Akademik Firudin Köçərlinin 100 yaşı tamam olur  

 

 

Akademik Firudin Köçərli Azərbaycanın fəlsəfi fikir tarixinin öyrənilməsinə böyük əmək sərf etmiş, bu sahədə özünəməxsus yol açmış görkəmli alimlərimizdəndir.

 

Akademikin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə ictimai fikir tarixinin, etika estetika problemlərinin tədqiqinə, xalqımızın milli dəyərlərinin təbliğinə yönəldilib. Azərbaycanın bir çox elm mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatların nəticələrini müəllifi olduğu kitab monoqrafiyalarda işıqlandırırdı. Firudin Köçərlinin elmi fəaliyyətini yaxından izləyən biri kimi  onun yaradıcılığını bir neçə hissəyə bölə bilərəm.

 

Yüksək təşkilatçılıq qabiliyyəti. Universitetin fəlsəfə fakültəsini bitirdikdən sonra ona doğma olan bu təhsil ocağında qalıb, bir neçə il dərs deyir. İctimai fəaliyyətlə məşğul olmaqla yanaşı, Universitetin həmkarlar təşkilatını yaradır. İstər tələbəlik illərində, istərsə müəllim kimi fəaliyyət göstərdiyi dövrdə akademik hər zaman kollektivin sevimli üzlərindən olub.

 

Yaradıcı insan. Yaradıcılıq sanki Firudin Köçərlinin qanına hopmuşdu. O, fəlsəfəni deyil, başqa sahəni seçsəydi də, əminəm ki, yenə də gördüyü böyük işlərlə diqqət mərkəzində olacaqdı. Çünki bizim adi məsələ kimi baxdığımız məqamlara akademik yaradıcı yanaşır, onun fərqli tərəflərini ortaya çıxarmağa çalışırdı. Elmlər Akademiyasının kiçik bir fəlsəfə bölməsindən böyük Fəlsəfə İnstitutu yaradılmasında Firudin Köçərlinin yaradıcı ideyalarının az rolu olmamışdır. Bu akademikin ictimai fəaliyyətində ən vacib məqam kimi qiymətləndirilməlidir.

 

Milli kadr hazırlamaq həvəsi. Firudin Köçərli hər zaman gənclərin düzgün istiqamətə yönəldilməsi məsələsinə, milli kadrların yetişdirilməsinə xüsusi həssaslıqla yanaşmışdır. Təkcə öz tələbələrinə qarşı deyil, ona kömək üçün müraciət edən hər bir gəncə əlindən gələn köməyi əsirgəməmişdir. Gəncləri aspirantura pilləsi üzrə təhsil almaq üçün Moskva şəhərinə yollamaqla o, həm milli kadrların hazırlanmasına öz töhfəsini verir, həm də onların rus dilini yüksək səviyyədə öyrənmələrinə, oranın məşhur elm xadimlərinin sırasına qoşulmalarına, yüksək tribunalara qalxıb müzakirəyə çıxarılmış problemlərin həllinə dair öz təkliflərini səsləndirmələrinə şərait yaratmışdır. Akademik hesab edirdi ki, bu cür yanaşma aspirantlarımızın elmi səviyyəsini yüksəltmək, milli dəyərlərimizi digər ittifaq respublikalarında təbliğ etmək, eyni zamanda milli fəlsəfi bilikləri genişləndirmək üçün ən yaxşı variantıdır. Qarşılıqlı zənginləşmə, ictimai elm sahəsində özünütəsdiq prosesi məhz bu cür həyata keçirilirdi. Bu isə öz növbəsində elmin ortaya qoyduğu məsələlərin həllinə universal yanaşmağa  kömək edirdi.

 

Ciddi elmi araşdırımalar üçün zəruri faktlar ortaya çıxarmaq bacarığı. Azərbaycan fəlsəfə tarixi şöbəsində aparılan bir çox ciddi elmi araşdırmalara məhz Firudin Köçərlinin adı ilə bağlı idi. O, həm Azərbaycan filosoflarının fəlsəfi irsini araşdırır, həm də tədqiqatçılar və fəlsəfə elmi ilə maraqlananlar üçün maraqlı faktlar üzə çıxarırdı.

 

Maarifçilik fəaliyyəti. Akademik tanınmış ictimai xadimlərin, ədib və yazıçıların, hətta bəstəkarların maarifçilik ənənələrini davam etdirir, geniş kütlə arasında xalqımızın mənəvi-əxlaqi keyfiyyətlərimizi, ailə dəyərlərimizi təbliğ etmək kimi vacib bir missiyanı yerinə yetirirdi.

