Böyük söz
adamının 70 yaşına
Budur, çox dəyərli bir insanın - akademik, Xalq yazıçısı Kamal
Abdullanın 70 illiyi gəlib yetişdi: heç bilmədik bu yubiley nə
vaxt gəlib çatdı...
Kamal müəllim
Azərbaycan ziyalılarının
ötən əsrin
60-cı illərində dünyaya
göz açmış,
elə doğulduğu
gündən xalqın
dərdini könüllü
şəkildə öz
üzərinə götürmüş
nəslindəndir. Moskvada oxumağı ona xeyli üstünlük gətirmişdi, dünya şöhrətli alimlərdən
bilik almaq - onların içərisində
M.M.Quxmanı, Ə.Makayevi,
B.Serebrennikovu, N.Hacıyevanı
və onlarla digər dilçiləri qeyd etməliyik - bu alimlərin içərisində baş
çıxarıb tezliklə
Azərbaycan dilində
cümlənin aktual üzvlənməsindən əsər
yazıb uğurla müdafiə eləmək
hər adama müyəssər olmur. Əslində, Kamal müəllim
linqvistik bazanı öz Alma Materində mənimsəmişdi. Görün,
ona doğma universitetdə kimlər dərs demişdi: professorlar M.Şirəliyev,
Ə.Dəmirçizadə, M.Hüseynzadə, F.Zeynalov,
Ə.Abdullayev və başqa korifeylər. Əslində, Avropa təhsilli
B.Çobanzadənin şagirdləri
olan bu alimlərdən
dünya dilçiliyinin,
o cümlədən, müasir
türkologiyanın əsaslarını
əxz eləmişdi
Kamal müəllim.
O, sonrakı nəsildən
- bütün universitet
elmi nümayəndələrindən
dərin zəkaları
ilə seçilən,
mərhum akademiklərdən
A.Axundov, T.Hacıyev, Ə.Abdullayev, Y.Məmmədov
və bu gün yaşayan A.Ələkbərli kimi alimlərdən öyrənmişdi
dilçiliyin əsaslarını.
Kamal müəllimin ziyalı kimi yetişməsində onlar mühüm rol oynamışdılar.
Doğmaca dayısı Ə.Sultanlı
və yaxın qohumları A.Axundov, Y.Məmmədov da Kamal müəllimin yetişməsində öz
yardımlarını əsirgəməmişlər.
Lakin atalarımızın
bir kəlamı var: quyuya su
tökməklə quyu
sulu olmaz,
gərək quyunun özündə su olsun. Kamal müəllim
öz suyu olan, ancaq bu
sudan səmərəli
istifadə etməklə
elmdə səbatlı
addımlarla qətiyyətlə
irəliləyən alimlərimizdəndir.
Onun doktorluğu, heç şübhəsiz, türkologiya
elmində yeni söz idi. Ona görə də keçmiş sovetlər birliyinin elm mərkəzlərindən
biri olan Moskvada gənc yaşlarında müdafiə
edib elmlər doktoru oldu. O sonralar bu istiqaməti
uğurla inkişaf etdirərək dilçilikdə
yeni sahə olan mətn dilçiliyinə keçdi
və mətnin təhlilində öz məktəbini yarada bildi. Onun rəhbərliyi altında
mətn dilçiliyi sahəsində adlı-sanlı
alimlər yetişdi, onlara rəhbərlik edərək linqvistik məktəbini yeni mərhələyə qaldırdı.
Kamal müəllimin
elmin təşkilindəki
bacarığı onun
BSU-yə rəhbər
təyin edilməsilə
parlaq şəkildə
üzə çıxdı. Az bir müddətdə Kamal müəllim BSU-nu sözün əsl mənasında dirildib ayaq üstə qoydu, faktiki olaraq müstəqillik illərində ölü
universiteti canlandırdı,
onu nəinki respublikada, həmçinin,
dünyada qabaqcıl universitetlər arasına çıxartdı, tezliklə
bu universitet orada keçirilən saysız-hesabsız konfrans,
simpozium və çoxsaylı ictimai-sosial
tədbirlərlə diqqət
çəkib, sanballı
universitetlərdən birinə
çevrildi. Bu universitetin
rektoru olduğu zaman bir ucu
Avropa (Berlin Humboldt universiteti),
bir ucu Asiyaya
(CXR-da Universitet) gedib çıxan, keçmiş MDB ölkələrində
(Ukraynada, Belarusda, Moskvada, Yekatrinburqda və s.) fəaliyyətə
başlayan Azərbaycan
dili və ədəbiyyatı kafedraları
onun təhsilin bilicilərindən olduğunu
sübut edir.
