaşına
yeni lövhə qoydu. Bu görüntülər
qısa zaman içərisində sürətlə
mətbuatda və sosial şəbəkələrdə
yayıldı. Burda məzarın
öncəki və sonrakı görüntüləri
yer almışdı.
Siz heç məzarın adama küsdüyünü,
torpağın insandan
incidiyini gördünüzmü?
Mən ilk dəfə
Allahverdi Bağırovun
məzarının köhnə
görüntülərinə baxarkən hiss elədim bunu. Sanki Vətəni yolunda, xalqı uğrunda görünməz
şücaətlər göstərən
igid komandirimizin məzarı da küsmüşdü bizdən,
"hardaydınız bu
zaman kimi, niyə bizi düşmən tapdağında
qoydunuz bunca il" - deyirdi.
Torpağın canının necə
ağrıdığı, qəlbinin necə sındığı o qədər
hiss olunurdu ki, onun qarşısında
"bağışla bizi"
- deməkdən başqa
insanın əlindən
heç nə gəlmirdi.
Bəs siz gördünüzmü bir məzar dirilsin, bir torpaq gülümsəsin, bir qəbir can tapsın? Mən onu da Allahverdi Bağırovun məzarında gördüm. Həmyerlilərinin onun məzarını və uğrunda can verdiyi torpağı azad etdiyini, görüşünə gəldiyini duymuşdu, üzərindəki doğma sığalı, məhrəm nəfəsi hiss eləmişdi komandir. Gülürdü, sevinirdi. Üstünü örtdüyü şəhidinin sevincini torpaq da duymuşdu, məzar da hiss eləmişdi. Bircə anda dirçəldi, gülümsədi, can tapdı. 28 ildir qışın şaxtasından donmuş məzara payızın ortasında bahar gəldi sanki. Üzərinə güllər düzülmüş məzardan ətrafa nur yayıldı. Hələ qızları Aynur və Zümrüdün ziyarətiylə komandirin şəkli də, torpağı da, üzərindəki çiçəklər də xoşbəxtliklə parlayırdı. O görüntüyə baxarkən sanki bir nur topası baş qaldırdı məzardan, hüzurla, mutluluqla seyr elədi ətrafı, qürurla gülümsədi onu ziyarətə gələnlərin üzünə və sevinclə yüksəldi göylərə doğru. Qəhrəman komandirimizin ruhundan başqası deyildi bu...
Qarabağda ilk "dirilən" qəbir Allahverdi Bağırovun qəbri oldu. İnanıram ki,
doğmalarına qovuşan bütün məzarlar bu cür can tapacaq,
"diriləcək". Çünki təkcə
insanlar deyil, torpaq da həsrət
çəkir, məzar da yol
gözləyir. Ruhunuza sayğı və
ehtiram, nakam məzarların
dərdli sakinləri. Biz qayıtdıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 5 dekabr.- S.11.