Vətən müharibəsi və ADMİU  

 

 

2020-ci ilin 27 sentyabrı Azərbaycanın müasir tarixinə müstəsna bir gün kimi yazıldı. 30 ilə yaxın zamandan sonra Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti təxribatına qarşılıq olaraq geniş əks-hücum əməliyyatlarına başladı.

 

Azərbaycanın əzəli-əbədi torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsi noyabrın 10-da torpaqlarımızın uzunmüddətli işğaldan azadlığı və Azərbaycan xalqının, dövlətinin, müzəffər və rəşadətli ordusunun qeyd-şərtsiz qələbəsiylə yekunlaşdı.

 

Bu Vətən müharibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) həm əməkdaşları, həm məzunları, həm də tələbələrindən iştirak edənlər oldu. Könüllü müraciət və səfərbərlik əsasında döyüşlərə qatılan həmin qəhrəmanlarımız bütün vətən oğullarımız kimi böyük cəsarət nümunəsi göstərdilər. Universitetimizin bu təmsilçiləri arasında şəhidlər də var, qazilər də, hazırda ön cəbhədə xidmətini davam etdirənlər də. Onları tanımaqdan və bu yazıda tanıtmaqdan qürur duyuruq.

 

Universitet auditoriyasından döyüş meydanına

 

ADMİU-dan müharibəyə könüllü qatılanlar arasında təhsilini dondurub cəbhəyə yola düşənlər də var. Onların qəlbindəki vətən, millət, bayraq sevgisi hər şeyi gözə alaraq vətənin müdafiəsinə tələsməyə və ən çətin məqamlarda şərəflə torpaqlarımız uğrunda vuruşmaqlarına səbəb oldu. Tələbələrimiz arasında qazilərimiz də az deyil.

 

ADMİU-nun Rəssamlıq fakültəsinin Sənətşünaslıq ixtisası üzrə təhsil alan və təhsilini dondurub (2017-2021) könüllü hərbi xidmətə yollanan Paşayev Vüqar Faiq oğlu II Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə snayper yarası almış qazimizdir. Artıq onun səhhəti normaldır O, “Füzulinin azad olunmasına görə” medalla təltif olunub.

 

Bu fakültənin "Təsviri incəsənət müəllimliyi" ixtisasının III kurs tələbəsi Bağırov Xankişi Nadir oğlu Füzuli uğrunda döyüşlərdə yanına mərmi düşməsi nəticəsində yaralansa da, hospitala getməkdən imtina edib döyüşə geri qayıdıb. Hazırda vətənin keşiyindədir.

 

Həmin ixtisasın digər tələbəsi Hüseynli Elvin Vahid oğlu Zəngilan uğrunda döyüşlərdə düşmənə səssiz hücum edərkən, əlbəyaxa döyüşdə çənə və ayaq nahiyəsindən yaralanıb, hospitala gətirilib. Sağaldıqdan sonra vətənin müdafiəsinə qayıdan Elvin Qubadlıda xidmətini davam etdirib.

 

Qarabağ müharibəsində cəsarətlə xidmət edən Rzayev Rahil Vüqar oğlu həmin fakültənin Sənətşünaslıq ixtisasında təhsil alır.

 

Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı (balaban) ixtisasının tələbəsi Fətəliyev Araz Şirzad oğlu magistr pilləsinin II kursunda oxuyur. İlk günlərdən ordu sıralarına qoşulan Araz tanınmış balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyevin oğludur.

 

Bu fakültənin "Solo oxuma" (xanəndəlik) ixtisasının III kurs tələbəsi Qubadlı Bayram Səxavət oğlu cəbhə bölgəsində müxtəlif istiqamətlərdə qəhrəmancasına döyüşüb.

 

Teatr sənəti fakültəsi, "Rejissorluq" ixtisasının II kurs tələbəsi Cabbarov Rüfət Çingiz oğlu Füzuli, Hadrut, Şuşa istiqamətlərində döyüşüb. Könüllü döyüşə yollanan Rüfət təhsili müddətində paralel işlədiyi seriallarda da çəkilişləri yarımçıq qoyub.

 

Paşayev Fəxri Rauf oğlu Kino-televiziya fakültəsi, Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının 3-cü kursunda təhsil alır. O, cəbhənin müxtəlif istiqamətlərində iştirak edib, xüsusi fəallıqla seçilib.

 

Döyüşçü əməkdaşlarımız...

 

Universitetimiz ilk günlərdən 2 işçisini də ordu sıralarına yola saldı. Könüllü Vətənin müdafiəsinə tələsən hər iki əməkdaşımız işlərindəki məsuliyyəti, ciddiyyəti və fədakarlığı döyüş meydanında da sərgiləyib, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəməyiblər.

