Mənim döyüşçü
qardaşım
Murovda vuruşmuş
qəhrəmanlardan olan Afiq Qasımovun döyüş yolu
haqqında qeydlər
Doğmaca qardaşım və
Vətən müharibəsi!
Bu, müharibə idi...
Hər şey ola bilərdi...
Amma şükürlər olsun
ki, döyüşlərdə
xüsusi qəhrəmanlıqlar
göstərmiş qardaşımdan
belə bir yazı yazmağı Tanrı mənə qismət elədi.
Qalib bir ölkənin yazarı kimi, qələbəmizdə
misilsiz xidmətləri
olan qardaşımdan söz açmağın
qüruru izah olunmaz hissdir. Yadına düşəndə
ki, bu fəxarətli
anları yaşayana qədər hansı sarsıntıları keçirmisən,
hansı təlaşları
yaşamısan o zaman
qələbəmizin necə
əvəzedilməz bir
nemət olduğunu anlayırsan. Yaşadığın
bütün gərginliklərə
baxmayaraq vətənimizin
zəfər qazanmasında
sənin də doğma(lar)ının olması gerçəkliyi
insana xüsusi zövq verir.
Bəzən deyirlər ee, bizim ELƏ oğullarımız
var ki... Bəli, məhz ELƏ oğullarımız.
Bu ELƏnin ehtiva
etdiyi mənaları xırdalamaq fikrim yoxdur. Amma duyanda ki, məhz ELƏ oğullardan
biri də sənin doğmandır, həyat gözündə
tamam başqa məna daşıyır.
Və elə oğullarımızdan birini
odun-alovun içinə
göndərirsən. Qardaşım
Afiq 27 sentyabr tarixində özünü
yetirən müharibənin
ilk günündən Murovda,
topçu-hesablayıcı kimi döyüşlərin
tam mərkəzində olub...
İki qardaşımdan
böyüyü olan Qasımov Afiq Vaqif oğlu 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində
doğulub və Dondarquşçu kənd
məktəbində oxuyub. 2006-2007-ci illərdə Naxçıvanda
ilyarımlıq əsgərlik
xidməti keçib. Qardaşım hələ uşaqlıqdan
hərbiçi olmaq arzusunda idi. Tale isə onu
vətənin işğal
altındakı torpaqlarını
azad edən döyüşçülərimizdən biri olmaq duyğusunu
yaşatdı.
Afiq 9 iyul 2014-cü ildən manqa komandiri kimi xidmətə başlayıb və 28 may
2015-ci ildə kiçik
çavuş rütbəsi
alıb. Uğurlarının davamı olaraq
2 yanvar 2016-cı ildə
çavuş rütbəsinə
yüksəlib. Aprel döyüşləri
vaxtı da günlərlə gərgin
rejimdə xidmət edənlərdən olub.
28 fevral 2020-ci ildən
Divizion İdarəetmə
tağımının hesablayıcı
manqa komandiri-baş
operator vəzifəsini icra
edib. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində
də topda əsas hesablayıcılardan
biri olub.
Döyüşlər yeni başlayan vaxtlar idi. İlk dəfə
yaxınlığında döyüş
yoldaşı yaralanır.
Hər kəs bunun sarsıntısını çox
ağır yaşayır.
Qardaşım isə xüsusi
cəsarət göstərərək
həmin yaralını
xilas edib, yarasına ilkin tibbi yardım edənlərdən olur.
Beləcə, artıq müharibənin
hər üzünü
görməyə başlayırlar.
Dörd oktyabr tarixində döyüşlərin ən
qızğın çağında
batareyaların bitməsinə
görə qarşıdakı
hərbçilərimizlə rabitə əlaqəsi kəsilir. Vəziyyət çox çətin
olduğundan komandir hər kəsə olduğu mövqeni tərk etməməyi əmr edir. Qardaşım isə bu əmrə rəğmən
başına mərmi
yağa-yağa rabitənin
sönmüş batareyasını
yenisi ilə əvəzləməyə gedir
və rabitə əlaqəsini bərpa edir. Onu həmin durumda
sadəcə tanrısal
möcüzə sağ
saxlayır. Onun bu cəsarətindən sonra
digər döyüşçülərimizlə
rabitə bərpa olunur və hərbçilərimiz böyük
bir təhlükədən
xilas olurlar.
Ən həyəcanlı anlardan
birinin tarixçəsi:
Bizim düşmən
tərəfə keçən
kəşfiyyatçılarımızın
mühasirəyə düşməsi
xəbərini alırlar.
Qardaşımın da daxil olduğu hesablayıcı
komandanın dəqiq hesablaması əsasında
düşmənə atılan
atəş nəticəsində
kəşfiyyatçılarımız xilas edilir. İndi ikicə cümlə ilə nəql edilən o anların gerçəklikləri əsl
ölüm-dirim mübarizəsi
olub.
Hələlik, müharibə vaxtı yaşanmış hadisələrdən
bunları öyrənə
bilmişəm. Bu cür
təhlükəli vəziyyətlərdən
çıxmış qardaşımın,
nə yaxşı ki, tabeçiliyində olan bütün əsgərləri sağ-salamatdır.
Və müharibənin ən tükürpədici diqtəsi...
Bir bacı olaraq həmin gerçəklikləri
dilimə gətirməyə
cəsarətim çatmır.
Söhbət bütün
döyüşçülərimiz kimi, qardaşımın da öz döyüş
yoldaşlarına, əgər...
Cibində gəzdirdiyi bayrağı
böyük oğlu Mətinə, saatını
isə kiçik oğlu Məftuna çatdırmağı xahiş
edir. Tanrıya şükürlər olsun ki, indi
onun balaları qalib Azərbaycan döyüşçüsünün nəfəsini duyurlar.
Onun xarakterinə
bələd olduğumuz
üçün çox
narahat idik. Özünü hər cür təhlükəyə atmağa
hazır olan xasiyyətinə görə
telefonla danışmaq
imkanımız yarananda
həmişə ondan
ehtiyatlı və diqqətli olmağı xahiş edirdim.
Qardaşım Afiq əfsanəvi
şəhid generalımız, Azərbaycanın Milli Qəhrəmanı Polad
Həşimovu sonuncu görən hərbçilərimizdəndir.
Həmin döyüşlərdən sonra
özü könüllü
olaraq Murovda xüsusi hazırlıq işləri aparan dəstənin tərkibində ora gəlmişdi. Müharibəyə
qədər Murovun sirlərinə bələd
olmağa can
atırdı. Ən əsası odur ki, müharibə başlayandan
bütün xalqımızın ən böyük duasına çevrilən
"döyüşçülərimiz sağ-salamat,
qələbə ilə qayıtsın"- alqışı
Tanrı dərgahında qəbul olundu.
Gülnar
SƏMA
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.16.