Dost-düşmən seçilər, Vətən
seçilməz!
Nəticə,
yaxud yekunlar hərəkətin məzmununu ifadə edir. Adətən
biz onu hesabat adlandırır və heç olmasa ildə bir dəfə
özümüzü sual yağışına tuturuq. Kamil, intizamlı, psixoloji
baxımdan möhkəm xarakterli insanlar az
qala hər günün sonunda hesabat verməyi özlərinə
borc bilirlər...
Bəlkə də, təqvimlər həm də ona
görə yaradılıb ki, insan bəlli bir vaxt
aralığındakı fəaliyyətinin, hərəkətlərinin
nəticəsini dəqiqliklə hesablaya bilsin.
Budur, iki
20 rəqəminin yan-yana durduğu 2020-ci il
tarixə qovuşur. Hamı kimi mən də
tezliklə həyatımı tərk edəcək vaxtı dəyərləndirmək
istəyirəm. Bu dəyərləndirmə
iki aspektdən olacaq. Niyə? Əvvəla ona görə ki, ilboyu bir fərd olaraq
məsuliyyətli psixoloq missiyasını yerinə yetirib,
ayrı-ayrı insan taleləri fonunda, ən əsası
geniş ictimaiyyəti əhatəyə alacaq miqyasda nələrisə
eləməyə cəhd göstərmiş, bu və ya digər
taleyüklü, Vətən amallı məsələlərə
dair rəylərimi bildirmiş və bütün bunların
hamısını vətəndaşdaşlıq borcu
saymışam.
İkinci
aspekt qismində nəzərdə tutduğum yanaşma
respublikamızın Bakı, Gəncə, Bərdə, Lənkəran,
Xaçmaz, Abşeron kimi iri yaşayış məskənlərini
əhatə edən, 9 filialı birləşdirən bir
quruma, əhaliyə psixoloji yardımın təşkili ilə
məşğul olan "Loqos" PNİM-nə və
Psixoloji Xidmət və Tədqiqat Mərkəzi kimi fəaliyyətdə
olan qeyri-hökumət təşkilatına rəhbərliyimlə
bağlıdır. Söhbətimizi məhz bu
iki müstəvidə - fərdi və kollektiv faktorları nəzərə
alaraq davam etdirək.
Psixoloqlar da digər insanlar kimi ovqat dəyişikliyindən,
müxtəlif çalarlı hiss və həyəcan
axınlarından xali deyillər. Xalqımızın tarixi həqiqətlərlə
üzbəüz olduğu 2020-ci ili yenidən
xəyalımda canlandırır və düşünürəm
ki, ömrümdən ötüb keçən illərin
heç biri və hətta o illərin mütləq cəmi mənə
son günlərini yaşadığımız 2020-ci il qədər
güclü təsir göstərməyib. Ötüb
keçməkdə olan ili psixoloji
sınaq ili də adlandırardım. Nələr
yaşamadıq? Qorxu, təlaş, həyəcan, sevinc,
qürur... İnsana məxsus olan adlı-adsız
duyğuların çələngi! Vaxt panoramı belə
idi!
Mənə elə gəlir ki, gələcəkdə
sosioloqlar, politoloqlar, tarixçilər, psixoloqlar 2020-ci ilin
yekunlarını təhlil etməli olsalar, mütləq
xalqın, insanların yaşadığı psixoloji durumu da nəzərdən
keçirib mülahizələr söyləyəcəklər. Bax bu zaman
meydana çıxarılan nəticə və yekunlar ekstremal
vəziyyətlərdə fərdi və kütləvi
davranışları nizamlamaq üçün bir örnək
olacaq.
Dünyanın əksər hissəsindən fərqli
olaraq Azərbaycan dövləti və xalqımız ilin elə
ilk günlərindən iki düşmənlə üz-üzə
qaldı və bu vəziyyət nəinki ölkəmizin
siyasi, iqtisadi, sosial mənzərəsini yaratdı, eyni zamanda,
cəmiyyətimizin psixoloji durumunu da şəkilləndirdi.
