"Vətən uğrunda
mübarizə varsa, hər kəs əsgərdir"
Kukla teatrının
baş rejissoru, əməkdar artist Qurban Məsimov: "Uşaqlarını
teatra gətirən valideynlərə minnətdaram"
Qurban Məsimovun
siması yəqin hamıya yaxşı tanışdır. İnsanlar onu həm teleseriallardan, həm də teatrdan tanıyırlar. O, təkcə
aktyor, rejissor deyil, həm də Azərbaycan teatr mədəniyyətini
sərhədlərimizdən kənarda təmsil edən sənətkarlardandır.
Vətən müharibəsi, pandemiya,
ola bilsin,
cəmiyyətimizi, insanlarımızı
sənətdən, teatrdan
bir qədər uzaq salıb. Amma bu müvəqqəti uazaqlaşmaya baxmayaraq, sənət sənətliyində,
teatr teatrlığında
qalır. Qurban Məsimovla söhbətimiz
də elə bu mövzudadır: onunla teatrımızın
bugünkü vəziyyətindən,
eləcə də bu sənətin cəmiyyət, xüsusilə
də yetişməkdə
olan gənc nəsil üzərindəki
təsirlərindən danışdıq.
Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor, respublikanın Əməkdar
artisti Qurban Məsimovla müsahibəni
təqdim edirik.
***
- Həm rejissorsunuz, həm də aktyor. Əslində, istəyərdik ki, bu müsahibədə
sizin aktyor kimliyinizlə həmsöhbət
olaq. Bir vaxtlar "Nəm-nəm"
verilişi vardı və bütün ölkə sizi o proqramla tanıdı.
Sizcə,
o dönəm "Nəm-nəm"i
bu qədər sevdirən nə idi?
- "Nəm-nəm", yaratdığım və
dünyada alternativi olmayan bir obrazdır. O, kloun
"Appa"nın əllərindən yaranmışdı.
O vaxt bu mənim üçün də çox maraqlı bir keçid oldu. Sanki özümdə bir neçə şəxsiyyəti eyni zamanda, yaşadırdım.
Dissosiativ pozuntuya bənzəyən
bir haldır. Amma yaxşı ki, üç şəxsiyyəti
eyni zamanda, idarə edə bilirdim. Deyə bilərsiniz ki,
aktyor sənəti elə özündə bir neçə şəxsiyyəti zaman-zaman
yaşatmaqdır. Lakin
bu üç şəxsiyyət yalnız
mənə məxsusdur:
mən, "Appa" obrazı və aparıcı şəxsiyyət
"Nəm-nəm". Nə
üçün "Nəm-nəm"ə
şəxsiyyət dedim?
Çünki hər şeyə
öz münasibəti
var idi. Ümumiyyətlə, aparıcı şəxsiyyət
olmalıdır. "Nəm-nəm" də hazırcavab və səmimi idi. Müəyyən mənada efir
qaydalarını pozurdu,
atmacalı idi, zarafatla iynələsə
də, bunu hörmət və sevgi ilə edirdi.
- Uzun müddətdir, Dövlət Kukla Teatrında çalışırsınız.
Artıq
neçə illərdir,
uşaqlarla birbaşa
ünsiyyətdə olur,
onların üz ifadələrini, hərəkətlərini
müşahidə edirsiniz.
Teatrla böyüyən
və teatrsız böyüyən uşaqlar
arasındakı fərqi
hiss etmisinizmi heç?
- İlk növbədə
uşaqlarını teatra
gətirən valideynlərə
minnətdaram.Valideynlər özlərinin
bu teatrdan aldıqları o zövqü
balalarının da almasını arzulayırlar. Elə valideyn
də olur ki, onu uşaq
vaxtı teatra gətirməyiblər, indi
övladı ilə birgə gəldiyi üçün sevinir.
