Can atdığı ucalığa qovuşdu...

 

Şəhid kəşfiyyatçımız Camal İsmayılov qısa, ancaq parlaq bir ömür yaşadı

 

Fatimə xanımla söhbətə başlayarkən "suallarımı necə qurum, necə ünvanlayım ki, yaralı ürəyinə toxunmayım" deyə çox götür-qoy etdim.

 

Cəsarətimi toplayıb:

 

- Fatimə xanım, belə bir kəlam var, "Şəhid şam kimidir..."

 

- Bəli, "Şəhid şam kimidir, onun işi yanaraq nur saçmaqdır". "Şəhidlərə ölü deməyin, onlar Allah dərgahında diridilər və məkanları cənnətdir". Bu fikirləri tez-tez deyirdi, əsl mənasını mənə dərk etdirə-etdirə illərlə qisas hissiylə yaşayan Camal bizi öz şəhidliyinə hazırlayırdı. Mənə onun şəhid olma xəbəri çatanda dedim ki, arzusuna çatdı. Çünki ən böyük arzusu Vətən uğrunda döyüşüb, şəhadətə ucalmaq idi. Elə də oldu, layiqincə vuruşub, düşməndən qisas alıb, şəhadətə ucaldı. Mən onun haqqında keçmiş kimi danışmaq istəmirəm, o hər an bizimlədir. Bizi izləyir, bizi duyur. Mən övladlarımı qoymuram ağlamağa, başa salmışam ki, atanız cənnətdədir, biz də bir gün gedib ona qovuşacağıq. Düzdür, onun üçün çox darıxırıq, darıxmaqla yanaşı həm də onunla qürur duyuruq. Çünki Camal illərlə ağrısını duyduğumuz, hər dəfə izləyəndə, oxuyanda kədərləndiyimiz Xocalıdakı günahsız öldürülən körpələrimizin, analarımızın, bacılarımızın, işgəncəylə öldürülən insanların qisasını aldı. O "Qarabağı tezliklə azad etməliyik, bu yükü gələcək nəsilə ötürməməliyik" duyğusuyla hərbiyə ömrünü həsr etmişdi. Qarabağın azad olması uğrunda da şəhid oldu və o bu gün Vətən uğrunda canını fəda edən qalib şəhiddir.

 

***

 

Xüsusi təyinatlıların baş giziri, şəhid kəşfiyyatçı İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 1986-cı ildə ailəsi ilə birlikdə Rusiyanın Krasnoyarsk vilayətinə köçüb, birinci sinfə orda gedib. 1991-ci ildə yenidən Azərbaycana dönüblər və Camal doğma Neftçala rayonunda təhsilini davam etdirərək orta məktəbi bitirib.

 

Ailədə iki qardaş, bir bacı olublar. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal dərin zəkası, bacarığı ilə hərbi hissədə komandanlığın diqqətini çəkir və beləliklə hərbçi olmağa qərar verir. Beləcə, Camalın həyatında yeni və ən şərəfli mərhələ başlanır. O, Xüsusi Təyinatlı Qüvvələrimizdə baş gizir kimi xidmət edir. Ömrünün 18 ilini Vətənə şərəfli xidmətə həsr edir.18 il ərzində cürbəcür kurslarda iştirak etmiş, təhsilini artırmış, istər nəzəri, istər praktik cəhətdən təkmilləşmiş, hərbi hissə komandirləri tərəfindən dəfələrlə medallara və fəxri fərmanlara layiq görülmüşdü. Rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif edilmişdi.

 

Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənmiş, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən - "Turaz Şahini", "Anadolu Qartalı" "Eternity-2019", "Anatolian Sofex-2018" və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülmüşdü.

 

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə hakim yüksəkliyin alınmasında Camal İsmayılov böyük qəhrəmanlıqlar göstərib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulub. Son döyüşündə - Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər vuruşub. Oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.