"İki düşmən" deyəndə söhbətin
kimdən və nədən getdiyi, zənnimcə, hər kəsə
gün kimi aydındır və bu aşkar olan rəy cəmiyyətimizin
yekdil fikridir.
Bu iki düşmən barədə irəlidə, bir qədər
ətraflı bəhs edəcəyik... Daha bir düşmən
də var idi: Korrupsiya! 2019-cu ildə Azərbaycanın
dövlət başçısının həyata
keçirdiyi sərt tədbirlər nəticəsində
xalqın malını talayan, insanların əlində-ovcunda
olanları, dövlətə məxsus əmlakı mənimsəyən
məmurların ifşa olunması, yəqin ki, hər kəsin
yadındadır. Dövlətin və
xalqın mənafeyini hər şeydən üstün tutan rəhbər
qərarlar və göstərişlər vəzifə sahiblərinin
kimliyinə, "əziz-xələfliyinə" fərq
qoymadan korrupsiyaya bulaşan çinli şəxsləri
kreslosundan aşırdı, indi həbsdə olan o insanlar əməllərinə
görə qanun qarşısında cavab verəcəklər.
İndi bizdə tez-tez yeni düşüncəli,
təmiz kadrların irəli çəkilməsi haqqında
fikirlərin səslənməsi heç də təsadüfi
deyil. Yeni Azərbaycanı yalnız yeni
düşüncəyə sahib, dövlətə, ölkə
rəhbərinə sadiq insanlar idarə edə bilər və
etməlidirlər. Hələ ki, gətirdiyim
bu yeganə misal sübut edir ki, Azərbaycanın mənəvi-psixoloji
mühitinin saflaşması üçün vaxtında
atılan cəsarətli addım, insanların
düşüncəsinə xas inam hissini daha da möhkəmləndirmiş,
insanlarda optimist ruh, xeyirin sonadək qələbə
çalacağına əminlik yaratmışdır.
Sözümün
əvvəlinə qayıdır, xəyali reytinq cədvəlində
"ilin iki düşməni"ni bir daha
xatırlatmaq istəyirəm.
Ötən
ilin sonunda Çinin Uhan şəhərində peyda olan qlobal
düşmənin - yəni COVİD-19 koronovirus
pandemiyasının cəmi bir yaşı ola,
ya olmaya. Amma yaş etibarı ilə bu "körpə" xəstəlik
bir il ərzində 1,5 milyondan artıq can
almış və insanlar arasında dəhşətli bir əndişə,
qorxu, vahimə yaratmışdır.
Əhalinin fiziki sağlamlıq vəziyyətini,
psixoloji durumunu izləyərkən görünən bu idi ki,
qorxunc düşmənin peyda olduğu birinci mərhələnin
başlanğıcında Azərbaycan dövləti qəti
şəkildə həyəcan təbili çaldı. Pandemiya ilə
sərt mübarizə aparmaq məqsədiylə dövlətimizin
gördüyü tədbirlər göz önündədir.
Bu bəladan yaxa qurtarmaq üçün
mübarizə aparan dünyanın nəzərində Azərbaycan
fədakarlıq örnəyidir. Deməliyəm ki, xəstəliyə
qarşı ən ali səviyyədə göstərilən
müqavimət fərdi olaraq hər bir vətəndaşa
ciddi psixoloji təsir göstərir, psixoloji-mənəvi
stimul bədənin xəstəliyə qarşı
dözümünü artırır, eyni zamanda, indi
insanlarımızda belə bir düşüncə,
şüuraltı hiss var ki, deyilənlərə, qoyulan
qaydalara ciddi şəkildə əməl edib
çalışmaq lazımdır ki, amansız virusa
tutulmayasan. İlk vaxtlar COVİD-19-a kütləvi
qırğın, kütləvi bəla mənbəyi kimi baxan
əhali hazırda əhəmiyyətli dərəcədə
psixoloji dözümə sahibdir, çünki yoluxma hələ
ölüm deyil, xəstəliyə qarşı kompleks
müdaxilə, yubanmadan yan xəstəlikləri
neytrallaşdırmaq, ciddi təcridolma, ciddi təmizlik və
mən deyərdim ki, ən əsası psixoloji müqavimət
bəladan xilasın çıxış yollarıdır.
