Şəhid qızı, bu
dünyaya xoş gəldin!
Ağcabədi rayonunun mətbu
orqanı olan "Aran" qəzetinin 2020-ci
il üçün
son nömrəsini şəhidlərimizin
əziz xatirəsinə
həsr etmişik. Yeni təqvim ilinə zəfərlə
keçməyimizə canları,
qanları ilə nail olmuş şəhidlərin...
Çapa getməzdən öncə
materialları yığıb
evə gətirdim ki, şənbə-bazar günləri arxayın şəkildə baxım. Onların arasında
mənim də bir-iki yazım var idi. Mətnlərə baxıb yerbəyer
etdikdən sonra daimi izlədiyim bir sosial şəbəkədə
xəbər lentinə
ötəri nəzər
saldım. Ardınca "525-ci qəzet" üçün
yazı hazırlayacaqdım.
Bu vaxt elə
"525-ci qəzet"in əməkdaşı
Şahanə Müşfiqin
bir şəhid atasının dediklərindən
misal gətirdiyi paylaşıma gözüm
sataşdı: "Əhd
eləmişəm, oğlumun
adını tutub bir jurnalist maraqlansın,
haqqında yazsın, qurban kəsəcəm..."
Təbii ki, jurnalist xanım
dərhal reaksiya verib, ata ilə
əlaqə saxlayıb. Amma bu sözləri sosial şəbəkədə
paylaşmaqla həm də digər insanları silkələdi...
Övlad
itirmiş bir atanın təsəllisinə
bax, ilahi! Sadəcə oğlunun xatırlanması, yad edilməsi, haqqında yazılması...
Tez-tez eşitdiyimiz
bir deyim var ki, "şəhid
vurulanda ölmür, unudulanda ölür". Bu sözlər həm də şəhidin ailəsinə, əzizlərinə
aid imiş. Şəhid
unudulanda onun yaxınları da mənən ölür, məhv olur...
Əlbəttə, bu gün körpə
uşaqlarımız da
şəhid adı, qazi adı, əsgər adı çəkiləndə onu
müqəddəs söz
kimi qəbul edirlər. Vətən müharibəsi şəhid
kəlməsini bizlər
üçün daha da ucalara qaldırdı.
Onları xatırlamaq da,
xatırlatmaq da hər birimizin borcudur. "525-ci qəzet" bu işi uğurla həyata keçirir, şəhidlər silsiləsində
qəhrəmanlarımız haqqında yazılar yer alır və
layihə yetərincə
rəğbət qazanıb.
Bəlkə elə buna görə də, məhz bu qəzet
üçün həmin
mövzuda yazmağın
təkrarçılıq olacağını
düşünmüşəm. Amma o atanın sözlərini oxuyunca fikrimdəki bütün digər mövzular darmadağın
oldu. Bir saata qədər
gözlərimi monitora
diksəm də, heç nə yaza bilmədim. Nəhayət, məhz rayon qəzetinə
hazırladığım bayaqkı
yazılarıma bir də baxdım. Şəhid Toğrul Abbasovun övladına həsr etdiyim kiçik yazının üzərində dayandım...
Öncə qeyd edim ki,
1990-cı ildə Ağcabədi
rayonunun Hacıbədəlli
kəndində dünyaya
göz açmış
Toğrul Bayram oğlu Abbasov 2008-2010-cu illərdə Naxçıvanda,
Daxili Qoşun Komandanlığında hərbi
xidmətdə olub. Hərbi xidmətdən
sonra bir müddət müxtəlif
sahələrdə çalışsa
da, sonradan ordu sıralarında işləməyə başlayıb.
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşdə
qəhrəmancasına şəhid
olub. Xatirəsi hər zaman
ehtiramla anılan şəhidimiz daha bir arzusunu bizlərə
əmanət edib getdi. Hansı arzu? Bax
bu haqdadır həmin kiçik yazı:
Rahat uyu, şəhid
"O günü həvəslə,
səbirsizliklə gözləyirdi.
Döyüş bitəcək, o, qalib olaraq ailəsinə
dönəcək, qələbə
sevincinin üstünə
daha bir sevinc gələcəkdi.
Tezliklə ata olacaqdı - ata!
Çox
az zaman
qalmışdı buna.
Bapbalaca yavrusunu qucağına alacaq, hənirini dinləyəcəkdi doyunca.
Oyuncağa bənzəyən körpənin nəfəs
almağını, üzündə
qeyri-ixtiyari yaranan təbəssümünü, ağlamağını,
onun barmağından yapışan bapbalaca əllərini heyrətlə
izləyəcəkdi. Barıt qoxulu meydanda aslana dönən igid qundaqdakı qızcığazın
süd qoxulu nəfəsini duyunca yumşalacaq, kövrələcək,
özü də uşaqlaşacaqdı... Vaxtsız
itirdiyi anasının
bir nişanəsini gəzəcəkdi uşağın
üzündə, gözündə,
nəfəsində...
Sonra qızcığaz bir az böyüyəcək,
iməkləyəcək, danışacaq,
nağıl istəyəcəkdi
atasından. Döyüş yolunu, Ordumuzun
gücünü, igidlərimizin
hünərini, birliyini,
düşməni necə
məhv etdiklərini nağıl edəcəkdi
övladına. Həmin nağıl
çox maraqlı gələcəkdi qızcığaza.Təkrar-təkrar
dinləmək istəyəcəkdi.
Bəs necə? Axı bu nağılda
şəri məhv edən cəngavərlərdən
biri onun atası olacaqdı. O,
fəxr edəcəkdi
atası ilə. Bapbalaca qollarını qəhrəmanının
boynuna dolayıb düymə dodaqları ilə onun yanağından
öpəcəkdi. "Mənim atam dünyanın ən güclü atasıdır"
deyəcəkdi...
Döyüş bitdi. Ordumuz qalib oldu.
Torpaqlarımız işğaldan azad
edildi. Amma Toğrul gəlmədi.
Gələ bilmədi. Lakin
Vətən boyda sevgi göndərdi evinə, elinə obasına... Şərəf dolu xatirələrini
hədiyyə etdi sevdiklərinə. Özü
isə Vətən torpağına qarışdı,
Vətən oldu... O vətən torpağından
yeni bir nəfəs qalxdı, yeni bir ümid
göyərdi, yeni bir həyat başladı. Bir qız göz açdı dünyaya: Yağmur Toğrul qızı Abbasova...
Xoş gəldin, körpə Yağmur!
Xoş gəldin, şəhid Toğrulun yadigarı!
Qalib ölkənin vətəndaşı
olmağa, xoş gəldin!"
Məhsəti MUSA
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.21.