Müharibə, Ədəbiyyat və
Sözün bitdiyi yer - "9-LUQ"
"Ulduz" jurnalı
ilə "525-ci qəzet"in birgə layihəsi
1.
Müharibə - Ədəbiyyat - Müharibə ədəbiyyatı.
Bu üçbucağın "tərəfləri"
öz aralarında necə yola getməlidir?
2.
Böyük Vətən müharibəsi və Qarabağ
savaşının
ədəbi fikirdə inikası: oxşar və fərqli cəhətlər...
3.
Sözün bitdiyi yer haradadır?
Azər
TURAN
("Ədəbiyyat
qəzetinin" baş redaktoru)
- "Ədəbiyyat qəzeti"nin 7 iyul 1943-cü il tarixli sayında tənqidçi Cəfər Cəfərov "Müharibə və ədəbiyyat" məqaləsində yazırdı: "Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz... Ədəbiyyatımıza bir çox yeni tiplər və obrazlar gəlmişdir. Bunlar isə özləri ilə bərabər, yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirmişlərdir. Bu obrazlardan birincisi əsgər obrazıdır. Klassik ədəbiyyatımızda belə bir obraza rast gəlmirik". Əslində, Cəfər Cəfərovun bu məqaləsindən iyirmi beş il əvvəl ədəbiyyatımızda belə obrazlar yaranmışdı. "Atıldı dağlardan zəfər topları, / Yürüdü, iləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qız / Bəkliyor bizləri zəfər, bismillah!" Nəinki obraz, hətta başqa, əvvəlki Dünya müharibəsinin ağrılarını, insanlığın fəryadını ədəbiyyatlaşdıran şairlər - Məhəmməd Hadi və elə həmin "Bismillah" şeirinin müəllifi Əhməd Cavad var idi. Hadi Birinci Dünya müharibəsində Karpat dağlarında alay mollası olmuşdu. Əhməd Cavad Çanakkalada savaşmış, Azərbaycan əsgəri isə ədəbiyyatımıza daha çox bu iki şairin qələmi ilə daxil olmuşdu. Onlar isə sarsıdıcı müharibəyə adekvat olaraq insanların içindəki işığı, harmoniyanı qoruyan bir ədəbiyyatı, özü də möhtəşəm müharibə ədəbiyyatını yaratmışdılar. Çox sevdiyim bir frazanı burda da xatırlatmaq istəyirəm. Lui Araqon Fransanın faşistlər tərəfindən işğal edildiyi günləri xatırlayıb yazırdı ki, o çətin illərdə Matiss bizə kömək etdi ki, biz Günəşi qoruyub saxlayaq.
- Baxın, biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin içindən keçdik. Ədəbiyyatımız əsgərin yanında ola bildimi? Ola bilmədi. Amma Böyük Vətən müharibəsinin başlandığı günün ertəsi 1941-ci ilin 22 iyununda Səməd Vurğunun "Bilsin ana torpaq, eşitsin vətən, / Müsəlləh əsgərəm, mən də bu gündən" şeiri müharibənin ilk günündən etibarən dillər əzbəri oldu... Poeziya öz səfərbəredici missiyasını ləyaqətlə yerinə yetirdi. Simonovun "Gözlə məni" şeiri müharibənin içində həm ən gözəl eşq şeiri, həm də ən gözəl savaş şeirinə çevrildi.
1990-cı illərdən başlayaraq ədəbiyyatımızda Qarabağın məğlub və kədərli tərənnümündən, insanın pessimist ovqatından başqa nəsə gördünüzmü? Şəxsən mən görmədim. Ümumiyyətlə, doxsanıncı illər poeziyamız Qarabağın fəthi barədə düşüncələrə deyil, daha çox Xocalının matəminə qapıldı. Bu mənada, etiraf edək ki, otuz illik poeziyamız 44 günlük savaşımızın ruhuna uduzdu. Çağdaş poeziya Azərbaycan əsgərinin ruhuna hopa bilmədi, bu ruhla yanaşı addımlaya bilmədi. Əsgərlə bir səngərdə ola bilmədi.
