Ağalar Mirzənin munis və unudulmaz
təbəssümü
Bu gün şair,
telejurnalist, folklorşünas
alim, Əməkdar İncəsənət xadimi
Ağalar Mirzəni xatırlamaq düşünürəm
ki, elə milli-mənəvi dəyərlərimizi,
yaddaşımızı xatırlamaqdı. Necə ki,
vaxtilə Ağalar müəllim öz verilişlərində qədim,
ulu obalarımız, onların folkloru və ədəbiyyatı
ilə bağlı dürlü-dürlü kəlamlar
söyləyib, şirin
söhbətlər edərdi.
Onun ləngərli
danışığı, dolğun səsi söylədiklərinin məzmununa
çox uyardı. O, dağlar
aşar, çaylar keçər, yurdu oymaq-oymaq gəzər, qədim el sənətlərimizi,
laylalı, bayatılı,
nəğməli ədəbi
yaddaşımızı öyrənib
bizə ərməğan
edərdi. Bir gözəl bayatıda deyildiyi kimi:
Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
Ağalar
Mirzə 1954-cü il dekabrın 25-də
Şabran şəhərində,
sadə bir ailədə doğulub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini
bitirib. Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsində radionun
incəsənət və
radio teatrı şöbəsində
əvvəlcə kiçik
redaktor, sonra böyük redaktor vəzifələrində çalışıb.
Sonra televiziyanın ədəbiyyat
və xalq yaradıcılığı redaksiyasında
kiçik redaktordan şöbə müdiri vəzifəsinədək yüksəlib.
Daha sonr isə ədəbi-dram
verilişləri redaksiyasının
redaktorunun müavini, sonra xalq yaradıcılığı
redaksiyasının baş
redaktoru vəzifələrində
çalışıb. Şifahi xalq yaradıcılığına
dair müxtəlif televiziya verilişlərinin,
"Ustadnamə", "Dastan"
kimi proqramların müəllifi olub. A.Mirzə alim və şair kimi gələcək nəsillər üçün
yazılmış bir
sıra qiymətli əsərlərin, o cümlədən etnoqrafik oçerklərdən ibarət
olan "Bayramlar, adətlər, ənənələr",
"Bulaq", "Ömrün
bənövşə fəsli",
"Ovcunu tut yağışa",
"Novruz töhfələri"(iki dəfə nəşr edilib), "Mən baxdığım pəncərə", "Dünənə
məktub"adlı kitabların
müəllifidir. 2008-ci il martın 5-də vəfat edib.
Gözlərimiz ağlar-gülər,
Başımızdan od
tökülər,
Dönüb biçarə bülbülə
Hey oxuduq: "Vətən, Vətən!"
Onda torpaqlarımız
düşmən tapdağında
idi. A.Mirzənin də
üzü, sözü gülmürdü.
Dəfələrlə məni
də, yurdundan didərgin düşən
biri kimi verilişlərinə
dəvət eləmişdi.
Yadımdadı, ilk dəfə iştirak
etdiyim verilişin adı "Üç nəsil, bir fəsil" adlanırdı.
Son iştirak etdiyim veriliş isə "Karvan"olmuşdu.
Ağalar müəllim yadımda çox sadə, mülayim, insana, sözə, sənətə
dəyər verən bir ziyalı kimi qalıb. O, öz
işini yaxşı bilirdi, olduqca maraqlı bir müsahib olması da bundan xəbər
verirdi. Ağalar müəllim həm də, vəfalı bir dost, qardaş kimi qalıb yadımda. Bir dəfə çəkiliş
zamanı ayağı
zədələnmişdi. Amma bu vəziyyətdə mənim kimi balaca bir yazarın
ilk kitabının təqdimatına
gəlməyi sanki özünə borc bilmişdi. İndi onu xatırladıqca
elə bil gözlərim önündə
canlanır. Bir gün
yenə məni verilişinə dəvət
etmişdi. Nədənsə əhvalım yaxşı
deyildi, verilişə
çəkilmək istəmədiyimi
söylədim. Heç nə
demədi, ancaq onun çay süzməyi və gülümsəməyini indi
də, kədərlə
yox, təbəssümlə
xatırlayıram. Məncə,
əsl ziyalı sağlığında ətrafına
beləcə işıq
yayan, ölümündən
sonra belə, xatırlananda yenə o müsbət enerjini hiss etdirən insandı... Ağalar müəllimlə birgə,
çəkiliş qrupu
ilə, yataqxanada yaşayan Şakir adlı, dünya işığından məhrum
bir musiqiçinin evinə yollandığımız
da yaxşı yadımdadı.