 

***

 

Əksər şəhid hərbçilərimizin xanımları yoldaşlarının toya-bayrama gedirmiş kimi evdən ayrıldıqlarını deyirlər. Fatimə xanm şəhidimizlə son saatlarını, vida anlarını belə xatırlayır:

 

- Hərbçiydi, gündəlik xidmətə gedib, evə gəlirdi. Sentyabrın 24-ü axşamüstü uşaqları anama verib, şəhərə gəzməyə getdik. Bir az gəzib dolaşdıq, söhbət etdik, amma bir qəribəlik sezirdim, fikirliydi, gözü elə hey yol çəkirdi. Dedi, sabah, ola bilsin, təlimə getdik. O, təlimə tez-tez gedirdi deyə mən adi qarşıladım, "hər şey yaxşı olacaq, sağ-salamat gedib qaydacaqsan, inşallah" - dedim, ancaq qəfil sözümü kəsib mənə güvəndiyini, ona bir şey olsa, gözünün arxada qalmayacağını, övladlarımızı ilk öncə Allaha, sonra mənə və vətənə, dövlətə əmanət etdiyini dedi. Mən də "elə danışma, bu da həmişəki təlimlərdən biridir, uzaqbaşı bir həftə on günə çıxıb gələcəksiz"  - dedim. Ancaq o yenə də nəyi necə etmək lazımdır deyə tapşırmağa başladı. Dünyaya gələcək oğlumuzun adını belə qoydu. Dedi, adı Alparslan, soyadı Camal olar. Çox tapşırıqlar verirdi, adi qəbul edirdim, çünki 11 ildə hər dəfə təlimə gedəndə tapşırıqlar verərdi, demək olar, vəsiyyət yazıb gedərdi.

 

Qızlarımıza çox bağlı ata olub, onlarla bağlı xeyli arzuları, planları var idi. Dönə-dönə tapşırdı ki, onların təhsilinə xüsusi diqqət ayır, yaxşı oxusunlar, ali təhsillərini xaricdə alıb, yaxşı mütəxəssiz olaraq yetişsinlər, vətənə, millətə xeyirli övlad olsunlar deyə vəsiyyətlər etdi. Şəhərdə bir az da gəzib evə qayıtdıq. Özünə məxsus xüsusi əşyalarını çantasına yığdı. Uşaqların yatmaq vaxtı idi, aparıb yatırtmaq istəyirdim, qoymadı, xeyli onlarla söhbət etdi, oyunlar oynadı. Sentyabrın 25-i səhər saat 5 idi, yenə həmişəki kimi bəzi tapşırıqlar verdi, sağollaşdı və "Mən sizi heç vaxt tək qoymaram, mütləq qayıdacağam" - deyib ayrıldı. Yola salarkən nigarançılığım, narahatçılığım yoxuydu, ancaq gedərkən dəfələrlə çönüb arxaya baxması ürəyimə izah edə bilməyəcəyim qəribə bir duyğu yüklədi. Son dəfə "Allaha əmanət ol" deyib evə keçdim...

 

***

 

Camalla Fatimə xanım 2008-ci ildə ailə həyatı qurublar. Onların 2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adlı qızları dünyaya gəlmişdi. Fatimə xanım şəhidimiz Camal haqqında ömrünə ən gözəl günləri bəxş etmiş dəyərli bir yoldaş kimi, övladlarının daim gülümsəyərək xatırlayacağı, qürur duyacağı ata kimi, vətənini ülvi məhəbbətlə sevən hərbçi kimi elə böyük şövqlə danışırdı ki... Göz yaşları özündən bixəbər göllənmişdi, ancaq şəhid yoldaşının xatirəsini dilə gətirərkən gözlərindəki parıltı sevgisinin böyüklüyünü, əbədiliyini əks etdirirdi. İlahi, necə gözəl sevgidir, necə müqəddəs sevgidir Fatimə xanımın sevgisi. O deyir ki, hərbçi yoldaşı olmaq həm möhtəşəm, qürurverici, şərəfli duyğudur, həm də olduqca məsuliyyətlidir.