- Söhbət Vətən müharibəsindən gedirsə, sözün bitdiyi yer müəyyən mənada həm də milli poetik ruhun, az qala, otuz ilə yaxın bir müddətdə pasifizmə uğraması, barış ruhunun aktivləşməsi ilə müşayiət olundu. Unutduq ki, barış ruhu təslimçilik əhvalı doğurur. Təəssüf ki, 1990-cı illərin əvvəllərindən etibarən bizim ədəbiyyatımızda daha çox məhz çöküş ruhu, pessimizm, pasifist ovqat önə keçdi. Belə uğursuz bir tendensiya gəlişməyə başladı ki, ədəbiyyat müharibənin tərəfində olmamalıdır. Məsələn, sırf ədəbi estetikalar baxımından tutaq ki, Birinci Yeninin - Qəribin timsalında savaş ruhu görünmür. Çünki Qərib poeziyası üçün insan önəmlidir. Hətta ən adi, ən sıradan insanın yaşantıları önəmlidir. Tutaq ki, "Kitabeyi-səngi məzar"dakı Süleyman əfəndinin qayğısı aldığı güllə yarası deyil, barmağındakı nasırın yaratdığı rahatsızlıqdır. Amma Qəribə qədər türk poeziyasının savaş gələnəyi var. Türkiyəni Vətən qılan amillərin başında türk poeziyası türk siyasətindən daha öndədir. Vətənin sınırlarını Atatürkün əsgərindən qabaq, Atatürkün özünü doğuran milli türk şeiri - məsələn, əvvəl Namiq Kamalın, sonra Mehmet Emin Yurdaqulun Vətən və milli mücadilə şeirləri müəyyənləşdirirdi.
İştə ədu, qarşıda hazır-silah,
Arş yigitlər vətən imdadına.
Arş iləri, arş bizimdir fəlah,
Arş yigitlər vətən imdadına!
Cümləmizin validəmizdir vətən
Hər kəsi lütfüylə odur bəsləyən.
Basdı ədu köksünə biz sağ ikən;
Arş yigitlər, vətən imdadına!
Şani-vətən, hifzi-bilad ü ibad
Etmədədir süngünüzə istinad
Milləti eylərmisiniz namurad?
Arş yigitlər, vətən imdadına!
Rəhbərimiz qeyrəti-mərdanədir,
Hər
daşımız bir neçə min canədir,
Cana deyil
meyl bugün şanədir,
Arş
yigitlər, vətən imdadına!
Yarə
nişandır təninə ərlərin,
Ölməyi son rütbəsidir əsgərin.
Altı
da bir, üstü də birdir yerin,
Arş
yigitlər, vətən imdadına!
Yaxud bu milli ədəbiyyat dalğasının
ardıyca, tutaq ki, Mehmet Emin Yurdaqulun türk gəncliyinin
savaş ruhunu diri saxlayan, mehmetciyin ruhi yapısını
hazırlayan şeirləri. "Mən bir türkəm,
dinim, cinsim uludur / Sinəm, özüm atəş ilə
doludur. / İnsan olan vətəninin
quludur. / Türk evladı evdə durmaz, gedərim"
təlqinləri. Onun da ardıyca Mehmet
Akif. Nəinki Çanakkala əsgərinin,
hətta Çanakkala şəhidinin dilində danışan,
şəhidin ruhu ilə irtibata keçə bilən Mehmet
Akif. Sonra müharibə dövrü bitdi, ədəbiyyat
dövrü başlandı. Estetikalar, cərəyanlar
önə keçdi. Orxan Vəli və Birinci Yeni,
ardıyca, İkinci Yeni...
Amma burda da bir həssas məqam var. Bu poeziyanın gəlişdirdiyi,
təbii ki, nə Birinci, nə İkinci Yeniyə uzaqdan,
yaxından istiqamət almayan yeni poetik paradiqmalar. Bizdə
heç o da olmadı. Problemin bu aspektinə mən
2000-ci ildə "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat"
əlavəsində, sonra yenidən 2004-cü ildə
"Ədəbiyyat qəzeti"ndə Sürəyya Berfenin
"Kıbrıs" şeiri barədə yazımda
toxunmuşdum. 18 ildən sonra həmin şeirə
yenidən diqqəti cəlb etmək üçün "On
iki misra - fəlakətin soyuq mənzərəsi" adlı
başqa bir yazı yazdım.
