Zamanın fövqünə yüksələn
yaradıcılıq
Kamal Abdulla-70
Azərbaycan
ədəbiyyatı formalaşdığı dövrdən
başlayaraq zaman-zaman digər dünya xalqları ilə
qarşılıqlı əlaqədə olmuşdur. Milli ədəbiyyatın
çoxəsrlik ədəbi təcrübəsi bu ədəbiyyatı
yaradan xalqın mədəni-tarixi keçmişinin zəngin ənənələrə
söykəndiyini göstərir. Bu möhtəşəm
mənəviyyat xəzinəsi Şərq mədəniyyətinin
tərkib hissəsi olan tarix boyunca dünya mədəniyyəti
ilə qarşılıqlı münasibət və
ilişgilər yaşamışdır.
Müasir ədəbiyyatın aparıcı
tendensiyalarını özündə əxz edən, yüksək
bədii siqlətli, mütərəqqi ideyaları təbliğ
edən elitar bədii sənət nümunələri
dünya ədəbiyyatının ümumi sərvətləri
kimi bəşəriyyətin ortaq dəyərlərini daha da
zənginləşdirir.
Milli ədəbiyyatımızın
görkəmli nümayəndəsi, istedadlı
yazıçı-dramaturq, elm, mədəniyyət və siyasət
xadimi, Əməkdar elm xadimi, Xalq yazıçısı,
akademik Kamal Abdullanın çoxşaxəli
yaradıcılığı dünya ədəbi prosesində
xüsusi yer tutur. Dünya və Azərbaycan mədəniyyəti
irsinə, onun ədəbi-fəlsəfi, bədii-estetik,
dini-tarixi dəyərlərinə dərindən bələd
olan sənətkarın yaradıcılığı
özünəməxsus fərdi üslubunun
orijinallığı ilə seçimlənir. Kamal
Abdulla yaradıcılığına bir neçə yöndən
nəzər salmaq olar: Yazıçı-dramaturq Kamal Abdulla,
şair-esseist Kamal Abdulla, dilşünas Kamal Abdulla,
türkoloq Kamal Abdulla, ədəbiyyatşünas Kamal Abdulla,
mədəniyyətşünas-kulturoloq Kamal Abdulla, ictimai
xadim, təhsil təşkilatçısı Kamal Abdulla. Ensiklopedik biliyə, miqyaslı
dünyagörüşə malik yazıçının nəsri
onun çoxşaxəli yaradıcılığının
özülünü təşkil edir. Həmişə
olduğu kimi, bu gün də xarici ölkələrdə
Kamal Abdulla yaradıcılığı diqqət mərkəzindədir.
İstedadlı yazıçının bədii
əsərləri-pyesləri, hekayələri, romanları,
esseləri və şeirləri həm respublikamızda, həm
də xarici ölkələrdə çap olunmuşdur.
Onun romanları aktuallığına,
mövzusuna, janrına, üslubuna, problematikasına və
elitar səviyyəsinə görə dünya ədəbi
prosesində diqqəti daha çox cəlb edir. Və zaman keçdikcə bu əsərlər
öz estetik təravətini, bədii tutumunu və müasirliyini
saxlayır. Vaqif Bayatlı Odərin sözlərilə
desək: "Əslində bir var zaman
yazıçıları, bir də var zamansız
yazıçılar. Yəni zamandan yuxarı
olan yazıçılar. Çünki əsl
yaradıcının zamana dəxli yoxdur".
Yazıçının əsərləri içərisində
xüsusi yer tutan "Yarımçıq əlyazma"
romanına dünya ədəbiyyatı müstəvisində əlamətdar
hadisə kimi dəyər verilib. Əsər haqqında
yüzdən çox məqalə və resenziya
yazılıb. Onu da qeyd edək ki,
Latın Amerikası ölkəsindən Braziliyada Azərbaycan
ədəbiyyatından nəşr edilən yeganə kitab da
"Yarımçıq əlyazma" romanıdır. Rusiya tənqidçiləri bu əsəri
"postmodernizmin ən parlaq nümunəsi", türkiyəli
tənqidçilər isə bu əsərə görə
Kamal Abdullanı "Azərbaycanın Borxesi"
adlandırıblar. Tanınmış rus
yazıçısı Aleksandr Tkaçenko
yazmışdır ki, "Folkner öz Yoknapatofunu, Markes
öz Makondasını, Fazil İsgəndər öz
Çeqemini yaradan kimi, Kamal Abdulla da öz
"Yarımçıq əlyazma"sını
yaradıb". Ümumiyyətlə, Kamal Abdulla
"Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi"
romanları ilə Azərbaycan ədəbiyyatının
xaricdə daha yaxından tanıdılmasında öz töhfələrini
verib. Ədəbi tənqidin də qeyd etdiyi
kimi, bu roman dünya ədəbiyyatının ən çox
sevilən əsərlərilə bir sırada durur. 2015-ci ildə yazıçının İtaliyada nəşr
olunan "Yarımçıq əlyazma" romanı da bu
ölkənin məşhur Skanno mükafatının ədəbiyyat
üzrə xüsusi prizinə layiq görülüb.
