Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana-əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyiylə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
Şahanə
MÜŞFİQ
shahane.mushfiq@gmail.com
Vətən
müharibəmizin qəhrəmanlarından Nağıyev Yusif
Bərxudar oğlu 01.01.1996-cı ildə Bərdənin
Əyricə kəndində anadan olub, 2002-2013-cü illərdə
həmin kəndin E.Abdullayev adına tam
orta məktəbində oxuyub. 2014-cü il
yanvar ayında həqiqi hərbi xidmətə
çağırılıb. Həmin ilin aprel
ayından N saylı hərbi hissənin xüsusi təyinatlı
bölməsində xidmət keçib. 2016-cı il "Aprel döyüşləri"ndə fərqlənən
Y.Nağıyev göstərdiyi rəşadətə görə
qiymətləndirilib.
II Qarabağ müharibəsində Murovdağ və
Füzuli rayonu uğrunda gedən döyüşlərdə
iştirak edib, döyüş meydanından şəhid və
yaralıların çıxarılmasında xüsusi
şücaət göstərib. Hadrud istiqamətində
gedən döyüşlərdə yüksəkliklərin ələ
keçirilməsində və düşmənin əks-həmlələrinin
qarşısının alınmasında şücaət
göstərərək bir neçə düşmən əsgərini
məhv edib. Hadrud-Şuşa istiqamətində
gedən döyüşlərdə xüsusi
tapşırıq yerinə yetirərkən şəhadətə
yüksələn Yusif doğulduğu Əyricə kəndində
dəfn olunub. Ondan yadigar bir övladı
var.
***
Orucov
Elşən Yavər oğlu 1985-ci il avqust
ayında Şahbuzun Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində
təhsil alıb. 2001-2004-cü illərdə
Naxçıvan MR Heydər Əliyev adına
Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə
H.Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim
tədris mərkəzində oxuyub və leytenant rütbəsinə
yiyələnib.
2011-2020-ci illərdə cəbhə bölgələrindəki
hərbi hissələrdə mayor rütbəsi ilə
tağım komandiri vəzifəsində xidmət edib. 2016-cı il
"Aprel döyüşləri"ndəki igidliyinə
görə Prezident İlham Əliyevin sərəncamı əsasında
döyüş medalı ilə təltif edilib.
Mayor
Orucov 2019-cu ildən Ağcabədidə N saylı hərbi
hissədə xidmət etdiyi üçün ailəsi,
Aygün və Günəş adlı 2 qızı ilə hərbi
şəhərcikdə yaşayırdı.
2020-ci
ilin sentyabrında başlayan Vətən Müharibəsində
Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki
döyüşlərdə öz əsgərləri ilə
böyük qəhrəmanlıq göstərərək
düşmənin xeyli canlı qüvvəsini məhv edib,
onlarla döyüş texnikasını ələ
keçirib, bu ərazilərdə yerləşən 4 strateji
yüksəkliyi öz hərbi məharətindən istifadə
edərək təkbaşına azad edib.
Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin
azad olunmasında xüsusi rəşadət göstərib,
erməni ordusunun 137 nəfər canlı qüvvəsini məhv
edib. Bu döyüşdə Muradbəyli kəndi
düşməndən azad olunsa da, mayor E.Orucov və 22 əsgəri
qəhrəmancasına şəhid olub.
***
Quliyev Ruslan Şəxsəddin oğlu 20.11.1984-cü ildə
Tovuzun Dondarquşçu kəndində doğulub. O, Vətən uğrunda gedən
döyüşlərdə doğmaca qardaşı Aslanın
gözü önündə ürəyindən vurularaq şəhidlik
zirvəsinə ucalıb. 3 körpə
balası, uğrunda canından keçdiyi vətənə əmanət
qaldı. Doğmaları 2-ci dəfə
şəhid ailəsi olmağın qürurunu və
acısını yaşadılar. Ruslanın
əmisi Sərkər də Qarabağ uğrunda gedən
döyüşlərdə kəndin 2-ci şəhidi
olmuşdu.