"Kıbrıs" şeirində düşmən tərəflər
yoxdur.
Müharibə var. Müharibənin törətdiyi fəlakətin
təsviri var. Eynən Vereşaginin keçmişin, indinin və
gələcəyin bütün cahangirlərinə ithaf etdiyi
"Müharibə apofeozu" tablosunda olduğu kimi. 2000-ci illərdən başlayaraq Azərbaycan ədəbiyyatında
düşmənlə bəzən sevgi dilində
danışan fərqli bir düşüncə tərzi də
təzahür etdi. "Ədəbiyyat
müharibə istəmir" deyən ədəbi tənqid də
bu düşüncə ilə çox vaxt mülayim
davrandı. Bəzən hətta bu fikirlərə
ortaq oldu. Dediyim kimi, 15 il aralıqla
Sürəyya Berfenin bu şeiri barədə yazarkən, nəhayət,
məndə belə bir sual doğdu: Qarabağ müharibəsi
30 ilə yaxındır ki, yaddaşımızda deyil, həyatımızda
davam edir. Bizim müharibə istəməyən
ədəbiyyatımızda Qarabağdakı itkilərimizin,
baş verən fəlakətlərin çevrəsini 12
misralıq "Kıbrıs" şeirində olduğu kimi
aydın və sarsıdıcı təsvir edən poetik bir
örnək ortaya çıxdımı? Əslində,
müharibə istəməyən ədəbiyyat, öz həqiqi
ədəbiyyatlığını isbatlamaq üçün
heç olmasa, bunu etməliydi. Bizdə bu
da olmadı.
1990-cı
illərin əvvəllərində mənim iş yerimə
tez-tez Məryəm adlı bir şəhid anası gəlirdi.
Məryəm xanım gənc və gözəl
bir qadın idi. Müqəddəs Məryəm
yaşındaydı və hər dəfə qoynunda bir
fotoşəkil olardı. Bizim bu Məryəm
ana oğlunu qurda-quşa yem olandan sonra hansı əlamətinə
görəsə tanıyıb savaş bölgəsindən
tapmışdı və şəkil də Məryəmin
oğlunun yarıskelet nəşini əks etdirirdi. Bax, ədəbiyyatımız, əslində, Məryəmin
iztirabını yazmalıydı. Ədəbiyyatımızın
"Məryəm" şeiri yazılmadı.
Yazılmadığına görə də indiki halda
poeziyamız bu ədəbiyyatın oxucusu olacaq insanların
içindəki ağrının nəinki fövqünə
qalxa bildi, heç o ağrıların
yaxınlığında addımlamağı belə bacarmadı...
Mənim üçün müharibənin deyil, ədəbiyyatımızın
qarşısında sözün bitdiyi yer bu məqamdır...
Elnarə
AKİMOVA
(Filologiya
elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas)
- Əslində, yaradıcılıq prosesi heç vaxt
adi, sakit ahəngdə təzahür etmir, onun yolu həmişə
əzablı və ağrılı ovqatla müşayiət
olunur. Sadəcə, cəmiyyətin öz durumu dəyişiləndə,
millət tarixi sınaqla üz-üzə qalanda ədəbiyyatın
məsuliyyət yükü daha da ağırlaşır.