Çalışıram ki, tamaşaları ikiqatlı quram ki, həm uşaqlar,
həm də valideynlər üçün
maraqlı olsun. Teatrla böyüyən
uşaq mənən daha zəngin olur. Teatr ona həyatı
sevməyi, obrazlarla birgə həyəcanlanmağı,
uşaqlarla birgə zülmətə qarşı
səslərini ucaltmağı,
işığa sevinməyi
öyrədir, uşaqlarda
özlərinə inamı
artırır, onlara ilkin teatr mədəniyyətini
aşılayır. Beləcə digər teatrların da tamaşaçısını
biz hazırlayırıq. Tamaşadan sonra uşaqlar nənə-baba, ana-ata, xala-bibiləri ilə tamaşa haqqınakı təəssüratlarını bölüşdüklərini görsəniz,
mənə inanarsınız.
Müasir texnika nə
qədər inkişaf
etsə də, uşaq üçün canlı teatr öz əhəmiyyətini
itirmir.
- Yadımdadır, bir müsahibənizdə demişdiniz
ki, o vaxtlar Şəkidə aktyor olan kişilərə yaxşı baxmırdılar.
İllər sonra qayıdıb
doğma yurdunuzda tamaşalar təşkil edirsiniz. Nələr
hiss edirsiniz?
- Artıq bizim məhlə çox dəyişib, indi doqqaz da o doqqaz
deyil. Yadımdadır, bulaq çəkiləndə
babamla məsləhət
edirdilər. Qadınlar çiynində
səhəng, güyüm
bulaq başına toplaşardılar. İllər sonra
Şəkiyə tamaşamla
getdik. "Çanta trio" və
"Zəng" tamaşaları
ilə Şəki
"İpək yolu"
Beynəlxalq Teatr Festivalında uğurla çıxış etdik.
Şəki Dram Teatrının aktyoru, Əməkdar artist
Əbülfət Salahovla
"Zəng" monotamaşamı
qurmaq istərdim.
Əzizimiz Xanlar Həşimzadənin
səhnə fəaliyyəti
isə bir dərslikdir. Dünyasını dəyişən Fərman
Abdullayevi də bu teatrda sevmişdim.
Sonradan məşqlərində də
olmuşam. Tale elə gətirdi ki,"Aramızda qalsın"
serialında atamı oynadı. Atom gücünə malik aktyor idi. Təəssüf ki, aktyor sənəti asılı sənətdir. Şəki isə
əziz və hər məhləsi bir teatr olan
doğma məkandır.
Yəqin
hazırcavab olmağımın
səbəbi şəkili
olmağımdadır.
- Yeri gəlmişkən, sizin üçün teatr nədir?
- Teatr söz demək imkanıdır. Mən bir ay sonra əlli
yaşa qədəm qoyuram, hələ deyiləsi çox sözüm var. Biz bu gün Azərbaycan teatr mədəniyyətini
başqa ölkələrdə
də təmsil edirik. Teatrda ən ağlasığmaz
və riskli eksperimentləri yaradıcı
silahdaşlarımla, Pantomima
Teatrını yaradanlar
və indi yaşadanlarla - Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Elman Rəfiyevlə
etmişik. Xarici ölkələrdə
uğurlu çıxışlardan
sonra qürur duyurduq ki, Azərbaycanı
layiqincə təmsil etdik.
- Yəqin razılaşarsınız
ki, bir bölgədə,
balaca bir kənddə belə mədəni səviyyəni
artırmaq, dəyərləri
gücləndirmək üçün
lazımdır ki, orada elm-sənət mərkəzlərinin sayı
çox olsun. Bu baxımdan ölkəmizdəki
teatrların sayı sizi qane edirmi?
- Əlbəttə, münbit
şərait olmalıdır. Məsələn, elə bu pandemiya
zamanı İlham Namiq Kamal Şamaxıda
Xalq Teatrının əsasını qoydu.
Bu, təqdirəlayiq addım idi. Görün teatrla məşğul olmaq üçün neçə gəncə stimul oldu bu. Xalq teatrları olmalıdır. Gənclər oyunçuluq vərdişlərinə
yiyələnməli, sonra
universitetə gəlməlidirlər.
