Mədəniyyət kanalının "pəncərəsindəki" "İşıqla yazılan tarix"  

 

Günümüzdə balacadan-böyüyə hər kəsin əlində müasir telefonlar olduğu bir zamanda şəkil çəkməyən insan yəqin ki, yoxdur. Ətrafımızda yarı-professional, professional fotoaparatlarla şəkil çəkən gəncləri hər birimiz görürük. Lakin Azərbaycanda foto sənəti rəqəmsal texnikanın inkişafı dövründən çox-çox əvvəl, demək olar dünya foto sənətkarlığı ilə eyni vaxtda başlayıb. Fotoqrafiya tariximiz haqqında hətta professional fotoqraflar az məlumatlıdır.

 

Azərbaycan Televiziyası həmişə olduğu kimi yenə də maarifçilik missiyasının öhdəsindən məharətlə gəlir. Televiziyanın "Bədii və sənədli filmlər studiyası" (əvvəlki "Azərbaycantelefilm") bir-birindən maraqlı sənədli, publisistik, qismən bədii filmləri ilə Azərbaycan mədəniyyəti tarixinin elə səhifələrini, elə simalarını tanıdır və tarixin yaddaşına həkk edir ki, zaman keçdikcə bu filmlərin dəyəri qat-qat artıq olacaq. Son bir ildə bu studiyanın təkrarsız olan və olacaq sənət əsərlərini seyr etdim. Onlardan biri dekabrın 18-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında ilk dəfə ekranlarda görünən "İşıqla yazılan tarix" sənədli-publisistik filmi oldu. Azərbaycan fotoqrafiya sənəti haqqında olan bu film zənnimcə foto tariximizi tam əhatə edən ilk nümunədir. Ekran əsərinin ssenari müəllifi, quruluşcu rejissoru və aparıcısı akademik Rafael Hüseynovdur. Fikrimcə, R.Hüseynovun bu filmi də əvvəlki müəllif filmləri kimi tamaşaçısını sevindirdi.

 

Filmin ilk kadrlarında dünya foto sənətinin yaranma tarixindən əsas məqamlar qeyd edildikdən sonra aparıcını Xəzər dənizinin sahilində görürürük. Çünki ilk Azərbaycan fotosu Xəzər dənizi ilə bağlıdır. Dənizdə təşkil olunan ekspedisiyanın bir üzvü A.F.Ulski 1958-ci ildə ilk dəfə Azərbaycanın bir parçasını obyektivin çərçivəsinə salır: dənizdən çəkilmiş Bakının panoram görüntüsü, Qız qalası, Şirvanşahlar sarayı, qala divarları... Tarix, memarlıq, şəhər mədəniyyəti - hamısı birlikdə balaca ağ-qara çərçivələrdə. Əslində bu fotolarla dəfələrlə rastlaşmışdım, hansısa kitab səhifələrində, verilişlərdə kadr kimi istifadə ediləndə. Amma yaranma tarixçəsini və müəllifini ilk dəfə bu filmdən öyrəndim.

 

 

 

Azərbaycanda ilk foto-atelye 1887-ci ildə Bakının mərkəzində açılıb. Aleksandr Mişonun foto-atelyesi. Azərbaycan filminin yaranması da A.Mişonun adı ilə bağlıdır. Sonrakı kadrların birində müəllif-aparıcı bir fotonu tamaşaçıların diqqətinə çatdırır. Rus ədibi V.Mayakovski o dövrün Azərbaycan ziyalılarının əhatəsində: Hüseyn Cavid, gənc Süeyman Rüstəm və başqaları. Tarixi bir foto-şəkildir. Fotoqraf isə Lavrenti Breqadze. L. Breqadze 1910-30-cu illər Bakısını öz fotoaparatının obyektivində dondurub, bu gün bizim üçün əlçatan edib. R.Hüseynov onun portret ustası olduğunu, retuşun zəif olduğu zamanlarda çəkdiyi foto-portretləri özünəməxsus professionallıqla üzərində işləyərək təqdim etdiyini qeyd edir. Bu işdə onun karına həm də rəssam olması gəlib.