O, bütünlüklə özünü hakim olaylara kökləməyə,
vətəndaşlıq, ziyalılıq pafosunu mühiti
sarmış olan neqativ hallar, fəci gerçəkliklər əleyhinə
qaldırmağa səfərbər edir. Yəni
xalqla, millətlə bahəm ədəbiyyatın özü
də bir növ tarixi sınaq, imtahan qarşısında
qalır. Olsun ki, bu məqamda ədəbiyyatın
göstərdiyi fəal mövqe bütün dövlət, cəmiyyət
miqyasında qazanılan zəfərin, qələbənin
qarantına çevrilir. Bu baxımdan,
müharibə məqamları ədəbiyyatın həm də
tarixi sınaq dövrü sayılmalıdır. Baş verən təzadlı, dramatik olaylara diqqət
yönəltmək, müharibə psixologiyasını
yaratmaq, onun görüntülərini əks etdirmək vəzifəsini
ümumi məram kimi irəli sürmək mənasında.
O ki
qaldı müharibə ədəbiyyatı məsələsinə.
Belə bir qənaət var ki, "zamanla
yaşayan hər bir sənət əsərini bu və ya
başqa qırğınla, davayla, müharibə ilə əlaqələndirmək
və onun nəticəsi kimi ortaya
çıxdığını sübut eləmək
mümkündür. Ədəbiyyatın
mayasında qan durur!!!" Əlbəttə,
bu qənaəti yaranmış bütün sənət
örnəklərinə onun mövcudluq səbəbi kimi
şamil edə bilmərik. Yəni ədəbiyyat
həyatın ifadəsidirsə, onu yalnız bu hadisələrdən
biri olan müharibə amili ilə məhdudlaşdırmaq
doğru olmazdı. Lakin bu da bir həqiqətdir
ki, ən parlaq bədii nümunələrin əksəriyyətinin
yaranmasına törədilən qanlı-qadalı hadisələr
rəvac vermişdir. Gözlənilən
böyük əsərlər isə o zaman
yaranmışdır ki, müharibə dövründə
yazıçının taleyi ümummilli tale ilə eyniləşsin.
Belə bir eyniyyətin olmadığı yerdə
nə problemlərin bədii həllini vermək mümkün
olar, nə də daha dərin qatlara eniş üçün
enerjiyə sahiblənmək.
Ədəbiyyat, sənət insanları birliyə səsləmir,
birliyə hazırlayır. Ziyalının rolu,
aydının missiyası insanları hər cür keçid
dövrünə, sınaq məqamlarına
hazırlamaqdır. Düşüncədə,
ovqatda və fəlsəfədə vahid məkanı yarada
bilmək mənasında həlledici rol mənəviyyat
adamlarının üzərinə düşür. Biz -
uşaqlığı və gəncliyi müharibənin fəci
yaşantıları içrə puç olan nəsilik.
90-cı illərin o məşum reallıqlarından
uzaqlaşdıqca yaralarımızın ruhən daha dərində
olduğunu hər otən il bizə daha dərindən
hiss etdirdi. Nəhayət, tarixi-etnik yaddaş,
müstəqil dövlət təfəkkürü və
istiqlal təlimi ilə bağlı bizə aşılanan vətən
sevgimiz şüurumuzun, milli-mənəvi
varlığımızın tərəqqi hərəkatında
iştirak edib öz işini gördü. Böyük əzm
və coşğu ilə ön cəbhəyə
döyüşə atılanları, vətənin ərazi
bütövlüyü uğrunda can fəda etməyə
hazır olanları gördükcə qürurlanmaya bilmədik.
Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa
müştaq olmaq demək! Dünyaya meydan oxumaq, "bir hilal
uğruna" min dəfə ölüb doğulmaq demək!
- Bizdə Qarabağ müharibəsi ilə bağlı
ümumi mənzərəni real ifadə edən obyektiv qənaət
bundan ibarətdir ki, müharibə ovqatı
bütünlükdə ədəbiyyatı sarmadı, onun
aparıcı mövzusuna çevrilmədi. İnsanları
qisas hissinə kökləmək, onları vətənin
azadlığı üçün ölüm-dirim mübarizəsinə
sövq etmək üçün ədəbiyyatımız
bütün bacarıq və qüvvəsi ilə meydana
atılmadı. Təsadüfi deyil ki,
1941-45-ci illərdə yaranan müharibə ədəbiyyatı
çağdaş epoxaya örnək timsalında göstərilmiş,
həmin dövrün bədii nümunələrinin
döyüş ovqatı yaratmaq prosesində daha məhsuldar və
effektli rol oynadığını qeyd edilmişdir. Bu dövrün ədəbiyyatına aid olan mənəvi
səfərbərliyin vüsət və miqyası Qarabağa
dair mətnlərdə görünmədi. Bəlkə buna görə Böyük Vətən
müharibəsi zamanı yazılan nümunələr
1941-1945-ci illərin müharibə dövrü psixologiyası
haqqında tam və dolğun təəssürat yaradır.
