Ömrə bərabər gün...
(Əvvəli
22 dekabr sayımızda)
Bağdadda keçən günlər...
...
Haccı Ğassan bazar ertəsi İran səfirliyindən mənə
beş günlük tranzit vizası
aldı və cümə günü yola düşməyimizi
qərarlaşdırdıq. Hələ yola
çıxmağıma bir neçə gün vardı.
Həmin vaxt ərzində yarımçıq
qalmış işlərimi tamamladım və bu illər ərzində
dostlaşdığım insanlarla, ən başlıcası,
öz işçilərimlə xudahafizləşdim. Haccı Ğassanın axır vaxtlar məni qoruyan
qohumu Əli ilə xüsusi olaraq vidalaşdım. O,
qarşımda günahkar kimi etdiyi bəzi səhvlər
üçün məndən üzr istədi.
- Mənim
yadımdan çıxıb artıq, narahat olma, - dedim.
Amma yadımdan heç nə
çıxmamışdı. Bağdadda əmin-amanlığın
getdikcə pisləşməsini nəzərə alaraq, ofisin
mühafizəsinə zərurət yaranmışdı.
Mən bura bir etibarlı gözətçi
tapmağı Haccı Ğassana həvalə etdim. Bir
neçə gündən sonra Haccı Ğassanın oğlu
Feysal iyirmi-iyirmi iki yaşlı qohumunu - Əlini yanıma gətirdi və onun
etibarlı adam olduğunu dedi. Mən də
razılaşdım və Əlini gözətçi kimi
işə götürdüm. Həmin
gündən o, əlində avtomat binanın həyətində
oturub gözətçilik edirdi. Bir dəfə
gecənin bir vədəsi güllə səslərinə
oyandım və nə baş verdiyini bilmək
üçün həyətə düşdüm. Əli binanın qapısı ağzında
oturmuşdu. Ondan nə baş verdiyini
soruşdum. O da qonşu evə silahlı basqın
olduğunu dedi. Amma ora hücum edənlər
kimlər idi, ölənlərin olub-olmamasını bilmirdi.
Mən bayıra çıxanda artıq hər
şey sakitləşmişdi. Hərdən
başımızın üstündə Amerika helikopterləri
uçurdular. Görünür,
atışmadan xəbər tutmuşdular.
Onu da deyim ki, Bağdadda gecə saat 10-da komendant saatı
başlayırdı və gecələr ara-sıra bəzi
yerlərdə bu cür atışmalar olurdu. Həyətdə bir az Əli ilə dayandım. Gecə
olmasına baxmayaraq, hava çox isti idi, termometr 36 dərəcəni
göstərirdi. Nədənsə,
Əlinin bu istidə həyətdə dayanmasının
çətin olduğunu düşündüm və ona
yazığım gəldi. Onu içəri
buraxmağı qərara aldım. İçəridə
kondisionerlər işlədiyindən sərin idi.
- Əli,
- dedim - keç içəridə pəncərənin
qarşısında otur, oradan bayıra nəzarət elə.
Amma yatma!
-
Yaxşı. Çox sağ olun, üstəz!
- dedi (O, mənə hörmət mənasında, həmişə
"üstəz" - "müəllim",
"professor" - deyə müraciət edərdi).
Beləliklə, Əli həmin gündən binanın
içərisindən ətraflara nəzarət edirdi. Get-gedə Əlinin bizim
dediyimiz kimi, daha key və avam olduğunun şahidi olurdum. Məsələn,
bir dəfə Əliyə dedim ki, "televizoru
çevir" (təbii ki, mən kanalı nəzərdə
tuturdum). Bir də gördüm ki, o, televizoru
qaldırıb çevirmək istəyir.
- Nə
edirsən?! - soruşdum.
-
Çevirirəm, - deyə -, heç nə düşünmədən
cavab verdi, - Demədiniz ki, çevir? Mən də çevirirəm.
Doğrusu,
buna təəccüb etdim və məni gülmək tutdu:
-
Kanalı çevir dedim, televizoru yox!
- Hə,
- dedi və televizoru qaytarıb yerinə qoydu.
Əli gecəni burada qalıb, gündüzlər evinə
gedərdi və hamı işdən gedəndən sonra ofisə
təxminən axşam saat 6-dan sonra gələrdi. Onun iş cədvəli belə
idi. Mən isə gündüz yığılıb
qalan yarımçıq işləri təxminən axşam
saat 11-dək görərdim, sonra ikinci mərtəbədəki
otağıma qalxıb yatana qədər ya bir kitab oxuyar, ya da
hansısa bir verilişə baxardım. Adətən,
gecə saat 1-ə qədər oyaq olardım.