 

Lakin bizim üçün əhəmiyyətli olan onun XX əsrin ilk onilliklərində lentə aldığı Bakıda su kəmərinin tikintisi, Aleksandr Nevski prospektinin sökülməsi, Bakı Dəmir Yolu Vağzalı, Bakı küçələri, Bakı şəhərində konka, Qara şəhər, Azərbaycan Dövlət Filarmoniyasının binası, Dağüstü park və digər fotosilsilələridir.

 

Filmin növbəti kadrlarından öyrəndim ki, XX əsrin əvvəllərində Bakıda yaşamış, sonradan ailəsi ilə birgə köçüb getmiş Lavrenti Breqadzenin nəvəsi 2017-ci ildə Bakıda olub. Filmdə onun babası haqqında qısa müsahibəsi təqdim edilir. Axtarıb həmin ilin xəbərlərindən bir neçəsini tapdım. Baba - XX əsrin əvvəllərinin məşhur fotoqrafı, Bakıda iki foto-atelyesi olan Lavrenti Georgiyeviç Breqadze (1876-1967). Nəvə - Moskvada yaşayıb-işləyən kimyaçı alim, professor Vladimir İosifoviç Breqadze. Kimyaçı alimlərin konfransında iştirak üçün Bakıya gələn Vladimir Breqadzenin fürsətdən istifadə edərək bir vaxtlar babasının atelyesinin yerləşdiyi məkanlarla tanış olmaq, özü ilə xatirələr aparmaq niyyəti olur. Lakin azərbaycanlıların qonaqpərvərliyi bu dəfə də özünü göstərir. Nəvə babasının əvəzinə rəsmən peşəkar fotoqraflar cərgəsinə qəbul edilərək ona Azərbaycan Fotoqraflar Birliyinin üzvlüyü təqdim edilib. Babasının çəkdiyi fotolardan birinin sürəti çıxarılıb ona xatirə olaraq hədiyyə edilib. Filmdəki müsahibəsindən aydın olur ki, şəhərimizin tarixi anlarını bizə əmanət edən L.Breqadzenin unudulmaması onun nəvəsini çox mütəəssir etmişdir.

 

 

 

Azərbaycanın foto sənətinin tarixini bizə tanıdan bu filmdə bir ata-oğul tarixçəsi də təqdim edilir. Foto sənəti ilə məşğul olan ata və alim oğul: Ağamehdi Əlizadə və oğlu akademik Akif Əlizadə. İlk fotoqrafımız kimi adı bizə məlum olan Əzizbala Hacıyev olsa da ixtisasca həkim olmasına baxmayaraq Ağamehdi Əlizadə foto sənətində də peşəkarlığı ilə seçilmişdir. XX əsrin ilk onillərində foto aləmində sözü keçən, nüfuzu yüksək olan soyadları qeyri-millətlərdən olanların arasında  rəqabətə, müqavimətlərə rəğmən uğurlar qazanmaq, adını fotoqrafların sırasına yazdırmaq heç də asan deyildi.

 

Geoloq-alim akademik Akif Əlizadə deyir ki, uşaqlıq illərimə qayıtdım. O dövrdə şəkil çəkmək üçün atelyeyə gedirdilər, foto-aparatlar da plastinka ilə olurdu, yəni şüşə üzərində emulsiya olurdu və şəkillər onun üzərinə həkk olurdu. Ailə albomunda dəniz kənarında çəkilmiş şəkillər var ki, onlar da ştativ üzərində həmin aparatlarla çəkilirdi. Fotolar həm bir ailənin tarixini, həm bir şəhərin tarixini, hətta ölkənin tairxini əbədiləşdirə bilir.

 

Azərbaycanın bu gün həyatda olan ən qocaman fotoqrafının, peşəkar fotoqrafının ilk şəklini də elə Ağamehdi Əlizadə çəkibmiş. 1928-ci ildə cəmi bircə yaşı olan Kamal Babayevi A.Əlizadə babasının - Şeyxulislam Ağa Əlizadənin qucağında çəkib. Kamal Babayevə foto sənətini də elə dayısı Ağamehdi Əlizadə sevdirib.