 

Beynəlmiləlçilik, birgə yaşayış və multikulturalizm ənənələrinə sadiqlik.  Firudin Köçərli xalqlar arasında dostluqdözümlülük münasibətlərinin, qarşılıqlı yardım hissinin aşılanmasında misilsiz rol oynamışdır. Bu, xüsusilə Orta Asiya respublikalarının xalqları ilə münasibətlərdə özünü daha qabarıq göstərirdi.

 

Əlbəttə bu bölgü nisbi xarakter daşıyır. Firudin Köçərlinin yaradıcılığı haqqında cild-cild kitablar yazmaq olar. O, insanlarla həmişə ünsiyyətdə olur, öz ideyalarını, rəhbər tutduğu prinsipləri cəmiyyətə sözlə deyil, daha çox əməldə təqdim etməyə üstünlük verirdi. O, öz davranışı ilə ətrafındakıları həmin ideyaların doğruluğuna inandırmağa çalışırdı. Yetişdirdiyi tələbələr indionu böyük alim, humanist insan, vətənə bağlı nümunəvi vətəndaş kimi anırlar.

 

Alimin gücü, qüdrəti təkcə yazmaqla yox, həyatı necə yaşamaq, nümunə olmağa layiq bilinməklə də ölçülür. F.Köçərli bu ölçülərə cavab verən bir insan kimi yadda qalıb. Tanınmış ictimai-siyasi xadim cəmiyyətdə təlqin etdiyi ailə dəyərlərini də çox zaman şəxsi nümunəsində göstərməyə çalışırdı. Onu hər kəs qayğıkeş ata, nümunəvi ailə başçısı kimi tanıyırdı. Sevgi, diqqət və qayğıda təmənnasızlıq prinsipini üstün tutardı. Bu fikirləri əsərlərində, məqalə və çıxışlarında işıqlandırar, cəmiyyətdə qazandığı ağsaqqal titulunu doğrultmaq üçün əlindən gələni edərdi.  El-obaya, doğma torpağa bağlılığı ilə o, gənclərə ailəni, doğmaları, vətəni necə sevməyi öyrədirdi.

 

Firudin müəllim həm də olduqca qonaqpərvər insan idi. Yadımdadır o zaman Bakıya, Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna dissertasiya müdafiə etmək üçün xeyli sayda filosof gələrdi. Firudin Köçərli hər zaman onlara xüsusi qayğı ilə yanaşar, öz işçilərinə qonaqlarla, xüsusilə də Orta Asiya respublikalarından gələn alimlərlə imkan daxilində çox vaxt keçirməyi, müdafiə üçün lazım olan zəruri sənədlərin hazırlanmasında kömək etməyi tapşırardı. Elə bir qonaq olmazdı ki, Furudin müəllim onu evinə dəvət etməsin. Bakıya gələn həmkarları milli mətbəximizlə tanış etmədən, həyat yoldaşı Zərifə xanımın hazırladığı plovu, dolmanı daddırmadan heç yerə buraxmazdı. Ümumiyyətlə, qonaqpərvərlik və qayğıkeşlik Firudin Köçərlinin xislətində idi. Evi hər zaman qonaqlı-qaralı olardı. Özü də cəmiyyətdə sayılıb-seçilən, yüksək intellektə, elmi biliklərə sahib yaradıcı insanlar. Bəzən adamın başı onlarla qızğın söhbətə, elmi mübahisələrə elə qarşardı ki, vaxtın necə gəlib keçdiyini hiss etməzdin. Müdrikliyi ilə fərqlənlənən Firudin Köçərli hər kəsi olduğu kimi qəbul edər, böyükdən kiçiyə kimi hamı ilə ortaq dil tapardı. İnsanların mənfi deyil, müsbət keyfiyyətlərini qabartmağa çalışardı. Çalışardı hər kəsə öz əməlləri ilə örnək olsun. Tez-tez deyərdi ki, bircə düzgün hərəkət min məsləhətdən dəyərlidir. Heç kimi cəmiyyət içində tənqid etməzdi.

 

Köçərlilərin ailə dostu yazıçı Firuz Mustafa müəllimi və yaxın dostu Firudin müəllimin insani keyfiyyətlərini çox gözəl təsvir edirdi. O, sadəliyi, müdrikliyi və comərdliyi Firudin Köçərli xarakterinin ən aparıcı xüsusiyyətləri kimi qiymətləndirirdi. Onun ən gözəl keyfiyyətlərindən biridaima insanları maarifləndirmək istəyi idi. Firudin müəllim yay, qış bilmədən ölkəni qarış-qarış gəzir, gəncləri ətrafına toplayıb maraqlı mühazirələrlə çıxış edirdi.  "Bilik" cəmiyyətinin xətti ilə bir neçə dəfə onunla birgə səfərlərə getmək mənə də qismət olub. Rayon sakinlərinin Firudin müəllimi necə böyük izdihamla qarşıladıqlarının özüm şahidi olmuşam. Çox vaxt adını çəkməz, "ağsaqqal" deyə müraciət edər, onu fəlsəfənin atası adlandırardılar.