 

ADMİU-nun işçisi, Azərbaycan Dövlət Dram Teatrının işıq texniki Əsgərli Tərlan Vüqar oğlu iyulda könüllü yazıldığı ordu sıralarına sentyabrın 21-də təlimlərlə cəlb olunub. Füzuli uğrunda döyüşlərdə yaralanıb. 15 gün müalicədən sonra öz təkidilə cəbhəyə dönüb, Cəbrayıl və Xocavənddə döyüşüb. Bu günlərdə qazimiz xidmətdən geri qayıdıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarıyla təltif olunub.

 

ADMİU-nun Kino-televiziya fakültəsi Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (Ədəbi iş) ixtisasının 2011-2015-ci illər bakalavr, 2016-2018-ci illər magistr məzunu Həsənov Azər Tahir oğlu universitetdə video mexanik vəzifəsində çalışır. Həqiqi hərbi xidmət zamanı Murovdağ ərazisində xidmət edən Azər 2016-ci ildə Aprel döyüşlərində də iştirak edib. O, müharibəyə sentyabrın 27-si müraciət edib, bir gün sonra könüllü cəbhəyə yollanıb. Çavuş rütbəsi daşıyan A.Həsənov manqa komandiri olaraq Füzuli, Xocavənd, Zəngilan istiqamətlərində ağır döyüşlərdə iştirak edib. I Qarabağ müharibəsində iştirak edən atasından ilhamlanan Azər hazırda Zəngilanda xidmətini davam etdirir.

 

Öncə ADMİU-nun, indi də Vətən müharibəsinin qəhrəman məzunları

 

Universitet insan həyatında mühüm rol oynadığı kimi, yolu ordan keçən bütün tələbələri və məzunları da ömürlük universitetin həyatına həkk olur. Müxtəlif zamanlarda ADMİU-nu bitirən məzunlarımızla universitet hər zaman fəxr edib. Bu Vətən müharibəsində də bitirdiyi ali təhsil ocağının adını ucaldan qəhrəmanlarımızla qürur duyduq. Ordu sıralarında şərəflə xidmət edən igidlər arasında ADMİU məzunları da az deyil.

 

ADMİU-nun keçmiş Aktyor sənəti fakültəsi (indiki Teatr sənəti fakültəsi), "Dram teatrı və kino aktyoru" ixtisasının 2014-cü il məzunu Əlizadə Ceyhun Natiq oğlu döyüşlərə baş leytenant kimi qoşulub. Əslən Cəbrayıl rayonundan olan Ceyhun cəbhədə xidmətini davam etdirir.

 

Yusifov Dağlar Ziyad oğlu Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisasının Teatr tənqidi ixtisaslaşması üzrə magistr pilləsini bu il başa vurub. Azərbaycanın son illər mədəni həyatında aktiv iştirak edən gənc teatrşünas könüllü qoşulduğu müharibədə də fərqlənməyi bacardı. O, ön cəbhədə xidmətini davam etdirir.

 

SABAH qruplarının keçmiş məzunu, Teatr sənəti fakültəsi, "Aktyor sənəti" ixtisasının 2020-ci il məzun magistrı, Gənc Tamaşaçılar Teatrının aktyoru Dəmirov Hilal Güloğlan oğlu Tərtər, həmin ixtisasın 2019-ci il məzunu Bəxtiyarlı Elvin Faiq oğlu Şuşa istiqamətində gedən döyüşlərdə iştirak ediblər. Qeyd edək ki, Elvinin atası da I Qarabağ müharibəsinin qazisidir. H.Dəmirov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Həmin fakültə "Estrada aktyoru" ixtisası üzrə təhsil almış İbadullayev Habil Əhməd oğlu (2013-2018), Məmmədli Ruhin Tofiq oğlu (2009-2013) bu gün də cəbhədə xidmətlərini davam etdirirlər.

 

Bu fakültəni Dram teatrı və kino aktyoru ixtisası üzrə bu il bitirən Allahverdiyev Röyal Ramiz oğlu Füzulinin və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Musiqi sənəti fakültəsinin məzunları Əsədov Hüseyn Münasib oğlu, Səlimov Əli İlham oğlu, Abdurrahmanov Hacıbaba Əlibaba oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmətdədirlər. Əli "Cəbrayılın azad olunmasına görə", Hacıbaba isə "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif ediliblər.

 

Kulturologiya fakültəsinin məzunları - Qardaşəliyev Ceyhun İlqar oğlu, Məmmədov Nahid Zabil oğlu, Quliyev Kamran Ceyhun oğlu, Şəmilov Elşən Rövşən oğlunun da ərazilərimizin işğaldan azad olunmasında xidmətləri böyükdür. Elşən Laçın uğrunda gedən döyüşlərdə ayağından snayper yarası almış qazimizdir.