 

Bu filmdə Kamal Babayevin xatirələrini dinləmək tamaşaçıya fərqli zövq verir. Yaşı 90-nı ötməsinə rəğmən sevə-sevə, hətta uşaq sevinci ilə gördüyü iş, təmasda olduğu insanlar, fotolarını çəkdiyi məşhurlar haqqında həvəslə danışması, foto sahəsində hər yeniliyi şövqlə izləməsi onun sözün həqiqi mənasında xoşbəxt insan olduğunu göstərir. Əsl sənətkar xoşbəxtliyini yaşamış insan.

 

 

 

Müəllif-aparıcı Rafael Hüseynov qeyd edir ki, əsl fotoqrafda, xüsusilə peşəkar reportyorda sənətkarlıqdan əlavə gərək qorxmazlıq, fədakarlıq da ola. Film bizə bir daha xatırladır ki, XX əsrin əvvəllərində xalqımızın başına gətirilən fəlakətləri, cərəyan edən hadisələri zamanında fotoqraflar çəkməsəydi indi bizim əlimizdə bu qədər tutarlı faktlar olmazdı. XX əsrin sonlarında da oxşar müsibəti yaşayan xalqın həm çəkdiyi əzab-əziyyət, həm də milli birliyi, fədakarlığı foto-lentlərdə qalmaqdadır. Azərbaycan tarixində iz qoymuş qanlı hadisələrdən biri də siyasi çaxnaşmalar, ölkəmizə qarşı haqsız ərazi iddiaları, saysız insan qətlləri ilə müşayiət olunan 1990-cı ilin 20 Yanvar faciəsi olub. O gecə və sonrakı günlər  Azərbaycan xalqının qan yaddaşında artıq 30 ildir yad edilir. Yaxın tariximiz olduğu üçün bu tarixi foto-salnaməni yaradan insanların əksəriyyəti hələ həyatdadır. Çəkiblər, həm bizim, həm də gələcək nəsillər üçün. Rafael Hüseynov onların bir qismini (Rasim Sadıqov, Asim Talıbov, Ağaəli Məmmədov, Mehdi Abbasov) Şəhidlər Xiyabanında bir araya gətirir, danışdırır, həm də tanımayanlara tanıdır. Əvvəlki filmlərində olduğu kimi, müəllif bu dəfə də təqdim etdiyi real obrazı məkan, video-lentlər, fotoşəkillər vasitəsilə bir qədər də canlandırır, faktların yaddaşlarda daha möhkəm həkk olmasına nail olur.

 

Filmin sonrakı hissələrində Azərbaycan foto sənəti tarixində öz sözünü layiqincə demiş və hələ də mühüm fəaliyyətlərini davam etdirən fotoqraflar haqqında qısa amma yetərli məlumatlar yer alır. Mənzərələri və tarixi abidələri foto-obyektivində dondurub saxlayan Asim Talıbov, siyasi jurnalistika ilə məşğul olan, 10 il dövlətin birinci şəxsinin fotoqrafı olmuş Rafiq Bağırov, idman reportajları ilə foto tariximizə adını yazdıran Bahadur Cəfərov, peşəkar fotoqraf olmaqla yanaşı sənətini gələcək nəsillərə ötürən, öyrədən, xüsusi dərsliklər hazırlayan Rafael Qənbərov, müasir Azərbaycan fotoqraflarını bir çevrədə toplayan Fotoqraflar Birliyinin rəhbəri Mirnaib Həsənoğlu.

 

Sənədli olmasına rəğmən ayrı-ayrı məqamları işıqlandıran kadrlar elə keçidlərlə bir-biri ilə əlaqələndirilir ki, tamaşaçı sanki informativ və baxımlı bədii film izləyir. Nəql edilənlər, göstərilənlər, seçilmiş məkanlar, musiqi tərtibatı - hamısı bir vəhdət təşkil edir. Ekran qarşısında əyləşib məlumatlanmağa çalışan insan həm də filmin hər anından zövq alır. Fikrimcə Azərbaycan foto sənətinin tarixini işıqlandıran bu ekran işi müəlliflə, "Bədii və sənədli filmlər studiyası"nın çəkiliş qrupu ilə yanaşı həm də televiziya filmimizin növbəti uğurlu səhifəsidir, müasir sənədli filmlər üçün yeni örnək, yeni nümunədir.