Ancaq Qarabağ müharibəsi bədii
sözün işığında öz dolğun təcəssümünü
tapmadığından dövrün mənzərəsi ehtiva
olunmadı. Hətta bir qədər irəli
gedib demək olar ki, 1941-1945-ci illərə nisbətən
Cümhuriyyət dövrünün ədəbiyyatı mənəviyyata
milli kimlik, milli mənlik ovqatının aşılanması
baxımından xüsusi önəm kəsb edir və
bütün dövrlər üçün görk edilə
biləcək səviyyədə ona üz tutulmasına layiq ədəbiyyatdır.
Həqiqətən də, mənəvi səfərbərlik
ruhunun dirçəldilməsində, ümumxalq ruhunun
hürriyyət məramı ətrafında birləşdirilməsində
XX əsrin əvvəllərinin milli özünüdərk,
milli istiqlaliyyət idealı ilə yoğrulmuş türk
poeziyasının xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə tərənnüm
və milli özünüdərkdən doğan milli ləyaqət
və şərəfin vəsfi digər mövzu və
problemləri kölgədə qoymuşdur. Eyni qənaəti təəssüf ki, 90-cı illər
ədəbiyyatının ümumi pafosu, ədəbi mənzərəsi
haqqında səsləndirmək çətindir. Ədəbiyyat vətənpərvərlik ruhunu, yurd
sevgisini sözün tam mənasında təlqin edə, mənəviyyata
təsir baxımından arbitr rolunu oynaya bilməmişdir.
Ümumiyyətlə, müharibədəki məğlubiyyətimiz
bizim mədəni-ədəbi prosesdə sınma məqamının
təzahürü kimi ümumiləşir.
Baxın, son 44 gün ərzində Azərbaycan əsgəri
tarix yazdı, Ali Baş Komandan Qarabağ problemini
dünyanın diqqət mərkəzinə gətirməyə
müvəffəq oldu. Amma 30 illik zaman ərzində Azərbaycan
yazıçısı Qarabağ problemini mənəvi birlik
məhvərinə çevirə bilmədi. Həm yazı səriştəsi nöqteyi-nəzərindən,
həm də gerçəklərə yönələn
baxışın intuitiv mənalandırılması cəhətdən
seçilə bilmədi bu əsərlər. Müharibəyə həsr olunmuş əksər əsərləri
oxuyub onlar haqqında tənqidi məqalələr yazan biri
kimi deyirəm. Bu dövrün
poeziyasında əsas bədii ovqat tragik məqamlar təşkil
etdi. Ölüm, ah-zar, gözyaşı,
nalə, inilti, fəryad, şikayət - Qarabağ
savaşına həsr olunmuş ədəbiyyatın əsas
pafosu bunlardan ibarətdir. Yaxud nəsrdən
danışsaq, qaçqın həyatının təsviri
var, müharibə ilə bağlı görüntülər
var, lakin təsəvvür edin ki, Qarabağla bağlı əsərlər
yazıldı ki, erməni adına belə
rast gəlmədik. Biz müharibə aparan bir
ölkənin yazıçısından bunu gözləyirdikmi?!