Lütfi Məmmədbəyov
kimi əksər ustadlarımız, ali təhsil almadan belə, Xalq Teatrı sayəsində dram dərnəklərində
vərdiş və bacarıqlara yiyələnmişdilər.
Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev,
Möhsün Sənani
kimi sənətkarla Xalq teatrlarından, həvəskar dərnəklərdən
başlasalar da, onların oyunlarında komizm, dramatizm kimi üslublar bir ahəngdə mövcud idi. Onlar universal aktyor oyununa
malik idilər.
Regionlarda dərnək və teatr studiyalarının olması münbit şərait yaratmaq deməkdir. Eksperimental teatrların və
studiyaların yaradıcılıq
baxımdan axtarış
imkanları daha çox olur.
- Teatr tamaşaları insanın ruhuna, zehninə birbaşa təsir edən ən güclü silahlardandır. Sizcə, bir tamaşa
ilə bir insanın ruhuna vətənpərvərlik hisslərinin
toxumlarını səpmək
mümkündürmü?
- Düşünürəm ki, mümkündür. Çünki bizim emosional təsir gücümüz var. O hissin toxumunu səpə bilirik ki, gələcəkdə o, cücərə bilir. Nahaq yerə ruslar teatra ideyaları təlqin edə biləcək kafedra demirdilər.
- Qurban bəy, siz teatrın ideyaları təlqinetmə gücünün olduğu fikrilə razılaşırsınız. İnsan ruhuna bu qədər güclü xitab edən bir sahədə çalışan şəxs olaraq, milli-mənəvi şüurun inkişaf etdirilməsi üçün teatrların rolu, gücü barədə nə deyə bilərsiniz? Bu gün gənc nəsildə vətənpərvərlik və milli mənlik şüurunun inkişaf etdirilməsi məsələsində teatrın rolu nədir?
- Kukla Teatrının baş rejissoru kimi deyə bilərəm ki, biz körpəlikdən uşaqlara qara qüvvələrlə mübarizə aparmağı təlqin edirik. El-obanın xilası, sülhün bərqərar olması üçün pisliklərin məhv olması vacibdir. Zalımlara qalib gəlmək üçün yalnız güc kifayət deyil. Biz onlara həm də iti zəkaya sahib olmağı, böyüklərə hörmət, təbiətə və canlılara məhəbbət hisslərini aşılamağa çalışırıq. Onlar böyüdükdə nəyin qara, nəyin ağ olduğunu özləri ayırd edirlər. Lakin bilirlər ki,vətənləri Azərbaycandır! Onu sevməli və qorumalı, bunun üçün cəsur və mərd olmalıdırlar.
- Bir az da teatrın bugünkü vəziyyəti haqda soruşmaq istərdik. Son bir ildə ölkəmizdə çox böyük hadisələr baş verdi. Bu dövrdə siz teatr işçiləri nə edir, nə işlə məşğul olurdunuz?
- Müharibə dövrünü təsvir edən bir misal var: deyir, toplar atəş açanda, ilham pəriləri susur. Vətən uğrunda mübarizə varsa, hər kəs əsgərdir. Vətənpərvərlik mövzusunda aktyor və rejissorların işləri daima olacaq. Bu dönəm teatrımızın nəzdində olan "Oyuq" teatr studiyasının körpə aktyorlarının ifasında videoçarxlar, vətən haqqında mahnılara kliplər hazırlandı. Bu əsərlər sosial şəbəkələrdə, AzTV-də, "Mədəniyyət" kanalında yayımlandı. Pandemiya dövründə isə tamaşalarımız onlayn formatda "Yutub" kanalında yayımlanır. Düşünürük ki, balaca və böyük tamaşaçılarımızla tezliklə görüşəcəyik. Yaradıcı insanlar tamaşaçılar üçün çox darıxıblar.
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.11.