Həsən Seyidbəylinin "Azərbaycan
epopeyası"
Esse
sosialist realizminin ütülü
diktəsi nə
qədər güclü olsa da, 1950-ci illərin yumşalmalarından sonra humanizm prinsipləri ön plana
çəkilməyə
başladı. Ekran isə dövrün hadisələrinə
daha tez reaksiya verdi.
"Uzaq sahillərdə"
əllinci illərdə
lentə alınmış
ilk və yeganə ekran əsərlərindəndir
ki, filmdə ümumiyyətlə Sovet İttifaqının adı
çəkilmir. Bu yanaşma
ssenaridən irəli gəlirdi. İmran Qasımovla Həsən
Seyidbəylinin müştərək
yazdıqları ssenari
dövrün yumşalmaları
üçün nəzərdə
tutulmuş limiti də aşırdı, yeganə ümumiləşmiş
fikir faşizmə qarşı mübarizə
idi. "Uzaq sahillərdə"nin Mixaylosu - Mehdi Hüseynzadə film ekrana çıxmazdan cəmi bir il öncə
Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdü.
Mehdini Sovetlərlə bağlayan
ümumi xətt faşizmə olan nifrət idi. Fəqət filmin ən maraqlı xüsusiyyəti
budur ki, Sovet İttifaqı nə xilaskar kimi göstərilir, nə də bir dəfə də olsun onun
adı çəkilir.
Bu məqamda mənim
üçün nədənsə
daha çox Həsən Seyidbəyli faktoru qabarır. Baxmayaraq ki, ssenari müştərək
yazılmışdı, üstəlik,
görkəmli kinorejissor
Tofiq Tağızadənin
də bu filmdə imzası var. Amma Həsən Seyidbəylinin bütün
yaradıcılığına boylananda
bu fikirdə əminlik yaranır: onun yaradıcılığı
ilə "Azərbaycan
epopeyası"nın fundamenti
qoyulurdu.
Bugünkü sosial şəbəkələrin
anonsu 1962-ci ildə
"Telefonçu qız"la
verilir. Zaman dəyişsə də, mahiyyət olduğu kimi qalır. Həsən Seyidbəylinin "Telefonçu qız"ı
bütün filmləri
kimi gələcəyə
hesablanmışdı. Axı telefon ilk tanışlıq,
xoş, yaxud bəd xəbər, bölüşmək deməkdir.
Telefon
virtual aləmin ilk qaranquşu
kimi bu gün
yerini sosial şəbəkələrə verib. Amma mahiyyət dəyişilməz
qalıb. "Telefonu qız" mövzu baxımından məişət yönümlü
olsa da, "Azərbaycan" epopeyasının
bir parçasıdır.
1963-cü
ildə Həsən Seyidbəyli rejissor kameranın arxasına keçərək "Möcüzələr
adası"na yola düşür. Filmdəki personajlar sosialist realizminin iradəsini ifadə etmir, bu azadlıq ilk növbədə onların
şəxsiyyət keyfiyyətləri
kamilləşmə meyarlarından
doğur. Bu əsərin personajları
- Nazim, Kamran, Məryəm və digərləri Xəzəri
vəfs etməklə
Azərbaycana sinə dolusu səslənirlər.
Xəzər, neft, iradə
- sanki bütün bu məfhumları Həsən Seyidbəyli gələcəyə şifrə
kimi ötürür.
Axı bu gün neft
Azərbaycanın hər
bir vətəndaşının
həyatında müstəsna
rola malikdir, Sovet İttifaqı dağılandan sonra Azərbaycan Xəzərdə
ona məxsus olan ərazinin üzərindəki hüquqlarını
mətin iradə ilə qorudu və dünyaya tanıtdırdı.
1966-cı
ildə "Azərbaycan
epopeyası"nın
daha bir kərpici qoyulur, Həsən Seyidbəyli öz ssenarisi əsasında çəkdiyi
"Sən niyə susursan?" bədii filminə quruluş verir. Gizli iqtisadiyyat, bu
qara ləkənin insan taleyinə vurduğu zərbə.
Amma məsələ təkcə
bunda deyildi. "Sən niyə
susursan?" Azərbaycan kinosunu
buxovlardan azad etdi. Bu, Fransa
Yeni Dalğasının,
İtaliya neorealizminin
təsiri altında yaranan ekran əsəri
idi və rejissor məharətlə
mövzunun mahiyyətini
iki iştirakçı
ilə həll edir. Yolboyu baş verən
hadisələr və
onların daşıyıcıları
olan personajlar ekranın iki nəfərlik ansamblına
xələl gətirmir,
əksinə, onların
dramaturji yükünü
qüvvətləndirmiş olur. Hərdən düşünürəm ki, Həsən Seyidbəyli "Sən niyə susursan?" sualını verməklə,
həm mövzu, həm də mövzu həlli baxımından həmin dövrdə ətalətdə
olan Azərbaycan kinosuna boylanırdı.
1969-cu ildə isə
böyük rejissor Maqsud İbrahimbəyovun
"Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında "Bizim Cəbiş müəllim"
dramına quruluş verir. Vətən müharibəsini
yaşamış bir xalq olaraq içimizdəki
Cəbiş müəllimin
nə qədər güclü olduğunu bir daha varlığımızla
hiss etdik. "Bizim Cəbiş müəllim" sosialist
realizminin qəhrəmanı
deyildi, baxmayaraq ki, sovet ekranşünaslığında
onu dövrün bu mütləq cərəyanına bağlamışdılar.
