Ədəbiyyata, poeziyaya
qəlbimdə həmişə bir həsrət
olub
Əhməd Hüsüoğlu:
"Neft və Kimya institutunda oxuduğum illər çox vaxt
dərslərə girmirdim, gedib universitetdə Bəxtiyar Vahabzadənin
mühazirələrini dinləyirdim"
Hansı
sahədə olur-olsun, istedaddan
başqa şans da vacib amildir.
Bu məsələ yaradıcı sahəyə
də aiddir. Bədii yaradıcılıqla məşğul
olan insanlar üçün də yol bu iki
meyarın tənzimlənməsindən
keçir.
Həmsöhbətimiz Əhməd Hüsüoğlu,
belə demək mümkündürsə, yaradıcılıq
aləmində şansı
o qədər də gətirməyənlərdəndir.
1950-ci ildə Ağcabədi
rayonunda anadan olan Əhməd Hüsüoğlu 1966-cı ildə
orta məktəbi,
1973-cü ildə isə
Azərbaycan Neft və Kimya İnstitutunu
bitirib. İlk şeiri 1965-ci ildə
Ağdam rayonunun "Lelin yolu" qəzetində çap olunub.
Sonralar "Azərbaycan
gəncləri", "Ədəbiyyat
və incəsənət",
"Sovet kəndi"
qəzetlərində və
"Ulduz" jurnalında
poetik nümunələri
işıq üzü
görüb. 70-ci illərin
ortalarından sonra isə müxtəlif səbəblərdən ədəbi
mühitdən uzaqlaşıb.
Əhməd Hüsüoğlu ilə söhbətimizi təqdim
edirik.
***
- Əhməd müəllim,
deyirlər, insan sonradan şair olmur, şair doğulur. İstərdim keçmişə səyahət edərək
ədəbiyyata gəlişinizdən
söhbət açasınız.
- Mən şeir yazmağa başlayanda lap balaca idim, hardasa
2-ci sinifdə oxuyurdum.
Zaman keçdi, illər ötdükcə mütəmadi
yazmağa davam elədim. Məktəbdə divar qəzetlərində
çap olunardım.
İlk dəfə Səməd Vurğuna ithaf olunmuş "Xəyalı getdi" adlı şeirim
1963-cü ildə Ağdamın
"Lelin yolu" qəzetində işıq
üzü gördü.
Sonralar Bakıya gələnə
qədər Ağcabədinin
"Sürət" qəzetində
çap olunurdum.
1966-cı ildə Bakıya gəldim, Azərbaycan Neft və Kimya İnstitutunun
Kimya texnologiyaları fakültəsinə qəbul
olundum. Burada çox həvəssiz
oxuyurdum, dərslərə
girmirdim, əvəzində
gedib universitetdə Bəxtiyar Vahabzadənin mühazirələrini dinləyirdim.
Təhsil aldığım institutda "Neft kadrları uğrunda" adlı qəzet var idi, baş
redaktoru İntiqam Babayev idi. Orada bir müddət korrektor işlədim.
Həmin
qəzetdə tez-tez şeirlərim çap olunurdu. O zamanlarda mənim "Novella" adında
qısa bir şeirim var idi:
Nə tökmüsən qulac-qulac
hörüyünü sulara?
Yuyursansa xəlvət-xəlvət yu,
dara.
Saç
yumağı gecəyarı
elə barı,
Utandırma saçıkəsik qızları,
a salxım söyüd...
O vaxtı bu şeiri
yaşıdlarımın əksəriyyəti
əzbər bilirdi. Bizim institutda oxuyan qızların çoxunun
dilindən düşmürdü.
İllər sonra mən Daxili işlər orqanlarında
işləyəndə bir
kəlbəcərli polkovnik
mənə yaxınlaşdı
və bu şeiri əzbər dedi. Onda çox təəccübləndim.
Neft və Kimya İnstitutunda
ədəbi dərnək
var idi, dərnəyə yazıçı
Sabir Azəri rəhbərlik edirdi.
O, məni M.Ə.Sabir
adına kitabxanaya gətirdi. Orada bir ədəbiyyat dərnəyi var idi, Ağacavad Əlizadə rəhbərlik
edirdi. Azərbaycanın
o nəsil ən sevilən cavan şairləri ilə orada tanış
oldum: Nüsrət Kəsəmənli, Vaqif Bayatlı Odər və digərləri. Burada əsl şeirin mahiyyətinə vardım.