Yox, qarışdırmayaq, söhbət
heç də yazarın müsəlləh əsgər kimi
silahı qələmlə əvəzləyib düşmənə
tuşlamaqdan getmir. Burada söhbət
yazıçının ideoloji dürüstlüyündən
gedir ki, ortaya qoyduğu əsərlə milli cəmiyyətin
həssas və ayıq yanaşdığı məsələlərə
müəyyən təklif və əlavələrdə
bulunsun. Yəni siyasətin işləyə
bilmədiyi dərinlərdə Söz ideoloji vasitə olaraq qələm
çala - Siyasət işlədə bilsin. Digər tərəfdən, ədəbiyyat, bədii
söz həm də tarixin yuvasıdır, bu günün dərslərini
zamanın sonrakı axarına qatan və gələcəyə
ötürən ən etibarlı məxəzdir. Bu halda
qanunauyğun bir məqam da var: baş verənlərlə
birlikdə ona münasibət də tarixin predmetidir! Bu baxımdan, dövrün epoxal gerçəkliklərinə
nüfuz, cərəyan edən hadisələrin bütün kəskin
və anlaşılmaz, fəci və dramatik tərəfləri
ilə birgə təcəssümü baxımından
yaradılan əsərlər ədəbi mühitə,
müasir təkamül prosesinə ciddi mənada bir təsir
göstərə bilmədilər. Ədəbiyyat
millətə enerji püskürdən qüvvət mənbəyi
olmadı. Halbuki milli-tarixi və fəlsəfi
qatlara qədər müharibə mövzusunun dərkində
uzun bir yol keçmiş ədəbiyyatdan bunu gözləmək
olardı.
- Bu yerlər
son zamanlar o qədər çox oldular ki... Həm
ağrılı, həm də sevincli mənada. Gəncə
və Bərdədə şahid olduğumuz uşaq
ölümlərindən, oğullarının itkisindən
havalanan anaların qol götürüb oynamasından
tutmuş Şuşada eşidilən azan səsinə, rəşadətli
Azərbaycan əsgərinin süpürdüyü Gövhər
Ağa məscidinə qədər... O məqamlar və məkanlar
ki, nə illah edirsənsə, içindəki
yanğını ifadə etməyə Sözün
gücü yetmir.
Mətanət
VAHİD
(ədəbiyyatşünas, esseist)
-
Müharibə - körpələrin təəccüb və dəhşətdən
bərələn gözləri, anaların sevinci silinmiş
hüznlü üzləridir... İnsanlıq
tarixi yüzlərlə müharibəyə şahidlik edib.
Səbəbləri və vasitələri nə
olursa-olsun, müharibə hər zaman qan, göz yaşı,
ah-nalə, anaların fəryadı, oğulların, ərlərin
itkisi, qurbanlar və faciələr deməkdir. Lakin 44 günlük Vətən müharibəmizin,
haqq uğrunda savaşımızın göstərdiyi kimi,
müharibə həm də bəzən illərcə sürən
sülhün bəxş edə bilmədiyi öz
torpaqlarına sahiblənmək haqqı, xalqın qürurunun
geri qayıtması üçün vacib, qaçılmaz olan
qərarıdır.
Homerin "İliada" və "Odisseya"sından,
Vergilinin "Eneida"sından tutmuş, günümüzə
qədər yazılı ədəbiyyatın ən önəmli
mövzularından biri müharibə olub, xalqların
şifahi ədəbiyyatında qəhrəmanlıq
dastanları mühüm yer tutub. Müharibə ədəbiyyatı
necə yazılmalıdır? - ətrafında
müzakirə və mübahisələrin səngimədiyi
sualdır - döyüşü təbliğ etməlidir, ya
barışı? Müharibənin şahidi
olmayan müəllif döyüşləri təsvir edərkən
uğurlu mətn yaza bilərmi? Ədəbiyyat
müharibənin gerçəklərini əks etdirməlidir,
yoxsa faktlardan, sənədlilikdən uzaq qalıb bunu
publisistikanın öhdəsinə buraxmalıdır? I və
II Dünya müharibələrinin, İspaniyada vətəndaş
müharibəsinin şahidi, müharibə mövzusunda
dünyaca şöhrət qazanmış əsərlərin
müəllifi olan Ernest Heminquey deyirdi: "...müharibə
haqqında həqiqəti axtarmaq və yazmaq çox təhlükəlidir...