Ofisdən hər dəfə yuxarı çıxanda
Əliyə tapşırardım ki, Moskvadan zəng olsa, dəstəyi
qaldırsın və məni çağırsın. Bizim ofisdə
Moskva ilə birbaşa əlaqə saxlamaq üçün
dördrəqəmli sputnik telefonu var idi. Onu
Moskvadan gətirib qurmuşdular. Moskva ilə
əlaqəm yalnız o telefonla olurdu. Başqa
yerli telefonlar, demək olar ki, işləmirdi. Ona görə də, Əliyə
tapşırırdım ki, zəng olsa, məni
çağırsın. İş
otağımda bir neçə telefon cihazı var idi. Əlinin onları qarışıq salmaması
üçün hansı telefonun vacib olduğunu həmişə
ona göstərər və unutmamasını deyərdim.
Növbəti günlərin birində, gecə saat 1 radələrində Moskvadan zəng gəldi. Bu, eyni zamanda, faks da ola bilərdi. Faks olanda o, iki zəngdən sonra faks rejiminə keçirdi. Amma indiki zəngin davamsız olmasından aydın idi ki, bu, telefon zəngidir. Gözlədim ki, Əli telefon dəstəyinı qaldıracaq. Bir azdan sonra telefon susdu və Əlidən də bir səs gəlmədi. Durub ikinci mərtəbədən aşağı - Əliyə baxdım. Əlinin yatdığını gördüm. Avtomat silahı da özündən təxminən yarım metr aralıda döşəməyə düşüb qalmışdı. Aşağı düşüb, Əlinin silahını götürüb, geri qayıtdım. Həmin gecəni səhərədək yatmadım. Hər şey ola bilərdi. Əli, adətən, səhər saat 7-də işçilər hələ işə gəlməmişdən qabaq evinə gedərdi. Həmin gunü o, evinə getmədi, görünür, avtomatını axtarırdı. Mənə də bir söz deyə bilmirdi. Bir azdan qohumu Feysal mənimlə görüşmək üçün yanıma gəldi və Əlinin silahını itirdiyini dedi.
- Feysal, - dedim - bir gözətçi ki öz silahını qoruya bilmir, onda məni necə qoruyar?!
Feysalın cavabı məni lap təəccübləndirdi:
- Amma o, səni nə satar, nə də öldürər. Çünki onu biz bura, sənin yanına göndərmişik.
- Yəni dediyindən belə çıxır ki, onun yerinə başqaları olsa, öldürə bilərlər məni?
- Əlbəttə! İndi heç kimə inanmaq olmaz! Görmürsünüz ki, ölkədə dərəbəylikdir? Burada indi bir neçə dollara görə qardaş qardaşı öldürür, o ki qala başqasını, yad bir adamı...
Mən Feysalın dediklərinə inandım və avtomatın məndə olduğunu bildirdim. O da cavabında:
- Bilirəm, səndədir, - dedi.
Beləliklə, Əli mən İraqdan çıxanadək yanımda qaldı. Yarıyuxulu, yarıayıq qoruyurdu məni. Çünki o, Feysalın dediyi kimi, məni nə satar, nə də öldürərdı...
Budur, indi Əli qarşımda dayanıb məndən üzr istəyirdi. Mən də ona: - Hər şeyi unutmuşam, - deyirdim...
Yaxınlaşıb məni qucaqladı.
- Sizə yaxşı yol, üstəz! Amma bizi qoyub gedirsiniz, - deyə yaşarmış gözlərini əlinin arxası ila silə-silə məndən aralaşıb bir kənarda dayandı.
Əliyə
bir az təskinlik verdim:
-
Darıxmayın, inşallah, hər şey tezliklə
qaydasına düşər.
Əlinin mənə inanıb-inanmamasını deyə
bilmərəm, amma onu deyə bilərəm ki, mənim getməyim
onun kefini tamam pozmuşdu.
İradənin
vəfalı dovşanı
Bütün işlərimi qurtarandan sonra qərara
aldığımız kimi, cümə günü lap tezdən
yola düşdük. Düzü, Bağdadı belə tərk
eləmək mənə çox ağır idi. Yola düşməzdən əvvəl
yaşadığım evin həyətində oturub, bura bir də
qayıdıb-qayıtmayacağımı
düşünürdüm. Bura bir də
qayıda bilməyəcəyimi düşünəndə,
doğrusu, heç getmək istəmirdim. Hətta mənimlə
son illərdə yoldaşlıq edən dovşan da getdiyimi
hiss edib, yanımda sakitcə oturmuşdu...
Əslində,
bu dovşanın ayrı bir hekayəsi var idi mənim həyatımda...
Bir
neçə il bundan əvvəl balaca
qızım İradə ilə (onda Bağdadda əmin-amanlıq
idi və ailəm də yanımda idi. Amerikalılar
İraqa girəndə səfirlik bütün Rusiya vətəndaşları
olan uşaq və qadınları ölkədən
çıxarıb Rusiyaya göndərdi) şəhərə
gəzməyə çıxdıq. Əl-Mənsuriyyə
deyilən küçədə bir nəfər dovşan
balaları satırdı. Qızım məni
məcbur etdi ki, bu dovşanlardan birini ona alım. Nə qədər dilə tutdumsa, alınmadı və
məcbur olub onun bəyəndiyi dovşan balalarından birini
aldım. Həmin gündən bu dovşan
balası bizimlə birgə yaşamağa başladı.