 

İndi çox şey asanlaşıb, dünyanın istənilən nöqtəsindən, istənilən fotonu internet vastəsilə istədiyin adama yetirə bilirsən. Saniyələr ərzində bir fotonu minlərlə insan izləyə bilir. Bir zamanlar isə bunlar əlçatmaz arzu, fantastika kimi idi. Texniki imkanların məhdud olduğu vaxtlarda yalnız peşəsinə vurğun, professionallığı yüksək səviyyədə olanlar, işinə fədakarcasına can yandıranlar bu sənətdə davam gətirə bilirdi. Operativlik tələb olunan məqamlarla yanaşı bədii, təsirli, effektli kadrlar qurmaq vacib anları əbədiləşdirmək xoşbəxtliyi də hər fotoqrafa nəsib olmayıb. Azərbaycan fotoqraflarını digər ölkə fotoçularından fərqləndirən başqa bir cəhət də bir əsr yarımlıq fotoqrafiya sənətinin təxminən son 30 ilini çıxmaqla sözü keçən, nüfuzlu, arxalı, əhatəsi geniş başqa millətlərin nümayəndələri arasında bütün qısqanclıqlara, sərt rəqabətə, maneələrə baxmayaraq inadla irəliləmək, özünü isbat etmək, adını tanıtmaq öhdəliyi vardı.

 

Amma hər şeyə rəğmən istər dünyasını dəyişmiş, istərsə də həm o dövrdə və indi fəaliyyət göstərən fotoqraflarımız elə irs yaradıblar ki, insanımızı da, şəhərlərimizi də, abidələri, tikililəri və təbiətimizi də hər biri özünəməxsus bədiiliklə görüb əks etdirməyə qadir olub ki, müasir texnologiyalarla yaradılan əsərləri kölgədə qoya bilər.

 

Azərbaycanın ayrı-ayrı rayonları və kəndlərində o sənətkarların çəkdiyi fotolardakı abidələrin, qalaların, türbələrin, məscidlərin, müxtəlif tikililərin çoxu artıq yoxdur, qalanları da büsbütün dəyişdirilərək ayrı görkəm alıb. Bu fotolar həm də köhnə memarlıq incilərinin bərpası üçün bu gün yardımçı olmaq imkanına malikdir. Hansısa tarixi məkanlarımızı, abidələrimizi, memarlıq incilərimizi ilkin görünüşündə bərpa edib düzəltmək, ya ən azı onların əsl görkəmini dəqiq təsəvvür etmək istəsək, bu cür fotolardan rahatlıqla, arxayınlıqla istifadə etmək olar. Bu film fotoqraflarımızın nələrə nail olduğunu, bizim və gələcək nəsillər üçün necə bir irs yaratdığını kompleks şəkildə bizə göstərmiş oldu.

 

Josef Niyepsin "Pəncərədən la-Qrassın mənzərəsi" adlandırdığı fotosu dünya tarixinə ilk foto kimi daxil olmuşdur. Əslində, hər foto pəncərədən bir görünüşdür. Obyektivin pəncərəsindən olan görünüş. Bu filmlə isə “Mədəniyyət” kanalının obyektiv "pəncərəsindən" Azərbaycanın işıqla yazılan ağ-qara tarixini gördük. Demək olar hər gün əlində müxtəlif cihazlarla foto "yaratmağa" çalışan gənclər bu filmdən, filmdə tanıdılan foto sənətkarlarından çox şey öyrənə biləcək.

 

Təxminən 150 illik Azərbaycan fotoqrafiya sənətinin tarixini - işıqla yazılan tarixi akademik Rafael Hüseynov 1 saatda tamaşaçılara tanıtdı. Bir çox hadisələri tarixin yaddaşına köçürən, göz qarşısında olub görünməz olan foto sənətinin nümayəndələrinin özü bu dəfə tarixin yaddaşında qaldı. Film boyu bizə təqdim edilən hər bir Azərbaycan fotoqrafı haqqında ayrıca filmlər ərsəyə gətirmək olar. Filmdəki kadrlar mədəniyyət tarximizin elə səhifələrini əks etdirir ki, elə simalarını bizə tanıdır ki, zənnimcə, zaman ötdükcə bu filmdə göstərilənlər daha qiymətli, daha dəyərli olacaq.

 

Kəmalə NURİYEVA

fəlsəfə üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 25 dekabr.- S.9;13.