Sirlərin bədii və elmi sərgüzəştləri - Kamal Abdullanın 70 illiyinə

 

 

Düz 36 il bundan əvvəl, 1984-cü ildə dil problemlərindən bəhs edən məqalələri, xüsusən "Dədə Qorqud"la bağlı orijinal fikir və mülahizələri, eləcə də müasir bədii ədəbiyyat haqqındakı yazıları ilə artıq oxucuların da, ədəbi ictimaiyyətin də diqqətini cəlb etmiş, cavan, hələ dən düşməmiş saçları alnına tökülmüş indiki yubilyarımız - 70 yaşlı (!) Kamal Abdulla ilə üzbəüz oturub, onun nəşrə hazırladığı ilk kitabının makinadan çıxmış varaqlarını çevirə-çevirə fikir mübadiləsi aparırdıq.

 

Ancaq o kitaba keçməzdən əvvəl 70 yaşdan sonrakı həmin nida işarəsi barədə bir kəlmə demək istəyirəm. Bu yaxınlarda bir ədəbi toplantıda saçları ağappaq ağarmış Kamalla yenə üzbəüz oturmuşduq və o ağappaq saçlara baxmayaraq, Kamal indinin özündə də mənim üçün elə 36 il bundan əvvəlki o Kamaldır.

 

İndi isə dediyim həmin ilk kitab haqqında.

 

Məsələ burasındaydı ki, mən həmin kitabın redaktoru idim və bir müddətdən sonra, 1985-ci ildə Kamalın "Müəllif - əsər - oxucu" kitabı mənim ön sözümlə nəşr olundu və mən o ön sözdə yazırdım: "Kamal Abdulla Azərbaycan tənqidçilərinin gənc nəslinə mənsubdur, o nəslə ki, özlərini və özləri ilə birlikdə haqqında bəhs etdikləri ədəbiyyatı 70-ci illərin sonlarından etibarən ifadə etməyə başlamışlar, ancaq bu qısa müddətdə özlərinin ifadələri ilə həm də özlərini təsdiq də bilmişlər... və Kamalın bu kitabı onun təmsil etdiyi tənqidçilər nəslinin ilk kitablarındandır. Bu, əlbəttə, fərəhli, həm də məsuliyyətli bir işdir".

 

Mən bu sitatı ona görə gətirdim ki, bu gün Kamalla bağlı 36 il bundan əvvəlki o fərəh hissi artaraq, yüksələrək  "Yarımçıq əlyazma", "Unudulmağa kimsə yox", "Sehirbazlar dərəsi", "Sirlərin sərgüzəşti" kimi romanları, bir çox hekayələri oxumuş oxucuların da, "Cəsus", yaxud "Bir, iki, bizimki..." kimi pyeslərin tamaşalarına baxmış tamaşaçıların da, Kamalın elmi əsərlərinə və ilk növbədə "Dədə Qorqud" tədqiqatlarına görə elmi ictimaiyyətin də fərəh hissinə çevrilib, çünki bu gün Kamal Abdulla görkəmli bir alim olmaqla bərabər, görkəmli də bir yazıçıdır (bu cür də yazmaq olar: görkəmli bir yazıçı olmaqla bərabər, görkəmli də bir alimdir). Onun əsərləri tərcümə olunaraq xarici ölkələrdə nəşr edilir və bu əsərlər də Azərbaycan ədəbiyyatını müasir dövr ədəbiyyatının layiqli tərkib hissəsi olduğunu göstərir.

 

Kamal hələ cavan çağlarından Azərbaycan folklorunu uca tuturdu və bu ucalıq bu gün də onun yaradıcılıq aurasının içindədir. O, bu folklorun elmi-nəzəri təsnifatı naminə xüsusi bir ehtiras və şövq ilə çalışır və onun bədii yaradıcılığı da ən sıxı tellərlə folklora - bunu bir daha təkrar edirəm - ilk növbədə də "Dədə Qorqud"a bağlıdır. El ədəbiyyatına bağlılıq Kamal Abdullanın fərdi bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayıb və ən əsası isə, bu gün ədəbi prosesi, bir sıra radio və televiziya kanallarını bürümüş bayağılıq, sənətlə bağlı sosial şəbəkədə tez-tez rastlaşdığımız primitivlik içində oxucuların bədii zövqünün pozulmaması baxımında əhəmiyyətli rol oynayır.