Dövlətimiz koronavirusu - bu təhlükəli virusu
ölkədən qovmaq üçün milyardlarla vəsait xərcləyir. Belə bir
qayğı dünyanın hansı ölkəsinə məxsus
olmasına baxmayaraq, hər bir insan üçün
ümidvericidir. Lakin insan orqanizmi və
zaman-zaman bizi təqib edən xəstəliklər elə
mürəkkəb xarakterə malikdir ki, çox zaman
onları vəsaitlərlə aradan qaldırmaq olmur. Məncə, ən optimal və etibarlı
üstünlük, ortaq məxrəcə gəlmək, daha dəqiq
desək, cəmiyyət və dövlətlə hər bir fərdin
məsuliyyət balansına nail olmaqdır. Bu gün bizdən
tələb olunan üç şey var: onun biri məsuliyyətdir,
yerdə qalan ikisi də məsuliyyətdir!
Düşünürəm ki, hardasa məşəqqətli
dərəcədə ağır keçən ildən sonra
- yəni 2021-ci ildə dünyanın, eləcə də Azərbaycan
dövlətinin və hər bir Vətən
övladının həmrəyliyi sayəsində biz
koronavirusla mübarizəni qətiyyətlə aparacaq, yer
kürəsində yaşayan bütün insanların
sağlamlığı kimi müqəddəs işə
öz töhfələrimizi verəcəyik.
Zaman o
zaman, vaxt o vaxt oldu ki, 2020-ci ilin ikinci yarısında, il payıza dönəndə biz, yəni
xalqımız daha bir düşmənin qəfil həmləsi,
xain basqını ilə qarşılaşdı. Bu, mənfur Ermənistan dövlətinin məkri
idi, xəyanətkar hücumu idi. Koronavirusdan
fərqli olaraq bu düşmən dünyanı yox, yalnız
Azərbaycanı hədəf seçmişdi. Bir yaşlı koronavirusdan fərqli olartaq köhnə-yeni
düşmənin 30 yaşı vardı. Burada otuz
yaş müddəti şərtidir, tarixçilərin dəlil-sübutlarına
görə ermənilərin işğalçılıq
siyasətinin gizli və namərd minaları 150 il
bundan öncə basdırılıb, özü də qədim
türk torpaqlarında. Söz bunda deyil, söz ondadır ki,
2020-ci ilin iyul ayında otuz ildən bəri Azərbaycan ərazilərini,
qədim yurdumuzu, aranlı-dağlı Qarabağı işğal
edən, bir milyondan çox azərbaycanlı
türkünü doğma ocağından, 200 mindən
çox insanımızı Zəngəzurdan, İrəvan
xanlığının tarixi ərazilərindən didərgin
salan ermənilər yeni torpaq iştahasına
düşdülər. Sonrası - yəni 44
günlük Vətən müharibəsinin təfsilatı və
yekunları hər kəsə bəllidir. Azərbaycan
xalqının həmrəyliyi, Milli Ordumuzun rəşadəti
və hər günü qızıl tarixə dönən zəfər
yürüşləri, Azərbaycanın Ali Baş
Komandanı, Müzəffər Prezidentimiz İlham Əliyevin
qətiyyəti, mən deyərdim ki, dahiyanə dövləti
idarə etmək məharəti sayəsində vətənimiz
qələbə çalmış, Azərbaycan
bayrağı qəhrəman əsgərlərimizin əli ilə
Füzuliyə, Cəbrayıla, Ağdama, Qubadlıya, Zəngilana,
Kəlbəcərə, Laçına, Şuşaya
sancılmışdır. İşğaldan
azad edilmiş yaşayış məntəqələrimizin,
kənd və şəhərlərimizin erməni
vandalları tərəfindən xarabazarlığa
çevrildiyini görən bütün dünya dəhşətə
gəlsə də, nəhayət ki, xalqımızın 30
illik möhlətinə məhz öz gücümüzlə
son qoyulmuşdur.