Kamal müəllimin
yaradıcılıq diapazonu
o qədər intəhasızdır
ki, bunu bir məqalədə açıb göstərmək
çətindir. 2000-ci illərin
əvvəllərində Almaniyanın
Maynts universitetilə birgə "Dədə Qorqud və Nibelunqlar nəğməsi"
adlı tədbirlər
layihəsi son dərəcə
yüksək elmi dəyər kəsb edirdi. Bu tədbir
çərçivəsində xeyli maraqlı məruzələr edildi, Bakıda alman qorqudşünaslarının (professorlar
H.Buşoten, Z.Hartmann və b.), Mayntsda dünya dədəqorqudçularının
və nibelunqşünaslarının
iştirakı ilə
keçirilən simpozium
və konfranslar elmin böyük təntənəsi oldu.
Bu iki xalqın eposlarında oxşar və fərqli məqamlar geniş təhlil olundu, onlarca məqalə və əsər yazıldı, bu iki dastan müqayisəyə
cəlb edildi, oxşar (Dədə Qorqudda Təpəgöz, Nibelunqlarda Haqen) və fərqlər, alman eposunda qəhrəmanların həlak
olması, Azərbaycan
eposunda isə qəhrəmanın qalib gəlməsi səhnələri
müqayisəli şəkildə
araşdırıldı. Məlum oldu
ki, türk dünyasının iki möhtəşəm alimi
- Türkiyədə sayın
M.Ergin, Azərbaycanda isə hörmətli K.Abdulla nəinki bu sahədə söz sahibləridir, həm də böyük elmi məktəbin yaradıcılarıdır.
Kamal müəllimin
yaradıcı təbiəti
onun ölkədə multikulturalizm sahəsinə
rəhbərlik etdiyi dövrdə də özünü yüksək
nəticələrlə göstərdi.
Kamal müəllim 70 illiyi münasibətilə yaradıcılığını
bir yerə toplayaraq semiotik mənada 7 cildliyini çapa hazırlayıb:
hər on ilə bir cild! Onlardan 3-ü artıq işıq üzü görüb.
1-ci cildə romanları,
2-ciyə roman, povest və
hekayələri, 3-cü cildə
isə şeirləri,
tərcümələri, esseləri
və pyesləri daxil edilib.
Birinci cilddəki giriş xarakterli məlumatlardan belə başa düşmək olur ki, bu nəhəng alimin yaradıcılığını 7 cildə yerləşdirmək çətindir. Ona görə də mən onun 7 cildliyini semiotik mənada başa düşürəm, çünki ürəyi həmişə xalqı ilə döyünən bir yaradıcı insanın külliyyatını 7 cildə yerləşdirmək qeyri-mümkündür. Kamal müəllimin reqalilərini, təhsil və elm sahəsində gördüyü titanik işləri bu cildlərə sığışdırmaq olmaz. Onun saysız-hesabsız çıxışları, auditoriyada və bundan kənarda gördüyü işləri onun tələbələri davam etdirəcəklər. Məsələn, "birgünlük xəlifəlik" ideyası, "auditoriya plus"u, tələbələrin pedaqoji praktikasının qaçqın məktəblərində keçirilməsi neçə-neçə müəllimin və valideynin ürəyindən oldu! Bu, həm də Azərbaycanın rayonlarına böyük köməkdir. Bu xətlə bizim bir dəstə müəllim Mingəçevirdəki qaçqın məktəbində olarkən bunun əyani şahidi oldum. Təzə tikilmiş məktəbin akt zalında şəhərin xarici dillər müəllimləri toplaşmışdı, onların sevinclərinin həddi-hüdudu yox. Mən bu hissləri Sovet dönəmində universitetimizin məktəbə yardım komissiyasının təşkil etdiyi səfərləri zamanı keçirmişdim. Kənd və rayon müəllimi öz müəllimlərinin onların görüşünə gəldiklərini eşidincə necə xoşbəxt olduqlarını onların dilindən eşitmək gərəkdir. Bu görüşlərdə həyəcanlı sual-cavablar olurdu, universitet illəri yada düşür, neçə-neçə xatirə beyinlərdə canlanırdı. Bunların hamısının bir alqışı vardı: sağ olsun Kamal müəllim ki, bizi də yada salır!
7 cildliyin birinci cildində Kamal müəllimlə bağlı verilmiş məlumatları oxuduqca adamın ürəyi sevinclə dolur. O neçə-neçə xarici qurumların fəxri üzvüdür, neçə-neçə mükafatların sahibidir, Əməkdar elm xadimidir, Azərbaycanın Xalq yazıçısıdır, elmi qurumların rəhbəri və üzvü, neçə-neçə sanballı kitabların və məqalələrin müəllifidir, əsərləri dünyanın bir neçə dilinə tərcümə olunub. Rusiyada, Türkiyədə, Almaniyada, Ukraynada, Braziliyada, Fransada, Misirdə, Amerikada və başqa ölkələrdə tanınan yazıçımız və alimimizdir. Onun ölkəmizin ali təltifinə - "Şöhrət" ordeninə layiq görülməsi əməyinə verilən yüksək mükafatdır.
Əziz və dəyərli Kamal müəllim, Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Fəxrəddin VEYSƏLLİ
525-ci qəzet.- 2020.- 8 dekabr.- S.13.