Bu dərnəkdə bəyənilən şeirlər
"Azərbaycan gəncləri"
qəzetinə, "Ulduz",
"Azərbaycan" jurnalına
göndərilirdi və
şeirlərimiz çap
olunurdu. O vaxtı
Azərbaycanda mətbuat
o qədər də çox deyildi. "Azərbaycan gəncləri"ndə
tez-tez şeirlərim
çap olunardı.
Həmin
qəzetin poeziya bölməsinə Tofiq Mütəllibov rəhbərlik
edirdi. Orada şair, publisist Əhməd Elbrusla tanış olmaq imkanı qazandım, o, mənə nəzəri biliklər baxımından bəzi göstərişlər verdi.
Orada İntiqam Mehdizadə ilə tanış oldum. O, mənə dedi ki, sənin
şeirlərindən Əli
Kərimin qoxusu gəlir. O, məndə Əli Kərimə böyük məhəbbət
yaratdı, onun kitabını tapıb mənə verdi.
Əli Kərim yaradıcılığının təsiri mənim şeirlərimdə hiss olunur.
Bir gün yazıçı Sabir Azəri məni "Ulduz" jurnalına gətirdi.
Burada bir çox tanınmış
şairlərlə tanış
oldum: Tofiq Bayram, Məmməd Araz və başqaları...
1971-ci ildə "Ulduz"
jurnalının 2-ci sayında
"Kənd axşamı"
şeirim çap olunub. Nüsrət Kəsəmənli o zaman hərbi xidmətdə idi. Onunla eyni səhifədə çap olunmuşdum.
Nüsrət əsgərlikdə çəkilən hərbi
geyimdə bir şəklini yollamışdı,
elə o şəklini
də jurnala yerləşdirmişdilər. Bir çox adamların yaradıcılığıma təsiri
olub. Rəsul Rza ilə şəxsi münasibətlərimiz
olub. İş yerim onlara yaxın idi deyə tez-tez evlərində qonaq olurdum. Tez-tez müsabiqələrə qatılırdım və
şeirlərim bəyənilərdi.
Bir dəfə məni Aşqabada ədəbi tədbirə
də göndərmişdilər...
- Necə oldu ki, birdən-birə ədəbiyyatla yollarınızı
ayırdınız?
- Ədəbiyyatdan ayrı
düşməyimin səbəbi
o oldu ki, mən atamı itirdim. Çox cavan idi.
Anam və məndən başqa körpə uşaqlar başsız qaldı. Onda mənim içimdə
nəsə qırıldı.
O vaxt qələm əhli çox çətin yaşayırdı.
1973-cü ildə məsləhət
görmüşdülər ki, mən Moskvadakı
Maksim Qorki adına Dünya
ədəbiyatı institutuna
daxil olum. Hər il
ora iki nəfər
göndərirdilər. Həmin
il də
məndən başqa
Məmməd İsmayılın
da getməsi nəzərdə tutulmuşdu.
Dostum Aleksandr Qureviç mənim şeirlərimi tərcümə elədi
və onları həmin instituta yolladım. Həmin vaxtlar gəmiqayırma
zavodunda çalışırdım.
Aleksandr Qureviç də orda mənimlə birgə çalışırdı.
Göndərilən şeirlərə Osman Sarıvəlli rəy yazmışdı.
Bu, instituta daxil
olmaq üçün,
bir növ, imtahan idi. Sonradan Moskvadan müsbət cavab gəldi. Məmməd
İsmayıl ssenari kursuna, mən də poeziya kursuna gedəcəkdik.
Mən institutun sonuncu kursunda oxuyurdum, diplom müdafiəsi ərəfəsi idi.
Cabir Novruzun kabinetində Osman Sarıvəlli ilə birlikdə əyləşmişdik. Yazıçı
İsi Məlikzadə
gəldi, söhbət
əsnasında mənə
dedi ki, Moskvaya niyə gedirsən, mən də Neft və
Kimya İnstitutunu bitirmişəm, heç Moskvada da oxumamışam,
nə olsun ki? Osman Sarıvəlli
bir az
dayanandan sonra İsi Məlikzadənin fikrinə qüvvət verdi. Onların dedikləri bir az məni
yayındırdı. Elə bu
vaxtlarda atam rəhmətə getdi.
