Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm hər
bir insan övladının qaça bilməyəcəyi tale
yazısıdır. Hərəyə bir cür ömür və
bir cür son yazılıb. Amma elə
insanlar var ki, onlar Allah qatında seçilmişlərdir.
Onlar ölmür, sadəcə cismən bu
dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə
qovuşurlar. Ölümlərin ən
şərəflisi də deyirlər buna. Bu,
müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə
qismət olmaz.
Vətənimiz Azərbaycan tarix boyu müstəqilliyi, ərazi
bütövlüyü uğrunda çox şəhidlər
verib. 1990-cı illərin əvvəllərində mənfur
düşmən - erməninin Qarabağa qarşı
qaldırdığı ərazi iddialarıyla başlayan
müharibədə 11 mindən çox oğul və
qızlarımız qəhrəmancasına şəhidlik zirvəsinə
ucaldı. Amma təəssüf ki,
onların və xalqın əlində olmayan səbəblərə
görə iyirmi faiz torpaqlarımız yağı
düşmənin əlinə keçdi. Nəhayət,
otuz ilə yaxın müddətdən sonra ötən ay
böyük qələbəmizi qeyd etdik. Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz torpaqlarımızın azadlığıyla
nəticələndi. Müharibə varsa şəhid də
var, qazi də, itkin də... Nə yazıq ki, bu
müharibəmiz də qurbanlarsız ötüşmədi.
Azərbaycanın üç minə yaxın cəsur,
vətənpərvər igidi torpaqlarımızın
azadlığı uğrunda şəhidlik zirvəsinə
ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq
başladığımız yeni layihədə mütəmadi
şəkildə hissə-hissə həmin igidlərimizi
oxucularımıza tanıtdıracağıq. Hər
biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla
qürur duyur, onları unutmayacağımıza,
unutdurmayacağımıza söz veririk! Allah hər birinə
rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə
saxlaya bilərsiniz!
Şahanə
MÜŞFİQ
shahane.mushfiq@gmail.com
***
Əhmədov
Natiq Namiq oğlu 1997-ci il martın 9-u
Bakıda anadan olub. 86 nömrəli orta məktəbi
bitirdikdən sonra təhsilini kompüter texnologiyaları
ixtisası üzrə davam etdirmişdi. Buna
baxmayaraq, bərbərlik sənədini seçib, o üzrə
fəaliyyət göstərirdi. Arzusu professional usta,
stilist olmaq idi.
Natiqin 6 yaşı olanda anası xərçəng xəstəliyindən
vəfat etmişdi. Ata və ana nənəsi birlikdə 3
bacı və Natiqi böyüdürlər. Lakin Natiq
anasının yoxluğunu həmişə hiss edib. Bacısı deyir ki, evin ən kiçiyi
olmağına baxmayaraq, həyatı dərk edən, igid,
qorxmaz, çalışqan və mehriban biri, 3
bacısının köməyi-dayağı idi.
2014-cü ildə Naxçıvanda milli ordunun tərkibində
hərbi qulluqda olur, 2016-cı ildə qayıdır, bərbər
kimi çalışmağa başlayır. Bir çox
arzusu vardı Natiqin. Onlardan biri də halal zəhmətiylə
ev tikmək olub.
Natiq Tovuz hadisələrində könüllü olaraq
döyüşə yazılır. Müharibə
başladığı gündən isə ailəsi, əzizləri
ilə görüşüb halallaşaraq, "Nə olur
olsun, Milli Qəhrəman olmaq istəyirəm" - deyib, cəbhəyə
yola düşür. İlk günlərdə
Füzuli istiqamətində gedən döyüşlərdə
iştirak edir. Ara-sıra zəng vurur, ailəsiylə
danışardı. Atası ilə söhbətində
deyir: "Füzulidə bəlkə 120-150 maşın
dayanıb, həmyerlilərimiz
bizi alqışlayır, bizim üçün dua edir, bizə
təşəkkür edirdilər, çox qürurverici
hissdir". Atası isə "mən səninlə,
sənin kimi oğullarla fəxr edirəm" - deyir.
Oktyabrın 11-i səhər tezdən zəng vurub deyir
ki, biz Hadruda hücuma gedirik, nigaran qalmayın, bizim
üçün dua edin, qorxmayın, haqqınızı halal
edin. Bu, onun son zəngi olur. Səhəri
gün - oktyabrın 12-də şəhid xəbəri gəlir.