 

Kino-televiziya fakültəsinin məzunları - Kazımov Ceyhun Həmzəoğlu, Həsənzadə Allahverdi Ehtimadi oğlu, Həsənov Zeynalabdin Mövla oğlu, Abdullayev Əkbər Rəhim oğlu, Məmmədov Şahmar Kamaləddin oğlu, Xəlilli Rza Ələsgər oğlu, baş leytenant Sərkarov Tural Arzuman oğlu, kəşfiyyat bölüyünün manqa komandiri Qurbanov Kamran Məmməd oğlu (2 dəfə yaralanıb, döyüşə qayıdıb, qəlpələrdən biri ayaq sinirini zədələsə də, hazırda xidmətdədir), 2 dəfə yaralansa da, yenidən xidmətə yollanan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Qurbanov Etiram İqrar oğlu şücaətləriylə seçilən igidlərimizdir. Etiram Füzulinin və Şuşanın azad olunmasına görə, Şahmar Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medallarla təltif olunublar.

 

Bundan başqa, Kənani Əlirza Cəfər oğlu, Əsgərov Ariz Aqil oğlu, Quliyev Famil Qasım oğlu, Arzumanov Cavid Seyfəddin oğlu, İsmayılov Muxran Əyyub oğlu, Qocamanov Cavid Əmrah oğlu, Əliyev Məhəmməd Faziloğlu, Əsədov Tamerlan İlham oğlu, Ələkbərov Eldar Heydər oğlu, Çaparzadə Əziz Ziyafət oğlu, Əliyev Elçin Arzu oğlu, Hüseynli Elvin Vahid oğlu və digər Vətən müharibəsində iştirak edən, bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandıran onlarla tələbə, məzunlarımız var. Ariz və Tamerlan Suqovuşanın, Kənani Əlirza Kəlbəcərin, Cavid Arzumanov Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. 

 

Şəhidlik zirvəsinin ADMİU-lu sakinləri

 

Təəssüf ki, müharibə itkisiz ötüşmür. Vətən müharibəmizdə də üç minə yaxın qəhrəmanımız bu torpaqların azadlığı uğrunda canından, qanından keçdilər. Şəhadətə ucalmış igidlərimiz arasında ADMİU-nun məzunları da var.

 

Leytenant Bağırov Süleyman Loğman oğlu 2010-2014-cü illərdə Rəssamlıq fakültəsi, Sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə təhsil alıb. Şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olan məzunumuz Şirvan şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan Süleymanın yanvarda dünyaya gələcək körpəsi vətənə əmanət olacaq.

 

Kulturologiya fakültəsi, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının məzunu Qəfərli Samir Möhlət oğlu karyerasını aktyor kimi davam etdirirdi, "Ata ocağı" serialında rola çəkilmişdi. 18 yaşında anasını itirən, 26-cı yaşını qeyd etmədən həyatla vidalaşan şəhid məzunumuz doğulduğu Ucarın Bərgüşad kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Məmmədov Fəqan Vahid oğlu Zaqatalanın Yeni Suvagil kəndindən olan şəhidimizdir. Milliyyətcə çaxur olan gəncimiz kinoşünas idi, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Çavuş rütbəsi daşıyan Fəqan manqa komandiri idi.

 

6 oktyabrda Ağdam istiqamətindəki döyüş Fəqanın son döyüşü oldu. Döyüşçü yoldaşları ilə birlikdə düşmən həmləsinin qarşısını almaq üçün hücuma keçiblər, bu zaman düşmən təslim olaraq, ağ bayraq qaldırıb. Yoldaşlarının sözlərinə görə, Fəqan qorxu bilmədən onları təslim etmək üçün yaxınlaşmaq istəyərkən hiyləgər düşmən hərbçilərimiz istiqamətinə partlayıcı əl qumbarası atıb. Bu an Fəqan özünü qumbaranın üzərinə ataraq yoldaşlarını xilas edib. Atası da I Qarabağ savaşının iştirakçısı olan igid Fəqan, beləcə şəhidlik zirvəsinə ucalıb.

 

O, 2021-ci ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi düşünürdü. Ən böyük arzusu isə Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək olan şəhidimizin öz qəhrəmanlıq hekayəsi film mövzusuna çevrildi.

 

Bu qəhrəman şəhidlərimizin hər biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümlərindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunublar.

 

ADMİU olaraq bütün şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsi iştirakçılarımızla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 30 dekabr.- S.20.