O, artıq böyümüşdü və balaca
qızımdan bir dəqiqə də olsun
ayrılmırdı. Qızım hara getsəydi,
dovşan da mütləq onun ardınca gedərdi. Bir sözlə, bu dovşan hamının sevimlisinə
çevrilmişdi.
İradənin Bağdaddan getdiyi gün yadımdadır. Dovşan onda
özünə yer tapa bilmirdi. Hər yerdə
onu axtarırdı. Mən hər gün
işə gedəndə qaçıb qapının
ağzında oturardı. İşdən
gələndə də eyni mənzərə hər gün təkrarlanardı.
Görünür, balaca qızımın yolunu gözləyirdi...
Bir gün işdən qayıdanda o, məni qarşılamadı. Doğrusu, mən də ona öyrəşdiyimdən bu, tez nəzərimə çarpdı. Onu axtarmağa başladım və otaqların birində, divarın küncünə sığınmış halda tapdım. Yaxınlaşıb əlimə götürdüm, titrəyirdi. Həmişəki kimi qaba süd tökdüm. Amma içmədi. Fikirləşdim ki, yəqin xəstələnib. Fikrimdən onu baytara göstərmək keçdi. Sonra mətbəxə keçib köhnə paltaryuyan maşına su doldurmaq uçün kranı açdım və yenidən dovşanın yanına qayıtdım. Elə qoyduğum yerdə oturmuşdu. Onu özümlə gotürüb, divanda uzandım. Məni nə vaxt yuxu tutduğunu bilmirəm.
Gecənin bir aləmində mənə nəsə dəydiyini hiss edib ayıldım. Ətrafa boylandım və heç bir şey olmadığını görüb yenidən mürgülədim. Bir an sonra mənə yenə nəsə dəydiyindən diksindim və dovşanın üstümə tullanıb, sonra mətbəxə qaçdığını gördüm. Dovşanın bu qəribə hərəkətini görüb, ardınca getdim və gördüm ki, paltaryuyan maşını dolub, su aşıb yerə tökülür. Yerə tökülən su yavaş-yavaş evə yayılırdı. Mənim yuxuya getdiyim otaqda isə elektrik xətlərinin üstü açıq idi. Elektrik ustası bir neçə gün idi ki, onu düzəltməyi bu gün-sabaha salırdı. Bu o demək idi ki, suyun həmin xəttə çatmasıyla məni elektrik cərəyanının vurması gözlənilirdi. Dovşan suyun evə yayılmasından qorxub mənim üstümə qaçırdı, ya da başqa səbəbdənmi, deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, vəfalı dovşan baş verə biləcək arzuolunmaz bir hadisənin qarşısını aldı. Onu da deyim ki, dovşan qorxudanmı, ya nədənsə həmin gündən sonra mənə daha çox isinişməyə başladı. İşə gedib-gələndə məni yola salır, axşam isə qarşılayırdı. Xüsusən, işdən qayıdanda mütləq üstümə tullanır, sonra qarşımda ora-bura vurnuxurdu.
Mən hiss edirdim ki, artq onun üçün qızımı əvəz etmişəm. Sonralar əvvəllər İradənin ardınca gəzdiyi kimi, indi də mənim ardımca gəzirdi. Dovşan mənə o qədər öyrəşmişdi ki, bəzən gecələr gəlib yanımda uzanırdı. Həttə bəzən fikirləşirdim ki, bəlkə də, məni itirəcəyindən qorxub, həmişə yanımda olmaq istəyir. Görünür, indi mənim getdiyimi hiss edib, gəlib yanımda oturmuşdu. Onu qucaqlayıb bağrıma basdım və Haccı Ğassana verib getdim.
Bir neçə aydan sonra Haccı Ğassan mənə xəbər elədi ki: "Dovşanı saxlaya bilmədik, özünü öldürdu. Heç nə yeyib-içmirdi. Sənin yoxluğuna dözə bilmirdı. Hətta bir neçə dovşan da alıb qoşduq ki, bəlkə başı qarışa. Amma onlara qaynayıb qarışmadı, həmişə tək olurdu, elə hey bir yerdə küskün halda oturardı. Sonra həyətimizin bir küncündə torpağı qazıb özünə yuva düzəltdi və bir neçə günddən sonra həmin yuvada onun öldüyünü gördük".
Ürəyimin dərinliyində fəryad etdım. Qızım İradəyə isə heç nə demədim.
(Ardı var)
Zahid ŞAHSUVAROV
525-ci qəzet.- 2020.- 24 dekabr.- S.17.