Aysel Kərimdən poetik toplu: "Kəpənəyin göz yaşı"

 

 

Ötən günlərin birində gənc bəstəkar şair Aysel Kərimin "Kəpənəyin göz yaşı" (Bakı, "Qanun" nəşriyyatı, 2020, 184 səh.) adlı kitabı işıq üzü görüb.

 

Kitabda Aysel Kərimin müxtəlif mövzularda yazdığı lirik şeirlər öz əksini tapıb. Vətən, yurd anlayışı, həyatın özü, onun fəlsəfəsi, saf məhəbbətin tərənnümü şeirlərin ana xəttini təşkil edir. Kitabda Aysel Kərimin sözlərinə bəstələnmiş həm özünün müəllifi olduğu, həm digər bəstəkarların musiqisinə yazılmış mahnıların mətnləri yer alıb.

 

A.Kərim 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. O, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib, eyni zamanda, həmin illərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən "Gənc Ədiblər Məktəbi"nin məzunu olub. "Bir ovuc yağış" adlı ilk kitabı 2011-ci ildə nəşr edilib. Aysel Kərim poeziya ilə yanaşı, bəstəkarlıq sahəsində çox ali səviyyədə püxtələşmiş simalardandır.

 

Aysel Kərimin şeirlərini oxuduqca onun ən ülvi hissləri qələmə aldığının şahidi oluruq. Onun şeirlərini mütaliə etdikcə bu poetik nümunələrin tamamilə ürəkdən gəldiyini, sətirlərin səmimi olduğunu duymaq mümkündür. Bir şeirdə lazım olan ən vacib amil məhz budur. Bu baxımdan A.Kərimin poeziyası arzuolunan oxunaqlıdır.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin Xalq şairi Sabir Rüstəmxanlının "Kəpənəyin göz yaşı" kitabına yazdıqları ön sözdə A.Kərimin yaradıcılığının ürəklərə yol tapması Azərbaycan ziyalısı, oxucusu tərəfindən əsl incəsənət nümunəsi kimi qəbul olunması qeyd edilir. R.Məcid yazır: "Şeirlərinin hər biri onun mübhəm duyğularından xəbər verir. Ümumilikdə isə bütün yaradıcılıq nümunələri onun dərin sükutunun səsidir. İnanıram ki, məşğul olduğu sahələrin hər birində daim uğurlara imza atacaqdır". A.Kərimin bəstəkarlıq fəaliyyətini yüksək qiymətləndirən R.Məcid vurğulayır: "Çox sevindirici haldır ki, öncə şair kimi tanıdığım Aysel xanımın bəstəkarlıq fəaliyyəti yetərincə uğurludur. Onun öz sözlərinə digər şairlərin sözlərinə bəstələdiyi mahnılar xalq artistləri, əməkdar artistlər tərəfindən ifa edilməkdədir".

 

S.Rüstəmxanlı da Aysel Kərimin yaradıcılığına böyük dəyər verir: "Aysel daim axtarışdadır, özünü ifadə üçün sənətin müxtəlif imkanlarına əl atır. Şairdir, bəstəkardır, özünün başqaların şeirlərinə mahnılar yazır, sevdiyi şeirləri zərif bir səslə səsləndirir, bacarıqlı musiqişünasdır, fəal gəncdir. Məşğul olduğu hər sahədə tanınır". Xalq şairi qeyd edir ki, indiyə qədər olan fəaliyyəti A.Kərimin gələcəyinə böyük ümidlər yaradır: "Aysel Kərimin öz ifasında  dinlədiyim "Gecə-gündüz", "Bulud", "Dünyaya ana lazım" sair şeirləri qeyri-adi ovqatı, metaforaları ilə onun həm poeziya sahəsində ciddi potensialından xəbər verir. Gənc dostumuzun çətin sənət yolunda inamla addımlayacağına inanır ona hamımızı sevindirəcək böyük uğurlar arzu edirəm".

 

A.Kərimin nəğməkar şair kimi sevilməsi həm də ondan irəli gəlir ki, o, sözlə musiqinin vəhdətini duya bilir. Elə buna görə də həm bəstəkarı olduğu mahnılar, həm də sözlərinə bəstələnən nəğmələr dinləyicilərin könlünə yol tapa bilir. Mahnı mətnləri öz orijinallığı ilə seçilir. O, həzin duyğuları dilə gətirməklə yanaşı, coşqunluğu da şeirlərində gözəl əks etdirməyi bacarır. Məsələn, "Kim ağlasın" adlı mahnının mətnində yazılır:

 

Bu həyata, bu dünyaya,

Soyuq qışa, isti yaya,

Keçən günə, gələn aya,

Ötənlərə kim ağlasın?

 

yaxud "Qəhrəmanın heykəli" adlı mahnıda deyilir:

 

Bir ömür yolunun cəsur sahibi,

Vətən sevgisinə qoşulub indi.

Vətəndaş eşqilə yazıb tarixi,

Nəğmə qanadına sətirlənibdi.

 

A.Kərimin yaradıcılığı çoxşaxəlidir. Uşaq ədəbiyyatına uşaq mahnılarına da töhfələr verən bəstəkar-şair ənənəvi yaradıcılıq istiqamətini unutmur, ədəbiyyatın aktual olan əksər mövzu kateqoriyalarına uyğun əsərlər yaradır. Bu yolda ona yeni müvəffəqiyyətlər arzu edirik!

 

Nadir RZALI

 

525-ci qəzet.- 2020.- 24 dekabr.- S.19.