Amma bütün
qəlbi ilə işinə bağlanan bu fədakar insanı elə Vaqif müəllimin də, söylədiyi kimi, sağlığında
belə unutmuşdular,
nəinki ölümündən
sonra. Halbuki Ağalar müəllim
çoxlarını "bəzəyib-düzəyib"
efirə çıxarmışdı.
Amma çoxundan da vəfasızlıq görmüşdü.
Buna görə də, onu bir
bayram günündə,
doğum günündə
təbrik edəndə
təəccüblənirdi. Və bir gün onu
Novruz bayramı münasibətilə zəng
edib təbrik etmək istədim. Oğlu Turalın səsini onun səsinə bənzətdim, salamlaşdım.
Bu doğma səslə
Ağalar müəllimin,
əziz bir insanın ölüm xəbərini eşitmək
olduqca ağır idi... Axı, bir xəstəliyi
olmadan, işində-gücündə
birdən- birə ölüm necə gəlib tapmışdı
onu?
Adam ölər, çox ağlama,
Adamın işi ölməkdi.
Gedib o dünyaya dəyib
Təzədən yenə gəlməkdi.
Daşları yarıb başıyla,
Qardaş
olub başdaşıyla,
Qardaşıyla, göz yaşıyla,
Hıçqırıb yenə gülməkdi.
Ağalar müəllim ölümə də şeir yazmağı unutmamışdı, özü də belə nikbinliklə. Ölüm haqdı, deyirlər, ölümünü hərdən düşünmək, anmaq da ariflərin işidi. A.Mirzə həyat səhnəsindən və televiziyamızın canlı efirindən getsə də, tamaşaçı və oxucularının ürəyinin aynasında qaldı. Vaxt ötsə də, onu xatırladanlar və xatırlayanlar var. Tarix isə unudulmur, bizdən sonra da, yaddaş səhifələri açılacaq. Oxunacaq gərəkli səhifələr, səslər bir daha dinəcək, sözlər gülümsəyəcək...
"50 yaşın işığı" adlı yazısında A.Mirzə deyir ki, yaşadıqlarımız bizim taleyimizdir. Yaddaşlara köçən yaxşı-pis xatirələrdir. Onu nə iləsə insanların yaddaşından silmək olmaz. Hamıya yaxşılıq etməyin mümkün olmadığı dünyada ideal adamdan da söhbət gedə bilməz. Arzum budur ki, yaxşılığım tərəzinin ağır gözü olsun. Amin.
Ağalar müəllim ölümünə yaxın vaxtlarda özünə söz vermişdi ki, bundan sonra evinə, ailəsinə də vaxt ayırsın, səhhətində problemi olan yeganə qızının qayğısına daha yaxşı qalsın. Amma ömür buna vəfa etmədi. Heç kəsin gözləmədiyi, ağlından belə keçirmədiyi bir vaxtda 53 yaşında dünyasını dəyişdi.
Ağalar müəllimin ömür-gün yoldaşı Gülşən xanımdan deyim Sizə. Gülşən xanım sanki adının bütün gözəlliyini xasiyyətində cəmləşdirib. Qəlbi gül kimi bu xanım müəllimdi. Onunla telefonla danışanda belə ürəyin açılır, ruhun təzələnir elə bil. Yazını hazırlayanda yenə də ona zəng elədim. İllər əvvəl Gülşən xanım Ağalar müəllimin unudulduğundan, televiziyanın vəfasızlığından gileylənmişdi. Bu gün isə heç nə söyləmədi. Müharibə, virus bütün günahları sanki öz boynuna götürmüşdü...
Ruhun şad olsun, Ağalar müəllim! Doğma Qarabağımıza
qovuşduq artıq! Sizinlə həsrətini çəkdiyiniz Şuşaya,
Laçına, Kəlbəcərə
gedə bilməsək
də, əziz xatirəniz, harada olsaq, həmişə bizimlə yaşayacaq!
Mina
RƏŞİD
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.13.