 

Firudin Köçərlinin vəfatından uzun illər ötsə də, bu günə kimi onu tanıyanların yaddaşında sadə və centlemen insan kimi qalıb. Qasım müəllimin ailəsində dünyaya göz açmış bu gözəl insanın və digər iki qardaşının tərbiyəsində atalarının böyük rolu olub. Onları elm dalınca ucqar rayondan Bakıya gəlmələrinin səbəbkarı da Qasım kişi olub. İki akademikbir dosentin çıxdığı bu ziyalı ailədə hər zaman sadəlik, səxavətlilik, böyüyə-kiçiyə hörmət, Vətənə sevgi, elmə məhəbbət kimi müsbət keyfiyyətlər aşılanıb. Elmə, cəmiyyətə, el-oabaya böyük faydaya vermiş bu üç insan həyatdan köçsələr də, onların xeyirxah əməlləri bu gün də yaşayır. Akademik Firudin Köçərlinin əziz xatirəsinə həsr etdiyim "Səmimi söhbət" kitabımda da qeyd etdiyim ki, üç qardaşın ruhu səmalardan daima insanları, xüsusilə də doğmalarını izləyir, düzgün yola yönəldir, şər qüvvələrdən qoruyur, mənən tükəndikləri anlarda  müsbət enerji yollayaraq onları yenidən yaşamağa ruhlandırır. Ümid edirəm ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunması onların da ruhunu şad edib. İndi onlar öz əsl əbədi rahatlıqlarına qovuşublar. Çünki illər boyu gənc nəslə aşıladıqları qəhrəmanlıq, cəsurluq sayəsində Azərbaycanın igid oğulları ərazi bütövlüyümüzü canları, qanları bahasına təmin etdilər. Bu üç qardaşı yaxından tanıyanlar çox gözəl bilirlər ki, xalqı həmrəy görmək hər zaman onların arzusu olub. Tanınmış ictimai-siyasi xadim, elm adamı olan Firudin Köçərli ömrünün son altı ilini məhz Qarabağla bağlı dörd kitabı yazmağa həsr etmişdir. Erməni daşnaklarının ərazilərimizdə törətdikləri cinayətləri tarixi faktlarla sübut edən, haqq səsini beynəlxalq aləmə çatdıran akademikin bu istiqamətdə misilsiz xidmətləri olmuşdur.

 

Hər üç qardaşı yaxından tanıyan biri kimi onu da deyim ki, xarakter baxımından bir-birlərindən fərqlənsələr də, bircə dəfə də olsun, birinin digəri ilə mübahisə etdiyini görməmişəm. Onlar uşaq vaxtından bu cür tərbiyə almışdılar. Biri digərini səbrlə dinləyər, sözünü yarımçıq kəsməz, fikirlərinə hörmətlə yanaşardı. Firudin müəllim bu gözəl keyfiyyətləri daha sonra öz övladlarına da aşılamışdır. Akademik onlaraolursa-olsun, hər zaman hamıya dürüst davranmağı öyrətmişdir.  Üzümü göylərə tutub hörmətli Firudin bəyin ruhuna müraciət etmək istəyirəm: "Qoy həm Sizin, həm də qardaşlarınızın ruhu rahat olsun. Siz bu cəmiyyət üçün bacardığınızı artıqlaması ilə etdiniz. Taleyin möhlət vermədiyi digər işləri isə biz - sizin varisləriniz həyata keçirir. Sizin heç bir vəsiyyətinizi unutmamışıq. Sizə layiqli olmaq üçün əlimizdən gələni edirik. Həyatda hər kəs öz taleyini özü dəyişir. Sizin zəngin mənəvi irsiniz şərin, riyakarlığın, qanlı-qadalı savaşların, haqsızlıqların baş alıb-getdiyi bir vaxtda düzgün yolla irəliləməyimizə kömək edir. Əmin olun, dediklərinizi heç zaman unutmaz, yolumuzu azmarıq! Allah Sizin ruhunuzu əzablardan qorusun!"

 

 

 

Rafiq ƏLİYEV

 

525-ci qəzet.- 2020.- 25 dekabr.- S.10.