Fədakar Cümhuriyyət qadını
Sarıqamış məğlubiyyəti 10 mindən
çox Türk əsirin ruslar tərəfindən Bakının
ən qədim türməsi olan Nargin adasına salınmasına səbəb
oldu. O günlərin bir
qadın qəhrəmanı
var - Sona xanım Hacıyeva...
Bu anım günündə Sona xanımı bir daha xatırlayaq...
Fotosu tapılmayan, sonu bəlli olmayan Sona xanım Hacıyeva...
Sona xanım
Bakının zəngin
və yüksək təhsilli xanımlarından
biri idi. Milyonçu qlasnı
(deputat) Kərbəlayi
İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın
qolunun sədri idi.
Böyük mülkiyyəti ilə yanaşı, Bakı buxtasında Sona xanımın mühüm
hadisələrin iştirakçısı
olan dəbdəbəli
şəxsi gəmisi
dururdu.
Məlum
olduğu kimi, Birinci Dünya müharibəsinin ilk illərində,
1914-1915-ci illərin qışında
Sarıqamış məğlubiyyəti
baş verdi.
90 minlik türk
ordusu 40 dərəcə
şaxtada davam gətirməyib məhv oldu. Ruslar minlərlə hərbi
və mülki adamı əsir götürdülər. Təkcə
Bakıya, Nargin adasına 10 min nəfər
qadın, uşaq, yaşlı, əsgər,
zabit türk əsir yerləşdirildi.
Əsirlər Bakı küçələrindən
keçirilib adaya aparılarkən şəhər
həyəcana gəlmiş,
bu barədə Bakı qubernatoru Peterburqa məktub göndərmişdi. O yazırdı:
"Bakı əhalisi
türklərin əsir
alınmasına dözümsüzlük
göstərir..."
Rus idarəetməsi
türk əsirləri
ölüm adası Narginə yerləşdirib
əsas nəzarəti
qatil kimi yetişdirdiyi erməni zabitlərinə və həkimlərinə tapşırmışdı.
Nəriman Nərimanov adanı
komissiya heyəti ilə ziyarət etdikdən sonra parlamentdə türk əsirlərin vəziyyəti
haqda kəskin bir çıxış edərək demişdi:
"Erməni həkimlər
yüzlərlə əsirin
gözlərində əməliyyat
edib kor ediblər. Hər gün susuzluqdan,
acından, yoluxmadan, ilançalmadan yüzlərlə
insan ölür".
Bu xəbərdən Bakı
təlatümə gəldi.
Təzəpir məscidinin axundunun fətvası ilə hər kəs məscidə ərzaq, paltar, ayaqqabı, dərman daşıdı. Bu yardımı bir ay adaya daşıyıb bitirmək mümkün olmadı. Bakı qadınları gecədən
səhərə yun corab, şal, canlıq toxuyub məscidin həyətinə
gətirirdilər.
İctimai təpki 200 nəfər qadın və uşağın hökumətin
icazəsi ilə adadan alınıb Bakıya gətirilməsinə
səbəb oldu.
Lakin hökumətin
bu addımı şəhəri sakitləşdirmədi. Mətbuatda və
məscidlərdə müzakirələr
və etirazlar səngimədi.
Sona xanım
Hacıyeva isə həmin tarixin qəhrəmanına çevrildi. O, öz
gəmisi ilə Narginə ərzaq aparmağa başladı. Qohumları, xidmətçiləri
ilə adaya gələn, araba-araba ərzaq, geyim, yataq gətirən Sona xanım rus rəislərə rüşvət verib gəminin yoxlanmasının
qarşısını alır,
hər dəfə geri dönəndə yüksək rütbəli
türk zabitlərini üç-üç, beş-beş
gəmisinə alırmış.
Əsirlər təğyir-libas olub ərzaq gətirən xidmətçilərə
qoşularaq gəmiyə
mindirilirmiş. Sonra da Sona xanım onlara şəxsiyyət vəsiqəsi düzəldib
İrana keçirirdi.
Oradan isə onları Türkiyəyə yola salırdılar.