Cəbhəyə həqiqət ardınca gedən
insan, aradığı həqiqətin əvəzində,
ölümü tapa bilər. Lakin on iki nəfər
gedib, yalnız iki nəfər qayıdırsa, onların
özləri ilə gətirdiyi həqiqət əsl həqiqət
olacaq". Odur ki, fikrimcə, müharibə
ədəbiyyatı ən acı gerçəkləri
yazmalıdır.
O, ilk
növbədə, müharibə obrazını təqdim edə
bilməlidir. Nəticədə, müharibə
edən tərəflərin hər biri yüzlərlə, minlərlə
itki verir. Müharibə qan
gölüdür, ağrı-acıdır. Ədəbiyyat müharibələri törədən
səbəbləri və səbəbkarları, həmçinin,
insan konsepsiyasını qabartmalıdır. Qeyri-insani şəraitdə və ölümün
labüdlüyü qarşısında insanın
davranışı, duyğuları diqqətdə
olmalıdır. Ədəbiyyat kiməsə rəğbət, kiməsə
nifrət aşılamadan oxucuya düşünmək,
seçim etmək imkanı yaratmalıdır. Amma necə? Bax, bizim müharibə
ədəbiyyatımızın ən böyük problemi bu
necəni əksərən seçə bilməməsi, ya
düşmənə kin qusaraq, nifrət püskürərək
ədəbiyyatın qanunlarını tapdalamasına, ya da
aşırı tolerantlığı ilə əziklik
kompleksinə səbəb olmasıdır. Müharibə
insanın ən böyük sınaqlarından biridir,
müharibə ədəbiyyatı yaratmaq da yazarların
imtahanıdır. Buna görə müxtəlif
mövzularda uğurlu əsərlərə imza ata bilən
yazarlar da çox vaxt mükəmməl müharibə əsərləri
yazmaqda çətinlik çəkirlər.
- Adətən,
ədəbiyyatda müharibə mövzusundan bəhs edilərkən
Böyük Vətən müharibəsi haqqında
yazılmış uğurlu mətnlərin adları çəkilir,
müqayisələr aparılır, o illərdə
yazarların qələmi ilə döyüşdüyü
dilə gətirilir. O zaman ədəbiyyat ilk günlərdən
etibarən müharibənin iştirakçısına
çevrilmişdi. Böyük Vətən
müharibəsi dövründə yazılan əsərlər
sosial sifarişi yerinə yetirərək, dövlətin
ideologiyasına xidmət edirdi,
çağırışçı ədəbiyyat idi.
Tədqiqatçıların
yazdığına görə, o vaxt cəbhə
üçün Azərbaycan yazıçılarının
12 külliyyatı və cəbhəçi şairlərin
şeirlər toplusu çap edilmişdi. Onda ədəbiyyat
ideoloji silah idisə, bu gün ona tamam fərqli meyarlardan
yanaşırıq: artıq ədəbiyyatın cəmiyyət
üzərində əvvəlki təsiri də yoxdur. O zaman
sevilə-sevilə oxunan, əsgərləri qalibiyyətə
həvəsləndirən əsərləri bu gün fərqli
kriteriyalardan dəyərləndiririk.
Müharibə dəhşətli faciədir, zərrəcə
humanizmi olmayan, müharibə qanunlarını heçə
sayan düşmən ikiqat böyük faciədir. Bizim ədəbiyyatımız
isə düşmənimizi tanımır, onu və
düşmənliyini haqqı olduğu miqyasda mətnə gətirəcək
qədər cürətli deyil. Belə mətnlərin əksəriyyətində
düşmən - ümumiləşdirilmiş-rəmzi,
yaşananlar üçün fon təşkil
edən metaforik obrazdır. Yaxşı, bəs
illərdir xalqımıza bu zülmləri rəva bilən
kimdir? Xocalıda qətliam törədən,
uşaqları diri-diri borulara doldurub yandıran, gənc
qızlarımızı zorlayan, qadının
döşünü kəsib südəmər körpəsinin
ağzına qoyan, hamilə qadının belinə qaynar
samovar bağlayan, bətnindən körpəsini
çıxarıb nizənin ucuna taxan, sənətkarlarımızın
ev muzeylərini xarabaya, məscidlərimizi donuz tövləsinə
çevirən, torpaqlarımızda ekoloji terror törədən,
maddi-mənəvi nəyimiz varsa, yıxıb sökən,
ata-babalarımızın qəbirlərini belə, ən iyrənc
şəkildə təhqir edən alçaq, murdar, qəddar,
barbar düşmənimiz var. Sadalayanda belə, adamı dəhşət
bürüyür. Qarabağ ədəbiyyatımız
isə düşmən arxetipini yarada bilməyib.