Amerikanın məşhur ədəbiyyat nəzəriyyəçisi,
mifologiya və ritorika üzrə mütəxəssis Maks
Statkiyeviç "Yarımçıq əlyazma"
romanını təhlil edərək belə bir elmi qənaətə
gəlir: "Kamal Abdullanın təhkiyəçisi, yəni,
Dədə Qorqudun xələfi və katib deyir ki, "Bu,
sirri - Xudadır!" Ancaq bu həm də şeytani sirr deyilmi
(və yaxud, tutalım, Mixail Bulqakovun və ya Kamal
Abdullanın özünün sənətkar sirri deyilmi) ? İddia etsən ki, öz ilahi anlamında
"əlyazmalar yanmır", bu, Yazının ( və sənətin ) əbədiliyi ilə
bağlı sirr deyilmi? Bir daha qeyd edək ki,
Kamal Abdullanın dahiyanə tapıntısı eposun mədəniyyəti
"təsis etmək, qurmaq" iddiası daşıyan
missiyasının bünövrəsinə yazının
natamamlıq mahiyyətinin qoyulmasındadır.
Ötən ilin dekabrın 20-də Birləşmiş
Krallığın Oxu üzrə Dünya Kitab Klubunda
"Yarımçıq Əlyazma" romanı müzakirə
edilib. Əsəri ingilis dilinə tərcümə edən
və müzakirəyə dəvət olunan Anna Tompson
romanın müzakirəsi böyük maraqla keçdiyi haqda
yazı dərc etmişdir. "Dünya
Kitab Klubu Britaniya kitab mağazalarında üstünlük təşkil
edən Şimali Amerika və Qərbi Avropa ədəbiyyatlarından
kənara çıxaraq, hər ay oxuyub müzakirə etmək
üçün fərqli bir kitab seçir. Müzakirələr əsasən mif, reallıq və
tarixi yazılar üzərində aparılıb. Müqayisələr arxeoloqlar Troya şəhərinin
qalıqlarını tapana qədər mif hesab olunan Troya
müharibəsi ilə aparılırdı. Digər bir oxucu isə əlyazmanın, sanki
parçalandığını və yaranan boşluqların
doldurulmasının oxuculara həvalə edildiyini
vurğuladı. Tarix ayrı-ayrı
faktlardan ibarətdir və o faktlar tamamilə aşkar olunanda
tarixə baxış dəyişir. Oxucular
əsərin mövzusunu müzakirə edərkən, özləri
üçün bəzi məsələləri də
aydınlaşdırmaq istəyirdilər. Hekayənin
sonunu nəzərə alaraq, onlar maraqlanırdılar ki, Dədə
Qorqud Aruzdan yaxa qurtarmaq üçün kimi qurban verəcək.
Müzakirə iştirakçılarına elə
gəlirdi ki, xan öz kürəkənini sevmir. Məsələn, bir oxucuya görə Xan Qazanı
qurban vermək istəyir. Bəlkə də,
Xan Uruzun böyüməsini gözləyib, daha sonra Qazandan bu
şəkildə yaxa qurtarmaq istəyir? Oxucular Qorqudun, həqiqətən
də müsbət, yaxud mənfi obraz olması ilə
maraqlanırdılar, halbuki bu obraza artıq isinişmişdilər.
Boğazca Fatma da Xızır kimi onların diqqətini
cəlb edən digər məşhur bir fiqur idi".
Müzakirə iştirakçılarında xüsusilə
Nur Daşı mübahisə doğurub və onun başqa yerdə
olub-olmaması ilə maraqlanıblar. Klubda Şah
İsmayıl və Kitabi-Dədə Qorqudla bağlı məlumatları
kifayət qədər olmayan oxucular yazıçıdan daha
müfəssəl bir giriş istəyiblər. Əsərin əvvəlində oxucu naməlumluqdan
konfuza düşsə də, yarıya çatdıqda o,
bundan zövq alır və marağı getdikcə artır.
Ümumiyyətlə, kitab klubları tarixində ilk dəfədir
ki, Azərbaycan ədəbiyyatından əsər və azərbaycanlı
müəllif seçilib. Qeyd edək ki,
"Yarımçıq əlyazma" romanının
Britaniya Kitab Klubunda müəllifdən xəbərsiz
müzakirə edilməsi Azərbaycan ədəbiyyatının
təqdir olunmasının əyani sübutu və göstəricisidir.