Bu minvalla Sona xanım
az bir
vaxtda Nargin adasından yüz nəfərdən çox
zabit qaçırır.
O zabitlərin adları
yazılı sənədlərdə
qalır.
Şəhərdə xəbər gəzirdi ki, rusların səlahiyyət verdiyi ermənilər yüksək
rütbəli zabitləri
əsirlər arasından
seçib qətlə
yetirir, ayaqlarına daş bağlayıb dənizin dibinə yuvarlayırlar.
Bu, Bakı camaatının
heysiyyatına toxunur, qəzəb və həyəcan doğururdu.
Həmin
günlərdə Bakının
bircə dərdi vardı: türk əsirlər...
Bakıda, Abşeron kəndlərində
kimin gəmisi, hətta kiçik bir balıq təknəsi vardısa, gecələr gizlincə Nargin adasına yaxınlaşır, oradan
əsir alıb qaçırdı.
Bu işi ardıcıl
və nizamlı həyata keçirən isə Sona xanım
idi.
Bu yolla Bakıda
xeyli türk əsir toplanmışdı. Ziyalıların və ruhanilərin çağırışı ilə Bakı baqqalları, əsnafları,
tacirləri əsirlərə
pulsuz ərzaq, geyim-keçim, barınacaq
verirmiş.
Türk əsirlərə yardım
etmək şəhərin
şərəf işinə
çevrilmişdi.
Bir gün bir əsirin bir erməni dükanına girməsi ilə işin üstü açılır. Erməni çuğulluq
edir. İstintaq başlayır. Adada siyahıyaalma aparan hökumət əsirlərin
sayında böyük
əskiklik görür.
Araşdırma başlayır. Sona xanım Hacıyeva istintaqa cəlb edilir.
Arxivlərdə Sona xanımın 110 səhifəlik ifadəsi
var. Günlərlə ifadəsi
alınıb. Sona xanım məhkəmədə
etiraf edir ki, bəli, əsirlərə yardım
etmişəm. Yardım cinayət
deyil. Yardım insaniyyətlikdir!
İstintaq əsirlərin qaçırılmasını
sübut edə bilmir.
Mənbələr deyir, bu istintaq
sovet dövründə
də davam etmişdi. Bakı zənginlərindən və
din xadimlərindən xeyli
adam məhkəmələrə
çəkilmiş, adları
hökumətin qara siyahısına salınmış,
repressiya olunmuşdular.
Sona xanım
Hacıyeva Bakının
ən mütərəqqi,
ən zəngin, ən fədakar, ən səxavətli xanımlarından biri olub. O, əsl Cümhuriyyət
qadını idi. Rəhbəri olduğu qadın
xeyriyyə komitəsinin
xətti ilə ictimai və siyasi proseslərin önündə durur, təhsil və maarif işində misilsiz xidmətlər göstərir və digər zəngin xanımları da bu işə təşviq edirdi.
Lakin arxiv sənədlərində
birdən-birə xətt
qırılır... iz
itir...
Dövrün araşdırmaçıları ilə söhbətimdə
onun fotosunu və sonrakı taleyini gördüm deyən olmadı. Dövlət arxivində Nargin hadisələri və Sona xanım haqda məlumat var. Lakin nə fotosu
var, nə də sonu haqda
xəbər.
Bu dəyərli xanımın
taleyi nə oldu, necə oldu, bilən yoxdur...
Amma əminəm, bu iş belə qalmayacaq, o Cümhuriyyət
qadınının qutsal
surətini görmək,
taleyini öyrənmək
bizə nəsib olacaq. Bunun üçün əlimdən gələni
edəcəyəm. Çünki Sona xanım Hacıyeva tanınmağa,
anılmağa, ictimai
ehtirama layiq olan xanımlarımızın
önündə gələnlərindəndir.
Bu ad xatirələrdə yaşamalı, ehtiramla anılmalı və Cümhuriyyət qadınlarını
təmsil etməlidir.
Ruhu şad
olsun!..
Mehriban
VƏZİR
525-ci qəzet.- 2020.- 24 dekabr.- S.19.