 

"Dədə Qorqud" Kamal üçün bir  sirdir və o, cavan vaxtlarında yazdığı "Dədə Qorqud" nəsrinin spesifik xüsusiyyətləri", "Dədə Qorqud" şeirləri", "Kitabi-Dədə Qorqud" dastanlarının dilində mifoloji təfəkkürün izləri" kimi məqalələrindən tutmuş "Gizli "Dədə Qorqud", bunun davamı olaraq "Sirr içində dastan və yaxud gizli "Dədə Qorqud", bunun da davamı olaraq "Mifdən yazıya və yaxud gizli "Dədə Qorqud" kimi sanballı tədqiqatlarına qədər həmin sirri açmaqla məşğuldur.

 

Ədəbiyyatşünaslıqla, tənqidlə bədii ədəbiyyat bir-birinə nə dərəcədə yaxındırsa, bundan artıq dərəcədə bir-birindən uzaqdır və bu iki yolu uğurla davam etdirmək, yəni elmi təfəkkürlə bədii təfəkkürün vəhdətinə nail olmaq, eyni professionallıqla həm elmi söz, həm də bədii söz demək tez-tez təsadüf edilən hadisə deyil.

 

Bu dediklərimdən belə çıxmasın ki, Kamal Abdullanın həm elmi, həm də bədii yaradıcılığı yalnız folklorla məhdudlaşır və əlbəttə, belə deyil, mən, misal üçün, onun böyük bir esse kimi yazılmış "Mənim Füzulim" əsərini "gizli" "Dədə Qorqud"ları, yaxud da "Sirlərin sərgüzəşti" romanı qədər bir maraqla oxudum. Oxucuların (o cümlədən də mənim)  Şekspir, Servantes, Tolstoy kimi öz Füzulisi - "mənim Füzulim"i var və Kamalın Füzulisində razılaşdığım və razılaşmadığım, mənim üçün doğma və yaxud da nisbətən uzaq olan fikir və mülahizələr var, ancaq əsas məsələ burasındadır ki, bu fikir və mülahizələr (razılaşmadıqlarımla bərabər!) məni bir küll halında Füzuli dünyasının səmimi və səmimi olduğu qədər də səriştəli hisslər, düşüncələr aləminə apardı.

 

Kamal Abdulla ara-sıra hekayələr yazsa da, o, ilk romanı - "Yarımçıq əlyazma" ilə müasir Azərbaycan nəsrinə geniş mənada  birdən-birə daxil oldu və elə bu ilk romanla da bir yazıçı kimi özünü təsdiq etdi. "Yarımçıq əlyazma" bizim ədəbi prosesi canlandırdı, bu roman haqqında məqalələr yazıldı və bunun səbəbi o idi ki, roman açıq qapını döymürdü, yeni nəfəslə, yeni mövzu, məxsusi stil və yeni düşüncələrlə qələmə alınmışdı.

 

 

 

Yəqin ki, oxucular Kamalın yaradıcılığındakı qabarıq "sirr", "gizli",  "sehr" anlayışlarına fikir verib, hətta onun tərcümələrdən ibarət kitabı da "Gümüş dövrün sirləri"dir  və ümumiyyətlə, dünyanın sirri həmişə ədəbiyyatla, sənətlə birlikdə olub, bədii-estetik predmetə çevrilib. Yadıma gəlir, mən haçansa yazmışdım ki, Kafkanın bircə səhifəlik "Qanun qapıları" ("Qanun darvazası" da adlandırmaq olar) miniatürü (əslində, bədii müəmması!) onun bütün yaradıcılığının epiqrafıdır. Bu miniatür də "Monna Liza"nın təbəssümü kimi, yüzilliklər boyu açılmayan Ferma teoreminə bənzəyir və yəqin ki, bu tipli teoremlər açılacaq, ancaq sənətin bəhs və ifadə etdiyi sirlər - dünyanın sirləri əvvəli və axırı olmayan rəqəmlər kimi əbədidir.

 

Mən desəm ki, bu mənada "sirr" məfhumu Kamalın bütün yaradıcılığının enerji mühərrikidir, güman ki, səhv etmərəm. "Sirr", "gizli", "sehr" anlayışları Kamal Abdulla üçün, əgər belə demək olarsa (məncə, olar), ümumiləşdirilmiş obrazlardır və onun bədii əsərlərindəki bu obrazlar yalnız "Dədə Qorqud"un sirri, sehrbazların, sərgüzəştlərin sirri deyil, bu - həyatın, yaşayışın, dünyanın, kainatın sirridir.

