Dünyaya şəhidlik dərsi verən
Azərbaycan müəllimləri
Vətən
müharibəsində qələbə naminə Azərbaycanın
təhsil ictimaiyyəti də böyük fədakarlıqlar
göstərdi
Haqq savaşında,
Vətən müharibəsində
qələbələr qansız-qadasız,
itkisiz qazanılmır. Hər yeni
mübarizə yeni qəhrəmanları üzə
çıxarır.
Sentyabrın 27-də torpaqlarımızın azadlığı
uğrunda başlayan haqq döyüşümüzdə
şanlı qələbəni
istər ön cəbhədəki, istərsə
də arxa cəbhədəki cəsurlar
hesabına əldə
etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini
fəth edənlər
sırasına təhsil
ictimaiyyəti üzvlərinin
də adı yazıldı.
Şanlı tarix yazan tarix müəllimi
Karyerasına müəllim kimi
başlayıb, ehtiyatda
olan zabit kimi davam edən
və sinifdən səngərə uzanan yolunu şəhadətilə
taclandıran qəhrəman
müəllim Famil Əhmədzadə... İsmayıllı rayonunda savadlı müəllim kimi tanınırdı. Ancaq indi
onu bütün Azərbaycan tanıyır.
O, azərbaycanlılar üçün
tarix yazan tarix müəllimlərimizdən
biridir.
Famil Əhmədzadə
1997-ci ildə Dövlət
İdarəçilik Akademiyasını
qırmızı diplomla
bitirib. Elə o vaxtdan İsmayıllı
rayon E.Məmmədov adına 3 nömrəli
məktəb-liseydə tarix
müəllimidir. Fəaliyyətinin ilk günlərindən şagirdlərinin
və müəllim kollektivinin rəğbətini
qazanıb. Qısa zamanda
rayonun tanınmış
simasına çevrilib.
Rayon tədbirlərini hər zaman o idarə edib. 2020-ci ildə Vətən
müharibəsi başlayanda
ehtiyatda olan baş leytenantın da müraciəti dəyərləndirilib və
Famil Əhmədzadə
döyüşlərə cəlb edilib. Azərbaycan Ordusunun minlərlə könüllü döyüşçüsündən
biri olaraq cəbhəyə yollanıb
və orada da öz sözünü
deyib. Oktyabr ayının 14-də Talış və Suqovuşan istiqamətlərində
gedən döyüşlərdə
qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə
ucalıb.
Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru
Elvin İmaməliyevin də
adı qələbədə
payı olan müqəddəs şəhidlər
sırasındadır. Elvin İmaməliyev 1989-cu ilin
mayın 9-u Ağstafa
rayon Qırılı kəndində
ziyalı ailədə
dünyaya gəlib.
Orta təhsilini Qırılı
kəndində bitirdikdən
sonra Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi
(fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin
işə qəbulu üzrə müsabiqədə
iştirak edərək
elə doğulduğu
kəndin məktəbində
müəllim kimi fəaliyyətə başlayıb.
2019-cu ildə direktorların
işə qəbulu üzrə müsabiqədə
iştirak etmiş və yüksək bal toplayaraq Ağstafa
şəhəri 1 nömrəli
tam orta məktəbə
direktor təyin edilib. Nümunəvi məktəb direktorlarından
biri olub Elvin müəllim. O, 2020-ci il iyul ayında
baş verən Tovuz döyüşləri
zamanı könüllü
olaraq orduya yazılıbmış. Sentyabr ayında
müharibə başlayanda
isə ön cəbhəyə yollanıb.
Şuşa şəhərinin azadlığı uğrunda
döyüşlərdə qəhrəmanlıqla vuruşub,
şəhərin azadlığa
qovuşmasının sevincini
yaşayıb. Təəssüflər
olsun ki, qələbəmizə cəmi
1 gün qalmış,
noyabrın 9-da Şuşa şəhəri
yaxınlığında, Qırmızı
bazar qəsəbəsində
ağır yaralanaraq şəhid olub.