Zavodda da yaxşı maaş
alırdım və şagirdlikdən artıq
böyük mühəndisliyə
qədər yüksəlmişdim.
Artıq
Moskvaya getməməyi
qərara aldım.
Günlərin bir günü
zavoda xəbər gəldi ki, Daxili İşlər Nazirliyinə gənc kadr göndərmək lazımdır. Elə oldu
ki, məni ora yolladılar. Artıq bu hadisələr məni ədəbiyyatdan tamam ayırdı. 30
ildən çox Daxili işlər orqanlarında işlədiyim
müddətdə çox
adam mənim
bu şakərimdən
xəbərsiz idi. Bacı-qardaşımı böyütdüm, oxutdum, çətinliklərim
çox oldu. Daxili işlər orqanlarında
işlədiyim dövrlərdə
Qarabağa tez-tez ezamiyyətə gedərdim.
Birinci Qarabağ savaşı iştirakçısı olmuşam.
Bizim mübarizəmizə baxmayaraq,
sistemləşdirilmiş hakimiyyətin
olmaması səbəbindən
biz o savaşda qalib gələ bilmədik.
Amma şükürlər olsun
ki, Ali Baş Komandanımızın qətiyyəti
və Müzəffər
Ordumuzun gücü sayəsində İkinci Qarabağ savaşında zəfər çalmağı
bacardıq.
- Nə vaxtsa poeziyadan uzaq düşüb digər sahəyə yön almağınıza görə
peşman oldunuzmu?
- Əlbəttə, həmişə peşmançılıq olub. Gedib Daxili işlər orqanları sistemində işlədim, ilk vaxtlardan rəhbər vəzifəyə təyin olundum. Mən hələ zavodda işləyən vaxtdan yaxşı qazanırdım, sonralar da həmçinin. Söhbət maddiyatda deyil. Həmişə poeziya mənim ruhumda olub. Mən həmişə şeir yazmışam, orqanda işləyəndə belə. Poeziyada da hamının bəxti gətirmirdi. Ürəyimdə həmişə bir nisgil yaşayıb. Sonralar da qələm adamları ilə mütəmadi görüşürdüm. Qəlbimdə həmişə ədəbiyyata, poeziyaya bir həsrət olub.
- Təxminən 30 ilə yaxın fasilədən sonra, 2003-cü ildə "Gecikmişəmmi?" adlı şeirlər kitabınız işıq üzü görüb. Sizi nə vadar elədi ki, yaradıcılıqla bütün bağlar qırılandan sonra bu kitabı çap etdirdiniz?
- Jurnalist Fəxrəddin Hacıbəyli "Könlüm keçir Qarabağdan" silsilə verilişlər hazırlayırdı. Məni İsmayıllıya apardı və haqqımda bir film hazırladı. Böyük şairimiz Məmməd Araz bu verilişə baxır və Aqil Abbasdan məni xəbər alır. Deyir ki, mən Əhmədi 40 ildir axtarıram, çağır gəlsin. Aqil Abbas zəng edib məni çağırdı. Məmməd Arazla görüşdük, xeyli dərdləşdik. Məni çox danladı, dedi ki, ölüb gedəcəksən, bir xatirə qalmayacaq, ancaq mən yaşda adamlar səni tanıyırlar, şeirlərini yığ çap elətdir. Bu kitabı çap elətdirməyə bir az ehtiyatlanırdım. Amma nəhayət, anamın, yaxınlarımın təkidi ilə şeirlər kitabım çap olundu. Elə ön sözü də Məmməd Araz yazdı. Kitabımız çap olunması rəhmətlik atamın da arzusu idi. "Gecikmişəmmi?" kimi çap ediləndən sonra marağa səbəb oldu, məni tanıyanlar həm təəccübləndilər, həm də çox sevindilər.
Öz təcrübəmdən
çıxış edib, indi
bədii yardıcılıqla məşğul olan gənclərə bir fikrimi çatdırmaq istərdim. Hər şey tam olanda yaxşı olur. Atalar demiş,
dad yarımçıq əlindən.
Ədəbiyyatla həvəskar
kimi məşğul olanda bu sənətin
ömrü də az olur.
Ona görə də bu sənətlə ürəkdən, peşəkarcasına
məşğul olmaq
lazımdır.
Nadir RZALI
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.17.