 

Və bu da təbiidir ki, həmin "sirr"in mürəkkəb daxili kütləsi, mündəricatı təzadlardan (xislət təzadları) ibarətdir və bu mənada Kamal Abdulla təzadlar yazıçısıdır. Əgər qələmi canlı bir varlıq (!) kimi qəbul etsək, onun qələmi bu bədii-estetik təzadların içində özünü eyni dərəcədə rahat hiss edir, yəni Kamal bir tərəfdən həyati təzadları qələmə alırsa, o biri tərəfdən də təzadlar müstəqim olaraq onun yaradıcılığında özünün bədii ifadəsini tapır.

 

Nasir Kamal ovqat yarananda şeir də yazır və mən təzadlarla bağlı fikrimi daha da aydınlaşdırmaq üçün, onun şeiri ilə nəsri arasında şərti bir müqayisə aparmaq istəyirəm. Baxın, onun şeirləri "üzü aşağı yağmaz yağışlar" deyir, nəsri isə etiraz edərək, "yağar" deyir; şeiri "ölü quş olub, daş kimi düşmək"dən bəhs edir, nəsrində isə o quşlar diri, canlı olur; şeiri "qəribədir, deyilmi?" - soruşur, nəsri isə "qəribə deyil, sirlidir" deyir; şeiri "sən yenə yoxsan" deyir, nəsri isə "sən yenə varsan" deyir; şeirinin bənzətməsi "köhnə nağıl tək"dir, nəsri isə "yox, sirli miflər kimidir" deyir və s.

 

Mən keçən il bizim Akademik Dram Teatrının kiçik səhnəsində Kamalın pyesi əsasında "Bir, iki, bizimki..." tamaşasına baxdım və əslində, daxili bir monoloq olan bu pyes insan tənhalığından bəhs edir. Bəs heç bir müstəqimliyi, birbaşalığı (bizi bezdirmiş primitiv "ay aman, mən tənhayam" müstəqimliyi) olmayan bu tənhalığın səbəbi nədir? Səbəb yoxdur, çünki bu - sirdir. Yalnız kimsəsiz, yalnız imkansız, yalnız məhkum, yalnız qürbətdə yaşayanan və s., adam yox, ailəsi, dostu-tanışı, yeyib-içməyi olan, vətəndə yaşayan bir insan da tənha ola bilər, çünki xislət - başdan-başa sirdir.

 

Həyatın sirrindən bəhs etmək, bu sirri açmaq demək deyil (çünki bu, heç mümkün də deyil!), ancaq deyilmişlərin təkrarı ilə sirdən bəhs etmək, "dünyanın qəribəliklərinə" bayağı heyranlıq bədii məğlubiyyəti sığortalayır və bu mənada Kamalın nəsrinin uğurları bu nəsrin bədii orijinallığındadır.

 

Yenə 36 il bundan əvvəlki o ilk kitaba qayıdıram və mən həmin ön sözdə yazmışdım: "Kamal... öz fikirlərini, ədəbiyyata münasibətini aydınlaşdırmaq üçün, bir tərəfdən "Dədə Qorqud"a, Azərbaycan folkloruna, Azərbaycan klassik ədəbiyyatına üz tutursa, o biri tərəfdən də Remark, Böyl, Markes kimi müasir Qərb yazıçılarının, ya da Stendalın yaradıcılıq təcrübələrinə müraciət edir və ən başlıcası isə, bütün bunlar məlumatfüruşluq naminə edilmir, təhlilin daxili məzmunundan doğur, buna görə də səriştəli və inandırıcıdır".

 

Mənim üçün çox xoşdur ki, bu mülahizə ötən dövr boyu Kamal Abdullanın bədii və elmi yaradıcılığında yazıçı və alim dünyagörüşünün genişliyi, səriştə və professionallığı,  inandırıcılıq təsiri (ilk növbədə də bədii-emossional təsiri) ildən-ilə artıb və o, romanlarında, hekayə və pyeslərində də, monoqrafiya və məqalələrində də həmin "təhlil məzmununun" dərinlərinə enməyi bacarıb.

 

Bu kiçik yazının sonunda yenə Kamalın ağappaq ağarmış saçları yadıma düşür və yəqin ona görə ki, bu ağlıq - sadəcə saçların ağlığı deyil, illər boyu davam edən düşüncələrin və yaradıcılıq əzminin ifadəsidir.

 

10 oktyabr 2020.

Bilgəh.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2020.- 5 dekabr.- S.10.