Keçən il "Bayraq Günü" ilə bağlı tədbirin sonunda çıxışı zamanı
ən böyük arzularından birinin də bayrağımızın
Şuşada dalğalanacağı
günü görmək
olduğunu deyib Elvin müəllim. Onda heç özünün
də ağlına gəlməzdi ki, Şuşanın azadlığa
qovuşmasında onun
da payı olacaq. Əfsuslar olsun, qələbə
xəbərini özü
şagirdlərinə, məktəb
kollektivinə çatdıra
bilmədi. Bu gün Ağstafa şəhəri 1 nömrəli
tam orta məktəbin
müəllim, şagird
kollektivinin qürur yeri, fəxridir. Məktəbin tarixində Elvin müəllimin
adı əbədi yaşayacaq və böyük ehtiramla yad ediləcək.
Lerik rayon Sors
kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyev də döyüşlərə
qatılan, müharibənin
bitməsinə saatlar
qalmış şəhid
olan müəllimlərdən
biridir. Anasının yeganə oğlu, 3 bacının bir qardaşı Elgün də bu il müəllim adı qazanmışdı.
İlk dəfə sinfə girəcəkdi. Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı
mərhələsində topladığı
52 balla Lerik rayon Sors kənd ümumi orta məktəbində dərs
demək hüququ əldə etmişdi.
Şagirdlərinə tarixdə qalanlardan
danışacaqdı Elgün
Quliyev. Ancaq özü tarixə
çevrildi. Müasir tariximizin
şanlı səhifələrindən
birini də məhz o yazdı. Müharibənin bitməsinə saatlar
qalanda şəhid olan müəllimlərdən
biri oldu.
Müəllim kimi fədakar, döyüşçü kimi
qəhrəman...
Gəncə şəhər Mikayıl
Müşfiq adına 14 nömrəli
tam orta məktəbin
müəllimi Rabil İsmayılov da torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə iştirak
edib və qəhrəmancasına şəhid
olub. Vətən Müharibəsində fədakarlıqla
iştirak edən döyüşçü müəllim
2017-ci ildə müəllimlərin
işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. İstedadlı olmaqla yanaşı,
həm də sözün həqiqi mənasında yaxşı
müəllim olub Rabil İsmayılov.
İxtisasını mükəmməl bilən müəllimə
çalışdığı məktəbin direktor və müəllim kollektivi "Riyaziyyatın
atası" deyirmiş.
Dərsdə heç
vaxt oturmur, ya partaların
arasında, ya da əlində təbaşirlə lövhənin
önündə olurmuş
Rabil müəllim. Bu
il məktəbin
qalib olduğu qrant layihəsinin müəllifi də məhz R.İsmayılov olub.
Kürdəmirdə şagird, Masazırda müəllim,
Şuşada şəhid...
Torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
göstərən və
şəhidlik zirvəsinə
ucalan müəllimlərdən
biri də Qoşqar Ömərovdur. O, Kürdəmirdə
doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən
birində, 5 nömrəli
tam orta məktəbdə
şagirdlərinə hesablama
elmini öyrənməkdə
bələdçilik edirdi.
Ta sentyabrın 27-nə qədər
o bir müəllim idi şagirdlərinin gözündə. Amma artıq,
yəni Şuşanın
Daşaltı kəndi
uğrunda gedən döyüşlərdə şəhid
olandan sonra bir qəhrəmandır.
44 günlük Vətən müharibəsinin
son günlərinə qədər
döyüşdü. Noyabrın
5-də şəhidlik zirvəsinə
yüksələnədək davam edən ömrü qısa olsa da, amacı
böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırdı.
Qubadlı uğrunda gedən
döyüşlərdə Lənkəran şəhər
A.Məhərrəmov adına 7 nömrəli
tam orta məktəbin
müəllimi Emil Qurbanov
5 güllə yarası
alaraq şəhadət
şərbətini içib.
Emil müəllim Lənkəran şəhər
7 nömrəli tam orta
məktəbdə gənclərin
çağırışaqədər hərbi hazırlığı
müəllimi, təlim-tərbiyə
işləri üzrə
direktor müavini idi. Hərbi xidmətdən sonra
bir müddət hərbçi kimi fəaliyyətini davam etdirib taqım komandiri olmuşdu. Ancaq sonradan ailəsini yanına apara bilmədiyindən özü
hərbi hissədə
fəaliyyətini dayandıraraq
rayona, ailəsinin yanına qayıdıb. Həm məzunu olduğu
7 nömrəli tam orta
məktəbdə gənclərin
çağırışaqədər hərbi hazırlıq müəllimi, həm də "Zirvə" İdman Kompleksində məşqçi kimi işə başlayıb.