Oktyabrın 12-si həm də Natiqin anasının vəfat
günüdür. Ayın 13-ü anasının dəfn
günündə şəhidimiz də son mənzilə yola
salınır. Uşaqlıqdan ana həsrətilə
böyüyən Natiqin anası ilə eyni gündə dəfni
təsadüfi deyildi. Döyüşçü
yoldaşlarının sözlərinə görə, son nəfəsində
"gedirəm anamın yanına"- deyib. Döyüş yoldaşları Natiqi öz mərdliyi,
igidliyi, mehribanlığı ilə bütün batalyonun
hörmətini qazanmış döyüşçü kimi
xatırayırlar.
***
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti,
Baş leytenant Abbaslı Arif Firuz oğlu 15 dekabr 1993-cü ildə
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Qıvraq qəsəbəsində anadan olub. 2012-ci ildə
Naxçıvan Hərbi liseyini birinciliklə bitirmiş, Fəxri
kötüyə adı həkk olunmuşdu. Daha sonra həmin
il Azərbaycan Ali Hərbi Məktəbinə
(AAHM) daxil olur, 2016-cı idə oranı uğurla bitirib, XTQ-in
6 aylıq kursunda təhsil alır. Türkiyədə
paraşütçülük, dağa dırmanma,
üzgüçülük, xizəkçiik təlimlərində
də olub.
Döyüş yoldaşları da təsdiqləyirlər
ki, şir ürəkli Arif Hadruta ilk ayaq basan olub, erməni ilə
üz-üzə olub onları məhv etdikdən sonra
yoldaşlarını da ardınca aparıb. Əməliyyatın
uğurlu alınmasında ən önəmli isimlərdən
olub.
O, həyat
yodaşı Könül xanımla söhbətlərində
gah zarafat, gah da ciddi şəkildə şəhid
olacağını deyib, həmin vaxt nəyi necə etməli
olduğunu başa salıb.
Oktyabrın 10-da Füzuli uğurunda gedən
döyüşlərdə qəhrəmancasına arzusunda
olduğu Şəhidlik zirvəsinə ucalır. Vəsiyyət
etdiyi kimi, 2-ci Fəxri Xiyabanda General Polad Həşimovun dəfn
olduğu sırada torpağa tapşırılır. Vətənə
əmanət qoyduğu 1 yaş 2 aylıq Ləman adlı
qızı var. Son sözləri isə "qızımı
heç 3-4 ay da olsa görə bilmədim" olub.
***
Leytenant Bəşirov Hakim Nizam oğlu 2 mart 1989-cu ildə
İmişli rayonunun Əlyetməzli kəndində anadan olub. 1996-cı ildə
İmişlidə 8 nömrəli məktəbdə 1-ci sinifə
gedib. 2007-ci ildə 181 saylı məktəbi
bitirib. 2007-ci ildə Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul
olub. 2018-ci il 15 mart tarixindən etibarən
leytenant rütbəsini qazanıb. Hakim çox
sakit təbiətli və həssas insan olub.
Sentyabrın 27-dən etibarən müharibədə
iştirak edib.
Döyüş bölgəsinə
yollandıqda anasına ətraflı heç nə deməyərək,
yaxınlarına müharibə ehtimalı ilə Beyləqana
təlimə aparırlar deyə bildirib. Ailəsi
deyir ki, səhər sağollaşanda sanki hər şeyi hiss
eləmişdi. Qardaşının balaca
qızını əvvəlcədən qucaqlayıb yola
salmasına baxmayaraq, məktəbə aparılanda avtobusun
arxası ilə qaçaraq onunla yenidən
sağollaşıb.
Ailəli idi, ondan bizə iki övladı yadigar
qalıb.
Oktyabrın 20-də Qubadlı uğrunda gedən
döyüşlərdə ayağından ağır
yaralanmasına baxmayaraq, yaralı yoldaşlarını geri
çəkib, onların ölümünə razı
olmayıb, özü qabağa gedərək, son nəfəsinə
qədər düşmənlə mübarizə aparıb, qəhrəmanlıqla
Şəhidlik məqamına yüksəlib. Yaralı
yoldaşı xəstəxanadan yaxınlarına zəng edərək,
onun şəhadət xəbərini verib. Hakimi
həm yoldaşları, həm də bütün xalq cəsurluğu,
mərdliyi ilə xatırlayacaq.