Niyə müharibə ədəbiyyatımızda
üstünlük təşkil edən əzabkeş
qaçqın, məcburi köçkün obrazının
içində erməni nifrəti, qisas yanğısı
yoxdur? Niyə bu qədər haqsızlığa məruz
qalan azərbaycanlı vəziyyətlə
barışmış məğmun, məlul obraz olaraq təsvir
edilir? Erməni kimliyi və "erməni
bizdən nə istəyir?" sualına ədəbiyyatımız
hansı şəkildə cavab verir? İllərdir
torpaqlarımız erməni işğalında idi və ərazilərimizin
itkisi, əsirlik və qaçqınlığın dəhşətli
əzabları, alçaldılmalar, göz yaşları,
müharibə insanının travmalarına çevrilmiş
bütün yaşantılar ədəbiyyatda bu faciələrin
xalqımızın başına niyə gəldiyi
sualını doğurmalıdır.
Ədəbiyyat müharibə insanının alt-şüuruna, psixologiyasına nüfuz etməlidir. Bizim ədəbiyyatımızda mənfur sözünü bütün iyrəncliyi ilə haqq edən erməni faşizminin hərtərəfli obrazı yoxdur. Niyə ədəbiyyatımız qaniçən ermənini yetişdirən cəmiyyəti, tarixi, milləti, onun düşüncəsini öyrənmir? Hanı bizdə o müharibə əsəri ki, bədii gerçəkləri ilə qanı dondursun? Bizim uydurma deyil, onlarla real qəhrəmanımız var:
Mübarizlər, Fəridlər, Raquflar, Poladlar, Şükürlər, Pərvinlər, Asiflər... Onlar haqqında yazılan bədii mətnlər ədəbi müstəvidə uduzur, qeyri-ixtiyari publisistikaya meyllənir. Düşmən obrazını haqqı ilə yaratmağa çalışan yazıçı neytrallığını qoruya biləcək qədər peşəkar olmalıdır, müəllifin səsi oxucunun başına düşməməlidir, tarixi gerçəkləri bədii gerçəyə çevirməyi bacarmalıdır.
İstisna bir neçə əsər adı çəkmək mümkündür, lakin ümumi mənzərəni dəyişmək üçün kifayət edəcək qədər dolğun, həm ədəbiyyat meyarlarına cavab verən, həm də sadaladığım məsələləri qapsayan, "bax budur" deyə, ürəkdən tikan çıxaran mükəmməl bir müharibə romanımız yoxdur. Yazılan az-çox uğurlu mətnləri danmıram, xüsusən poeziyada bu nümunələrin üstünlük təşkil etdiyi fikrindəyəm. Lakin ümumən müharibə poeziyasında daha çox şüarçılıq üstünlük təşkil edir.
- Ermənistan silahlı qüvvələrinin
Gəncə şəhərini məruz qoyduğu terror
aktı zamanı uçmuş binanın
dağıntıları altında həlak olmuş, kəfənə
bükülü 10 aylıq körpəsini bağrına
basıb ağlayan atanı izlədiyim an və bunun kimi
heç nə deyə bilmədən göz
yaşlarına qərq olduğum onlarla vəhşilik və qəddarlığın
törətdiyi faciə - bunlar sözün bitdiyi yerdir. Lakin
çətin olsa da, ədəbiyyat susmamalıdır, hətta
sənət naminə yaranmış sənət də xalqa xidmət
etməlidir.
525-ci
qəzet.- 2020.- 30 dekabr.- S.22-23.