2006-cı ildən bu yana yetişdirdiyi
idmançılarla böyük
uğurlara imza atıb.
Şuşa uğrunda canını
əsirgəmədi
Rəvan Lətifov isə Vətən müharibəsi
başlayanda Sincan kənd tam orta məktəbində təşkilatçı-müavin
olub. Sentyabrın 29-da Vətən müharibəsində iştirak
etmək üçün
çağırış vərəqəsi alıb
və məktəbi döyüş meydanı
ilə əvəz edib. Qısa döyüş yolu
Şuşaya qədər
gedib çıxdı.
Şuşa uğrunda gedən
döyüşlərdə iştirak edib və qəhrəmancasına
şəhid olub.
Şəhadət xəbərini ailəsi
noyabrın 16-da alıb
və o, Xaçmaz kəndindəki "Şəhidlər
Xiyabanı"nda dəfn
edilib.
Gəncənin qürur mənbəyi olan şəhidlərindən biri də Rəşad Məmmədovdur. Həyat yolunu cızarkən silah yox, qələm götürməyə üstünlük vermişdi. Qələmlə ondan əvvəl yazılmış tarixi yaşatmaq, anlatmaq, gələcək nəslə ötürməyi hədəfləmişdi. Sadəcə müəllim olmaq istəmişdi. Bu istəklə də orta məktəbi bitirib ali məktəbə - Gəncə Dövlət Universitetinə daxil olmuşdu. Sonra daha yaxşı müəllim olmaq istədi. Bu həvəslə GDU-da magistratura təhsili aldı. İnsan yetişdirmək, insanın şəxsiyyətə çevrilməsi prosesində fəal rol oynamaq idi niyyəti. Hazırlaşıb müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldı və 2018-ci ildə 51 bal toplayaraq yaxşı müəllim olacağına dair bir şübhə yeri qoymadı. Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi seçdi. Çox keçmədi ki, məktəbin sevimli tarix müəllimi oldu Rəşad Məmmədov. Onun müəllim ömrü 2 il - Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatlarının başladığı günədək sürdü. Əməliyyatların başlanması ilə əli qələmli Rəşad müəllim dönüb oldu əli silahlı əsgər. Tarixin səhvini qələmlə düzəldə bilməyəcəyini anladı hər halda. Əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verdi. Canından çox sevdiyi vətəni, torpağı uğrunda gedən döyüşlərdə şücaət göstərdi Rəşad müəllim. Vətənin azadlığı uğrunda gedən döyüşlərin birində də qəhrəmancasına həlak oldu.
Öncə Vətən!
Şəhid müəllim Vidadi İsrafilov Daşkəsənin Gurbulaq kəndində doğulub, böyüyüb. Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib. Riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Vidadi müəllim onu qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün canından keçəcək qədər çox sevdi torpağını. Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrafilov hərbi komissarlığa müraciət edərək sentyabrın 29-da "öncə Vətən" deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki övladını ata-anasına həvalə edərək döyüşlərə yollanıb. Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Müharibənin bitməsinə bir neçə saat qalmış ağır yaralanan Vidadi İsrafilov qəhrəmancasına şəhid olub.
***
Təhsil naziri Emin Əmrullayev deyir ki, Azərbaycan müəllimi Vətən müharibəsindən üzüağ, başıuca çıxdı: "Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər! Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq. Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin uzunmüddətli bir əməyi vardır. Bu çox vacib məqamdır. Çünki hər bir insanın müəllimi var. O cümlədən də, bu döyüşlərdə iştirak edən, bu qələbədə rolu olan hər bir insanın və müəllimlərimizin. Döyüşlərə qatılan və vətən uğrunda canından keçən müəllimlərimizə Allahdan rəhmət diləyirəm".
Sevinc QARAYEVA
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur
525-ci qəzet.- 2020.- 8 dekabr.- S.11.