Ruslan MAXE kimi Murovda xidmət edirdi. Onun həyat
yoldaşı İlahə xanım bu gün əmanətlərinə
göz bəbəyi kimi baxır. Övladları Nurlan və
Şahanə yuxarı sinif şagirdləri olsa da, son
beşiyi Yağmur cəmi bir neçə ay (may
2020) öncə doğulmuş bələk körpəsidir. Bu körpənin atası oktyabrın 11-də şəhid
olaraq səhəri gün doğma kəndində digər 15
şəhidin yanında torpağa tapşırıldı.
***
Quliyev Hüseyn Həbib oğlu 26.06.2002-ci ildə Tovuzun
Qəribli sovetliyinin Ağbaşlar kəndində anadan olub. 2008-ci ildə Xırdalan
şəhər 5 nömrəli məktəbə gedib və cəmi
3 il təhsil ala bilib.
Hüseynin ailəsi 2017-ci ildə Tovuzun
Dondarquşçu kəndinə köçüb. Hüseynə bu il 1 iyulda çağırış gəlib və
o, 6 iyulda hərbi xidmətə yola düşüb. Cəmi 4 ay çəkən əsgərlik həyatı
Ağcabədidən başlayıb, Horadizdən keçərək
oktyabrın 25-də Füzulidə tamamlanıb. Evin ilk uşağı, ilk əsgəri olan Hüseyn
cəmi 18 yaşında şəhidlik məqamına yüksəlib.
***
Əliyev Əmrah Rüfət oğlu 04.07.1997-ci ildə
Tovuzun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi
öz kəndində oxuyub. Əsgər
kimi Ağcabədidə və Beyləqanda xidmət edib.
Minamyotçu olaraq əsl hərbi xidmət
keçib və fəxri fərmanlarla təltif olunub. Döyüşlər başlayandan
könüllü kimi getməyin mübarizəsini aparıb.
Könüllülərin aparılması
dayandırılsa da, 2 dəfə rayon Hərbi
Komissarlığına müraciət edərək onu da
aparmaqlarını xahiş edib. 17 oktyabrda
kənddən yeganə könüllü kimi döyüşlərə
qatıla bilib. Ağcabədiyə
yollanıb, Horadiz döyüşlərində iştirak edib.
Noyabrın 8-i Xocavənddə şəhidlik
zirvəsinə yüksəlib. Döyüşlərə
bir oğul atası kimi getmişdi Əmrah, ölümündən
sonra 2-ci övladı da dünyaya gəlib.
***
Emin Hüseynov 15.08.1990-cı ildə Tovuzun
Yanıqlı kəndində anadan olub. 1997-2008-ci illərdə
A.Hüseynov adına Yanıqlı kənd
tam orta məktəbində təhsil alıb. Ailəli
və 2 yaşlı bir qız atası idi. Oğlu isə 2021-ci ildə doğulacaq. E.Hüseynov 2008-2010-cu illərdə Balakəndə
yerləşən "N" saylı hərbi hissədə
müddətli həqiqi hərbi xidmət keçib.
2020-ci il 12 iyulda başlayan Tovuz döyüşlərindən
sonra öz
müraciətiylə avqustdan etibarən MAXE kimi ordu
sıralarına qoşulub. 44 günlük vətən
müharibəsi zamanı Murov, Füzuli və Xocavənd istiqamətində gedən
döyüşlərdə vuruşub. Murov
döyüşlərində yaralanmasına baxmayaraq, yenidən
döyüşə qayıdıb.
Qumbaraatan kimi xidmət edən Emin düşmənin
xeyli sayda tank və canlı qüvvəsini məhv edib. Bununla bərabər
ağır döyüşlər zamanı yaralanan bir
neçə yoldaşını döyüş meydanından
çıxarıb və onlara ilk tibbi yardım göstərib.