Kamal Abdulla ədəbiyyatşünaslığa,
türkologiyaya, mədəniyyətşünaslığa,
Qorqudşünaslığa, tənqid və estetikaya, dilçiliyə
dair fundamental kitablar yazmış, dərsliklər nəşr
etdirmiş və elmi kadrlar yetişdirmişdir.
2017-ci
ilin noyabr ayında Azərbaycan Dillər Universitetində qonaq
olan amerikalı alim xanım Anna Oldfild Kamal Abdulla ilə
görüşünü və bu görüşlə
bağlı xoş təəssüratlarını ona
ünvanlandığı məktubunda ifadə edərək
yazmışdır: "Azərbaycan folklorunu araşdıran
bir tədqiqatçı kimi, tanınmış postmodernist
yazıçı ilə onun Azərbaycan folkloru və roman
arasında əlaqələr barəsində fikirlərini
bölüşmək mənim üçün xoş və
maraqlı idi. Azərbaycana gələn hər bir qonağa bu
ölkəyə məxsus səxavətlə açılan
çay süfrəsi kimi, cazibədar ideyaları və
düşüncə tərzi ilə, eləcə də, Azərbaycan
aşıqlarından tutmuş Umberto Ekoya qədər uzanan
müxtəlif mövzulu söhbətlərlə
yanaşı, mən öz sualıma cavabı
"Yarımçıq əlyazma" romanında - folklor,
"Kitabi-Dədə Qorqud" və çağdaş Azərbaycan
bədii ədəbiyyatının danılmaz vəhdəti
olan bir əsərdə tapdım. Üstəlik,
roman özündə çoxsaylı freymlər daxilində əlyazma
arxivi, kitabxanaçı, şərqşünas, mətndaxili
mətn (freym hekayə) və sirr ehtiva edir". Müəllif
məktubunu bu cümlə ilə yekunlayır: "Sonda isə
mən Kamal Abdullanı yazıçı və alicənab bir
insan kimi dəyərləndirirəm".
Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri vəzifəsində
çalışdığı illərdə də intensiv fəaliyyət
göstərmiş və bir sıra uğurlara imza
atmışdır. "Multikulturalizm İli"ndə həyata
keçirilən bütün tədbirlər bir daha göstərdi
ki, Azərbaycan xalqı, cəmiyyəti bütövlükdə
bu multikultural dəyərlərin dünyaya
tanıdılmasına hazırdır.
Akademikin bir sıra elmi əsərləri, o cümlədən, multikulturalizmə aid yazdığı məqalələri də xarici ölkə mətbuatlarında yer almışdır. Kamal Abdulla həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi mövqeyini, ədəbiyyatını və mədəniyyətini ləyaqətlə qorumaq missiyasını inamla davam etdirməkdədir. Azərbaycan Dillər Universitetinin rektoru kimi fəaliyyətində də o, bir sıra uğurlara imza atıb. Tədris müəssisəsində Multikulturalizm, Azərbaycanşünaslıq, Rusiyaşünaslıq laboratoriyaları açılıb.
Bu gün də görkəmli Azərbaycan yazıçısının yaradıcılığının dünya ədəbiyyatı kontekstində özünəməxsus yeri var. İstedadlı qələm sahibi Kamal Abdulla bütün Türk dünyasında böyük şöhrət qazanan, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, bütün dünyada şərəfləndirən görkəmli yazıçı, fədakar alim, qeyrətli vətəndaş, xalqını sevən ziyalıdır.
Hörmətli Kamal müəllim!
Sizi yubileyiniz münasibətilə təbrik edirik! Sizi - Müstəqil Azərbaycan elminin inkişafında xidmətləri olan, sözün əsl mənasında elm və təhsil fədaisi, görkəmli alim, vətənpərvər ziyalı, yurdsevər və xeyirxah insanı seyr etməkdən qürur duyuruq.
Qələbə ərəfəsində yazdığınız "Müharibə və onun ədəbi - bədii əks-sədası" adlı məqalənizdə niyyət etdiyiniz kimi Qarabağ torpağının ruhunu eşidib yeni-yeni əsərlər yaratmağınızı arzu edirik!
"Nə yazacaqsan" sualını vermə. Hər kəs o pıçıltıda özünü eşidəcək. Hər kəs o pıçıltını özü bildiyi kimi yazacaq. Kimi o pıçıltıda şeir eşidəcək, kimi hekayə, kimi roman, pyes... Bax, bu olacaq bizim hər birimizin öz-özlüyündə və hamımızın birgə yazdığımız Qarabağ əsəri. Bax, bu olacaq müharibə ilə bağlı ürəyimizin qanı ilə yazılan şeirlər, hekayələr, romanlar, musiqi parçaları, rəsm əsərləri...
Belə olmasa, alınmaz".
Sevinc
ZEYNALOVA
Azərbaycan
Dillər Universitetinin prorektoru, filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.- 2020.- 8 dekabr.- S.12.