***
Xüsusi
Təyinatlı Qüvvələrin Baş leytenantı
Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də
Lerikin Kələxan kəndində anadan olub. Atası
Mükafat Yaqubov və əmisi Etibar Yaqubov - hər ikisi
yazıçıdırlar. Ziyalı ailəsində
böyüyən Əliqismətin vətən sevgisi ta
uşaqlığından beyninə, ruhuna və qəlbinə
hakim kəsilir.
Vətən müharibəsində əmisi oğlu Cahid
Yaqubovla birgə döyüşən Əliqismət hər
zaman döyüşə əsgərlərdən öndə
atılıb.
İki əmioğlu bir-birini son dəfə
oktyabrın 29-da görüblər. Sonra
altı günlük mühasirə olub və Cahid
yaralanıb. O, göstərdiyi şücaətə
görə fərqlənmə medalı ilə təltif
edilib. Əliqismət isə qızğın
döyüşləri davam etdirib. Onun
tabeliyində olan hərbi hissə düşmən tərəfindən
qradla vurulub. Yaralıları xilas etsə də,
özü çıxmayıb və ikinci dəfə vurulanda
qəhrəmancasına şəhid olub. Beləcə, qələbəyə
çox az qalmış, noyabrın 5-də
ölümüylə ən uca məqama yüksəlib. Ondan əmanət iki azyaşlı oğlu qalıb.
***
Hərbçi İsmayılov Elvin Tələt oğlu
mart ayının 9-u 1989-cu ildə Beyləqan rayonu İkinci
Əlinəzərli kəndində anadan olub. Cəmi doqquz
ay idi ki, çox sevdiyi Şəhla xanımla ailə həyatı
qurmuşdu, doğulduğu kənddə yaşayırdı.
Ta
uşaqlığından Vətənini, torpağını,
bayrağını canından artıq sevən Elvin
ömrünü də hərb sənətinə
bağlamışdı. Qarabağın
azadlığı uğrunda başlayan müharibəyə də
ilk tələsənlərdən olur Elvin. Müharibə başlanan gün - sentyabrın 27-də
döyüşə yollanır. Amma nə
yazıq ki, mənfur düşmənin gülləsi elə həmin
gün onu həyatdan qoparır. Elvin
İsmayılov sentyabrın 27-də Füzuli rayonunda şəhidlik
zirvəsinə ucalır. Uğrunda
canını verdiyi torpağa isə oktyabrın 3-də dəfn
olunur.
Həyat yoldaşı Şəhla xanım deyir ki, Elvin döyüşə gedərkən son sözləri "səni şəhid xanımı edəcəyəm" olub. Həmişə sözünün üstündə duran Elvin son sözünün üstündə də beləcə durur.
***
Mixail Həmidov 1983-cü ildə Almaniyada hərbçi ailəsində anadan olub. 1991-2001-ci illərdə 72 nömrəli məktəb-liseydə təhsil alıb. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olub, 2005-ci ildə həmin məktəbi kəşfiyyatçı olaraq bitirib. Rus və ingilis dillərindən savayı, erməni dilində də danışmağı bacarırdı. 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında leytenant kimi xidmət edir. 2011-ci ildə könüllü olaraq ordudan təxris olunur.
2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin idarə edilməsi" üzrə magistr təhsili alan Mixail Həmidov, uzun müddət bank sektorunda işləyib. Əvvəl "AGBank"da, son olaraq "Xalq Bank"ın Mingəçevir şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sentyabrın 27-də Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
üçün Vətən müharibəsi başlayanda,
Mixail Həmidov könüllü döyüş meydanına
yollanır. Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə iştirak edir. Ermənistan
ordusunun bir neçə strateji postunun ələ keçirilməsində
xüsusi rol oynayır. Buna görə də
silahdaşları tərəfindən "Mixaylo" ləqəbini
qazanır. Mixail Həmidov oktyabrın 24-də Füzuli istiqamətində
gedən döyüşlərdə şəhid olub.
Üçüncü Fəxri Xiyabanda dəfn olunub. Ailəli
və üç övlad atası idi.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8 dekabr.- S.14-15.