Həmçinin, şəhid olan komandirini
döyüş meydanında qoymayaraq silahı ilə birgə
oradan uzaqlaşdırıb. Noyabrın 9-da Xocavəndin
510 yüksəkliyi uğrundakı döyüşlərdə
tankdan açılan top atəşi nəticəsində
şəhidlik zirvəsinə ucalan Emin 18 noyabrda
Yanıqlı kənd qəbiristanlığında dəfn
olunub.
***
Səmədli Elşən Bayram oğlu 19.02.1993-cü
ildə Şərur rayonu Yurtçu kəndində doğulub. Uşaqlıqdan
baxdığı filmlərin təsiriylə döyüşə
ciddi maraq göstərib. 6 yaşı
olanda "Mən Battal qaziyəm" deyib 4 metr yüksəklikdən
tullanıb. O hadisədən sonra başındakı
aypara şəkilli tikiş izləri təsadüfi
deyilmiş bəlkə də. 2011-ci ildə hərbi
xidmətə yollanan Elşən xidmət dövründə
hamının hörmətini qazanmışdı. 2016-cı ildə "Aprel döyüşləri"ndə
iştirak edəndən sonra Kərbəla ziyarətinə
gedib.
Vətən müharibəsi başlananda sentyabrın
28-də könüllü döyüşə gedir. Ehtiyatda olan əsgər
olmasına baxmayaraq, aparıldığı Goran bölgəsindən
öz arzusu ilə cəbhəyə yollanır. Hətta sosial şəbəkədə yayılan
bir videoda onun "şofer, Qarabağa sür, qardaşlar səngərdə
təkdir" ifadəsi dillər əzbərinə çevrilib.
Hər zaman "Qarabağ xalqın problemidir.
Hər kəs öncə ailə, dünya
malını fikirləşsə, nə vətən
olardı, nə dövlət, nə də bayraq"-deyərmiş.
O,
Füzuli, Qubadlı və Zəngilanın azad olunmasında mərdliklə
döyüşüb. Düşmənin onlarla
döyüş maşınını silah yoldaşlarıyla
birgə öz briqadasının tərkibinə qatıb.
Zəngilanın ən yüksək zirvəsinə
bayrağımızı öz əlləriylə asıb.
Elşən müharibədən qalib əsgər kimi
ayrılmışdı. Noyabrın 10-da qələbə
gününü də dostlarıyla birgə qeyd etmişdi.
Qazi olsa da, evinə dönməyib, azad
olunmuş torpaqlarda xidmətə davam edirdi. Təəssüf ki, müharibənin
qan-qadasından sağ çıxan
döyüşçümüz dekabrın 2-də
düşmənin basdırdığı minaya düşərək
şəhid olur. Əfsanəyə
dönmək istəyən Elşən beləcə əfsanələşir.
***
Hüseyinli İbrahim İsa oğlu 30.05.1992-ci ildə
Yevlaxın Qoyunbinəsi kəndində doğulub. O, anası rəhmətə
getdikdən sonra atası və həyat yoldaşı ilə həmin
kənddə yaşayırdı. 2019-cu il
oktyabrın 22-də ailə həyatı qurmuşdu. Müharibənin ilk günündən cəbhəyə
qoşulan İbrahim kiçik çavuş idi. Füzuli istiqamətində gedən
döyüşlərdə yaralı yoldaşını xilas
edərkən qəhrəmancasına şəhid olub.
Ailəsi bu xəbəri oktyabrın 22-də-ailə həyatının
1 ili tamam olan gün alıb. Son dəfə həyat yoldaşıyla əlaqə
saxlayıb və yoldaşı ona oğul atası
olacağını deyib. Bu xəbərdən
çox xoşbəxt olan döyüşçümüz
qayıdanda oğluna özü ad verəcəyini deyib. Əsgər yoldaşlarının dediyinə görə,
ata olacağını eşidən gün sevincinin həddi-hüdudu
olmayıb və bu xoş xəbəri birgə qeyd ediblər.