Aparılan haqq-ədalət müharibəsi, qazanılan qələbələr silsiləsi barədə ən dəqiq fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya mediasına verdiyi müsahibələrdə, hər bir yaşayış məntəqəsi, xüsusən rayon mərkəzləri azad olunduqca xalqa etdiyi müraciətlərində söyləmişdir. 17 illik hakimiyyəti ərzində heç zaman sərt ifadələr işlətməyən Prezidentimiz vaxtın tələbi, situasiyanın diktəsi ilə ən sərt kəlmələri də nitqinin lüğət tərkibinə daxil etdi. O, düşmənin başını dəmir yumruqla əzdik, dedi! O, düşməni iti qovan kimi qovduq, dedi! Sonda isə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, dedi!
İnsanın bütün hərəkət və davranışlarının psixoloji mənbəyi var. Psixoloji amil olmasa, barmaqlar bükülərək dəmir yumruq əmələ gətirə bilməz. Nəyə işarə etdiyim bəllidir. 44 günlük Vətən müharibəsində xalqımızın, ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın ruh yüksəkliyi, qələbə əzmi, dəyanəti, Vətən sevgisi həqiqətən də dərindən təhlil edilməyə layiq psixoloji fenomendir! Ən fərəhli yekun isə budur ki, Vətən müharibəsi müstəvisində meydana çıxan psixoloji panoram ötəri daxili emosional hisslər axını deyil, məhz şüur, əqidə predmetinə çevrilən qalıcı bir yaddaşdır. Bu yaddaş zaman-zaman bizə, yeni nəsillərə deyəcək ki, el gücü sel gücüdür. Bütün qələbələrin səbəbi yalnız top-tüfəng, tank-PUA deyil, xalqın birliyidir. Düşmən nə qədər zalım, qaniçən olsa da, sonda həmişə ədalət zəfər çalır!
Budur, 2020-ci ilin psixoloji rezümesi: heç kim Azərbaycan torpağını qəsb edə bilməz. Öz qüdrətli ölkəsində hər zaman firavan, rahat və hürr yaşamaq hər bir azərbaycanlının halal haqqıdır. Düşmənlər az və ya çox, həmişə var. Fəqət hər hansı xain niyyətlərin qarşısını kəsən vahid cəbhə, xalq müqavimətindən ibarət etibarlı istinad nöqtəsi varsa, qələbə həmişə bizim olacaq!
İlin düşmənlərini dedik - COVİD-19 və erməni məkri!
Əgər günü bu gün ilin xalqını seçmək lazım gəlsəydi, o zaman mən Azərbaycan xalqını İLİN XALQI seçərdim!
Azərbaycan əsgərini İLİN ƏSGƏRI seçərdim!
Vətən uğrunda canından keçən igidləri İLİN ŞƏHİDİ seçərdim!
İlham Əliyevi İLİN ƏN CƏSUR VƏ ZƏKALI DÖVLƏT RƏHBƏRİ seçərdim!
Türkiyə Cümhuriyyətini İLİN ƏN ETİBARLI DOSTU VƏ QARDAŞI seçərdim!
Qarabağ uğrunda savaşda qazanılan qələbəni İLİN ƏN PARLAQ ZƏFƏRİ seçərdim!
Əminəm ki, milyonlarla insan mənim bu
seçimimlə həmrəydir...
Təranə
PAŞAYEVA
Psixologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.11.