Cəbiş müəllim bir
obraz olaraq humanizm prinsiplərinin daşıyıcısı idi,
çünki sosialist
realizmində ümumi
məqsədlər naminə
humanizm prinsiplərini
belə tapdalamaq mümkün görünürdü.
Seyidbəyli açılan topları,
torpağa düşən
güllələri, tirtilları
göstərmir, müharibəni
arxa cəbhədən,
sadə Bakı məhəlləsinin rakursundan
izləyir. Müharibənin əsl mahiyyətini məhz buradadır.
"Azərbaycan epopeyası"
tamamlanmağa doğru
gedir...
"Sən niyə susursan?" filmindən 4 il ötdükdən sonra, Həsən Seyidbəylinin quruluş verdiyi "O qızı tapın" detektivi ekranlara çıxır. Sovet İttifaqı üçün filmdə qabardılan mövzu - gizli sexlərin fəaliyyət göstərməsi vacib məsələ idi. "O qızı tapın" "Sən niyə susursan?" qədər fərqli kino deyildi, bəlkə də Seyidbəylinin artıq buna ehtiyacı yox idi, yaxud bunu edə bilməzdi. Çünki film Sovet milisinin 50 illiyinə həsr edilmişdi...
Tarix və onun yetişdirdiyi simalar zaman keçdikcə daha aydın və parlaq görünməyə başlayır. Amma Seyidbəyli üçün tarixi ön planda deyildi, onu düşündürən kamil insan idi. Ssenaridən irəli gələn məziyyətlər (ssenari müəllifi İsa Hüseynov) nə qədər dolğun və tutumlu olsa belə, Seyidbəyli öz kinosunu çəkməyə müvəffəq olur: 1973-cü ildə ekranlara çıxan "Nəsimi" tarixi dramını. Fikrimcə, Azərbaycanın heç bir tarixi simasının ekran həlli Nəsimi qədər dolğun olmayıb. Nəsimi heç bir ideoloji diktənin təsiri altında formalaşan tarixi obraz deyildi, "Nəsimi" tarixi gerçəkliklərin müvəffəqiyyətlə fona çevrildiyi epik təhkiyyə idi. Seyidbəyli ekran fəlsəfəsində fəlsəfi yük axtarışına çıxmışdı. Kamil insanın necə olmalıdır? Dövrdən, zamandan, sosial tələblərdən asılı olmayan ideal insan tipi. Seyidbəyli həm də ismarış verirdi - heç bir ideologiya kamil insanın qarşısında sipər ola bilməz. Bəlkə də həmin illərdə Azərbaycana məhz Heydər Əliyev rəhbərlik etməsəydi, "Nəsimi" ya adəti üzrə qayçılanacaq, ya da rəflərdə qalacaqdı. Amma sovet ideologiyası üçün təhlükə hesab edilən "Nəsimi" ekranlara buraxıldı, ekranda kamil insan axtarışında olan kamil film vardı. Bu, Həsən Seyidbəylinin kinosu idi və ən əsası "Azərbaycan epopeyası" tamamlanmışdı. "Babək" filminin quruluşu da Həsən Seyidbəyliyə həvalə edilsə də, sonra müəyyən səbəblərdən film ondan alınır. Yəqin ki, Seyidbəylinin çəkəcəyi "Babək" mənən, sovetin az qala öz əcdadları kimi qələmə verdiyi - mühəmmirlər, yəni qırmızı bayraqlı xürrəmilər olmayacaqdı. Görünür, "Nəsimi" o zaman kino sahəsinə rəhbərlik edən şəxsləri hədsiz qorxutmuşdu və ən cılız addımı belə atmaqdan - hazır ssenarinin üzərində xətt çəkərək rejissoru dəyişməkdən belə çəkinməmişdilər.
Həsən Seyidbəylinin bir neçə qısametrajlı filmi - novellanı vahid tammetrajlı filmdə - "Ömrün səhifələri" və "Xoşbəxtlik qayğıları" bədii filmlərində ailə-məişət mövzularına üstünlük verir, bu gün də çərçivələrini sındıra bilmədiyimiz "cehiz sindromu"nu ustalıqla tənqid edir, xoşbəxtliyin tamam fərqli səviyyədə olduğunu insanlara təqdim etmiş olur. Düzdür, bu filmləri "Azərbaycan epopeyası" kimi müəyyən etdiyim bir məfhuma əlavə etmək bəlkə də düzgün olmazdı. Amma epopeyanın varlığı üçün onların olması mütləq şərtdir.
Və əslində, Həsən Seyidbəyli bütün ömrü boyu bir film çəkib. Sadəcə hər bir filmin öz süjet xətti və personajları var. Onları bir-birinə bağlamaq sənətşünaslardan savayı, yalnız diqqətli tamaşaçı dərrakəsinin nəticəsi ola bilər. Böyük Ustadın ruhu şad olsun!
Kamran QASIMOV
Real Televiziyasının müxbiri,
"Cinema Radio Kino" Radio Kanalının
rəhbəri
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.16.