Təəssüf ki, İbrahimə oğlunu
görmək qismət olmadı. Artıq şəhidimizin
övladı bu xalqa əmanətdir!
***
Fərid Abışov Əlfayim oğlu 28.11.1996-cı
ildə Yevlaxın Qoyunbinəsi kəndində anadan olub. Valideynləri
və qardaşlarıya birgə həmin kənddə
yaşayırdı. 2016-cı il
"Aprel döyüşləri"ndə də iştirak edən
Fərid şücaətinə görə "Fəxri
döyüşçü" adını
almışdı.
Sentyabrın 29-da səfərbərlik zamanı Milli Ordunun sıralarına yazılıb və Qarabağ Müharibəsinə yollanıb. Oktyabrın 12-nə kimi ailəsiylə əlaqə saxlayıb, hər dəfəsində yeni azad etdiyi torpaqlardan, qələbələrdən danışıb və narahat olmamağı tapşırıb. Lakin oktyabrın 12-dən sonra ailəsi onunla danışa bilməyib. Noyabrın 19-da Fəridin şəhid olması xəbərini alıblar.
Şəhidimiz müharibəyə gedərkən atasının boynuna boyunbağı bağlamış və "qayıdanda bunu özüm açacam"- demişdi. Təəssüf ki, bu, ona qismət olmadı. Əvəzində cəsur Fərid döyüşçü yoldaşlarıyla birgə Qarabağın boynundakı düşmən zəncirini açıb, azad etdi.
***
Səfərov Mais Şakir oğlu 20.07.1999-cu ildə Neftçalanın Xol Qarabucaq kəndində doğulub. 2006-cı ildə Balaxanı 4 saylı tam orta məktəbin 9-cu sinifini bitirib. Bakı Humanitar Kollecinin rəsm müəllimi ixtisası üzrə məzunu olub. Arzusu torpaqlarımızın işğaldan azad olunması və tanınmış rəssam olmaq idi.
Valideynləri və bacısıyla yaşayan Mais ilk gündən müharibəyə qatılıb və ən qaynar nöqtərdə döyüşüb. Bacısıyla telefonda danışarkən "atam mənimçün çox əziyyət çəkib. İnşallah, sağ-salamat qayıtsam, onun borcundan çıxacağam. Özümü ona çox borclu hiss edirəm. Mən müharibəyə gələndən atam çox yaşlanıb"-deyər, valideynlərini bacısına tapşırar, ailəsini hər zaman özünün şəhidlik sonuna hazırlayırmış: "Mənə nəsə olsa, üzülməyin, qismətdə nə yazılıbsa, odur. Başqa anaların ölən övladları məndən əskik deyil". Son dəfə isə anasıyla danışır və ondan 3 gün sonra-oktyabrın 28-də Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
***
İsgəndərov Əhmədağa Novruz oğlu 20.09.1989-cu ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində alıb. 2018-ci ilin avqustundan SRG-da İR üzrə mütəxəssis vəzifəsində çalışmağa başlayıb. İş yoldaşlarının və onu tanıyan hər kəsin xatirələrində mehriban və gülərüz biri kimi yaşayan Əhmədağa bu ilin sentyabrın 21-də hərbi vəzifəlilərin təlim toplantısına qatılır və ilk gündən Vətən müharibəsində iştirak edir. Əhmədağa oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir.
Əhmədağadan balaca qardaşı Firdovsi Amerikada
yaşayır.
O, oktyabrın 3-də qardaşıyla telefon
danışığında deyir: "3 il qabaq mən gəlmişəm
əsgərlikdən, 8 il qabaq sən, bəs necə olur məni
yox, səni aparıblar?" Əhmədağa deyir:
"iyulda zəng eləyəndə sənin Amerikada olduğunu
deyib, məni qeydiyyata almaqlarını istəmişdim". Beləcə, son dəfə böyük
qardaşlığını edib əziz şəhidimiz.