 

- İlk tanış olduğumuz gündən bəri o məni bir gün şəhid ola biləcəyi duyğusuyla həyata öyrədirdi. Hansısa şəhidimizin dəfnindən nümunə gətirib deyərdi ki, "Gör yoldaşı necə qürurla qarşıladı şəhid yoldaşının tabutunu, çünki o əvvəldən bilirdi, yoldaşı hərbçidirsə, bir gün şəhid ola bilər, çünki biz müharibə şəraitində olan bir ölkənin hərbi qulluqçularıyıq". Kəşfiyyatçı olduğu üçün hər şeyi evdə danışmazdı. Mən sadəcə onunla bağlı bəzi məqamları söyləyə bilərəm. Bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlayışı var, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada Qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanının açılışında iştirak edib.

 

Camal Füzuli uğrunda gedən döyüş zamanı dostunu xilas edəndə ayağından və qolundan yaralansa da, bizə bildirmədi. Hətta dörd gün hospitalda olduqdan sonra yenidən cəbhəyə qayıdıb. Dostu Kamil qucağında keçinib. Hospitalda olmağını özünə sığışdıra bilmirdi. Onunla danışanda səsi nəsə sakit yerdən gəlirdi. Soruşdum, hardasan indi, dedi ki, kazarmadayam, ayağım burxulub, həkimlər buzlu su qoyub. Sən demə, yaralanıbmış. Bunu sonradan bizə döyüş yoldaşları dedilər.Arada telefonla danışanda Qarabağda gəzərkən necə qürurlandığını deyirdi, qayıdıb bir gün övladlarını, məni Qarabağa aparacağına söz vermişdi. Döyüş yoldaşlarının sözlərinə görə, son döyüşündə 100-dən artıq düşməni təkcə Camal özü öldürüb. Yarısını güllə ilə, yarısını bıçaqla, əlbəyaxa döyüşərək məhv edib.

 

Müharibədə olanda ara-sıra zəng edirdi danışırdıq, uzağı 1-2 dəqiqə bəlkə də az hal-əhval tuturdu.Yenə həmişə olduğu kimi o od-alovun içindən olsa belə, uşaqların dərslərini, kurslara getmələrini o qısa zamana sığışdırıb soruşurdu. Bir dəfə də həkimə, müayinə üçün gedib-getmədiyimi soruşdu. Mən də "sağ-salamat gəl, səninlə bir gedəcəyəm" dedim. Güldü, inşallah deyib, sağollaşdıq.

 

- Bəs uşaqlar atalarının şəhidlik xəbərini necə qarşıladılar?

 

- Mənə xəbər çatanda, eşidəndə ki, şəhid olub bayaq dediyim kimi, dedim, Camal arzusuna çatdı. O, namaz qılıb bitirəndə, dua edəndə eşitməzdim, səssiz dua edərdi, sadəcə bir duasını tez-tez eşidərdim, deyirdi: "Allahım, mənə şəhadətə ucalmağı nəsib elə".

 

Əvvəl uşaqlarıma demişdim ki, ata hospitalda yaralıdır, ata qəhrəman ola bilər. Amma uşaqlar artıq neçə vaxtdı deyirlər ki, ana, deyəsən atamız Cənnətdədir, göylərdədir. Qızım deyir, hamı mənlə şəkil çəkdirir, elə fərəhlənirəm, atamla qürur duyuram. Belə az da olsa, danışmışam, bəzi məqamları demişəm onlara, amma gözləri hələ də yoldadır, onun yolunu gözləyirlər. Uşaqlara görə özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, məni tək qoymayacaq, həmişə bizimlə olacaq. Amma bir danılmaz həqiqət var ki, Camal üçün çox darıxırıq...

 

***

 

Fatimə xanımla xeyli danışdıq, bu cür məğrur şəhid xanımıyla həmsöhbət olmaqdan, onu dinləməkdən böyük qürur hissi duydum. Əslində veriləcək suallarım çoxuydu, ancaq Fatimə xanımın vəziyyətiylə bağlı çox sual verib ürəyindəki yaranı dərinləşdirmək,onu daha artıq narahat etmək istəmədim.

 

Allah şəhidlərimizə rəhmət eləsin.Biz vətən uğrunda canından keçən şəhidlərimizi əsla unutmayacağıq.

 

 

Aysel Nəsirzadə

525-ci qəzet.- 2020.- 8 dekabr.- S.15.