***
Əslən ağdamlı olan İbrahimli Cavidan Nizami
oğlu 24.03.2000-ci ildə Bakının Badamdar qəsəbəsində
doğulub. 2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli
tam orta məktəbdə təhsil alıb, 2018-2019-cu illərdə
Ağcabədidə "N" saylı hərbi hissədə
müddətli həqiqi hərbi xidmətdə olub. Cavidan valideynləri, 2 qardaşı və nənəsi
ilə birgə Badamdarda yaşayırdı. Qardaşları ilə birgə ailəsindən gizli
könüllü orduya yazılıb. Bu il
sentyabrın 20-də onu yenidən orduya
çağırırlar. Cavidan
"epilepsiya" xəstəsi idi və anası bu barədə
komandirə məlumat versə də, Cavidan deyib ki, "məndə
heç nə yoxdur, anamın sözünə baxmayın, mən
sağlamam". Evdə anasına deyib ki,
anam məni çağırır, getməliyəm. Anası deyib, "anan mən deyiləm?"
Deyib: "Bir anam sənsən, biri də Vətən". Beləcə, sentyabrın 20-dən Füzuliyə
aparılır. Anası ilə hər
danışanda Bakıda olduğunu, heç yerə
aparmadıqlarını deyirmiş. Füzuli
işğaldan azad olunduqdan sonra onu geri qaytarmaq lazım olanda
etiraz edib və əsgər yoldaşlarını qoyub getməyəcəyini
deyib, xidmətə davam edib. O, Cəbrayılın,
Füzulinin və Qubadlının azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 24-də Cəbrayıl istiqamətində
gedən döyüşlərdə yaralı əsgəri
xilas etmək istəyən zaman şəhid olub, Badamdar qəsəbəsində
dəfn edilib.
Qeyd edək ki, Cavidanın atası Nizami İbrahimli bir
neçə gün əvvəl dünyasını dəyişib.
***
Hüseynli Əmrah Namik oğlu 12.10.1994-cü ildə Cəlilabadda anadan olub. 2010-cu ildə C.Naxçıvanki adına hərbi məktəbə qəbul olub. 2013-2017-ci illərdə Ali Hərbi Akademiyada oxuyub. Akademiyanı bitirdikdən sonra 6 aylıq kurs keçib və Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətə başayıb. O, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illik paradında iştirak edib. 2020-ci ildə baş leytenant rütbəsi alıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb, Murov, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrundakı qızğın döyüşlərdə iştirak edib. Əmrah yaralandığı üçün oktyabrın 12-də ad gününü hospitalda keçirir, 13-ü isə yenidən döyüşlərə qatılır. Oktyabrın 26-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlir.
Ə.Hüseynli şəhid kapitan Hüseynzadə Həmidağanın müavini vəzifəsində çalışıb. Öz vəzifəsini mükəmməl, savadlı və məsuliyyətlə yerinə yetirdiyindən kapitan ən mühüm işlərini həmişə ona etibar edərmiş.
***
Abdullazadə Tağı İlham oğlu 05.05.1992-ci ildə Sədərək rayonunda doğulub. 1999-2010-cu illərdə Sədərək rayon 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-cu ildə hərbi xidmətdə olub. 2011-ci ildən Sədərək rayon Heydərabad qəsəbəsində tam orta məktəbində Hərbi müəllim işləyib. 2016-cı ildə ailə qurub, 4 yaşında bir oğlu var. 2019-cu ildə öz istəyilə hərbiyə daxil olub, mart ayında 3 aylıq kursdan sonra iyunda xidmətə başlayıb. Bir ili bitdikdən sonra xüsusi təyinatda xidmət edib. 44 günlük Vətən müharibəsinə oktyabrın 11-dən könüllü qatılıb. 17 gün müddətində uğurlu döyüş tapşırıqlarını yerinə yetirib, dostlarının sözlərinə görə, 36 düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək silah yoldaşlarını da mühasirədən çıxarıb. Saat 17:30-da düşmənin atdığı ağır artilleriya zərbəsi nəticəsində boğazından aldığı qəlpə yarasından, 4 dostu ilə birgə Hadrutun Tuzluca yüksəklikliyində şəhadətə ucalıb. Noyabrın 2-də Sədərək rayonunda dəfn edilib.
***
Aqil Niyaz oğlu Məlikov 06.04.1986-cı ildə Qubanın Alpan kəndində anadan olub. İlk təhsilini Alpan kənd orta məktəbində tamamlayıb, 2005-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi təhsilini 2009-cu ildə uğurla bitirərək, Şəki, Gəncə, Bakıda, o cümlədən, cəbhə boyunca Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Füzuli rayonlarında Quru Qoşunlarında xidmətini davam etdirib.
2016-cı ildə "Aprel döyüşləri"ndə iştirak edib, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif edilib. 2020-ci ildə mayor rütbəsi verilib.
II Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin açdığı artileriya atəşi nəticəsində Füzulinin Qaraxanbəyli kəndində şəhidlik məqamına yüksəlib.
***
Muxtar Əli oğlu Qasımlı 23.02.1993-cü ildə Bakıda doğulub. Əslən Qərbi Azərbaycan Amasiya-Balıqlı kəndindəndir. 1999-2009-cu illərdə 318 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu olub.
O, 2013-cü ildə Gədəbəydə müddətli həqiqi hərbi xidmət keçib. Xidmətini davam etdirəkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb. "AzərGold" QSC-nin əməkdaşı idi.
Baş leytenant M.Qasımlı II Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşlərində şəhadətə ucalıb. Bakıda Qala qəbiristanlığında dəfn olunub.
Şəhadətindən 2 gün qabaq bir yaxınına "mənimçün bayraq hazırlayarsan? Gələndə məni qarşılayarsan" - yazıb. Həmin bayraq hazırlanan gün isə şəhidlik xəbəri gəlib.
***
Səfərli Cavid Xaliq oğlu 31.05.1993-cü ildə İmişlinin Əliqulular kəndində anadan olub. 1999-cu ildə Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2001-ci ildən isə N.Şirinov adına İmişli rayon 5 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə oxuyub. 2010-2014-cü illərdə H.Əliyev adına Hərbi Akademiyada təhsil alıb. "Leytenant" rütbəsi alan Cavid Səfərlinin çətin və şərəfli zabit həyatı başlayır. O, 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində (TTM) təhsilini davam edir.
2016-cı ildə N saylı hərbi hissədə "motoatıcı" bölüyün komandiri təyin edilir. Snayperlər hazırlayan leytenant Səfərlinin əsgərləri ordudaxili yarışlarda uğurlar qazanır. Bu müvəffəqiyyətinə görə komandanlıq tərəfindən mükafatlandırılır. Zabit kimi fəaliyyəti nəzərə alınaraq vaxtından əvvəl Baş Leytenant rütbəsi verilir. 2016-cı il "Aprel döyüşləri"ndə birbaşa iştirak etməsə də, döyüş bölgəsində xidmətdə olub. 2018-ci ildə Qusarda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir. 2020-ci ildə Tabor komandirinin müavini kimi xidmət edir.
Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində gedən döyüşlərdə zabit kimi öndə vuruşur. Hadrut istiqamətində gedən döyüşlərdə oktyabrın 21-də 3 əsgərilə növbəti düşmən postunu alarkən qəhrəmancasına şəhid olur. Noyabrın 17-də Əliqulular kəndində dəfn edilib.
Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.14-15.